QİYMƏT

 

   (əvvəli ötən şənbə sayımızda)

 

   14.Dünyanı yaradan hikmətlə döyüşmək istədiyiniz vaxt olubmu?

   - Yalnız bircə dəfə. O da övladımın doqquz gün ölüm yatağında çabaladığı o müdhiş anlarda... Şükürlər olsun ki, o böyük hikmət sahibi vaxtında özümə qaytardı məni!

   15.Ədəbi tənqid indiki zamanda öz acılığını itirib.Q.Mehdi demişkən, şirin çaya çevrilib. Buna münasibətiniz?

   - Hətta deyərdim, bəzən ləvəngi iyi, şərab qoxusu da verir. Ədəbi tənqid "ədəbsiz tərif"ə çevriləndə bütün ədəbi qaydalar pozulur.

   16. M.Araz, Ə.Kərim hələ sağlıqlarında xalqın ədəbi yaddaşında silinməz iz qoymuş klassik "Vəsiyyət" şeiri yazıb. Sizcə bu hansı ovqatdan doğub? Vəsiyyət şeiri yazmısınızmı?

   - Sağlıqlarında vəsiyyət şeiri yazan şairlərimiz çoxdur. Elə bilirdim, mənim vəsiyyət şeiri yazmağıma hələ çox var, yaxud nə vaxtsa belə bir şeir yazacağımı ağlıma belə gətirməzdim. Lakin... bugünlərdə çox yaxın dostlarımdan biri mənə təsadüfən qəti şəkildə deyəndə ki, olduqca bəyəndiyim "Mən başqa cür yaşamağı bacarmadım" şeiri sənin tərcümeyi-halın olmaqla yanaşı, həm də vəsiyyətindir, düzü ilk əvvəl bu mənə gülməli göründü. Sonradan özüm şeiri diqqətlə oxuyanda bunun həqiqət olduğuna inandım. Hətta buna da əmin oldum ki, belə şeirlərin yazılması ovqatdan asılı olur, hansı ovqatdan, bunu deyə bilmərəm. Çünki heç şairin özü də belə anlarda öz yazdığına cavabdeh ola bilmir.

   17. Deyirlər, şairlərin tərcümeyi-halı olmur, taleyi olur. Nazim Hikmət və Xəlil Rza Ulutürk taleyində oxşar və fərqli cəhətlər.

   - Doğrudan da, şairlər ömrü boyu talelərini özləri yazırlar öz əsərləriylə. Nəsimi, Məhəmməd Hadi, Nazim Hikmət, Xəlil Rza Ulutürk... də o cümlədən.

   Sorğuda adları çəkilən şairlərin hər ikisi yaradıcılıqlarını çox sevdiyim, talelərinə biganə qala bilmədiyim söz sənətkarlarıdır. Hər ikisinin dissident ədəbiyyatı yaratmaq alnına yazılıb, hər ikisi "Vətən! Vətən!" - deyə alışıb-yanıblar. Hər ikisinin bəxtinə mücahidlik missiyası düşüb. Fərq ondadır ki, Nazim Hikmət sovet psixologiyası, kommunist ideologiyası ilə çağlayan bir beşiyin qoynuna "könüllü" sığınmışdı, Xəlil Rza isə "Azadlığı zərrə-zərrə, qram-qram istəmədiyindən" - bu əvəzsiz nemətin əldə olunması naminə "Moskva" adlı ölüm gəmisinin gözünün içinə nifrətini bütün varlığıyla vulkan kimi püskürərək atılmışdı.

   18. M.Araz: "Tək ola bilmirəm tək olanda da". Tək qalanda özünüzü tənha hiss etmirsiniz ki?

   - Təkliklə tənhalıq mənə görə, tamamilə fərqli anlamlar olduğu üçün, "təkliyi" hər kəsə arzulasam da, "tənhalığı" heç kəsə rəva görməzdim. Tənhalıq məfhumu özündə fiziki anlamı, təklik isə ruhi vəziyyəti əks etdirdiyindən, tənhaların təklənməsi əksər hallarda ruhi-psixoloji sarsıntıya, hətta deyərdim, faciəyə gətirib çıxarır. Yaradıcı insanın milyonların içində tək qala bilməsi əslində onun özünü xoşbəxt hiss etdiyi anlarla şərtlənə bilir. 

   19. Bu qarışıq dünyada, qayğılar tünlüyündə ana olmaq, nənə olmaq, yoxsa şair olmaq çətindir?

   - Əslində, bunların hər biri çətin məsuliyyətlidir. Çünki bugünkü qayğılar Ana deyilən məxluqdan təkcə bir ana olaraq övladı sağ-salamat böyüdüb boya-başa çatdırmağı tələb etmir. Sən övladını bu qarmaqarışıq zəmanənin amansız gərdişinə həm uyğun, həm tamamilə təcrid olunmuş bir şəkildə yetkin bir şəxsiyyət kimi yetişdirib cəmiyyətə təqdim etməlisən. O həm özü ayaqda dayanmağı bacarmalı, həm sənin qazandığın uğurların üzərinə uğur gətirməyi bacarmalıdır. Belə olduğu təqdirdə sən bir ana, nənə şair olaraq bu çətinlikləri o qədər hiss etməyəcəksən.

   Bütün bu sadaladıqlarımı şair kimi öz şeirlərimə aid edə bilərəm. Axı doğrudan da:

 

   Əmanətdi söz - qalası,

   Ürəklərdə yurd salası.

   Şeiri şairin balası,

   Şairi şeiri yandırır.

