TALE
YOLLARI
Heç bir insan deyə bilməz
ki, onun taleyində nələr olacaq və nələr baş
verəcək. Böyük Yaradan insanı xəlq eləyəndə
onun öncədən alın yazısını da yazır. Yəni
bu alın yazısı insanın anadan olduğu gündən
son mənzilədək hər an onu istəyinə doğru aparır.
Bu istək, bu arzu o vaxt sona çatır ki, artıq insan
dünyasını dəyişir.
Əlbəttə, bədii əsərlərdə
və eləcə də romanlarda təsvir olunan hadisələr
heç də həmişə real olmur. Amma bizim haqqında
danışacağımız romanda baş verən hadisələr
və süjet xətti hamısı olmuş əhvalat əsasında
qələmə alınıb. Hər şey olduğu kimi, təbii
və səmimi. Bu da təsadüfi deyil. Çünki az bir
vaxtda neçə-neçə roman və kino-ssenariləri
araya-ərsəyə gətirən Ənvər Seyidovun qələmə
aldığı "Tale yolları" romanı da digər əsərləri
kimi böyük maraq doğurur. Burda insan amili, onun mübarizəsi
və bu mübarizə zamanı qarşıya çıxan
çətinliklər xırda detallara qədər hər
şey bədii surətdə öz əksini tapıb.
Romanı oxuyanda hiss edirsən ki, müəllif təsvir etdiyi
hadisələri elə incəliklə və elə
ustalıqla qələmə alır ki, axıra qədər
oxucuda heç bir şübhə yeri qalmır. Yəni səmimi
qələmə alınan və səmimi yazılan əsər
həmişə oxucunun yaddaşında və ürəyində
əbədi iz qoyur.
Əsərin süjet xətti belədir
ki, professor Zahid Fərmanzadə ağır xəstəlikdən
sonra ayağa qalxıb və loru dildə demiş olsaq, kəfəni
deşib çıxır. Həyat yoldaşı Sənəm
isə onun hər an çarpayısının yanında olur,
bir dəqiqə də xəstənin yanından əl çəkmir.
Təbii ki, elə insanlar bir-birinə qocalanda daha çox lazım olur. Yəni oğul-uşaq
hərəsi bir yanda ailəsi ilə öz qayğılarını çəkəndə
yenə dar gündə insana öz həyat yoldaşı əl uzadır və arxa durur. Professor Zahid Fərmanzadənin
də sağalmasında
və ayağa qalxmasında bayaq dediyimiz kimi, ömür-gün yoldaşı
Sənəm xanımın
çox əziyyəti
olur.
Professor heç də asanlıqla gəlib bu mərtəbəyə çatmayıb. O, universitetin
hüquq fakültəsini
qiyabi yolla bitirir və günlərin birində
hakim olur. Hakimliklə yanaşı, Zahid
müəllim həm də universitetdə dərs deyir. Tələbələrin arasında
özünü daha gümrah və daha yaxşı hiss eləyir. Xəstə olan vaxt bulvarda
Mürşüd adlı
bir insanla tanış olur. Görür ki, Mürşüd
də zəhmətkeş
və eyni zamanda ağıllı insandır. O da həyatda hər şeyi öz zəhməti, əməyi
ilə qazanır və ona görə
də Mürşüdün
söhbətləri professorun
ürəyinə yağ kimi yayılır. Sonradan da Mürşüdün
həyatında sevgi anları olur. O sevgi anları Zinaida Petrovna ilə bağlıdır.
Həmin
anlarda Mürşüdə
ən çox poçtun müdiri Səlimcan arxa durur. Bir sözlə, illər
ötür Mürşüd
də özünə
uyğun bir mövqe tutur və xətir-hörmət
sahibi olur. Zinaida ilə arasında olan sevgi macərası heç vaxt onun yadından çıxmır...
Professor Zahid Fərmanzadənin isə cavanlığı
heç də asan keçməyib.
Yəni onun da həyatının
enişli-yoxuşlu, ağrılı-acılı
günləri olub.
Həmin
ağrılı-acılı günlərdə yaxın
dostları, tanışları
onu sıxıntı çəkməyə qoymayıb.
Belə dostlardan biri Cəmildir. Cəmil həmişə Zahidin yanında olur və onu
sıxılmağa, darıxmağa
qoymur. Zahid də cavan vaxtı Lalə adlı bir qızı
sevir. Ancaq Lalənin valideynləri
meşşan təbiətli
olduğuna görə,
onlar bir-birinə qovuşa bilmirlər.
Dostu Cəmilin Laləgilə elçi getməsinə və dil tökməsinə
baxmayaraq, atası və anası qızı Zahidə vermirlər.
İllər ötür, hər
şey zaman-zaman dəyişməyə başlayır.
Zahid çəkdiyi əziyyətlərin
bəhrəsini görür.
Hakim olur, professor adına layiq görülür və universitetdə dərs deyir. Universitetdə dərs dediyi
vaxt tələbələrindən
biri təsadüfən
onun qarşısına
çıxır. Bu qızın adı da Lalə olur.
Eynən
gənclik vaxtında sevdiyi qıza bənzəyir bu tələbə qız.
Elə hər ikisinin də adı Lalədi. Günlər ötdükcə tələbə qızın
müəlliminə böyük
hörməti və məhəbbəti yaranır.
