Ustad
Nadir, nadir ustad
60 ildir ki, öz yolu ilə sakitcə
addımlayan tanınmış bədii qiraət ustası
Nadir Hüseynovun yaşıdlarına bir arzusu var- Yaşa
kişi kimi, öl kişi kimi!
Tofiq
Abdin (yazar, yubilyarın həmkəndlisi):
"...Dostum Nəriman Əbdülrəhmanlı
bir filmində- Əli bəy Hüseynzadə haqqında filmdə
mətn oxuduğunu dedi və mən səni səsindən
tanıdım, baxmayaraq ki, səkkiz ildən sonra mən səni
ilk dəfə idi televiziyada eşidirdim.
...Sənin səsini o filimdə
eşitdim və sevindim, açığını deyim ki, mən
bilən pis də alınmamışdı. Amma məqamı gəlib
deyim: daha yaxşı oxuya bilərdin və Nəriman da bu
fikirdə idi. Amma sən artıq özünü professional
hesab elədiyindən güman ki, belə şeylərə bir
az yuxarıdan baxırsan. Onu da bilirsən ki, Aydın
Qaradağlı heç bir rol oynamadı bu dünyada...
Aydın Qaradağlı bu dünyada səsi ilə qaldı, Qəribağa
kişinin oğlu Nadir... Belə-belə işlər: əski
adı Xarabakənd, yeni adı Qırmızıkənd olan, mənim
də doğulduğum bir eldən çıxan Qəribağa
kişinin oğlu aktyor Nadir Hüseynov..."
Oqtay Salamov
(jurnalist, yubilyarın keçmiş iş
yoldaşı) :
"Nadir Hüseynovu
institut illərindən tanıyıram. Cavan müəllim
idi, institutu bitirən kimi elə həmin ali
məktəbdə işə götürmüşdülər.
Bunun nə olduğunu, istedadın özü
üzərində işləməyinin nə olduğunu
sonralar bildim.
Aktyorlara dərs
deyirdi. Sonra həmkar olduq.Yaxın olduq,
toyuna getdim, toyuma gəldi. Eşidəndə
ki, Nadir Hüseynovun 60 yaşı olur, inanmadım. Sonra
öz yaşımı yada saldım... Yaman keçdi zaman,
Nadir müəllim!...
Təbrik edirəm, doğmaların,
dostların Allah verən ömrün miqdarını yox,
sevincinin, şadlığının şahidi olsunlar!
Nadir Hüseynovun heç bir fəxri
adı yoxdur, teatrda, kinoda aktyor olmayıb, təkcə səsi , bir də böyük ürəyi ilə
sevilib, yaddaşlarda qalıb. Neçə-neçə
Xalq artisti, Əməkdar artistin Nadir müəllimlə ikiəlli
görüşmək üçün onun üstünə gəldiyinin
şahidi olmuşam. "Üstünə
gəlmək" sözünü indiki dalaşmaq mənasında
demirəm, hörmət mənasında "hüzuruna" gəlmək
mənasında deyirəm. Nadir Hüseynov
SƏNƏTKARdır. Bu onun ən halal,
özünün qazandığı tituldur, addır, təltifdir.
Çox yaşa, Nadir müəllim!"
Vaqif Azəryar (yubilyarla birgə
yaradıcılıq işlərinə imza atan rejissor):
"Nadir hay-küy
adamı deyil. Elə adamlar var ki,
yaxşı "iybilmə" qabiliyyətinə malikdirlər,
harda, və kimin yanında necə görünməyi, özlərini
gözə soxmağı yaxşı bacarırlar. Nadir belə işlərdən həmişə uzaq
olub. Bəli, "zəmanə adamı
deyil", bu baxımdan bəlkə də nələrisə
uduzub. Amma hansı üsullarla udmaq hələ
qalib gəlmək deyil. Nadir onda olan istedad
və emosionallıqla teatrda gözəl obrazlar yarada bilərdi.
Amma daxili intriqalardan, ad, mükafat üstə
gedən davalardan uzaq qalmaq üçün teatrda işləmədi.
Bədii qiraəti üstün tutdu. Bədii qiraət bir qədər fərqli
yaradıcılıq sahəsidi. Afişada
bədii qiraət ustasının adı həmişə
böyük hərflərlə yazılır. Böyük hərflərlə yazılan
ifaçı mərhələsinə çatmaq
üçün isə şəxsiyyət olmaq
lazımdı. Nadir şəxsiyyətdi, şəxsiyyətini
qorumağı bacaran insandı, ona bir dost kimi etibar etmək
olar".
