NAŞİRLƏR
MÜƏLLİFİN AYAĞINA GETSİN, GETMƏSİN?..
Oxucunu
kitaba qaytarma yolu
Hər dəfə ədəbi
mühitdən, kitab nəşrindən, oxucudan,
bütövlükdə isə söz dünyasından yazmaq
istəyəndə müəyyən qədər tərəddüdlər
keçirir, götür-qoylar edirəm. Bu da səbəbsiz
deyil. Çalışıram ki, barəsində
yazdığım, həmsöhbət olduğum, fikirlərini
bölüşdüyüm və yaxud düşüncələrini
oxucuya çatdırdığım tərəf-müqabilim
özünün intellekti, ziyalılığı, sözə
münasibəti və sözün bütün mənalarında
sözlə yaşaması baxımından diqqət çəkən
olsun. Oxucu onun fikirlərinə sayğı ilə
yanaşsın. Bax, bu səbəbdən də indi
günün qəzet bolluğunda həmin o düşüncələrini
bölüşmək istədiyim insanları tapmaq müəyyən
qədər çətinləşibdir. Ancaq çətinlikləri
aşmaq insanın iradəsindən, gücündən
asılıdır. Mən də elə o "bolluğun"
içərisində barmaqla göstərilib fərd kimi qiymətləndirilən
insanları soraqlaya-soraqlaya köhnə dostum, dəyərli
ziyalı və naşir, həmçinin kövrək
duyğular müəllifi Qəşəm İsabəyli ilə
üz-üzə oturmuşam. İstəyirəm ki, onun
könül dünyasına bir ipucu tapam, bir
cığırdan, bir işıqdan tutub onun öz aləminə
qonaq gedəm.
- Qəşəm
müəllim, biz Sovet dönəmini yaşamış insanlar
sözün həqiqətən necə urvatlı olduğunu,
insanların söz adamına, mətbuata, kitaba necə sevgi ilə
yanaşdığını görmüşük,
müşahidə etmişik. Amma indi
- Doğrudan da həmin illərdə
ən ucqar kənddə belə kitabxanalar var idi, ən ucqar kəndlərə
gündəlik qəzetlər çatdırılırdı. Doğrudur,
bu sovet təbliğatı idi, abunə
yazılışları aparılırdı. Bəzən
adamlar zorla qəzetlərə abunə olurdular. Amma buna baxmayaraq,
hər kəs abunəçisi olduğu qəzetin az qala
davasını edirdi, onun gecikməsindən gileylənirdi. Bu
gün isə hər şey kökündən dəyişib.
Bəzən adamın inanmağı gəlmir ki, paytaxtdan
500-600 kilometrlik məsafədə olan kəndə aylarla qəzet
getmir. Amma bundan heç kim də narahatçılıq hissi
keçirmir. Və yaxud bölgələrimizdə kitab
mağazaları, kitabxanalar yoxdur, heç kim də səsini
çıxarmır.
-
Doğrudan da belədir. Sizcə bunun səbəbi nədir?
- Bilirsiniz, mənə elə gəlir
ki, burda əsasən bir neçə səbəb rol oynayır.
Yəni ilk öncə Azərbaycanda müstəqilliyin əldə
olunması, quruluşun dəyişməsi həmin o
ideologiyanı dağıtdı. İkincisi, müəyyən
bir zaman kəsiyində boşluq oldu. İnsanlar daha çox
iqtisadi maraqlara üstünlük verdilər. Özəlləşmə,
pay torpaqları və sairə onların başını
qatdı. Paralel olaraq, əlifbanın dəyişməsi həmin
məsələni bir az da dərinləşdirdi.