 

   20. Qəbir yerin üstündən yerin altına keçid körpüsüdür. Bu körpüdən keçmək sizi qorxutmur ki?

   - Əsla! Əksinə, hərdən ölüm mənim gözümdə o qədər gözəl bir hissə çevrilir ki, mən bəzən buna heyrətlənirəm ! Hətta belə düşünürəm ki, necə olur, ölüm "sevən ürəklərə köçmək" qədər gözəl bir duyğuya çevrilə bilir!?

   21. Ayın görünməyən tərəfini necə təsəvvür edirsiniz?

   - Böyük şairimiz Bəxtiyar Vahabzadə deyirdi ki:

 

   İnsan göydə ay kimidir,

   Görünməyən tərəfi var.

 

   Doğrudan da, insan göydəki ay kimidirsə, ay da insan kimidir. Bir üzünü göstərəndə, o biri üzünü hər zaman mübhəm saxlayır. Bu isə əslində, mənə xoş gələn bir keyfiyyətdir.

   22. Bir azərbaycanlı tələbə qızdan eşitdiyim: müasir gəncliyin fikri ondan ibarətdir ki, insan ona sərf edən, xoş təsir bağışlayan bir mühitdə yaşamalıdır. Müəllim ey... Vətən , din kasıblar üçündür. Bu fikrə münasibətiniz!

     - Mənə görəsə, Vətən Vətəndir!

 

   Bax, anam bu, bacım, bu!

   Özününküyəm, Vətən!

   Çəkib gözünə, oxu,

   Gözününküyəm, Vətən!

 

   Elin aşığıyam mən,

   Əli aşağıyam mən.

   Ana uşağıyam mən,

   Özün ol yiyəm, Vətən!

 

   Din isə əqidə, məslək, vicdan məsələsidir. Bütün bunların problem olaraq müzakirəyə cəlb edilməsi gülünc görünüb mənə hər zaman. Sənə sərf edən, xoş təsir bağışlayan mühiti isə sənin özünün yaratmağı bacarmağın ümdə məsələdir və zənnimcə, heç kəsə heç bir uğur gümüş məcməyidə hazır halda gətirilib verilmir. Tanrının sənə bəxş etdiyi ömür payının şanslı iki-üç anını isə özün tutub dəyərləndirməlisən. Bunu bacarmayanlar bəxtlərindən yox, özlərindən küsməlidirlər. Təvazökarlıqdan uzaq kimi görünməsin, mənim sözlərimdir: "Qabiliyyət - qalibiyyətin açarıdır". O açarısa hər zaman əldə saxlamaq olmur...

   23. Ədəbi yaradıcılıqda yaş sindromunu qəbul edirsinizmi?

   - Neçə illər öncə mənim "Yeni Azərbaycan" qəzetində çoxlu şeirim çap olunmuşdu və şeirlərin əksəriyyəti də sevgidəndi.

   Düzünü deyim ki, şeirləri məndən xəbərsiz bir şair dostum redaksiyaya təqdim etmişdi. Qəzeti alan yüksək vəzifədə işləyən bir uzaq qohumum onları oxuyaraq ağız büzmüşdü ki, Qiymət bu yaşa çatıb, hələ də sevgi şeirləri yazırmış. Gülməlidir, deyilmi? Yəqin bu insanın düşündüyü də elə buraya qədərmiş. Ümumiyyətləsə, yaşın ədəbi yaradıcılıqda hansısa bir rol daşıdığına şübhə ilə yanaşıram. Mənə görə, insan anadan istedadlı doğulursa, o hansısa qəzaya uğramazsa, ölənəcən istedadlı olaraq da qalacaqdır. Sadəcə, hər yaşın öz baxış bucağı və öz ifadəetmə prizması mövcuddur.

   24. Dərdin ağrısını, iztirabını kiminləsə bölürsənmi?

   - Ancaq Allahımla. Tam olaraq heç vaxt heç kəslə hər şeyi bölüşməmişəm.

 

   Mən özüm oluram kədərli anda,

   Məni kədərimin əlindən alma.

   Mənə təsəllidir kədər cahanda,

   Məni kədərimin əlindən alma.

  

   Məsələn, ağır da olsa deyim ki, 2000-ci il noyabrın 8-də anamın faciəli şəkildə vəfatı sanki mənə bir təsəlli oldu. Yeganə düşündüyüm bu idi ki, anam görsəydi ki, balalarına nəsə olub, heç vaxt dözməzdi. Bu baxımdan, özümə təsəlli verirdim ki, övladlarına bir şey olunca elə anamın başına belə bir qəzavü-qədərin gəlməsi daha məsləhətiymiş. Şükür Tanrının məsləhətinə, deyib, bu ağrını yaşayan qəzada ağır yaralanmış bütün ailə üzvlərimizə yeganə dayaq dura biləcək şəxs kimi ancaq özümü görürdüm. Təsəvvür edirsinizmi, hər zaman anamsız dünyada yaşaya bilməyəcəyimi düşünən mən, anamın cənazəsinin altına girdim. onun qırxının səhərisi qurban kəsdim ki, təki qardaşlarıma, onların balalarına dəyməsin Allah. Bu qəzadan heç 10-15 gün keçməmiş baş verən zəlzələ anında mən əlimdə qələm anamla bağlı yeni bir şeirin doğulma məqamındaydım ola bilsin həmin an məni ilhamım öz ağuşunda elə çəkib hifz eləmişdi ki, 7 bala yaxın zəlzələnin dəhşətini belə hiss etməmişdim.

   Bir ki, mən öz dərdimlə kimisə yükləməyi xoşlamıram. Hər zaman kimisə kədərləndirməkdən elə ehtiyat edirəm ki!

  

 

   Məmməd Dəmirçioğlu

 

  Ədalət.-2012.-21 aprel.- S.18.