ÖTÜB-KEÇDİ
FACİƏLİ YÜZİLLİK...
Ötüb-keçdi faciəli
yüzillik -
sifətinə deyə bildim
sözümü,
seçimimdə "Müstəbidlik",
"Şairlik" -
qatillikdən qorumuşam
özümü.
Daha azad pərvaz edən qartalam,
can atmışam qəfəslərdən
qurtulam,
bir kimsəyə nə köləyəm,
nə qulam -
kölgəlikdən qorumuşam
üzümü.
Bütün Dünya qələmimin
məkanı,
bir ulduzda məzarımın
ünvanı,
ovudanda "məleykələr"
- "Şeytanı" -
tökülməkdən
qorumuşam gözümü.
Odu sönməz el yolunda
yanmağın,
vay halına yalmananın,
yamağın!
Kimlər yoxmuş
küllüyündə zamanın?
o küllükdən qorumuşam
közümü!
Böyüdükcə Dünya mənə
dar olub,
yad suçunnan bəzən mənə ar olub,
yaranışdan
alicənab doğulub,
gədəlikdən
qorumuşam izimi.
Adil olan pislikləri unutdu,
həyalılar
yaş axıtdı, qan uddu,
saxta eşqlər çox heykəllər uçurtdu
-
o təpikdən
qorumuşam dizimi...
YAMAN
SÜMÜYÜMƏ DÜŞDÜ
BU
HAVA...
Kəlbəcərli
qaçqın,
şair dostum Əyyub Cabbarova
O, nə Təcnis idi, o, nə Gəraylı? -
Yaman sümüyümə düşdü
bu hava!
Tanrım yandırmadı yandıranları
-
yanan sümüyümə düşdü
bu hava.
Kim dedi, ay ürək, belə havalan?
Ortaya mən düşdüm, saz oldu yalan,
elə bil son dəfə çalıb-oynayan
hörükdü,
gərdəndi, döşdü
bu hava.
Qoçlar sürü-sürü taxıldı
şişə,
aşıqda
hey yoxdu mizrab dəyişə,
çənli Sarı yerdən üzüyenişə
al qanlar içində köçdü
bu hava!
Ürək çatladarmış meydanın
geni,
Allah, nə qəddarmış meymunun
kini!
Odlayıb neçə min kəlbəcərlini,
"Tuneli"
tərsinə deşdi
bu hava.
Kor oldun neçəmiz qan ağlamaqdan,
qərib yuxularda sayaqlamaqdan!
O üzü Şuşadı, bu üzü Ağdam;
naqis var, atdığı "Şeşdi" bu hava.
Yalanmı, gerçəkmi düşən
o "Yaylıq"?
Nə fərqi? - çoxdannan ortalıqdaydıq,
Vətən, Qarabağın batmış
bir qayıq;
ətrinə uzaqdan "şişdi"
bu hava,
nədən sümüyümə düşdü
bu hava...
TƏQAÜD
"Uşaq göqdər gedib alsın" -
zəng çalındı neçə
kərəm,
ay sənin oyunun olsun -
kim var ki, poçta
göndərəm?
Oğul-uşaq
öz evində,
nəvələr
də ki-kefində,
evimizin böyüyü də
uşağı
da indi mənəm.
Vaxtın tapmıram dilini,
gəncliyim, uzat əlini!
cavanlığın
bir gününü
qoca ömrə dəyişmərəm!
Bir parasın dərman "yeyər",
hərdən naçar qapı döyər,
təqayüdü
göndəriblər,
əsamı alıb gedirəm.
Dünya, qorxma vədlərinnən,
yaşım keçməz hədlərinnən,
kahinlər öyüdlərinnən
yadıma salıb gedirəm...
GECƏLƏR
HARASA
QATARLAR GEDİR...
Gecələr harasa qatarlar gedir -
səhərlər
üfüqdə gündüzə
dəyir,
uzun kölgələri hörük
kimidir,
gah dağa dırmaşır,
gah düzə dəyir.
Dəriylə-sümükdür
ağaclar-arıq,
çəkilir
bağlardan get-gedə
bağlıq,
payızda obaya düşən sarılıq
ormanda susayıb kəhrizə dəyir.
Yüz il ömür etməyə gərək üz olsun,
torpaq kömür deyil, yanıb köz olsun,
tapın, kəfənliyim qara bez olsun -
bəyaz qaranlıqda tez gözə dəyir.