Çünki kitab oxuyanlar, qəzet oxuyanlar daha çox orta və
yuxarı nəslin nümayəndələri idi. Onlar da əlifba
dəyişməsindən sonra artıq kitabdan, qəzetdən
uzaq düşdülər. Belə bir məsələni də
xatırladım ki, əgər yadınızdadırsa, ötən
əsrin 70-80-ci illərində bizim elə yaşlı
yazarlarımız var idi ki, onlar kiril əlifbasından istifadə
etmirdilər, ərəb qrafikası ilə öz
yazılarını yazırdılar. Elə indinin
özündə də bir çoxları kiril əlifbasından
istifadə edir. Yəni əlyazmaları kirillə
yazılır. Bunu da zarafata salıb bildirirlər ki, bilgisayar
bizim əvəzimizə əlifbanı dəyişir. Bax,
bütün bunlar həmin o kitab siyasətinin, oxu siyasətinin
bütövlükdə oxucu, yazar münasibətlərinin qırılmasına,
pərən-pərən düşməsinə səbəb
oldu. Yaxşı ki, son vaxtlar bu məsələ gündəmə
gətirilib. İndi paytxatda da rayon mərkəzlərində
də kitab mağazalarının açılması,
kitabxanaların normal işləməsi üçün təşəbbüslər
göstərilir.
- Qəşəm
müəllim, mən sizlə ilk tanışlığı
yadıma salanda redaktorluq dövrü gözümün
önünə gəlir. Bu gün isə artıq müstəqil
bir nəşriyyatın rəhbərisiniz. Özü də
"Şirvannəşr" müəlliflərin diqqətini
çəkən bir müəssisədir.
- Mən ixtisasca pedaqoq olsam da, erkən
gəncliyimdən yaradıcılığa, nəşriyyat
işinə böyük maraq göstərmişəm. Ona
görə də həyat məni nəşriyyata gətirib
çıxarıb. "Şur" nəşriyyatının
direktoru olmuşam. Sonra sərbəst fəaliyyət məni
daha çox cəlb etdiyindən müstəqil olaraq özəl
nəşriyyat yaratmışam. Şükürlər olsun
ki, artıq "Şirvannəşr" öz müəllifləri
olan, müxtəlif beynəlxalq müsabiqələrdə
uğurla çıxış edən, kitab sərgilərində,
həmçinin ölkə daxilində keçirilən
tenderlərdə öz sözünü deməyi bacaran bir nəşriyyatdır.
Biz də çalışırıq ki, nəşriyyatımızın
ortaya qoyduğu məhsullar Azərbaycan oxucusu
üçün, Azərbaycan mədəniyyəti, ədəbiyyatı
üçün dəyərli və maraqlı olsun.
Düzdür, bu gün ölkədə onlarla nəşriyyatlar
var və yaradılmış şəraitdən istifadə edərək
bu sahəni bilən də, bilməyən də nəşriyyat
açmaq, poliqrafiya müəssisəsi yaratmaq eşqinə
düşür. Bu da bəzən bir növ bazara
çevrilir. Burada bir məsələni də
xatırladım ki, nəşriyyatların bolluğu zənnimcə
o qədər də qorxulu hal deyil. Çünki bu rəqabətə
meydan açır. Ancaq bir məsələ var ki, nəyi necə,
nə üçün çap edirsən? Təkcə maddi tərəfi
düşünüb nə gəldi çap etmək ədəbiyyatımıza,
mədəniyyətimizə yönələn ağır zərbədir.
Ona görə də məsələyə peşəkarcasına
yanaşsaq, nəşr olunan ədəbi-bədii, elmi əsərlərin
mahiyyətini, məzmununu bilmək, onun gərəkliyini
öyrənmək lazımdır. Yalnız bundan sonra həmin
əsərlərin çapına təşəbbüs
göstərmək olar təəssüf ki, bu gün söylədiyim
meyarlar o qədər də nəzərə alınmır.
-
Bildiyimə görə, siz dəfələrlə
yaxın-uzaq ölkələrdə səfərlərdə
olmusunuz və məqsədiniz də həmin ölkələrdə
nəşriyyat, poliqrafiya işini, yeniliklərini öyrənmək,
kitab nəşrinin, yayımının müasir
üslublarından xəbərdar olmaq niyyəti
daşıyıb.
