"Ürək dözmür ayrılığa..."

 

    Tələbə və müəllimlər onun işığına yığışmışdı

 

    Bu günlərdə Ağcabədidə tələbə və müəllimləri bir araya gətirən maraqlı bir tədbir keçirildi. Əslində bu, söz adamı ilə tələbə və müəllimlərin canlı təması idi. Yəni Azərbaycan Müəllimlər İnstitutunun Ağcabədi filialında yazıçı-publisist, respublikanın əməkdar jurnalisti, Qarabağ müharibəsi veteranı Ziyəddin Sultanovun yeni ədəbi uğurunun təqdimatı keçirilirdi. Tədbiri giriş sözü ilə AMİ-nin direktoru tarix elmləri doktoru Xəqani Məmmədov açaraq Ziyəddin Sultanovun yazıçı-publisist kimi təkcə bölgədə deyil, bütövlükdə Azərbaycanın söz dünyasındakı yerindən, uğurlarından, nüfuzundan danışdı. Və bildirdi ki, Ziyəddin müəllimin hər bir yeni kitabı müəyyən mənada həm də Qarabağın tarixi, Qarabağın gerçəklikləridir.

   Tədbir iştirakçıları qarşısında çıxış edən hər kəs yaxşı bilirdi ki, Azərbaycan jurnalistikasında özünəməxsus dəsti xətti olan istedadlı yazıçı Ziyəddin Sultanov "Qızıl qələm", "Zərdabi", "Osman Mirzəyev", "Dan Ulduzu", "Araz Ali Ədəbi və Ali Medya" mükafatlarına layiq görülüb. Ömrünün 45 ildən artıq bir dövrünü professional jurnalistikaya həsr edən Ziyəddin müəllim "Məni də sevən var", "Ömür keçdi, gün keçdi", "Ağ dərədən gələn var", "Əsirlər, itginlər, girovlar", "Kəklik", "Ölüm sevinməsin qoy", "Xatırla məni", "Qarabağ müharibəsi: faktlar, hadisələr, düşüncələr...", "Göylərdən gələn gəlin", "Ürək dözmür ayrılığa..." adlı bədii və publisistik kitabların, yüzlərlə məqalənin, oçerklərin, informasiyaların müəllifidir. O, Azərbaycan Jurnalistlər Birliyinin, Yazıçılar Birliyinin üzvüdür. 1984-cü ildən "Xalq" qəzetinin Qarabağ üzrə bölgə müxbiridir.

    İstedadlı yazıçı-jurnalist Ziyəddin Sultanovun yaradıcılığı barəsində çıxış edən AMİ-nin Ağcabədi filialının "Pedaqoji" fakültəsinin dekanı, filologiya üzrə fəlsəfə doktoru, dosent Mətanət Fərzəliyeva və filologiya üzrə fəlsəfə doktoru Tahir Kərimli bildirdilər ki, Ziyəddin müəllimin "Ürək dözmür ayrılığa..." adlı növbəti kitabında özünün müxtəlif illərdə qələmə aldığı 3 (üç) sənədli povesti, 7 (yeddi) hekayəsi toplanmışdır. Qarabağ mövzusu, Qarabağ dərdi, onun ağrılı-acılı günlərinin təsviri onun yaradıcılığının ana xəttini təşkil edir. "Ürək dözmür ayrılığa..." kitabında da Qarabağ müharibəsindən, Vətən həsrətindən, torpaq itkisindən, Xocalı faciəsindən, ölümün gözünə dik baxan qeyrətli Azərbaycan oğullarından və qızlarından, namuslarını, ismətlərini şərəfsiz yaşamaqdan üstün tutan həyalı qız-gəlinlərdən, od-ocaq, yurd-yuva həsrətindən bəhs edilir. Bu kitabda "Xocalı faciəsi", "Göylərdən gələn gəlin", "Axıradək oxunmamış kitab", sənədli povestləri, "İşıq həsrəti", "Üzü bəri baxan dağlar, mənim sizdə anam qaldı", "Fəryad", "Min yüz əlli beş gün düşmən əlində girov qalmış Fərman Quliyevin hekayəti", "Kəlbəcərdən gələn var", "Qayalardan qopan daş kimi", "Ölümün gözünə dik baxan oğlan" adlı sənədli hekayələri toplanmışdır. Ümumiyyətlə, Ziyəddin müəllimin əsərlərinin hər birində Qarabağ müharibəsi mövzusu reallıqların təqdimatıdır, tərənnümüdür, təsviridir. Eyni zamanda Azərbaycanda, füsunkar Qarabağda baş verən hadisələrin tarixi faktlarla əsaslanan ədəbi, bədii, publisistik şərhidir. İşığına toplaşdığımız əsərdə Qarabağ müharibəsinin qanlı-qadalı illərini, yaşanmış tarixi gerçəklikləri bir daha gözlər önünə gətirən, xalqın dərdinə möhürlənmiş ürəkləri silkələyən bir yaradıcılıq nümunəsidir.

