Dustaqxananın divarları soyuduqca türkçülüyə körüklənib yanan div adam

 

   Anadoluda bir köyməzarlığına gömün məni

   Və də uyarına gələrsə

   Təpəmdə bir də çinar olursa.

  

   Moskvadakı mənzilinin pəncərəsindən nə Anadolu görünür, nə Kuvayyi-Milliye şəhidlərinin məzarlığı, nə gülhanə parkında əsən rüzgarlardan xışım-xışım xışıldayan ceviz yarpaqları, nə də gecənin sakitliyində uçuşan mələklərin səsi eşidilir. Görünən və duyulan yalnız ona yaxınlaşmaqda olan ölüm rüzgarı idi. Sabah yox, o birisi gün... O, bu yolu sevə-sevə getmək istəyirdi - ancaq məmləkətinə. Əklillərlə bəzədilmiş bahalı tabutda deyil, yağışlı-çiskinli yaz yağışında, üstüaçıq maşında, ayna kimi açıq alnına yağış yağa-yağa. Anadoluda bir çinar altında həmişəlik uyumağa. Acı bir həsrətlə gülümsündü div adam: "Heç olmasa pəncərəmdən Ankara hərbi dustaqxanası, ya da həbsxanaların ən qaranlığı, kameraların ən nəmlisi olan Bursa qalası görünəydi, təki məmləkət görünəydi".

   1963-cü il iyunun 3-də XX əsr Azərbaycan ədəbiyyatının zirvələrindən sayılan, bütün zamanların böyük şairi, doğulandan ölənədək qərar tutduğu zirvədən enməyən Nazim Hikmət dünyasını dəyişdi. "Nobel" mükafatından imtina edən fransız şair Jan-Pol-Sart bu ölümdən sarsılır və: "O, əsla uyumadı, Ölüm bu xarüqəladə insanın ilk və son uyqusu oldu" dedi. Planetin hər yanından görünən bu ölüm vətənində nə göründü, nə duyuldu. Sevənləri pünhan ağladı, yoxsa sürgün edərdilər. Ankara dustaqxanasında mavi gözlü divi dəmir barmaqlıqlardan canlı-canlı görmək üçün gecələr gizlin gəlib-gedənlər, örtüyünün altında çiçək, val, şəkər, tütün, gözləmə, bir də təsbeh gətirənlər indi gizlin-gizlin də ağlayırdılar bu həyat aşiqinə. Onu dəlicəsinə sevən müğənni Semiha Bərksoy bir gecə hücrənin paslı barmaqlıqlarından şairə isti gözləmə atarkən "suç" üstündə yaxalanır. Səhəri gün Ankara valisi müğənnini yanına çağıraraq "Sən bu dəli kommunisti sevirsən yoxsa?" deyə soruşur. "Bəli" deyir Semiha. Vali bu səsdən dəhşətə gəlir və dəli olur.

   1930-1935-ci illərdə Bursa qalasında yatarkən Ankarada bir neçə şair və yazıçı Nazimin azadlığa çıxması üçün aclıq elan edir. Yetişən nəsil onu bitib-göyərdiyi torpaqdan köklü-köməcli ayırmamaq üçün təşkilat yaradıb, etiraz səslərini qaldırdılar. Onu sevənlər gah təqib edilir, dustaqxanalara salınır, gah da Avropaya "ezamiyyətə" göndərilirdi. Nazim Hikmətin arzuladığı Türkiyədə nə istismarçı var idi, nə istismar olunan. Amma nə etsin ki, onun inancına görə bu yol sosializm, kommunizm ideyalarından keçirdi. O, Lenin car çəkdiyi proletarizm, qardaşlıq, ağasız, qulsuz kommunizm ideyalarına inanırdı, təkcə o deyil, milyonlar inanırdı buna.

