Türkün ən möhtəşəm kitabı

 

   Əli Əmiri Əfəndi: "Dünyanın bütün qızıllarını önümə qoysalar, bu kitabı deyil, hər hansı kitabımın tək bir səhifəsini də satmaram"

 

   "Özüm Türklərin ən açıq danışanlarından,ən açıq anladanlarından,ən doğru anlayanlarından, əsil və nəcabətcə ən irəli olanlardan, ən yaxşı kargı (silah) işlədən savaşçılarından olduğum halda,Türklərin həmən bütün ellərini,obalarını,çöllərini qarış-qarış gəzib dolaşdım. Türkün,Türkmənin, Oğuzun, Çigilin,Yağmanın, Qırğızın dillərini, geyimlərini tamamilə zehnimə nəqş etdim. Bu konuda o qədər irəli getdim ki, hər boyun ləhcəsi mənim tərəfimdən ən mükəmməl surətdə əldə edilmiş oldu. Beləliklə, bu kitabımı, bu qədər uzun incələmə və araşdırmadan sonra ən süslü tərzdə, ən anlaşılan bir üslub üzrə yazdım. Dünyaca,adımı dünyanın sonuna qədər yad etdirmək, axirətcə, bitməz-tükənməz azik(?) olmaq məqsədiylə, Cənabi-Haqdan inayət diləyərək meydana gətirdiyim bu əsərə Kitabü Divani Lüğət-it-Türk adını verdim" 

   "Divani Lüğəti-it-Türk" XI əsrdə yaşamış, Kaşğar boyundan olan dilçi Mahmud Kaşğarlının divanının adıdır. Kaşğarlı bu lüğəti ərəbcə, ərəblərə türk dili öyrətmək məqsədilə qələmə alsa da, hal-hazırda XI əsrdə istifadə edilmiş bir çox Türk dillərinin öyrənilməsində, türk boylarının yaşam tərzi,adət-ənənələri haqqında zəngin məlumat verən əvəzolunmaz mənbədir.

    "Divan"ın orijinalı bizə gəlib çatmayıb. Yalnız XIII əsrdə kitabın üzü köçürülmüş variant günümüzə gəlib çatıb ki, bu yazımızda da biz "Divan"ın necə və kim tərəfindən üzə çıxarılması, təkrar nəşr olunaraq geniş oxucu kütləsinin ixtiyarına verildiyindən danışacağıq.

    "Divani Lüğət it-Türk"ün bizə gəlib çatan yeganə nüsxəsi İstanbulda Millet Genel Kitabxanasında saxlanılır. Əlyazma təqribən 239 x 165 mm ölçüdə olan 319 vərəqdən ibarətdir, onun ümumilikdə XX əsrdə 638 nömrələnmiş səhifəsi var.

    Mətn səhifədə təqribən 175 x 115 mm sahəni əhatə edir. Hər səhifədə nəsix xətti ilə yazılmış 17 sətir var. Mətn işarələnmişdir və diakritik işarələrə nəzər salanda müəyyən olunur ki, mətn müxtəlif vaxtlarda müxtəlif redaktorlar tərəfindən qoyulub. Mətnin kənarlarında müxtəlif xətlərlə qeydlər var. Üz qabığında əlyazmanın yazıldığı xətlə mətn yazılıb, ancaq məzmunu "Divan"la əlaqədar deyil.

    Kalafona görə Mahmud əl-Kaşğari əsər üzərində işini 466/1074-cü ildə başa çatdırıb. Ancaq əlyazması saxlanılan mətn 200 il sonra, 664/1266-cı ildə yazılıb.

    "Divan"ın giriş hissəsində Mahmud əl-Kaşğari qeyd edib ki, onun bu əməyi Bağdadı idarə edən Abbasilər xəlifəsi əl-Müktədirə ithaf olunub. Əgər "Divan" xəlifənin kitabxanasında olubsa, çox güman ki,1258-ci ildən sonra o məmlükün əlinə düşüb. Kelli və Denkofun ehtimallarına görə,"Divan"ın yeni sahibi türk dillərinin öyrənilməsini vacib bildiyindən, kitabın üzünün çıxardılmasını tapşırıb ki, bu şəxsin adı əlyazmanın sonunda göstərilib: Məhəmməd ibn Abu Bəkr ibn Əbu-l- Fəth əs-Savi-əl-Dəməşqi.

   Xəttatın qeydinə görə o,işini " altı yüz altmış dördüncü il, Şəvval ayının iyirmi yeddisində həftənin birinci günü" bitirib. Bu isə 1 avqust 1266-cı ildir.

    Üz qabığında yazılan qeydə görə əlyazma, 1400-1401-ci illərdə Qahirədə yaşayan Məhəmməd ibn Əhmədu Xatibu Dərayyaya məxsusdur. Kitabın türkcə tərtibatçısı Kilisli Rifətin ehtimalına görə bu məşhur alim Məhəmməd ibn Əhməd ibn Süleyman əl-Ənsari əd-Dəməşqi əd-Dəranidir (745/1344-810/1407).

