Rəbiqə Nazimqızı: "İstəyirəm, ədəbiyyat barədə müəllif kimi düşünməyəcək qədər xoşbəxt olum..."

 

   -Rəbiqə, necəsən? Bu yaz aylarında şairin ovqatı necədir?

   - Prinsipcə, pis deyiləm. Amma daha yaxşı olmaq üçün də əsas görmürəm. Belə deyək də, əhvalım elə yazın havaları kimi dəyişir. Bu ara daha çox Günəş görmək istəyirəm, qışın soyuğu hələ canımdan çıxmayıb. Buludlu, yağışlı havalar əhvalıma pis təsir edir. Şeirə gəlincə, elə bil aramızda bir az inciklik yaranıb. Keçəcək, olan işdir.

   - Yaradıcılıqda nə yenilik var? Nə yazırsan, nə oxuyursan, nə çap etdirəcəksən?

   - Yenilik həmişə olur, amma məsələ burasındadır ki, tam, bitkin heç nə yoxdur. Nə sirrdirsə, qışdan bəri bütün işlər yarımçıq qalır. Çexovdan bir pyes tərcümə eləmişəm, sonuncu səhifədəcə ilişib-qalıb, davam etdirməyə həvəs yoxdur, esselər yazıram, onları da yarımçıq saxlayıram, bu aralar yazdığım heç nə xoşuma gəlmir. Yalnız eksperimentlərlə məşğulam deyə bilərəm. Bir-iki hekayə ideyası var, nəsə onları da reallaşdırmaq istəmirəm. Ümumiyyətlə, məndə çox təhlükəli tendensiya yaranıb. İstəyirəm ki, hər şey mükəmməl olsun. Bu arzu da normal işləməyə qoymur. Şeirlər yazılır, amma son zamanlar şeirdə belə özünüironiyaya meyl edirəm. İnamsızlıqdan deyil, mən öz potensialımı, üstünlük və qüsurlarımı yaxşı bilənlərdənəm. Bəlkə də, fiziki yorğunluq var, bu ara çox işləməli oldum - əlavə qazanc üçün tərcümə, redaktə və s. İndi durulma mərhələsini yaşayıram. Fikirlərim sürətlə bir mövzudan o birinə keçir. Məsələn, dünən beynimdə siyasi motivli şeir silsiləsinin ilk misraları vardı, sonra bunu da yazmaqdan vaz keçdim. Nəsə məndə belə bir fikir möhkəmlənir ki, ciddi ədəbiyyat bu ölkədə heç kəsə lazım deyilheç kəsi maraqlandırmır da. Ətrafa baxıram, yalnız mətbəx söhbətləri, qeybət, predmetsiz didişmələr. Mənə elə gəlir, adamlar işsizliklərindən, darıxdıqlarından nə edəcəklərini bilmirlər. Bəzilərinin məişət barədə düşünməyə ehtiyacları yoxdur, bəziləri, əksinə, bu barədə düşünməkdən beziblər və ədəbiyyat hardasa tozlu bir bucaqda unudulub.

   Nə oxuduğuma gəlincə, Vasili Aksyonovun rus ədəbiyyatında 60-cı illər barədə xatirə-romanını bitirmək üzrəyəm, paralel oradakı şairlərin - Robert Rojdestvenskinin, Bella Axmadulinanın, Andrey Voznesenskinin yaradıcılıqlarına təkrar nəzər salıram. Bundan sonra Lermontovun məktublarını oxuyacağam. Ondan sonra da Xalid Hoseyni var növbədə. Bu aralar filmlərə də meyl edirəm. Məsələn, qızımla birgə Bordkonun quruluşu ilə çəkilən "Master və Marqarita" serialına baxıram, bundan sonra Yeseninin və Dostoyevskinin həyatları ilə bağlı çəkilən filmlərə baxacağıq. Yəni, öyrənməklə bağlı heç bir problem yoxdu, əksinə, daha çox məlumatlı olmaq istəyirəm bu aralar.

   - Bir ara eşitdim yeni kitab çıxarmaq istəyirsən, xeyirli olsun...Bəlkə açıqlama verəsən bu barədə?

   - , belə bir fikir oldu. Açığı, indi tərəddüd içindəyəm. Bəlkə, heç kitab lazım deyil. Şeirdir, yazıram, "Facebook"da paylaşıram, hansısa qəzet-jurnal, sayt istəyəndə verirəm. Yəni, ciddi ehtiyac görmürəm kitaba. Qorxuram ki, kitab çıxandan sonra onu bəyənməyim. Qorxuram ki, əvvəlki kitabla ikinci arasında keyfiyyət fərqi görməyəm. Hərçənd, deyirlər, xeyli fərq var... bilim... Üstəlik, texniki məsələlərlə məşğul olmağı sevmirəm. Öz şeirlərimi seçmək, onlara yenidən baxmaq, redaktə-korrektə məsələləri, dizayn, nəşriyyatla danışmaq - bunların heç biri mənlik deyil. Birinci kitabda bunların heç biri mənim üzərimdə deyildi, olsaydı, bəlkə, heç o da çıxmayacaqdı...