Şeir yazmaq, adi
sözlərdən böyük sənət əsərləri
yaratmaq hər insana nəsib olmayan xoşbəxtlikdi. Çünki Tanrı bu istedadı hər kəsə
vermir. Şeirdən, sözdən yaranmış dəyərli
sənət əsərlərini böyük istedadla söyləmək,
tamaşaçıya sevdirmək də hər kəsin
bacardığı iş deyil. Nadir Hüseynov
bu işi bacaran insanlardandı. Bu gün
tanınan bədii qiraət ustalarından söhbət
düşəndə onun adının ön sırada çəkilməsi
təsadüfi deyil.
Mədəniyyət
və İncəsənət Universitetinin dosenti,
tanınmış bədii qiraət ustası Nadir Hüseynov
60 illik yubileyini qeyd etməyə hazırlaşır. Tanrıdan gələn bu ömür payını
doğru-dürüst, iddiasız yaşayır. Yubileyi ərəfəsində
"Ədalət"dən, dostlarından, tələbələri
və pərəstişkarlarından alacağı təbriklər,
xoş sözlər halal xoşu olsun!
-
Nadir bəy, sənət adamlarından, aktyorlardan çoxlu
müsahibələr almışam. "Uşaqlıqdan bədii
qiraət ustası olmaq arzusunda idim"-deyən kimsəyə
rast gəlməmişəm. Belə bir arzu yəqin heç
sizin də ürəyinizdən keçməyib...
- Başqalarını bilmirəm,
amma mən sənətə gələndə başqa arzu ilə
gəlmişdim. Orta məktəbdə oxuyanda bir dəfə
televiziyada Cəfər Cabbarlının "Oqtay
Eloğlu" pyesinin tamaşasını gördüm.
Qüdrətli sənətkarımız Həsənağa
Salayevin yaratdığı Oqtay Eloğluya tamaşa edəndən
sonra aktyor olmaq istəyi, həvəsi yarandı.
Doğulduğum Salyan rayonunun Qırmızıkənd orta məktəbindəki
radio qovşağı bu istəyimi, arzumu reallaşdırmaq
üçün münbit şərait yaratmışdı. Məktəbin
radio qovşağından səslənən şeirlərin, xəbərlərin
əksəriyyətini mən oxuyurdum. Orta məktəbi bitirən
kimi də sənədlərimi o zamankı İncəsənət
İnstitutuna verdim və qəbul olundum.
-
Tofiq Abdindən sonra keçmiş Xarabakənddən, indiki
Qırmızıkənddən həmin ali məktəbə
daxil olan ikinci şəxs oldunuz...
- Deyəsən belədi. İndi
Tofiq abi hər yerdə kəndimizin adını Xarabakənd
kimi hallandırır, amma mən gözümü açandan
oranı Qırmızıkənd kimi görmüşəm.
- Həmkəndlilərin
mübahisəsinə qarışmaq istəmirəm,
özünüz yəqin bir ortaq məxrəcə gələrsiniz.
Gəldiniz Bakıya və televizorda heyranlıqla izlədiyiniz
Həsənağa Salayevin tələbəsi olmaq fürsəti
qazandınız...
- Bu da taleyin mənim
üçün yazdığı maraqlı bir ssenari idi. Həsənağa
Salayev, Fikrət Sultanov, Əzizağa Quliyev kimi ustadlardan dərs
aldım. Həsənağa Salayev çox emosional aktyor idi, Məhəmməd
Füzulini yaxşı bilirdi, qəzəlləri elə
şövqlə ifa edirdi ki... Böyük sənətkar olmaqla
yanaşı maraqlı insan, şəxsiyyət idi. Sovet
quruluşunun çox cəhətlərini bəyənmirdi.
Düzdü, bunu o qədər də açıq büruzə
vermirdi, lakin hiss edirdin ki, narazıdı. Xəstələnəndən
sonra isə narazılığını açıq bildirməyə
başladı. Həsənağa Salayevdən və digər müəllimlərimdən
çox şey öyrənməyə
çalışırdım.
1975-ci ildə istedadlı tələbə
kimi o zamankı Leninqrad şəhərində bədii qiraətçilər
arasında keçirilən Vladimir Yaxontov adına
ümumittifaq festivalına göndərildim. Həmin festivala
SSRİ-nin hər yerindən, o cümlədən kommunist
düşərgəsinə rəğbəti olan ölkələrdən
iştirakçılar gəlmişdi.
- Bədii
qiraətçi kimi ilk ciddi imtahandan necə
çıxdınız?
- Festivalda Robert Rojdestvenskinin
"Rekviyem" əsərini doğma dilimizdə, Konstantin
Simonovun "Gözlə məni" şeirini rus dilində
ifa etdim. Festivalın qalibi olduğunu xatırlatsam, sualın
cavabı aydın olar. Uzun illərdən sonra tələbələrim
həmin festivalda iştirak edib qalib gəldilər.