    Əlyazma İstanbula çox güman ki,1517-ci ildə osmanlıların məmlük dövlətini məğlub etməsindən sonra gətirilib. Mətnin kənarlarında edilən qeydlərin və düzəlişlərin Osmanlı dövrünə aid olduğu aşkar görünür.

   "Divan" haqqında Katib Çələbinin təqribən 1650-ci ildə yazdığı biblioqrafik əsərində də xatırlatma var.

    XX əsrin əvvəllərində əlyazma Türkiyədə Vani Oğullarında yaşayan Nazif Paşa adlı bir şəxsə aid olmuşdur ki, sonradan o, əsəri qiymətli əşya kimi öz qohumuna vermişdi və əlyazmanı 30 qızıldan ucuz satmamağı tapşırıbmış. Əlyazmanı 1916-cı ildə İstanbulda yaşayan Əli Əmiri Əfəndi köhnə kitablar satılan mağazadan 33 qızıl lirəyə alır.

    "Divan" haqqında yazılarkən və danışılarkən Əli Əmiri Əfəndinin ya heç adı çəkilmir,ya da ötəri çəkilir. M.Şakir Ülkütaşirin "Böyük Türk dilçisi Kaşğarlı Mahmut" ( Ankara 1972) kitabında Əli Əmiri haqqında ətraflı məlumata rast gəldik.

   Bu yazımızda Türklərin XI yüzillikdə dilinini, yaşamını özündə əks etdirən bir xəzinəni - "Divani Lüğət it-Türk"ü sözün əsl mənasında yenidən Türkə qaytaran Əli Əmiri Əfəndi haqqında ətraflı söhbət açacağıq.

   1857-ci ildə Diyarbəkrdə doğulan Əli Əmiri, uşaqlığından oxumağa və yazmağa çox həvəsli idi. Güclü yaddaşa sahib olması ona doqquz yaşında ikən beş yüzdən artıq şairin şeirinin yer aldığı " Nəvadir ül Əsar" adlı kitabdakı dörd min şeiri əzbərləməsinə imkan vermişdir. Gəncliyində xəttatlıqla məşğul olan Əli Əmiri bu sahədə də başarılı olmuş, onun yazdığı lövhələrin bəzisi Diyarbəkrdəki məscidlərdə asılmışdır.

   Uşaqlıqda bütün fikri-zikri yazıb-oxumaqda olduğu üçün təmiz havada gəzməzmiş və bu üzdən də zəif imiş, tez-tez xəstələnirmiş.

    Tacir olan atası da ondan çox narazılıq edərmiş. Əli Əmirinin on beş yaşı olarkən, atası onu öz dükanına gətirir özü kimi tacir etməyə can atır. Lakin Əli Əmiri atasının ümidlərini doğrultmur. Onu oxuyub yazmaqdan başqa bir şey düşündürməzmiş. Atası onun ticarətə zərər verdiyini görüncə, Əlini dükandan uzaqlaşdırdı. Əli isə həyatını bir məmur olaraq keçirdi. Katib dəftərdar olaraq Diyarbəkr, Selanık, Adana, Kırşehir, Trablusşam, Elazığ, Erzurum,Yanıya, İşkodra, Hələb Yəməndə otuz ilə qədər məmur oldu. Çox sevdiyi kitablarla daha çox məşğul ola bilmək üçün 1908-ci ildə əməkli oldu.

    Əməkli olduqdan sonra o, həyatını İstanbulda keçirir tez-tez Divanyolundakı Diyarbəkr qiraətxanəsində görünməyə başlayır.

    Elə "Divan"a da o bu vaxtda rast gəlmişdi.

    Əli Əmirinin zəngin kitabxanası varmış kitabçı Burhan bəyin dükanına hər gələndə əliboş qayıtmazmış. Bir dəfə dükana gələrkən Burhan bəy Əli Əmiri Əfəndiyə bir kitab göstərir deyir:

   -Bir kitab var, amma sahibi otuz lirə (qızıl puldur) istəyir. Bu kitab mənə gələli bir həftə oldu. Mən bunu yüksək qiymətlə alır deyə, Maarif Naziri Əmrullah Əfəndiyə apardım. O da köməkçisinə həvalə etdi. Köməkçisi araşdırmaq üçün bir həftə vaxt istədi, mən qəbul etdim. Bir həftə sonra baş çəkdim. On lirə təklif etdilər. Mən "kitab mənim deyil, başqasınındır. Otuz lirədən bir para aşağıya vermir" dedim. Cavabında "biz otuz lirəyə bir kitabxana satın alarıq. Al kitabını, istəmirik!" deyə kitabı geri qaytardılar. Kitab sahibiylə təyin etdiyimiz vaxt sabah bitəcəkdir. Sabah kitabı verməyə məcburam. Baxın, əgər işinizə yarayırsa siz alın! - dedi.