   - Son vaxtlar yeni şeirlərinə rast gəlmirəm, səbəb? Yazmırsan, yoxsa yazıb çap etdirmirsən?

   - Yazıram, amma təkrar edirəm, indi yazdıqlarımın ədəbiyyat faktından daha çox eksperiment hesab edirəm. Yəni, sırf formadan düşməmək üçün yazıram. Bu dəqiqə, bu aralar üçün deməyə elə bir sözüm yoxdur, daha çox susmaq, dincəlmək və eşitmək istəyirəm. Ola bilsin ki, indi yazdıqlarımın arasında da maraqlı nəsə var, bilmirəm, hələlik, bu barədə düşünmək istəmirəm. Çünki içimdə yorğunluq var...

   - İşin çox vaxt və enerji alır, bilirəm. Yaradıcılıqla məşğul olmağa necə vaxt tapırsan? Ümumiyyətlə, yaradıcı adam hansı işlə məşğul olsa yaxşıdır?

   - Yaralı yerimə toxundun. Məsələ vaxtda deyil, həvəs olandan sonra vaxtı həmişə tapa bilərəm, mənim üçün "ədəbiyyata vaxtım yoxdur" fikri absurd səslənir, ümumiyyətlə, uşaqlıqdan beləyəm, həvəsim, marağım olan hər şey üçün həmişə vaxtım var. Amma indi məhz həvəs yoxdur, bilirəm ki, bu müvəqqətidir, əvvəllər də olub, tezliklə stimul özü yaranacaq. O ki qaldı yaradıcı adamın nə işlə məşğul olmasına, fərqi yoxdu. Əsas odur ki, adam yaradıcılıqla məşğul olmaq istəsin, istəsə vaxt tapacaq.

   - Bilirəm ki, tərcümə ilə də məşğulsan. Tərcümə etdiyin mətnləri toplu halında nəşr etdirməyi planlamırsan?

   - Hərdən olur, istəyirəm. Amma təkrar edirəm, kitab hazırlamağın texniki tərəflərini düşünəndə vaz keçirəm. Bəlkə də, tənbələm, bilmirəm. Amma yox, sadəcə, naşirlik mənim sənətim deyil, mən işimi görürəm, kiməsə lazımdırsa, nə vaxtsa lazım olacaqsa, bu və ya digər şəkildə istifadə edəcək. Lazım deyilsə, niyə çap etdirim ki? Şeir kitabına da bir az bu cür yanaşıram.

   - Özünü yazı-pozudan ayrı düşünə bilirsən, yoxsa sən də "yazmasam, yaşaya bilmərəm" - deyə düşünürsən?

   - Verdiyin suallar içərisində ən çətini budur. Buna cavabım yoxdur. Hərdən mənə elə gəlir ki, yazı-pozu mənim üçün heç demək deyil, amma başqa heç bir sahədə yerimi tapa bilmirəm. Olub ki, Aynur balaca olanda illərlə yazmamışam, ayda-ildə bir dəfə cızma-qara eləmişəm heç yazmaq barədə düşünməmişəm . Demirəm, vaxt olmayıb, sadəcə, yadıma düşməyib. Hərdən istəyirəm, bax beləcə, yazmaq heç yadıma düşməsin. O qədər xoşbəxt olum ki, başım evə-eşiyə qarışsın, axşamlar adi ev xanımları kimi çay içə-içə heç bir bədii dəyəri olmayan seriala baxım, yaradıcı təbiətimi belə unudum. Amma türklər demiş, nərdə...

   - Səni yaradıcılıqdan ayıra bilər?

   - Xoşbəxt ailə, sevdiyim kişi, uşaqlar. Necə izah edim, istəyirəm, ədəbiyyat barədə müəllif kimi düşünməyəcək qədər xoşbəxt olum...

   - Son vaxtlar ədəbi müsabiqələr keçirildi, iştirak etdinmi?

   - Yox. Müsabiqələr mənim üçün narahatlıq gətirir. Gərginlik, gözləmə, həyəcan məğlubiyyət qorxusu var. Xüsusən sonuncu... Bunu yaşamaq istəmirəm, həm açığı, müsabiqə o zaman maraqlıdır ki, yeni imzalarla yarışasan. Müsabiqədə iştirak edənlərdən zəif, ya güclü olduğumu bilirəm deyə, mənə maraqlı deyil. Üstəlik, mən öz hücrəmdə öz istədiyimi yazan adamam, kütləvi tədbirlərdən, üzdə olmaqdan xoşum gəlmir. Bu mənim sərbəstliyimi alır, sərbəstlik isə mənim üçün çox şeydir. Mən onu sevdiyim adamlara könüllü hədiyyə edə bilərəm - çünki bu, xoşuma gəlir, amma onu heç kəs məndən zorla ala bilməz.

 

 

  Cəlil Cavanşir

 

  Ədalət.-2012.-20 aprel.- S.5.