"ARAZBARI" ÜSTƏ

 

   ƏDƏBİ HƏYAT

 

   Uşaqlıqdan bu musiqinin heyranıyam. "Arazbarı" çalınanda istər-istəməz xəyala dalıram. Niyə "Arazbarı" adlanıb bu, musiqi dili ilə desək, vokal-instrumental pyes. Təbii ki, Araz çayı ilə bağlıdır. Başqalarını bilmirəm, amma mən onu dinləyəndə öncə musiqinin nikbin xallarını tuturam, içimdə Arazın o tayı ilə bu tayı arasında həsrət körpülərini bu taydan o taya yol alan insan karvanını görürəm. birdəngbu xəyallar qırılır...

 

   dəvənin üstə gözəl,

   Gözündən yaş xəzəl-xəzəl.

   Ölüm doğulmadan əzəl,

   Qəribliyi, dərdi dastan,

   Yol başlayıb gedən karvan.

  

   O karvanın iziylə yol gedirəm. Araz boyu.

 

   Araz boyu bu köçdü?

   Məndən, səndən, ondan keçdi.

   Göz yaşını güllər biçdi,

   Yarı bülbül, yarı xarı-

   "Arazbarı".

 

   Dayan! Ayaq saxla! Fikirləş ki, bu "yolçuluq köhnə mərəz, arxadan harayım yetməz..sən nigaran, yol nigaran".

   Sona Vəliyevanın "Arazbarı" şeirlər kitabını hissiz-həyəcansız oxumaq olmur. Ən kədərli, hətta ən nostalji şeirləri səndə ovqat yaradır. Şeir odur ki, misra-misra səni öz təsiri altına ala. O şeirin içində sənin ürəyindən keçən, amma deyə bilmədiyin misralar varsa, demək, o şeir artıq şeir yox, POEZİYADIR.

   Həmişə qadın yazarların şeirlərini oxuyanda daha çox üç mövzu ilə üzləşməli olursan.

   Sevgi (hicran, vüsal həsrəti, ümidsizlik). Təbiət. Ana. Əlbəttə, qadın yazarlar da Vətəndən, ömür-gün qayğılarından, bu günümüzdən, tariximizdən söz açırlar. Ancaq dediyim üç mövzu elə bil onların şairlik taleyinin alın yazılarıdır (Təbii ki, bu fikri mən qadın yazarlarımızın heç hamısına şamil eləmirəm).

   Sona Vəliyevanın şeirləri isə mövzuca rəngarəngdir. Budur, həmin kitabda mənim ən çox sevdiyim bir şeir: "Sərçələrin yurd sevgisi". Şeir uzundur, amma onu oxuyub başa çatdırandan sonra qətiyyən həcmi barədə fikirləşmirsən.

   Çünki əsl şeirdə məzmunun poetik ifadəsi yetərincə olur, yəni hər misra sanki dəqiqliklə hesablanır. deyir bu şeirdə Sona xanım? Şeirdə sərçələrin, dünyanın ən zəhmətkeş yurdçularının (başqa ifadə tapa bilmirəm) bizə-insanlara örnək olası həyatı, onların birliyi, harmoniyası qələmə alınır. Sərçələrin aləmində torpaq, yuva, Vətən davası gedir. O zərif quşlar insana bənzəmək istəmirlər, çünki onların savaşı sonda birliyə, vəhdətə aparırsa:

 

   Biz adam olsaq da

   quşlar kimi bacarmadıq.

   Tanrım, ucadan

   uca Tanrım!

   Sən bu dağılmaqda

   olan dünyanı,

   yuva quran, bala qoyan,

   əzabkeş, yurdkeş

   sərçələrin yurd

   sevgisinə bağışla,

   çör-çöp sevgisinə

   bağışla.

 

   Bir oxucu kimi təbiətdən yazılan şeirləri maraqla oxuyuram. O şeirləri ki, orada yağış yağsın bu yağış hardasa bir az mənə bənzəsin. Çünki yağışda bir az qüssə var, həsrət var... həm həzinlik var.

   Sona xanımın "Bu yağış mənə bənzəyir" şeirini oxuyandan sonra dərk elədim ki, məndə bu fikir haçan doğub? Elə bil, bu şeiri mən yazmışam (şairliyim olmasa da). Bax, şeir ona görə yazılır ki, sənin içindəki yağışı da yağdırır. Başqa bir yağış şeiri-"Yaman uzandı bu yaz yağışı". Doğrusu, yağış deyəndə payız fəsli yada düşür, yaz yağışı həmişə "kövrək alma çiçəyini, nar çiçəyini" döyür. Mənə onun kitabın sonundakı "Tənha sarı yarpaq" "Tənha ağac" şeirləri daha çox xoş gəldi.

   Tənhalıq insan üçün həm ağır dərddi, həm azadlıqdı. Dərd o zaman olur ki, tənhalıq səni özünə təslim edir, sənin ümidin, xəyalın gözləyənin yoxdursa, o tənhalıq bir boşluqdur. Amma tənha olmaq həm şair üçün azadlıqdı, sərbəstlikdi.

   Heç kəsə deyə bilmədiyin sözü tənhalığa söyləyirsən. Sona xanımın bu iki şeiri isə metaforik səciyyə daşıyır. İnsan tənhalığı ilə yarpaq tənhalığı assosiasiya edilir.

   Sarı yarpaq tənhalığı gücsüzlüyü ilə insan tənhalığı arasında paralellik var.