    Əli Əmiri Əfəndi kitabı vərəqləyən kimi tanıyır bu xəzinənin əsl qiymətinin otuz lirə yox, otuz min lirə olduğunu bilir. Lakin kitabı bir az ucuz almaq xatirinə, onun dağınıq olduğunu bəhanə gətirir. Kitabçı Bürhan bəy kitabı otuz lirədən aşağı satmayacağını deyir. Kitabı ona verən köhnə maliyyə naziri (Vani oğullarından) Nazif paşanın qohumu olan qadın, Nazif paşanın özünün kitaba belə qiymət qoyduğunu 1 lirə olsun keçməyəcəyini bildirir.Üstündə kifayət qədər pulu olmadığı üçün Əli Əmiri Əfəndi təsadüfən dükana gələn dostu Faiq Rəşad bəydən pul borc alır otuz üç lirəyə (üç lirəni kitabçıya verir) kitabı alır.

    Kitabın əsl dəyərini anlayan Əli Əmiri hər yerdə belə bir xəzinəyə sahib olduğundan fəxrlə söz edərmiş, amma onu kimsəyə göstərməzmiş. Hətta Ziya Göyalp kitaba baxmaq üçün müraciət etdikdə, "indi göstərə bilmərəm,bəlkə iki ay sonra göstərərəm"-deyib, Ziya bəyin sözünü yerə salmışdı.

    Bir qədər keçdikdən sonra. Əli Əmiri özü kitabı Kilisli Rifətə göstərib və dağınıq, qarışıq halda olan kitabı yenidən bərpa etmək üçün xahiş edir. Kilisli Rifət kitabı 3 dəfə başdan-başa oxuduqdan sonra gərəkən formada yığıb, səhifələri nömrələmişdir. Bu işə iki ay vaxt sərf etmiş Kilisli Rifətə Əli Əmiri haqq olaraq evinin bir hissəsini peşkəş verir. Lakin Rifət bu hədiyyəni qəbul etmir və əziyyətinin müqabilində Əli Əmiridən kitabın nəşrinə icazə istəyir. Əli Əmiri razı qalsa da, nəşri yenə də bir qədər ləngidir.

    Kitabın Kilisli Rifət tərəfindən oxunub səhifələndiyini eşidən Ziya Göyalpa "Divan"ı nəşr etdirmək fikri rahatlıq vermirdi. Lakin Əli Əmiri də ona nə kitaba baxmağa, nə də ki çapa icazə vermirmiş. Bu barədə Kilisli Rifətlə məsləhətləşən Ziya bəy onun məsləhəti ilə kitabın çapına izin almaq üçün Tələt Paşanı Əli Əmiri Əfəndiyə minnətçi salır. Əli Əfəndi kitabın nəşrinə iki şərtlə razılıq verir:

   1.Tərtib Kilisli Rifətə tapşırılsın.

   2. Kilisli Rifət kitabın özünü heç kimə verməsin və göstərməsin.

   Tələt Paşa təklifləri qəbul edir və Kilisli Rifət işə başlayır. Tələt Paşa bunun müqabilində Əli Əmiri Əfəndiyə üç yüz lirə göndərsə də, ikinci pulu qəbul etmir və cavab olaraq yazır:

   - Lütfünüz, qədirbilənliyiniz üçün təşəkkür edirəm, fəqət pulu qəbul edə bilmərəm. Çünki vətənə kiçik bir xidmət müqabilində pul almış olacağam. Bu isə vicdanıma ağır gələn bir şeydir, bundan dolayı sizə təşəkkür edərək, pulu geri qaytarıram. Siz pulu yardıma ehtiyacı olan bir neçə namuslu ailəyə paylasanız, mənim sizə təşəkkür edəcəyim kimi, Cənabi-Haqq da məmnun olar. Bu sədəqənin adı da Divanü Lüğəti-it-Türk sədəqəsi olsun.

   Macar Elmlər Akademiyası "Divan"ı almaq üçün Əli Əmiri Əfəndiyə on min qızıl pul təklif edir. Fransa isə bu xəzinəni almaq üçün otuz min altun verəcəyini bildirsə də, Əli Əmiri hər iki təklifi rədd edir:

   - Mən kitablarımı millətim üçün topladım. Dünyanın bütün qızıllarını önümə qoysalar, bu kitabı deyil, hər hansı kitabımın tək bir səhifəsini satmaram".

   Beləliklə, Əli Əmiri Əfəndinin birbaşa səyi nəticəsində XI əsr Türkün dili, ədəbiyyatı, tarixi, mifologiyası, etnologiyası, coğrafiya etnoqrafiya-folklor baxımından ən güclü əsəri olan "Divani Lüğəti-it-Türk" Türk dünyasına bütün dünyaya çatdırılır.

   Əli Əmiri Əfəndi yanvarın 23-ü 1924-cü ildə üç gün sürən xəstəlikdən sonra fransız xəstəxanasında vəfat edir. Məzarı Fateh türbəsinin həyətindədir.

 

   Şahnaz Kamalova

   kamalovashahnaz1@rambler.ru

 

   Ədalət.-2012.-21 aprel.- S.10.