-
Deməli, müəllim kimi də işinizə "5"
yazmaq olar. Tələbələrinizdən söz
düşmüşkən, indi bədii qiraəti öyrənmək
istəyənlər var?
- Yoxdur. Son illər bədii qiraətlə
ciddi məşğul olan gəncə rast gəlməmişəm.
- Bəs
bu sənətin gələcəyi necə olacaq?
- Bu tək məndən
asılı deyil axı. Uzun illər ərzində
çalışdığım Mədəniyyət və
İncəsənət Universitetində bacarıqlı
pedaqoqlar, bu sahəni gözəl bilən həmkarlarım
var. Tələbələr onlardan öyrənməyə
çalışmalıdırlar. Mədəniyyət və
İncəsənət Universiteti heç kimə istedad
bağışlamır, istedadlı tələbəyə
istiqamət verir. Bəzi keçmiş tələbələrimlə
görüşəndə deyirlər ki, müəllim, gərək
sizdən çox şey öyrənəydik.
- Təəssüf
ki, bu gün toyda 5-6 şeirci əzbər deyən tamadalar da
özlərini bədii qiraət ustası kimi təqdim etməkdən
çəkinmirlər. Beləcə səviyyə də
aşağı düşür. Bu məsələyə necə
baxırsınız?
- Pis. Necə deyim ki, yaxşı
baxıram? Telekanallardan birinə xalq artisti Əminə
Yusifqızını, məni və Alqayıtı dəvət
etmişdilər. Əminə xanım bu məsələyə
çox kəskin reaksiya verdi.
Bu gün hay-küyçülər,
şoumenlər hər yanı zəbt edib. Bacardıqları qədər
insanların zövqünü korlayır, sözü,
şeiri urvatdan salırlar. Hərə də özünə
bir ad qoyur. Lakin onların özlərini təqdim etmələri
ilə deyil ki... Şablon səslənməsin, xalqın
gözü tərəzidi, insanlar özləri tamada ilə bədii
qiraətçini yaxşı ayıra bilir.
-
Belə deyirlər ki, biz azərbaycanlılar şair
xalqıq. Bədii qiraətçi, bu sahədə ustadlardan
biri kimi yaxşı bilərsiz, şair xalqın nümayəndələri
son illər yaxşı şeirlər yaza bilirlərmi?
- Yaxşı şeirin
qıtlığı həmişə olub. Son illərdə isə bu
qıtlıq daha aydın hiss olunur. Rejissor dostum
Vaqif Azəryarla yeni kompozisiya üzərində
çalışanda gənc şairlərin kitablarını
çox vərəqlədik, lakin gözə dəyən
şeirə demək olar ki, rast gəlmədik.
- Son
illər əcnəbi şair və yazıçılardan
sitat gətirmək dəb düşüb. Repertuarınızda
xarici şairlərin şeirləri var?
- Mən Füzulidən, Seyid Əzimdən,
Sabirdən, Məmməd Arazdan, Musa Yaqubdan, Ramiz Rövşəndən
sitat gətirirəm.
- Sizi yaxından tanıyan
insanlardan biri deyir ki, Nadir Hüseynov televiziyaya çəkilişlərə
gələndə xanım əməkdaşlar ona həsədlə
baxırdılar. 60 illik yubileyiniz ərəfəsində
o günlər üçün təəssüf hissi
keçirmirsiniz?
- Kim təəssüflənməz
ki? Amma 60 yaşımın tamam olmasını
da özümə dərd eləmirəm. O günlərin
öz, bu günlərin də öz gözəlliyi var.
-
Bir-iki ildən sonra 60 yaşa çatacaq dost-tanışa nə
arzulardınız?
- Repertuarımdakı şeirlərdən
birində deyilən sözü arzu kimi ünvanlayardım-
Yaşa kişi kimi, öl kişi kimi!
- Bu
günümüzü repertuarınızdakı hansı
şeir daha yaxşı xarakterizə edir?
- Heç fikirləşmədən
böyük söz ustadı Məmməd Arazın "Ya Rəbb,
bu dünya sən quran deyil" şeirini deyərdim.
Ya Rəbbim, bu dünya sən quran
deyil
İnsandan insana körpümüz
sınıb,
Ya Rəbbim,
hamımız sənə sığınıb.
Özünü özündə
itirib insan,
Didişmə
dişləri bitirib insan.
İçdiyi zəhərdir,
qusduğu zəhər,
Qəhəri bəhərdir,
bəhəri qəhər.
