QƏHRƏMANLAR
UNUDULMUR
Azərbaycanın
Milli Qəhrəmanı Allahverdi Bağırovun
ölümündən 20 il keçir
Tanrının xalqımıza bəxş
etdiyi ər oğullardan biri də Allahverdi Bağırovdu.
Onun adı Qarabağ savaşı başlanandan el-el, oba-oba gəzərək
bütün Azərbaycana yayılmışdı. Bu, həmin
Allahverdi Teymur oğlu Bağırovdu ki, 1946-cı il aprel
ayının 22-də anadan olmuşdur. Beş qızdan sonra anadan olduğundan adını Allahverdi qoydular. Yəni Allahın
verdiyi pay. Sonralar Allahın verdiyi pay bir ailəyə yox, bütün Azərbaycan xalqına verilmiş oğul payı oldu.
Allahverdi heç kəsə bənzəməyən xarakteri
ilə gənc yaşlarından çox cəsarətli, qorxmaz, sözübütöv, haqsızlığa
dözməyən adam idi. Allahverdi bütün idman növləri, xüsusilə
də futbol, yüngül atletika, voleybol ilə əvvəlcə oxuduğu
1 saylı məktəbin,
sonra bütün rayonun idman şərəfini
qoruyurdu. Elə bir
idman növü yox idi ki,
onunla məşğul
olmasın.
Allahverdinin cəsarətindən, qorxmazlığından nə
qədər desən danışmaq da olardı, yazmaq da olardı. Birdimi, beşdimi, yüzdümü,
mindimi... 46 illik ömrünün hər günü, hər anı onun cəsarətinin,
qorxmazlığının, şücaətinin, kişiliyinin
ömür salnaməsidir.
Allahverdinin ən böyük
mərdliyi, cəsarəti,
kimliyi Xocalı faciəsi günlərində
üzə çıxdı.
Qar-Qarçay istiqamətindən döyüşə atılaraq,
əliyalın əhalini
ölümdən qurtarmaq
üçün qarlı-çovğunlu
günlərdə yüzlərlə
adamı xilas etdi. O günlərdə
Allahverdi dağlar qartalına, yuvası dağılmış pələngə
bənzəyirdi.
Amansızlıq və vəhşiliklə
qətlə yetirilmiş
yüzlərlə insanın
cəsədi məhz onun şəxsi köməkliyi ilə düşmən əlindən
alındı, itkin düşənlər axtarılıb
tapıldı. Yüzlərlə əsir götürülmüş
insan onun köməkliyi ilə ailəsinə qovuşdu.
O vaxt hamı Allahverdiyə müraciət
edirdi, ona pənah gətirirdi. Göydə Allahı, yerdə onun yaratdığı Allahverdini
tanıyırdı. Hamı oğlunu-qızını,
ata-anasını, qardaş-bacısını,
yaxınlarını ondan
istəyirdi. O, 1003 nəfəri
əsirlikdən, yüzlərlə
cəsədi düşməndən,
təhqirdən xilas etdi. Hadisələrin ilk günündə operator Seyidağa bütün videolentləri kasetə bir-bir yazdı. Ermənilər özləri də
o lentlərdə faciədə
uduzduqlarını dərk
etdilər.
Ən böyük hərbi uğuru 1992-ci il
iyunun 12-də Aranzəmi,
Naxçıvanik döyüşlərində
oldu. O döyüşlərdə
Allahverdi bütöv bir batalyonun işini görmüşdü.
Naxçıvanik kəndində düşmənin
bütün canlı qüvvəsini və texnikasını darmadağın
etmişdir. Cavanşir Cəfərovun
rotasının Əsgərana
qədər gedib çıxdığını görən Tərlan Musayevin rotası Pircamal kəndindəki yüksəkliyə yiyələnərək
Kətük kəndi ilə üzbəüz mövqeyi də tutmuşdu. Qələbəyə
az qalırdı.
Elə bu vaxt alınmış
kəndlərdən Ağdama
qayıdan yerdə, Naxçıvanik, Dəhriz,
Kətik, Mirikənd əməliyyatı uğurla
(cəmi 4 saat) başa çatdığı
gün onun əyləşdiyi UAZ-469 markalı
maşın minaya toxunub partladı. Allahverdi sürücüsü Əmir
Mirzəyevlə birlikdə
şəhidlik zirvəsinə
yüksəldilər. Ən böyük arzusu öz əlləri ilə üçrəngli
bayrağı Xankəndində
sancmaq idi. Amma bu arzu ürəyində
qalsa da, onun məsləkdaşları,
Azərbaycan ordusu həmin istəyi gec-tez yerinə yetirəcək. Təkcə Allahverdinin
yox, bütün Azərbaycanın arzusu çin olacaq. Onu da xatırladaq
ki, 1993-cü il fevral ayının 24-də göstərdiyi
igidlik və şücaətlərə görə,
Allahverdi Bağırov
Azərbaycanın Milli
Qəhrəmanı Fəxri
adına layiq görüldü. Bu, qədirbilən xalqımızın
və dövlətimizin
Allahverdi Bağırova
verdiyi töhfəsi idi.
Rüstəm Hacıyev
Ədalət.-2012.-21 aprel.- S.6.