- Həqiqətən də mən
olduğum ölkələrin hamısında ilk öncə
poliqrafiya işindəki yeniliklərlə maraqlanmışam. Kitab
nəşri ilə bağlı həmin ölkələrdə
əldə olunmuş uğurların sirlərini öyrənməyə
çalışmışam. Bir şeyi xatırladım ki,
keçmiş sovet respublikalarının bəzilərində
hələ də SSRİ dövrünün kitab ticarəti ilə
məşğul olan idarələr qalmaqdadır. Hətta
Belorusiyada mən özüm şahidi oldum ki, çap olunan
kitablara görə, müəlliflərə qonorarlar da
verilir. Təəssüf ki, bizdə qonorar sözü az qala
yaddaşlardan silinib. Belorus həmkarlarım söhbət
zamanı onu da dedilər ki, müəlliflərə
qonorarların verilməsində onlar üçün çətinlik
yaradan şeir kitablarıdı. Çünki bu kitablar nəşriyyata
çox da pul gətirmir. Mən də gülərək bizdəki
vəziyyəti söylədim və təklif etdim ki, kitaba pul
gətirməyən müəllifə ya az qonorar verilsin, ya da
ümumiyyətlə verilməsin. Digər tərəfdən
Avropada nəşriyyatlar müəllifin ardınca
qapısına gedir, onunla əməkdaşlıq etməyə
can atır. Çünki həmin müəllif oxunur.
Artıq bizdə də bu məsələ yavaş-yavaş
özünü göstərməkdədi. Bizdə bəzən
nəşriyytalar özü müəllifi axtarır. Bu, həm
maddi tərəfin mənəvi tərəfi üstələməsindən
irəli gəlir. Mən isə bu məsələdə
yaxşı bir şey görmürəm. Əksinə, istəyirəm
ki, müəlliflər özləri nəşriyyatı
seçsinlər. Onun məhsullarının
keyfiyyətinə, sifarişi yerinə
yetirmək bacarığına və qabiliyyətinə
görə qapısına gəlsinlər. Digər tərəfdən
bizim nəşriyyat bu
il "Ədəbi Şirvan"
adlı ədəbi-bədii jurnalın çapına da hazırlaşır. Bu jurnal
təkcə Bakıda, Azərbaycanda deyil,
eləcə də dünyanın hər yerində yaşayan və Azərbaycanla bağlı olan qələm adamlarının
yaradıcılıq nümunələrini jurnalda
oxuculara çatdırmaqdı. Yəni bu jurnalda
Naxçıvanda yaşayan ədiblə Moskvada, Türkiyədə, Almaniyda,
İsraildə yaşayan
yazarlar bir-biri ilə
üz-üzə gələcək, qarşılaşacaq, biz bir-birindən uzaq
düşən yazarları görüşdürəcəyik.
Jurnalın birinci sayında 150-200 müəllifin
bir-iki səhifəlik yazıları ilə
onları bir-birinə tanıdacağıq. Əsas məqsədimiz
bu yazarların qırılmış əlaqəsini
bərpa etməkdi.
- Qəşəm
müəllim, siz həm də bir söz adamı, bir naşir
kimi xeyriyyə tədbirlərindən də kənarda
qalmırsınız. Əksinə, imkansız qələm
adamlarının tez-tez köməyinə
çatırsınız. Üstəlik də milli-mənəvi
dəyərlərlə, tariximizlə bağlı əsərləri
də öz hesabınıza oxuculara
çatdırırsınız.
- Bilirsiniz, söz adamlarının
iqtisadi durumu onların qələmlərindən
asılıdır. Bu gün isə qələmin öz
sahibini necə dolandırdığını geniş şərh
etməyə ehtiyac yoxdur. Ona görə də imkan daxilində
istedadlı, ancaq sıxıntı içərisində
yaşayan həmkarlarımıza dəstək vermək,
kömək durmaq həm insanlıq borcumuzdur, həm də həmkarlıq.
Bununla biz həmin adamın bir növ könlünü
sevindirir, ruhunu təzələyirik. Həmişə belə olub, bundan sonra da
belə olacaqdır.
- Bir sual da
verim. Ölkədəki bu nəşriyyat
bolluğu sizdə narahatçılıq yaratmır
ki?