Ya Rəbbim, bizlərə qaytar
bizləri,
Şeytan qulağında axtar bizləri,
Tələsi yoxların cələsi
işlək;
Cələsi yoxların tələsi
işlək;
Çaparlıq istəsək-yolumuz
kəsik,
Qılınca əl
atsaq-qolumuz kəsik.
Ya Rəbbim, əl açdıq,
tut əlimizdən,
Çıxmasın
bu doğma yurd əlimizdən.
Sən bizi kiçiklər kinindən
qoru,
Fil tutur, şir tutur
hörümçək toru.
Ya Rəbbim, adilsən, hifz elə
bizi,
Halal ocaqlara üzv elə
bizi.
Gör harda, gör necə Məcnunuq
hələ,
Qəbir qazmağınan məşğuluq
hələ;
Külüng də bizimdi, torpaq da
bizim,
Batmış da,
yatmış da, oyaq da bizim.
Yalanı tuş elə öz
ünvanına,
Özün çək
nahaqqı haqq divanına.
Hələ
mürgülüyük, xeyli mürgülü,
Zurnalı,
qavallı, meyli-mürgülü.
Hələ öz içində
batanımız çox,
Düşmən
laylasına yatanımız çox.
Hələ qoltuqlara sığan nə
qədər,
Hələ
töküləni yığan nə qədər.
Yolu çox genişdir gedər-gəlməzin,
Ağlımız bu
yolla gəlsin, gəlməsin?
Bu gəliş nə gəliş,
Bəllisə sonu?
Bu gediş nə gediş
Kim qovur onu?
Ya Rəbbim, xəlbirlə
lovğa "mənləri",
Ələyib sovur da bölünənləri,
"Bizliyə", "sizliyə"
bölünənləri,
Dağlıya,
düzlüyə bölünənləri.
Keçir ələyindən
lovğa "mənləri",
Keçir
bölünməklə öyünənləri.
Çoxluğa sədd
olan "azlığı" uçur.
Çoxluğu
azlığın üzərində qur.
Kimdir qıl verəni
fəndgir azların?
Kimdir yaradanı
yaramazların?
"Əhdini cəhdinə girov
qoyanlar?!",
Adını deməyək, deyək
ki, "onlar"...
Gəlir qulağıma bir səs dərindən:
"Qoru sən
özünü həndəvərindən!
Bir dinlə zamanın sevdiyi səsi:
Tülkü qaqqıltısı,
qurd mələrtisi!.."
Ya Rəbbim, sən qaytar bizi bizlərə,
Cala boz günləri ağ gündüzlərə,
Nə qədər itik var, -
Min artıq tapan,
Naxırsız naxırçı,
sürüsüz çoban!
Qarışıb: xalq kimdi,
Xalqı çapan kim!
İşıq paylayan kim, işıq qapan kim...
Bu necə yuxudu... ayılmaq olmur,
Qaçanı qovandan ayırmaq
olmur...
Nə qədər
qaçacaq bu qaçan yazıq?
Nə qədər
qovacaq bu qovan yazıq?
Ona "qaç" deyiblər-qaçır
beləcə,
Ona "tut" deyiblər-qovur beləcə...
Ya Rəbbim, mən sənə
olanı dedim,
Azacıq yadımda qalanı dedim.
Bizə qalmayacaq nə bizə
qalsa,
Dağ-dağa qovuşsa,
düz-düzə qalsa,
Qalan dərdimizi yükləsək
əgər-
Kəl olsa, nər
olsa, qəddi əyilər.
Ya Rəbbim, arabir düş
yanımıza,
Arabir
ölçü qoy vicdanımıza.
Harda dinimiz var,
İmanımız
yox.
İmana gəlməyə
gümanımız yox;
Gəlsən tufanla gəl,
Tufanla qayıt,
Bu yeri, bu yurdu sahmanla qayıt...
Ya Rəbbim, bu
dünya sən quran deyil.
Qudurğan sən görən
qudurğan deyil,
İndi qudurğanın altında
yatır...
İndi qudurğanlar uzun
ömürlü,
Meymunlar yenə də ağacda
yatır,
Fağırlar yenə də quzu
ömürlü...
Ya Rəbbim, bu dünya sən
görən deyil!
Bu sədlər, sərhədlər
sən hörən deyil.
Adını, soyunu dəyiş
dünyanın,
Odunu, suyunu dəyiş
dünyanın,
Yolunu, yönünü dəyiş
dünyanın,
Ya Rəbbim, bu dünya sən quran
deyil,
Fəzada yerini dəyiş
dünyanın...
Etibar
CƏBRAYILOĞLU
Ədalət.-2012.-21
aprel.- S.12-13.