   İnsanın içində o tənhalıq kök salıb günlərin birində insanın içində o tənhalıq da torpağa düşəcək, sonra baharda ümid kimi göyərəcək, əsir torpaqların azadlıq müjdəsini gətirəcək.

   Bəs tənha ağac?

 

   Salam, tənha ağac, bu boş çöllərə

   Sən hardan gəlmisən, necə bitmisən?

   Nədən baş götürüb dostdan, yaxından,

   Elindən, obandan niyə itmisən?

 

   Arxa biləcəyin, dost biləcəyin,

   Sevib gözlədiyin söylə, de varmı?

   Heç kimə açmaram sirrini, söylə,

   Ağac da dil deyib heç ağlayarmı?

  

   Gəlmişəm yanında sirdaş olmağa,

   Dayanaq əl-ələ, budaq-budağa.

   İçimi göynətdi çəkdiyim dərdlər,

   Gəlmişəm yanında ağac olmağa.

 

   Sona Vəliyevanın şeirlərində vətənpərvərlik duyğuları içdən gəlir, patetikadan, oxunmuş kitablardan, Vətən haqqındakı nitqlərdən yox.

 

   Yüz ümid becərsən birisi bitməz,

   Qəlbi soyuyanı Günəş isitməz.

   Yüz dəfə diləsin Tanrı eşitməz

   Sözünü milləti əsir adamın.

  

   İçimiz boşaldı torpaqdan öncə,

   Sonra can göründü Vətən yerinə.

   Öncə can sağlığı deyən kəslərin

   Torpağı bölündü bədən yerinə.

 

   Sağlığın, varlığın dəyər ölçüsü

   Vətən sərhədidir, Vətən bayrağı.

   Uğrunda ölməyi bacarmadıqca

   Torpaq unudacaq Vətən olmağı.

 

     Sona Vəliyevanın şeir dili axıcıdır. Olsun ki, bəzi şeirlərində fikrin ifadəsində tək-tük yerinə düşməyən sözlər, hətta misralar tapmaq olar, amma ümumilikdə bu şeirlər məhz ŞEİR DADI verir.

   O, hecada da yazır, sərbəstdə . Şeirlərində polifoniya nəzərə çarpır. Qəmdən yazır, sevincdən . Şad olduğu anları da şeirə çəkir, qüssəli, narahat çağlarını da. Xalq şeirindən gələn ruhu duyursan bir sıra şeirlərində.

 

   Bu yandan açarı mənəm,

   O yandan kimdir bağlayan?

   Tanrı əliylə açıram,

   Dayan, a qapı bağlayan.

   Bu qapı gözüm qapağı,

   İçi Vətənin torpağı.

   Ürəyim yağı tapdağı,

   Sən bax, qapı bağlayan.

 

   Xalq şairi Sabir Rüstəmxanlının kitaba yazdığı ön sözdən bir misal gətirmək istəyirəm: "bu kitabda analarımızda, bacılarımızda gördüyüm bir Azərbaycan qadınının, Azərbaycanın parlaq obrazı var.

   Hansı yaşda olur olsun, ata ocağında uşağa, içi çiçəkləyən badam ağacına dönən, sönmüş təndirləri ürək oduyla yandırmağa çalışan, qıfıl tanımayan qapıları bağlı görəndə "qeyrət açarları" axtaran, övladına dilinin, torpağının şahı-Xətai kimi olmağı qartal uçuşunu öyrədən...Şuşaya bayraq taxan qardaş axtaran, qayğılardan yorulanda ağaca, çiçəyə dönmək istəyən...sözləri vərəqə göz yaşı kimi tökülən, bir üzü gülən, bir üzü ağlayan, Allahını sevən, halal, saf bir Tanrı adamı olan kövrək, amma mətin, kişi qeyrətli Azərbaycan qadınıdır". Mən bu fikri nəinki ayrı-ayrı şeirlərdə, ümumən bütün kitabın ümumi ruhunda, poetik intonasiyasında gördüm.

   Bəli, bu kitab bir Azərbaycan qadınının, bir ananın kitabıdır. Mirzə Cəlil yada düşür: "Anamın kitabı". O ki qaldı konkret ANA mövzusuna. Şairənin "Anamın əlləri" şeirini Sona xanımın ən gözəl şeirlərindən biri hesab etmək olar.

 

   Oxşayım çinar boyunu,

   Əlləri sehirli anam.

   Əlin dərman deyilib,

   Bəlkə...bəlkə, sağalam.

 

   Çörəyi üçkük gülüdü,

   Bayram qoğalları şirin.

   Təndiri soyuq alışır,

   Gəzir anamın əllərin.

 

   Payız yağışıyam, Allah,

   Gözüm ovunmur, kirimir.

   Öz əlim quruyan budaq,

   Anamın əllərin verin.

 

   İki əl, iki aləm,

   Gözümdən tökülən qəm.

   Oxşasa rahat ölləm,

   Əllərində anamın.

 

   "Arazbarı" kitabını oxudum, başa çatdırdım birdən-birə mərhum şairimiz İsa İsmayılzadənin aşağıdakı misraları ilə Sona xanımın Arazbarı ruhlu şeirləri arasında bir doğmalıq gördüm:

 

   Qatar gedir Araz boyu,

   Qadım qıvrıla-qıvrıla.

   Qatar gedir Araz boyu-

   Həsrətimin paraleli.

  

 

  Vaqif YUSİFLİ

 

  Ədalət.-2012.-21 aprel.- S.19.