Hətta
tələbə qız
müəllimini sevir.
Bunları başa düşən
professor ona ata qayğısı və ata məhəbbəti ilə yanaşır, həmişə də Laləyə düz yol göstərir. Deyir ki, insan atdığı
hər addım barəsində dərindən
düşünməli və
gələcəyini fikirləşməlidir.
Təkcə professor Zahid Fərmanzadəyə
hörməti olan Lalə deyil. Universitetdə oxuyan çoxlu
sayda tələbələr
professora böyük hörmət bəsləyir.
Onun oxuduğu mühazirələri
diqqətlə dinləyirlər.
Digər
müəllimlərdən fərqli
olaraq Zahid Fərmanzadənin oturuşu-duruşu
və tələbələrlə
ünsiyyəti çoxlarının
yaddaşında əbədi
iz qoyur. Zahid Fərmanzadə əsl ziyalı, əsl müəllim və əsl insandır. Elə tələbələri də
insanlığı, ziyalılığı
və səmimiyyəti
ondan öyrənirlər
və ondan əxz eləyirlər.
Günlərin birində isə
Lalənin toyu olur. Amma həmin vaxtı
Zahid müəllim bərk xəstəlik keçirir. Ancaq buna
baxmayaraq, o, toyda iştirak eləmək istəyir. Həyat yoldaşı Sənəm
isə deyir ki, ay Zahid, səhhətin
yaxşı deyil, bəlkə toya getməyəsən. Amma professor Zahid
Fərmanzadə inadından
dönmür və toya gedir. "Tural" şadlıq
sarayının pilləkənlərini
qalxanda təsadüfən
gəncliyində sevdiyi
Laləni əri ilə bir yerdə
görür. Lalə donub
qalır, professora elə pilləkəndə
ötən günlərin
xiffətini çəkdiyini
bildirir. Bütün bunlara
isə Zahid müəllim soyuqqanlıqla
baxır və məclisə daxil olur. Məclisdəkilər professorun toya
gəldiyini görəndə
hamısı ayağa
qalxır. Toy sahibi gəlib onunla görüşür
və öz minnətdarlığını bildirir. Hətta toyun qızğın
yerində tələbəsi
Lalə də gəlib müəllimini bağrına basıb öpür və təşəkkür eləyir.
Toyda professorun vəziyyəti
qəfil pisləşir.
Çalğıçılar çalğını saxlayır. Toy bir anlıq dayanır. Dərman atandan sonra
professor özünə gəlir
və əli ilə işarə eləyir ki, çalğıçılar musiqini
yenidən səsləndirsinlər.
Toy yenidən başlanır, çalğı
çalınır, cavanlar
isə rəqs eləyir.
Professor görür ki, vəziyyəti pisdir, pilləkənlə aşağı
düşür və
toyxanadan çıxır,
maşına əyləşir
və sürücüyə
deyir ki, evə sür. Professorun yolda vəziyyəti daha da pisləşir.
Sürücü bu anı görəndə özünü
itirir və dəfələrlə Zahid
müəllim... professor... deyir.
Yazıçı
həmin anı o qədər inandırıcı
və səmimi təsvir edib ki, oxucu istər-istəməz
həyəcanlanır və
qəribə hisslər
keçirir: "... Cəld düşüb
arxa qapını açdı. Professor sürüşüb sürücünün
qucağına düşdü.
Sürücü diqqətlə onun
üzünə baxdı.
Professorun iri açılmış gözlərinin
dərinliyindən ağ gəlinlik paltarında məsum bir qız boylanırdı.
Sürücüyə elə gəldi
ki, lap qulağının
dibində gəlin havası çalınır.
Əlini
uzadıb professorun hələ isti olan çöhrəsində
gəzdirdi, barmaqları
ilə göz qapaqlarını aşağı
endirməyə rəva
bilmədi. Buz heykəl kimi dayanan sürücü sanki gözləyirdi ki, şəkli hamıdan qoruyub saxlamaq istəyirdi..."
Bax, bu da bir insanın, bir ziyalının taleyi. Görünür, hər bir insanın ömür yolu bayaq dediyimiz
kimi, elə Allah-Təala tərəfindən
əvvəlcədən yazılır.
Yazılmış bu ömür
yolunu isə biz insanlar addımlamalı, o
yoldan keçməliyik.
Hər bir insan bu
dünyada öz rolunu oynayır. Sanki dünya bir
səhnədir, biz isə
aktyorlar. Sadəcə olaraq, öz rolunu yaxşı oynayan halal, səmimi və ziyalı adamlar professor Zahid Fərmanzadə kimi həmişə insanların yaddaşında
qalırlar. Yaxşı əməlləri
və xeyirxah işləri ilə.
Roman əsasında
eyni adlı kino-ssenari yazılıb.
Təbii
ki, həmin kino-ssenari də yaxın zaman kəsiyində lentə alınacaq və tamaşaçıların ixtiyarına
veriləcəkdir. Hər halda,
həmişə maraqlı
romandan maraqlı da kino çəkmək
olur. Bu barədə
danışmaq tez olsa da, fakt
faktlığında qalır
ki, yaxşı sənət nümunəsi
həmişə yaddaşlarda
bir iz qoyur.
Faiq QİSMƏTOĞLU
Ədalət.-2012.-20
aprel.- S.5.