"AZƏRBAYCAN"

 

   Ölkənin ədəbi mühitində həmişə öz yeri, öz nəfəsi olan və müəyyən mənada ədəbi mühiti formalaşdıran, öz ətrafına yığan AYB-nin aylıq ədəbi-bədii orqanı olan "Azərbaycan" jurnalının 4-cü sayı işıq üzü görüb. Artıq aprel ayının birinci yarısında oxucuların görüşünə gələn jurnalın bu sayında da kifayət qədər oxunaqlı, diqqəti çəkən imzalar var.

   Təbii ki, həmişə müxtəlif fəsillərə bölünən və həmin bölmələrdə də ardıcıl olaraq yeni imzalara da yer ayıran jurnal bu sayında da ənənəsinə sadiq qalıb. Jurnalın poeziya bölümü şeirlərini sevə-sevə oxuduğumuz və ədəbiyyatımızda öz yolunu təsdiqləmiş Məmməd İsmayılın yeni şeirləri ilə açılır. Şeirlər "Boşuna dodaqdan söz niyə çıxar, Hədəfə çatmağa bir yeri yoxsag" misraların başlığı altında oxucularla görüşür və bu şeirlər bütövlükdə bir ruhu, bir ahəngi sanki silsilə şəklində davam etdirir və tamamlayır. Çünki Şuşaya ünvanlanan "Ürəksiz ölkə..." şeirində müəllif yazır:

  

   Əgər bu yerləri unutsan, işdi,

   Bilirəm heç yanda xoşa gəlmərəmg

   ... İsa bulağına qarışım axım

   Yoxsa çağlamaram, xoşa gəlmərəm.

   ... Cıdıra çıxaram Cüdür düzünə, 

   Birinci olmasam xoşa gəlmərəm.

   ...Bircə gün unutsam səni dünyada

   Gəlmərəm özümə, Şuşa, gəlmərəm.

  

   Bu şeir bütünlüklə Şuşasız günlərimizin yanğısı, acısı və həm də oraya dönüşün ümid işığı sayıla bilər. Çünki ürəksiz yaşamaq mümkün deyil. Bunu şair özü də qəti şəkildə sanki möhürləyir.

  

   Tanrım, bu nə keçmiş, nə gələcəkmiş,

   Onda da ləkədi, bunda da ləkə...

   Yurdun sinəsində Şuşa ürəkmiş,

   Yaşaya bilərmi, ürəksiz ölkə?

  

   Məmməd İsmayılın ustad sənətkarımız, ölümü ilə hamımızı göynədən, "Sona bülbüllər"i dünyaya tanıdan Qədir Rüstəmova həsr etdiyi "Qədir..." şeiri həmin o ürəksiz ölkənin ağrılarından biridir. Bu ağrı da şairin ürəyini göynətdiyindən Qədirin ölümünə sanki bir üsyan edir. Amma onu da vurğulayır ki, Qədiri həm Qarabağ dərdi, Qarabağ həsrəti öldürdü.

   Ümumiyyətlə, poeziyasevərlər Adil Mirseyidin, Zöhrab Zövünlü, Gülbala Teymur və digərlərinin yaradıcılığından nümunələrlə də bu sayda tanış ola bilərlər. Yeni tərcümələr bölümündə Elçinin təqdimatı və tərcüməsi ilə oxuculara çatdırılan Jan-Pol Sartrın "Yalnız həqiqət" pyesini, Rəfael Tağızadənin tərcüməsində polyak şairi Anna Svirşçinskanın şeirlərini də oxuya bilərlər. Nəsr bölməsində isə artıq imzasını Azərbaycan oxucusu zaman-zaman izlədiyi Mustafa Çəmənlinin "Ölüm mələyi" tarixi romanının əvvəlini, Aydın Tağıyevin hekayəsini də jurnalın bu sayında mütaliə etmək imkanı qazanacaqlar. Ümumiyyətlə, jurnalın 4-cü sayı "Ədəbi düşüncələr", "Tənqid və ədəbiyyatşünaslıq" bölümündəki bir-birindən maraqlı yazıları ilə diqqəti çəkir.

 

   "MİNGƏÇEVİR LEYSANI"

 

   Azərbaycan Yazıçılar Birliyinin Mingəçevir bölməsinin ədəbi-bədii jurnalı olan "Mingəçevir leysanı" özünün yeni sayı ilə oxucuların görüşünə gəlib. Jurnal rübdə bir dəfə işıq üzü görməklə AYB-nin Mingəçevir bölməsində təmsil olunan ədəbi qüvvələrin yaradıcılığını Azərbaycan oxucusuna çatdırır.

   Həmişə olduğu kimi, bu dəfə də jurnalda bölmə üzvlərinin əsərlərindən nümunələr oxucuların müzakirəsinə təqdim edilmişdir. Belə ki, poeziya bölməsində Məhyəddin Məhərrəmoğlunun, Məhəmməd Nəbiyevin, Böyükkişi Təmkinin, Əjdər Yunus Rzanın, Faiq Səlimoğlunun, Gültəkin Tağıyevanın, Lamiyənin, Nailə Əjdərqızının və digərlərinin müxtəlif mövzularda şeirləri çap olunubdur.

   Jurnalın nəsr bölməsində Elşən Əzim, Svetlana Məcidova, Qorxmaz Abdulla, Humay və digərlərinin hekayələri, etüdləri, tərcümələri işıq üzü görüb. "Mingəçevir leysanı"nın bu sayındakı publisistika bölümündə də jurnalın təsisçisi və baş redaktoru İsmayıl Mərcanlının, həmçinin Cabir Qədimovun, Elsevər Qəribin, Vahid Qafarlının araşdırmaları, düşüncələri öz əksini tapıb.

   Ümumiyyətlə, bölgə ədəbiyyatını Azərbaycan oxucusuna təqdim edən bu jurnal həmişə olduğu kimi, bu sayında da respublikanın digər ərazilərində yaşayan və jurnala əməkdaşlıq edən oxuculara, yazarlara da yer ayırıb. Bu da həm jurnalın yayımına, həm də oxunaqlı olmasına təbii ki, öz müsbət təsirini göstərir. Düşünürəm ki, "Mingəçevir leysanı" bundan sonra da oxucuların sorağında olduğu ədəbi-bədii nəşr olacaqdır.

  

 

   Əbülfət MƏDƏTOĞLU

 

   Ədalət.-2012.-20 aprel.- S.6.