   Xatırlatmaq lazımdır ki, 25 ildən artıqdır ki, Qarabağ mövzusu Müasir Azərbaycan ədəbiyyatında və jurnalistikasında ön cərgədə dayanır. Hadisələrin başlamasından 25 ilə yaxın bir vaxt keçsə də, ancaq hələ də müqəddəs vətən torpaqlarımız mənfur düşmən tapdağı altındadır, hələ də müharibə gedir, hələ də atəşkəs rejimi vaxtaşırı pozulur, hələ də düşmən əsirliyində qız və gəlinlərrimiz var. Nə qədər ki, şəhidlərimizin, şəhid şəhər və rayonlarımızın qisası alınmayıb, düşmən tapdağı altında inləyən torpaqlarımız azad edilməyib, bu mövzu öz aktuallığını itirməyəcək. Bu mövzuya hər gün, hər saat müraciət etməliyik, hər gün, hər an yazmalıyıq, danışmalıyıq. Mənfur düşmənləri torpaqlarımızdan qovana qədər, dünya dövlətləri haqq səsimizi eşidənə qədər, üçrəngli Azərbaycan bayrağı Qarabağda, Qarabağın zümrüd qaşlı üzüyü Şuşada, Ağdamda, Laçında, Kəlbəcərdə dalğalanana qədər.

   Bu bədii əsərin bir üstün cəhəti də odur ki, bədiilik məhz onun həyat həqiqətlərinə sadiqlik prinsipinə əsaslanaraq yazılmasıdır, gerçəkliklər həyat hadisələrin fonunda ümumiləşdirilməsidir. Və əsərdə təsvir olunan hadisələrin böyük qismi yazıçı təxəyyülünün məhsulu deyil. Çünki hadisələrin canlı şahidi olan müəllif konkret adlar, ünvanlar göstərməklə qələmə aldığı əsərin dəbii mahiyyətini həm də tarixləşdirmiş, faktlaşdırmışdı. Və bu da çox böyük peşəkarlıqla həyata keçirildiyindən oxucu bədii əsərlə tarixi gerçəkliyin paralelliyini hiss etmədən əsərin aurasında özünü iştirakçı kimi hiss edə bilir.

   "Xocalı faciəsi" sənədli povestində Xocalıda baş verən soyqırımı hadisələri, tarixin bağışlamayacağı qanlı cinayətlər bu əsərin ana xəttini, aparıcı mövzusunu təşkil edir. Əsərdə Xocalı faciəsi bütün təfərrüatı ilə tədqiq olunur.