- Birmənalı
olaraq deyim ki, xeyr. Çünki zaman-zaman bu bolluq ələnir, müəlliflər özləri
seçim imkanları
ilə hansı nəşriyyatın nəyə
qadir olduğunu müəyyənləşdirir və sonda da
maddi-texniki bazası, müasir çap imkanları, eləcə də müəlliflə onu təmin edəcək müqavilələri
bağlamağı bacaran
nəşriyyatlar önə
çıxıblar və
bundan sonra da belə olacaq.
Ancaq bir məsələ var ki, biz artıq "Təhsil" nəşriyyatının
rəhbəri, çox
hörmətli həmkarımız
Bəhruz Axundovun yaxından iştirakı ilə ona yaxın
nəşriyyatın rəhbərləri
bir araya gəldik və birlikdə Naşirlər və Poliqrafçılar
Birliyi yaratmaq ideyamızı təsdiqlədik.
Artıq
belə bir birliyin Ədliyyə Nazirliyində qeydiyyatdan keçib fəaliyyət göstərməsi üçün
gərəkli olan bütün məsələlər
həll edilib. Bəhruz müəllim də birliyə rəhbər seçilibdir. Yəqin ki,
bu birliyin sırası genişlənəcək
və biz Azərbaycanda
nəşriyyat-poliqrafiya sahəsində
olan pərakəndəliyi,
boşluğu aradan qaldıra biləcəyik.
Bu da bizə
imkan verəcək ki, Azərbaycanda nəşriyyat işini, poliqrafiya sahəsini dünya standartları səviyyəsində quraq
və öz məhsullarımızla bütün
beynəlxalq kitab sərgilərində qaliblər
cərgəsində dayanaq.
Hər halda, bu bizim
məqsədimizdi və
buna da nail olacağıq.
Mən Qəşəm İsabəyli
ilə söhbətim
zamanı "Şirvannəşr"in
uğurları, müsabiqələrdə
qazandığı mükafatları
barəsində də
müəyyən məqamları,
müəyyən faktları
öyrəndim. Amma düşündüm
ki, onun dediyi bir məqamı,
yəni kitabı oxucuya, oxucunu kitaba qaytarmağın əsas yollarından birini diqqətə çatdırmaq daha vacibdir. Qəşəm İsabəyli vurğuladı
ki, bu gün
Azərbaycanda kitab yayımı məsələsi
dövlət səviyyəsində
qurulmalıdı. Çünki müəlliflərin 300-500, ən
yaxşı halda 1000 tirajla çap olunan kitabları bəzən heç Bakının hüdudlarından
kənara çıxmır.
Çünki o kitabları Bakıdan
kənara aparmaq üçün nə müəlliflərin imkanları
yoxdur, nə də bununla kimsə məşğul olmur. Ona görə də
bölgələrdə bugünün
yazarlarını, söz
adamlarını demək
olar ki, o qədər də tanımırlar. Yəni kitab
yayımı, kitabxanaların
yenidən qurulması,
onların müasirləşməsi
günün məsələsidir.
Yalnız dövlət qayğısı
və müəyyən
imkanlı insanların
yazarlara, kitaba diqqət yetirməsi problemin çözümündə
öz sözünü
deyə bilər.
O ki, qaldı böyük ədəbiyyata,
bəlkə də elə o bu gün
artıq yaranıb və yaxud yaranmaqdadı.
Həmin
ədəbiyyat nümunəsinin
hansı nəşriyyatda
çap olunmasının
da elə bir önəmi yoxdur. Əsas odur ki, yaxşı kitablar yazılsın və onlar da yüksək
keyfiyyətlə çap
olunub oxuculara çatdırılsın. Bundan bütün Azərbaycan uduş edə bilər.
Hər halda, Qəşəm
İsabəyli öz söylədikləri ilə
bir məqamı da diqqətə çəkdi - istedadlara dayaq durmaq, əl
uzatmaq gərəkdir.
İstedadsızlar özləri öz
yollarını tapacaqdır.
Əbülfət MƏDƏTOĞLU
Ədalət.-2012.-21
aprel.- S.8.