RƏSUL
RZA VƏ KLASSİK AZƏRBAYCAN ƏDƏBİYYATI
Xalq şairi Rəsul Rza təkcə
şeir və poemaları ilə deyil, ədəbi-tənqidi məqalələri
və publisistik yazıları ilə də ədəbiyyat
tariximizdə silinməz izlər buraxmışdır. Hər
bir böyük sənətkar üçün bu, tamamilə
təbii və qanunauyğun bir hadisədir. O, təkcə bədii
yaradıcılığı ilə deyil, elmi, tənqidi və
publisistik əsərləri ilə də öz
sözünü deyir. Böyük şairimiz Səməd
Vurğun, Azərbaycan ədəbiyyatının görkəmli
simaları olan Mirzə İbrahimov, Mehdi Hüseyn, İlyas Əfəndiyev,
Bəxtiyar Vahabzadə də təkcə öz bədii əsərləri
ilə deyil, tənqidi, publisistik və elmi
yaradıcılığı ilə də geniş oxucu
kütləsinin, ədəbi ictimaiyyətin diqqət mərkəzində
olmuşlar.
Rəsul Rzanın müxtəlif
illərdə qələmə aldığı tənqidi və
publisistik yazılarını nəzərdən keçirəndə
adamı heyrət bürüyür. Onun klassik və müasir
ədəbiyyatımıza, ayrı-ayrı görkəmli sənətkarların
yaradıcılığına, ədəbi gəncliyin
axtarışlarına həsr olunmuş məqalə və
portret yazıları öz dərin ümumiləşdirmə
bacarığı, ədəbiyyatı duyum qabiliyyəti,
obyektivliyi və prinsipiallığı ilə seçilir. O,
Azərbaycan ədəbiyyatında "yazıçı tənqidi"nin
gözəl nümunələrini yaratmışdır. Lakin
elə yazıları da var ki, onların əsl tənqidçi
qələmindən çıxdığına qətiyyən
şübhə etmirik.
Böyük şairin tənqidi və
publisistik yazılarını mövzularına görə
qruplaşdıra da bilərik. Lakin bu məsələdən sərf-nəzər
edib, şairin yalnız Azərbaycan klassik ədəbiyyatı
ilə bağlı fikir və mülahizələrini əks
etdirən məqalələrdən söz açacayıq.
Rəsul Rza klassik ədəbiyyatımızın
vurğunu idi. Bəziləri isə iddia edirdilər ki, R.Rza sərbəst
şeir yazdığı üçün poetik ənənələrimizə
xilaf çıxır, klassikanı inkar edir. Amma onun həm bədii
yaradıcılığı, həm də tənqidi-publisistik
yazıları bunun əksini sübut edirdi. Bunu şairin Azərbaycan
klassik ədəbiyyatının nəhənglərinə,
dünya şöhrəti qazanmış dahi sənətkarlarına
həsr etdiyi yazılarda aydın görmək olar.
"Yüksək eşqin
böyük heykəli" məqaləsini o, dahi Nizami Gəncəvinin
böyük ilhamla yaratdığı Şirin obrazına həsr
olunmuşdur. R.Rza yazır: "Nizami
yaradıcılığı həqiqi, böyük sənətin
gözəl bir nümunəsidir. Onun qüdrətli qələmi
ilə yaranmış insan səciyyələri əsrlərin
boranlı və tufanlı yollarından keçərək, bu
günə qədər gəlmiş, bu uzun və məşəqqətli
yollarda təravətini, rəngini, hərarətini hifz etmişdir.
Vətənimizin qocaman sənətkarı tərəfindən
yaradılmış obrazlar içərisində yüksək
eşqin böyük heykəli olan Şirin xüsusi yer
tutur".
R.Rza niyə məhz Şirin
obrazına müraciət etmişdir? Bunun səbəbləri
məlumdur: "Şirin Azərbaycan torpağının
doğma balasıdır". Təkcə azərbaycanlı
olduğunamı görəmi? Yox? "Şirin gözəl
olduğu qədər zəkalı, sadiq olduğu qədər
qəhrəman, vəfalı olduğu qədər iradə və
mətanətlidir. Şirin dünya ədəbiyyatında yaranmış
yüksək mənəvi aləmə malik
olan nadir qadın surətləri
sırasında birincilərdəndir".