   Əsər "Qanla yazılmış səhifə", "Hər gün böyüyən kənd", "Xocalılar", "Haray", "Xocalı qan içində", "Telefonçu qızlar", "Xocalıdan Şelliyə", "Diqqət! Diqqət! Danışır Xocalı!", "Bu dərdi biganə ağlamaz", "Necə qan ağlamayaq!", "Xocalı ruslara neyləmişdi?", "Atan kazaklar aradan çıxır", "Keçmiş müttəfiqlər dalaşır", "Günahsızların günahı nə idi?", "Xocalı qaçqınları", "Xocalı batalyonu", "Məhsəti türkləri", "Xocalılar, hardasınız?", "Dünya, Xocalı hanı?", "Xocalı xeyriyyə cəmiyyəti", "Sarı sim və yaxud son söz əvəzi" adlı 21 başlıqdan ibarətdir. Hər bir başlıq altında təsvir olunan hadisələr, hekayətlər vahid süjet xəttində birləşmiş müstəqil, hər birinin öz qəhrəmanı olan hekayələrdir. Başlıqlara elə ustalıqla, profesionallıqla adlar seçilib ki, oxucu bu adla təsvir ediləcək hadisənin, əhvalatın mahiyyətini başa düşür, onun marağını artıraraq istiqamətləndirir, onu oxumağa məcbur edir. Bu hekayələrin hər birində yüzlərlə insanın real obrazları, xarakterləri, başlarına gətirilən faciələr təsvir olunur, sanki oxucu həmin hadisələrin canlı şahidi olur, oxucunu mütəəssir edir, həmin dəhşətli anları yaşadır.

   Bu hekayələrdə xalqın təlaşı, səksəkəli həyatı, ruhi sarsıntıları, əzablı, işgəncələrlə dolu günləri təsvir olunur. "Ürək dözmür ayrılığa..." kitabında 350-dən artıq insanın adı çəkilir, onların hər biri haqqında müəllif məlumat verir, əksəriyyəti bədii obraz səviysinə yüksəlir.

   "Xocalı faciəsi" əsərinin geniş təhlilə ehtiyacı yoxdur. Çünki bu əsərdə bizim ən ağrılı yerimiz, XX əsrin faciəsi-Xocalı soyqırımı qələmə alınıb. Müəllifin göstərdiyi faktlar, təsvir etdiyi hadisələr həqiqətdir. Söhbət etdiyi insanlar canlı şahidlərdir. O dəhşətli anları öz gözləri ilə görən, erməni vəhşiliklərinin təcavüzünə məruz qalan, ev-eşiyi, ailəsi dağıdılan insanlardır. Bu əsərin ən uğurlu cəhətlərindən biri də ondan ibarətdir ki, Xocalı döyüşlərində həlak olan qəhrəmanların igidliyi təsvir olunur, faciədən sağ-salamat çıxan insanların gözləriylə gördükləri hadisələrdən danışılır.

   Ziyəddin Sultanovun "Göylərdən gələn gəlin" povesti Laçında doğulub boya-başa çatan, xalqımızın qeyrətli qızı Səma Kərimovanın həyat səlnaməsidir. Müəllif qəhrəmanını bədii publisist sözün gücüylə şəhidliyin ən uca zirvəsinə yüksəldir. Azərbaycanlı qızı Səma öz ölümüylə düşmənə qələbə çalır, düşmənə qalib gəlir, düşməni heyrətə salır. Bu şərəfli ölüm erməni vəhşiliyi ilə, faşist xisləti ilə döyüşən bir qadının mənlik döyüşü, əxlaq mübarizəsidir.

   Doğulub boya-başa çatdığı kəndini, vətənini, od-cağını qoyub gedə bilməyən, uçurumun başındakı uca qayanın zirvəsində, əlində yaylığını qeyrət, namus, iffət bayrağına çevirən əbədi heykəlləşən Tutu qarı, yaylığını oğluna nişangah qoyub özünü Həkərinin sularına qərq edən Qəmzə nənə, onlarla qız-gəlinin namus yolunda özlərini şəhid etməsi, Azərbaycanlı qadına mənsub namus uğrunda döyüş faciələri məharətlə qələmə alınmış və düşmənə mənəvi qələbə simvoluna çevrilmişdir.

   Bədiilik sənət əsərinin əsas spesifik keyfiyyəti, gözəllik forması, estetik məziyətin ən yüksək təzahürüdür. Bədii əsər həyatın obazlı təsvirindən ibarət olur. Bədiilik yalnız forma ilə məhdudlaşmır, bədiiliyin həlli yüksək ideya daşıyıcısı olan mövzu ilə bədii təsvirin bütün əsas vasitələrinin uyğunluğu probleminin həlli əsasında müəyyənləşə bilir. Bu uyğunluq yazıçının istedadlı, yazıçılıq təcrübəsi, seçdiyi mövzunun gerçəkliyə münasibəti ilə bağlıdır.