   Rəssam, dramaturq, türk dünyasının böyük oğlu Nazim Hikmət 1902-ci il yanvarın 20-də İstanbulda, əsilzadə bir ailədə dünyaya göz açıb. Körpəlyindən həm zahiri görünüşü, həm də ağıl və fərasətinə görə yaşıdlarından çox fərqlənib. 1918-ci ildə İstanbul hərbi Dənizçilik Məktəbinə daxil olur. 1919-cu ildə Türkiyənin xarici müdaxiləçilər tərəfindən işğalı əleyhinə yazdığı şeirə görə məktəbdən qovulur. 1921-ci ildə Rusiyaya üz tutan gənc Nazim 1922-1924-cü illərdə Moskvada Şərq Zəhmətkeşləri Kommunist Universitetini qurtarır. Bu dövr III internasionala abidə qoyulması, "futuristlərlə imajistlər arasında dartışmaların aparıldığı dövr idi. Nazim olduqca saf, sadə və həddən artıq istedadlı, eyni zamanda kommunist olduğundan Kreml onu öz məqsədləri üçün "sevə-sevə" canına çəkdi. Hətta Moskvanın küçələrində 20 yaşlı gənci həbsxana qəhrəmanı kimi gül-çiçəklə qarşıladılar. Həmin gün siyasi baxışlarına görə Nazimə qucaq açan Moskva bir neçə ildən sonra öz övladı Aleksandr Soljenıtsını siyasi baxışlarına görə vətənindən qovdu, yaradıcılığını qadağan etdi. Nazim isə Türkiyəyə dönmək, öyrəndiyi "sosializm və kommunizm ideyalarınının xoşbəxtliyini" ölkəsinə də yaşatmaq istəyirdi. Bu niyyətlə inqilabi fəaliyyətə girişir və keşməkeşli həyatı bundan sonra başlayır. Həbsxanalar, sürgünlər, təqiblər, maşın qəzaları, ölümə təhdidlər və sonunda bu yaşamlardan usanaraq Şimala qaçmaq. Həmin dövrdə Türkiyənin yaşadığı siyasi mənzərə də Nazimin düşüncələri kimi mürəkkəb və qarışıq idi. İmperialist dövlətlər Sultan Türkiyəsini öz aralarında bölüşdürmək istəyirdi. Düşmən donanmaları İstanbul sularında üzür, krallar ordularına "Ankaraya" əmrini verirdi. Türkiyənin bu qaranlıq və qarışıq tarixi hər bir türk aydınının taleyindən keçdi. Lakin türk oğulları bundan öləzimədi, türkçülüyə daha da körükləndilər.

   1963-cü il iyunun 3-ü. Dünya onu son mənzilə yola salmaq üçün Ankaraya deyil, Moskvaya toplaşmışdı. Arxasınca ağlayan isə "Qarlı qayın romanında" nəğməsi idi. Bu nəğmədə tək övladı Mehmetin xiffəti, Gülhanə parkında onsuzluqdan üşüyən ceviz ağacının, sevdiyi türkülərin xiffəti, bir də Anadolu yaylasında bəxtiyarlıqdan papağını yan qoyub fit çalmaq həsrəti vardı. Əsərləri bütün xalqların və millətlərin dillərinə tərcümə olunmuşdu. Pablo Pikasso, Renato Kuttuzo, Abidin Dino kimi dünya şöhrətli rəssamlar onun tablosunu yaratmışlar. Böyük rəssam Turan Səlim onu dustaqxana libasında, dəmir barmarlıqlar arasında dəli bir görkəmdə çəkməyi daha çox sevərmiş. Cəzaevlərinin kirli pəncərələrindən mavi gözlü div daha gözəl, əzəmətli, daha sevimli görünürmiş.

   Nazim Hikmətin yaratdıqlarının hər birində Türkiyə var idi. Yaradıcılığını oxuyanlar Türkiyəni seyr etmiş kimiydilər. Şeirlərində bütün dünya dillərində izi görünən türk dilinin ucalığı var idi. Latın Amerikalı şair Pablo Neruda xarüqəladə bir sevgiylə sevrəmiş böyük türk oğlunu. Ona Lenin mükafatı təqdim olunarkən toplantının sonunda bu mükafata görə heç kimə təşəkkür etmir və onu almaqdan utanır. Çıxışını isə başdan sonra Nazim Hikmətə həsr edir: "Nazim Hikmət "Nobel" mükafatı almalıdır. Şairin taleyindəki bu halal şöhrət kəsirinin suçu Türkiyənin, öz məqsədləri üçün ona guya sahib çıxan Kremlin və onun böyüklüyünü görə bilməyən Nobel Komitəsinin boynuna düşür. Nazim Hikmət o sənətkarlardandır ki, 8 cildlik əsərlərinin içərisində diqqəti cəlb etməyən, ruhu silkələtməyən bir misra, bir cümlə belə yoxdur".

   1935-38-ci illərdə təkcə türk aydınları deyil, bütün dünya Nazimin azadlığı üçün çağırışlara qoşulur. Fransa ziyalıları adından Jan-Pol Sartr, Lui-Araqon, dahi rəssam Pablo Pikasso bu barədə tələbnamə yazaraq Parisdəki türk səfirliyinə təqdim edir.