Rəsul Rzanın sevdiyi klassiklərdən
biri də Şirvan torpağının yetirdiyi, bütün
Azərbaycan və Şərq dünyasında öz ölməz
poeziyası ilə böyük şöhrət
qazanmış İmadəddin Nəsimi idi. Keçən əsrin
altmışıncı illərin sonu-yetmişinci illərin əvvəllərində
bu qüdrətli şairin anadan olmasının 600 illiyi nəinki
Azərbaycanda, dünyanın bir çox ölkələrində
təntənə ilə qeyd edilirdi. R.Rza Nəsimiyə
üç məqalə həsr etmişdir: "Cahana
sığmayan şairin qərib məzarı",
"Böyük şair haqqında qeydlər", "Nəsiminin
bir beyti haqqında". Birinci məqalədə R.Rzanın Hələb
şəhərində Nəsiminin məzarı ilə
bağlı düşüncələri əks olunur: "Kərəm
Əslisini, Qərib Sənəmini axtara-axtara gəlib Hələbə
çıxdılar. Nəsimi hansı sevdanın
qaçılmaz çəkiminə yön tutub, qədim
Şirvan torpağından ayrıldı, ruzigar
çalxamına düşmüş yarpaq kimi uzaq Suriya ellərinə
getdi? Hələbin qaynar havasında "iki cahan
sığan" qəlbini haqq-həqiqət susuzluğundan
qurtarmaq istədi?".
Bundan sonra şairin məzarıyla
bağlı görüntülər təsvir olunur.
İkinci məqalədə
R.Rzanın tədqiqatçılığı, Nəsimi
yaradıcılığı və şəxsiyyəti ilə
bağlı sözün həqiqi mənasında elmi
düşüncələri öz əksini tapır. Şairi
maraqlandıran odur ki, Nəsiminin Azərbaycanda nəşr
olunmuş şeirlərində səhv və nöqsanlar
vardır. R.Rza Nəsiminin qədim bir əlyazması ilə
tanış olur və bu əlyazmadakı şeirlərdə
kəlmə və ifadələrin osmanlı türkcəsinə
deyil, azərbaycancaya daha uyğun olması qənaətinə
gəlir. Məsələn, Nəsimi çox yerdə bən
yox, mən; şimdi yox, imdi; kiprik yox, kirpik; iləri yox, irəli
yazır. Dil baxımından Nəsimi şeirləri ilə
tanışlıq onun lüğətinin bu gün belə
işlətdiyimiz sadə Azərbaycan sözləri ilə zəngin
olduğunu göstərir: kəsək, adaş,
yaşınmaq, ala, ummaq, iraq, uğurlu, azər, buğda,
başa qaxmaq, başaqçı, tuş gəlmək, davar,
irişmək, üzərrik və s.
Üçüncü məqalə
daha maraqlıdır. Şair yazır: "Uzun illərdən
bəri ağızdan-ağıza deyilib, vərəqdən-vərəqə
yazılıb gələn bir rəvayət vardır ki, "Nəsimini
dabanından soydular". Bu rəvayət şairin çox
yayılmış bir beyti ilə əsaslandırılır:
Zahidin bir barmağın
kəssən dönüb həqdən
qaçar,
Gör bu miskin aşiqi
sərpa soyarlar, ağlamaz".
Bu beytlə əlaqədar R.Rza
dörd ehtimal irəli sürür. O, birinci ehtimalın həqiqiliyini
təsdiq edir. Həmin ehtimal bundan ibarətdir: "Nəsiminin
qətlinə fitva veriləndən sonra şair bir gün, ya
bir neçə gün hökmün icrasını gözləyərək
həbs yerində saxlanmışdır. Fitvanın məzmunundan
xəbərdar olan Nəsimi bu beyti yazmış və hər
vasitə ilə onu dostlarına yetirə bilmişdir.