Gedən qatarların kölgəsi
uzun,
həm yolu uzundu, həm
səsi uzun,
gecələr göylərdən baxan ulduzun
neçəsi
mənimlə göz-gözə
dəyir.
Seyrinə dalıram şəkər
payızın,
dalğalar qoynunda Aylı ayazın,
sulardan gözümə tanış
bir qızın
Tanrıya yazdığın "ərizə"
dəyir...
HƏRBÇİ
GÖZƏLLƏR
BƏNZƏYƏR
GÜLƏ...
Sən məni ölümün əlindən aldın,
bu cür qüdrəti var hansı mələyin?
İstəsən,
bəxtəvər gəlin
olardın -
nişanı qaytarıb, Orduya gəldin.
İstəsən,
dəyişib fəsibəfəsil,
altunlar içində parıldayardın,
qolların üstünə yaralı
deyil,
sevinə-sevinə
övlad alardın.
Qəlbində
minlərin ağrı-acısı,
əsgərlər
içində bahardı,
yazdı,
döyüşən
orduda şəfqət
bacısı -
Vətəndə
ən gözəl, qeyrətli qızdı!
Sən həyat himnisən, bizlər səfərbər,
qayğına güvənib əsgər
döyüşər,
mərmi bağıranda səksənməyənlər
sənin həsrətindən təşvişə
düşər.
Ölümü
çaşdırar tükənməz
gücün,
qorxsaq - nəfəsinlə ovundur,
kirit,
Yurdun şərəfini qorumaq üçün
silaha sarıldı dünəki
şagird.
Hərbiçi
gözəllər bənzəyər
gülə,
nəğməyə
dönərlər dildə,
ağızda,
mən özüm həyatda olmasam belə,
ruhum oyanacaq toylarınızda.
Saxtalıq, məddahlıq olmaz sözümdə,
nəğməmi
aləmə yayın,
kağızlar,
fərmansız,
filansız - mənim gözümdə
Milli qəhrəmandı hərbiçi
qızlar...
"XATİRƏLİK"
ŞƏKİL...
Çəkən-hansı
gözlə çəkdi
bu şəkli? -
düşdük
ayrı-ayrı, yad ünvanlara,
bəlkə deməsəydik: "Xatirəlikdi"
-
birlikdə baxardıq indi onlara.
Çən var şəkillərin çiçəklərində -
həsrətdən
onlar da solurmuş, gülüm,
bəlkə, günlər kimi şəkillərin də
düşəri-düşməzi
olurmuş, gülüm?
Çəkildi
payızın son günlərində
-
qarşıdan
qış deyil, hicran gəlirmiş,
baş-başa
dərdləşər şəkillərin
də;
hər şey sənnən qalan xatirələrmiş.
Böyütmək
olmur ki, divardan asam -
gizli boylanacam, gizli baxacam,
əgər ömrüm boyu xatirə qalsan;
yandırsan, nələrdən hayıf
çıxacam?
Səndə qala bilməz - bircə dənəydi,
neynirdim, yanımda sən ola-ola?
o anlar, sadəcə, əyləncə
idi -
istədik-gənclikdən
xatirə qala...
NƏ
DEYƏR...
Kim qaldı ki... O, perikdi, bu, uçdu -
gülləsini
atan görək nə deyər?
bir can alan ləblərimi soruşdu,
dedim: "Baldı", dadan görək nə deyər?
Ulu dağlar, tütək nələr çalmadı,
nə demədi, nələr başa salmadı?
Dünya malı Fironlardan qalmadı!
Tamah salan, dadsa - görək nə deyər?
Üstümüzə
çınqı dəydi
- qaynadıq,
sərvət yığdıq, cingildədi,
oydadıq!
Başdaşları
dilə gəldi, saymadıq;
oyaq kardı, yatan görək nə
deyər?
Hər ətirli güldən
gülab çəkilməz,
xarab yerdə başa savab çəkilməz,
edamlıqdan haqlı cavab çəkinməz;
aralığı qatan görək
nə deyər?
Sel də olsam - bu bənd
hara, mən hara?
Qurşaq tutan, o fənd hara, mən hara?
Qəhərləndi:
"Kəmənd hara,
mən hara"? -
Şikarını
tutan görək nə deyər?
Əlləşərsən
bu göylərnən,
bu yernən,
Vahid ƏZİZ,
nə qazandın şeirnən?
Əlbəyaxa
can alannan - can verən;
günahlara batan görək nə deyər...
Vahid ƏZİZ
Ədalət.-2012.-21
aprel.- S.20.