   Ziyəddin Sultanovun əsərlərinin dili sadə, anlaşıqlı, canlı xalq danışıq dilindədir. Əsərlərinin sadə, bəzək-düzəksiz, canlı xalq dilində yazılmasını, az sözlə dərin məna ifadə etmək xüsusiyyətini müəllifin böyük uğuru kimi qiymətləndirmək olar. Yazıçının əsərlərində Qarabağın ərazi vahidləri bütün rəngarəngliyi, zənginliyi ilə əks olunmuşdur. Antoponimlər, toponimlər, oykonimlər, entonimlər, hidronimlər müəllifin bütün əsərlərində işlədilir. Hətta elə antroponimlərə-insan adlarına rast gəlmək olur ki, onlar haqqında mənbələrdə məlumat yoxdur. Bunlar Azərbaycan dilində işlənən və çox az hallarda təsadüf olunan antroponimlərdir.

   Ziyəddin Sultanovun əsərlərinin qəhrəmanları Qarabağ müharibəsinin yaratdığı, taleyini Qarabağın taleyinə bağlayan insanlaın obrazlarıdır.Bu insanlar ən çətin məqamlarda millətin, vətənin taleyini öz talelərində gəzdirən insanlardır və onun yaradıcılığının gücü, bədii-estetik dəyəri məhz bundadır. Yazıçı jurnalist Qarabağ müharibəsində baş verən hadisələrin hansına müraciət edibsə, hansına toxunubsa orada özünəməxsus bir yenilik, bir təravət, bir novatorluq yarada bilib. Ziyəddin Sultanovda həyati müşahidə qabiliyyəti çox qüvvətlidir. O, hamıya məlum olan hadisələri bədii publisist sözün qüdrəti ilə məcraya sala bilir, onu ümumiləşdirir.

   Z.Sultanov erməni işğalına, erməni faşizminə qarşı mübarizədə sadə bir jurnalist deyil, qələmini, istedadını, həyatını və canını əsirgəməyən döyüşçü bir jurnalist, Qarabağ müharibəsi mərhələsi jurnalistikamızın yaradıcılarındandır.

   Ziyəddin Sultanovun yeni kitabının təqdimat mərasimində çıxış edənlər - filologiya üzrə fəlsəfə doktoru Vaqif Allahverdiyev, pedaqogika üzrə fəlsəfə doktoru Sabir Məmmədov, Ağcabədi rayon İcra hakimiyyətinin müavini Əbülfət Tapdıqov, şairə Məhsəti Musa və digərləri onun əsərlərinin müxtəlif çalarlarını, məziyyətlərini qeyd etməklə yanaşı, onu da vurğuladılar ki, müəllif bütün əsərlərində oxucu ilə birbaşa təmasa üstünlük verir. Çünki o özü həmin hadisələrin içərisində olduğundan özü də danışır və özü də qəhrəmanlarını danışdırır. Bu canlı dialoq oxucuları yormur, əksinə, oxucular da əsərlərin epizodik qəhrəmanları kimi hadisələrin içərisində müəlliflə birlikdə yol gəlir.

   Bəli, Ağcabədidə, AMİ-nin filialında keçirilən həmin tədbirdə Ziyəddin Sultanov bir müəllif kimi ona göstərilən diqqətə görə, iştirakçılara təşəkkür etməklə yanaşı, həm də verilən sualları da məmnuniyyətlə cavablandırdı. Bax elə bu məqamın özü də həmin tədbirin təkcə rəsmi bir mərasim yox, həm də isti, səmimi fikir mübadiləsi, doğma mühitdə görüş təsiri yaratdı. Yəqin ki, hər kəs bu görüşdən, bu təqdimatdan xoş bir təəssüratla ayrıldı. Və bir də hiss olundu ki, bölgədə fəaliyyət göstərən bu ali təhsil ocağının müəllim və tələbələri bu qəbildən olan tədbirlər üçün həm qəribsəyiblər, həm də onun keçirilməsində həmişə maraqlıdılar.

 

 

   Əbülfət MƏDƏTOĞLU

 

   Ədalət.-2012.-21 aprel.- S.17.