Şairin ölümündən sonra bu beyt Nəsimi tərəfdarları
arasında geniş yayılmış və məlum əfsanənin
yaranmasına səbəb olmuşdur".
Dahi şairimiz Məhəmməd
Füzulinin poeziyası da Rəsul Rzanın bir sıra məqalələrində
böyük heyranlıqla yad edilir. 1943-cü ildə Rəsul
Rza "Süleyman Rüstəmin qəzəlləri
haqqında" adlı bir məqalə yazdı. Məqalənin
bir hissəsi Azərbaycan poeziyasında qəzəl
janrının inkişafına, onun əbədi
missiyasına-gözəlliyin və eşqin tərənnümünə
və Füzuli qəzəllərinin poeziyamız
üçün bir örnək olduğuna həsr
olunmuşdur. Məqalədə deyilirdi: "Ölməz
Füzulinin hər qəzəli bizi heyran qoyduğu kimi, öz
musiqisi ilə də qulaqlarımızı oxşayır, qəlbimizi
titrədir, ruhumuzda alovlu bir iz buraxır. Füzuli qəzəli
bir sənət növünün çərçivəsinə
sığmayan qüdrətli bir ilhamın həm
danışan, həm də səslənən
lisanıdır. Bəlkə bu səbəbdəndir ki, hələ
də Füzuli qəzəlinin səviyyəsinə qalxan bir qəzəlçi
şair olmamışdır". Daha sonra Rəsul Rza yazır
ki: "Biz Füzulini az nəşr etmiş, az oxumuş,
çox az tədqiq etmişik və çox az
tanıtmışıq. Dünya ədəbiyyatında
Füzuli qədər böyük eşq və ələm
şairi yoxdur, Füzuli yaradıcılığı bir xəzinədir
ki, biz onu bir muzeyə çevirməliyik".
Rəsul Rzanın ən çox
sevdiyi şair isə heç şübhəsiz, Mirzə Ələkbər
Sabir olmuşdur. O, Sabirin yaradıcılığına bir
neçə məqalə həsr etmiş,
avtobioqrafiyasında isə Sabirə böyük məhəbbətinin
sirrini açmışdır. R.Rza etiraf edir ki, onun ilk əsərlərinə
ən dərin təsir Sabir yaradıcılığından gəlmişdir.
Sabiri bütün ömrü boyu özünün müəllimi
və dostu hesab edən Rəsul Rza yazırdı: "Sabirin dərdi-xalqın
dərdi, Sabirin sevinci -xalqın sevinci idi. O, qoynunda
yaşadığı torpağın ağrılarını
öz qəlbinin ağrısı kimi, xalqın müsibətlərini
öz müsibəti kimi duyurdu". Burada R.Rza Sabir sənətinin
uzunömürlülüyünü şərtləndirən
başlıca səbəbi izah edir.
R.Rzanın "Onun qəlbi" məqaləsində
biz təkcə Sabirə böyük sevgilər bəsləyən
bir şairi yox, həm də öz sələfinin
yaradıcılığına vaqif olan bir sənətkarı
görürük. R.Rza Sabiri yeni Azərbaycan şeirinin
böyük yaradıcısı hesab edir. Yazır ki, Sabir
şeirləri, yarandıqları zamanın ən doğru bədii
sənədlərindəndir. Yalnız kəskin ictimai məzmun
deyil, forması etibarilə də Sabir poeziyası Azərbaycan
ədəbiyyatında yeni bir mərhələ, yeni geniş
bir yol, yeni ədəbi məktəb idi.
"O, bizim
sıralarımızdadır" məqaləsində isə
Sabir poeziyasının Azərbaycan şeirinə böyük
təsirindən söz açılır.
Sabirin novatorluğu nədə idi?
Bu haqda R.Rzanın fikirləri
çox maraqlıdır.