   Nədəndirsə XX əsrin əvvəlindən başlayaraq vətənləri türk aydınları üçün soyuq dustaqxana odaları olub. Onlar sevdikləri məmləkətlərinə yalnız cəzaevlərinin hisli-paslı pəncərələrindən baxa biliblər. Rza Tefviq, Rza Nuran, Nihal Adsız, Ənvər Paşa, Nuru Paşa, Adnan Menderes, İsmayıl bəy Qaspıralı, Nəcib Fazil Qısakürək, Əhməd bəy Ağaoğlu, Əli bəy Hüseynzadə, Hüseyn Cavid, Məhəmməd Əmin Rəsulzadə, Əhməd Cavad, Almas İldırım, Abbas Mirzə Şərifzadə, Peyami Səfa və neçə-neçə aydınlar. Onların üzünə yalnız dustaqxana qapıları açıq olub. Sonra da ya Qum adasında alnından güllələnərək Xəzərə atılıb, tələyə salınaraq qətlə yetirilib, ya da Adnan Menderes sayağı "Vətənə xəyanət" maddəsilə açıq-aşkar edam edilib. Biri də qəflətən Cem Sultan kimi şişib və ölüb. Ancaq işığa sevdalanmış bu pərvanələr ölümlərini də sakit qarşılayıblar: "Olacaqsa qoy olsun, təki Vətən sağ olsun" deyiblər. Çoxlarına vətənlərində yaşamaq deyil, ölmək nəsib oldu. Böyük Nazim isə hələ də vətənində bir çinar altında uyumağa həsrətdi.

   Altmış ildən bir az çox yaşayan böyük şairin sağlığında həm özü azadlıqdan məhrum edildi, həm şeirləri. O, hər şeyə rəğmən həyatı dəlicəsinə sevir, yazır, yaradırdı. Nazim şeirə nə quş civiltisi, nə də musiqi kimi yanaşırdı. Sözə sənət kimi, sərkərdə kimi yanaşırdı. Hər kəlməsi yeniydi, hər misrası düşündürürdü. Ona görə də dünya ədəbiyyatında xidməti olan söz-sənət adamları Nazim Hikməti sənətin divi kimi qəbul edir, onu öyrənirdilər, ona bənzəmək istəyirdilər. O isə tək və bənzərsiz idi. Özəl həyatı da təlatümlü keçib. Elə heey sevib və sevilib. Qəribədir ki, həyatındakı qadınların çoxu onu cəzaevlərindəki barmaqlıqlardan baxaraq sevib. Qızılı saçlı, mavi gözlü pələng həbsxanada, məhbus paltarında, qandallı halda daha əzəmətli görünürmüş. Gözəl üzünə həsrət qaldığı isə "Fosforlu Cevriyyə"nin müəllifi, dövrünün gözəl yazarlarından biri Suat Dərviş olub. Çoxlu qadınları olsa da, tək övladı Mehmet dayısı qızı Münəvvərdən dünyaya gəlib.

   Azərbaycana çox bağlılığı vardı. Deyilənə görə Bakıya gələndə şəhərdə bir gözəllik rüzgarı əsirmiş, onu görmək üçün hamı boylanır, o da insanlara təzimli bir sevgiylə salam verərmiş. Onun Bakıda ilk şeirlər kitabı "Günəşi içənlərin türküsü" 1928-ci ildə əski əlifba ilə nəşr olunur. Ayağı Bakıya düşdüyü gündən Azərbaycan mədəniyyətini, sazını, sözünü, musiqisini, bircə-bircə gəzdiyi tarixi abidələrini öyrənir, çoxlu sayda xatirələrini yazarmış. Hər dəfə Bakıya gələndə "Leyli və Məcnun" operasına baxırmış. Bir dəfə tamaşanın sonunda qəflətən səhnəyə çıxaraq Leyli rolunun ifaçısı Rübabə Muradovanın qarşısında diz çökür, sənətə və gözəlliyə heyrətini gizlədə bilmir. Onun əsərləri Azərbaycan dilində dəfələrlə nəşr olunub, pyesləri tamaşaya qoyulub. Dünya şöhrətli bəstəkar Arif Məlikov şairin "Məhəbbət Əfsanəsi" pyesi əsasında eyni adlı balet yazıb. Bir çox bəstəkarlar şeirlərinə mahnı və romanslar bəstələyib.

   Sevdiyi Türkiyəsinin bir udum havasını alırmış Bakıdan. Çox sevirmiş Bakıda oyanmağı, obaşdan Bakının Anadoluya bənzər küləyini ciyərinə çəkməyi.

 

   Türkce sesler gelir

   yollardan,

   Karanlığı yok eder

   türkce işığı.

   Bir İzmire benzer,

   bir İstanbula.

   Denizle dağ karışığı,

   Daha mavi, daha ak,

   Baküde uyanmak.

   İki olursan burda,

   iki yurdun olur,

   İki kez anlatdığı 

   masaldan kurtulursun.

   Ölümden soraki

   diriliş var ya,

   Artıq seninçin gerekmez.

   Hem yakın, hem uzak,

   Baküde uyanmak.

  

   1963-cü ildən bəri Anadoludan əsən rüzgarlara həsrət mavi gözlü divin ruhu hələ pəjmürdədir. Gülhanə parkında kimsəsiz qalmış tənha ceviz ağacı da həsrətlə onu gözləyir - zirvəsindən heç vaxt enməyən Nazim Hikməti.

  

 

   Rəsmiyyə RZALI 

 

   Ədalət.-2012.-21 aprel.- S.22.