"Sabir yalnız poeziyanın
mündəricəsi, onun predmetini anlamaq, temanı seçməkdə
deyil, forma sahəsində də novator idi. Onun şeirləri
tam mənasında təbii danışıq
intonasiyasındadır. Bu, şairin yaşadığı
dövr ədəbiyyatında, xüsusilə, poeziyasında
prinsip etibarilə yeni bir şey idi. Sabirin bu novatorluğu
xalqımızın bədii arsenalına böyük bir hədiyyə
idi. Şeirin əruz vəzni sabirləşməklə, yenidən
canlandı, dəbdəbədən xilas oldu, oynaqlıq
qazandı, azəri dilinə uyğunlaşıb, onunla daha
artıq həmahəng oldu. Sabir köhnə şeirlə yeni
şeir arasında elə bir uçurum yaratdı ki, artıq
geri dönmək mümkün deyildi. Bu əlavəni də edək
ki, Sabir Azərbaycan şeirinin ən yaxşı ənənələrini
bu uçurumdan keçirib gətirdi. Bu ənənələri
yeni rənglər, orijinal sədalarla zənginləşdir.
Rəsul Rza həmin məqalədə
belə bir cəhəti də qeyd edir ki, müasir ədəbiyyatımızda
Sabirin rolu çox böyükdür. Son zamanlar mən satira
silahına tez-tez müraciət edirəm.
Rəsul Rzanın bir silsilə
satirik şeirləri var ki, bunlarda Sabir ruhu aşkar nəzərə
çarpır.O da Sabir kimi həyatdakı eybəcərliklərə,
mənfiliklərə, neqativ hallara qarşı kəskin
etirazını bildirir, bu etirazları satira şəklində
ifadə edir. "Damğa" şeirində o, rüşvətxorluğu
və rüşvətxorları ifşa edir.
Yəni sən də kişisən!
Gözünə girsin o maaş!
Bilirsənmi ən layiq adın
nədir, sənin?!
Aşın müqəyyəd qafiyəsi!
Qulaq as!
Dara-bara salma!
Sus!
Rüşvət
puluna külfət saxlayan
dəyyus!
R.Rzanın
"Və", "Qonşu
paxıl olmasa, bağ çəpəri neyləyir", "Yaltaq",
"Anonimçi", "Kaftarlı", "Sitatcıl",
"Alicənabov dedi",
"Pərsəng daşı",
"Məsləhət", "Çibinlər", "Mığmığalar",
"Mən bağa yox, ayrı bağa", "Baş üstə", "Ərzi-hal",
"Həzər" və
s. şeirləri sabiranə
ruhdadır. Kəskindir,
ironik notlarla doludur, əsl satiradır!
Amma R.Rza Sabirin dörd satirik şeirinə nəzirə
də yazmışdır.
"Ax necə kef çəkməli
əyyam idi. Ondaki, övladi-vətən xam"
idi mətləli şeirinə R.Rza "Rüşvətxorlar mərsiyəsi"
şeirini nəzirə
yazmışdır.
"Ax, necə kef çəkməli
əyyam idi.
Ondaki övladi-vətən xam idi.."
Rüşvət alırdıq azı-az,
çoxu çox.
Puldu, qızıldı, ya da şey,
fərqi yox.
Əmr eləyirdik cibi
tox, qarnı tox.
İndi nədir? Qoyma-haray,
qorxaqorx,
Xalqa ağır gün,
bizə bayram idi.
"Ax, necə kef çəkməli
əyyam idi".
Rəsul Rza böyük
ədibimiz Mirzə Fətəli Axundzadəni
"Yeni Azərbaycan ədəbiyyatının banisi"
adlandırırdı. Onun da böyüklüyünü
xalq həyatını
yaxından duyması ilə əlaqələndirirdi.
R.Rza təkcə Azərbaycan
ədəbiyyatının deyil,
dünya xalqları ədəbiyyatının klassiklərini
də hərarətlə
təbliğ edirdi.
Onun rus klassiklərindən Mayakovskiyə, Qorkiyə həsr etdiyi məqalələr öz müasirliyini indi də saxlayır.
Klassik ədəbiyyatı sevən,
onu təbliğ edən Rəsul Rza özü də bizim üçün
canlı klassik idi, Biz o zaman da ondan öyrənirdik,
indi də öyrənirik!
Oqtay Əliyev,
yazıçı, publicist
Ədalət.-2012.-20
aprel.- S.6.