Ad gününüz mübarək,
Nəsibə xanım...
Dünən
Azərbaycanın görkəmli satira ustası, Azərbaycanın
xalq artisti, Azərbaycan Dövlət Mükafatı laureatı
Nəsibə Zeynalovanın ad günü idi.
Azərbaycan teatrsevərləri
arasında "qayınana" kimi sevilən, milli Musiqili Komediya
teatrının inkişafında müstəsna rol oynayan,
qırx ildən çox işlədiyi sənət
ocağının repertuar ağırlığını ləyaqətlə
çiyinlərində daşıyan Nəsibə xanım 20
aprel 1916-cı ildə Bakıda doğulub. Atası Kərbəlayı
Cahangir tanınmış tacir və eyni zamanda aktyor idi. Azərbaycan milli realist aktyor
məktəbinin banisi məhz Cahangir Zeynalov olub. İlk və
yeganə övladı olanda arzu edib ki, qızı onun sənətini
davam etdirsin. Ancaq bu arzusunun gerçəkləşməsini
görmək ataya nəsib olmayıb.
1918-ci ilin mart ayında erməni
daşnakiarı Bakıda kütləvi qırğınlar
törədəndə Cahangir Zeynalov ailəsi ilə İrana
gedib. Sentyabrda Bakıya qayıdanda gəmidə yatalaq xəstəliyinə
tutulan Cahangir Zeynalov qısa müddətdən sonra rəhmətə
gedib. Onda balaca Nəsibənin iki yaşı vardı.
Böyüdükdən sonra o, atasının arzusunu inamla həqiqətə
çevirib. Nəsibə Zeynalova Azərbaycan realist aktyor məktəbinin
ən layiqli nümayəndələrindən biri kimi
formalaşıb və şöhrətlənib.
Yaradıcılığının mayası
gülüş və musiqi ilə yoğrulmuş Nəsibə
xanım orta məktəbdən rəqqasəlik etmiş, milli
oyun havalarının mürəkkəb və lirik incəliklərinə
yiyələnmişdi. 1932-ci ildə Rza Təhmasibin dram dərnəyinə
üzv olub. 1937-ci ildə Bakıda, 1934-cü ildən
mövsümi (aprel ayından oktyabr ayına kimi) fəaliyyət
göstərən səyyar Kolxoz və Sovxoz Teatrında
aktrisa işləməyə başlayıb. Bu teatr Bakıda
truppa toplayır, özünə repertuar qurur, aprel ayından
başlayaraq kənd təsər-rüfatının
qızğın çağında rayonlara gedib tamaşalar
oynayırdı.
Milli.Az Wikipedia-ya istinadən
bildirir ki, bir il burada aktrisalıq edən Nəsibə
xanım 4 aprel 1938-ci il-də yenicə yaranan Azərbaycan
Dövlət Musiqili Komediya Teatrının truppasına birinci
dərəcəli aktrisa götürülüb. Həmin il
Bakı Teatr Məktəbinə daxil olaraq aktyorluq təhsili
alıb.
Nəsibə Zeynalova texnikumda
oxuyarkən Katarina ("Şıltaq qızın
yumşalması", Vilyam Şekspir), Elvira ("Don Juan",
Jan Batist Molyer), Yelizaveta ("Mariya Stüart", Fridrix
Şiller) rollarını oynayıb.
Ömrünü Musiqili Komediya
Teatrı ilə bağlayan aktrisa sənət
ocağının müəyyən fasilələrlə
truppa, Filarmoniyanın nəzdində dəstə-ansambl şəklində
fəaliyyət göstərdiyi illərdə də kollektivdən
ayrılmayıb. Aktrisa milli klassik operettalarımızın
tamaşalarında Gülpəri, Cahan xala, Sənəm ("Ər
və arvad", "Arşın mal alan" və "Məşədi
İbad", Üzeyir bəy Hacıbəyov), Mələk
xanım və Kələk xanım ("Əlli
yaşında cavan", Zülfüqar bəy Hacıbəyov)
kimi xarakterik səhnə obrazlarında çıxış
edib.
Aktrisanın zəngin rollar
qalereyasında tərcümə əsərlərində ifa
etdiyi Kabato və Barbale ("Keto və Kote", Vladimir Dolidze.
Tərcümə edəni Şəmsi Bədəlbəyli),
Ziraldina ("iki ağanın bir nökəri", Karlo Haldoni
və musiqi tərtibçisi Şəmsəddin Fətullayev),
Zivər xanım ("Məhəbbət gülü",
türkmən dramaturqu Muxtar Hüseynov və Süleyman Ələsgərov),
Alma ("Şirin arzular". Tərcümə edənləri
Ə.Süleymanov və Abdulla Qüdrət), Qesiya ("Tiflis
nəğməsi", Levon Cubabiriya və Şota Milorava. Tərcümə
edəni Adil Babayev), Gülbadam ("Qız anası",
("Sevgilimin anası"), Georgi Xuqayev və A.Ovanov)
rollarının xüsusi yeri var.
Nəsibə Zeynalovanın
yaradıcılığının ən parlaq dövrü isə
çağdaş bəstəkarların müasir mövzusu
musiqili komediya əsərlərinin tamaşalarındakı
bir-birindən fərqlənən komik personajların ifası
ilə bağlıdır. Bu baxımdan aktrisanın Oğlu
Cahangir Novruzovla Xanpəri ("Dərviş Məstəli
şah", Mirzə Fətəli Axundzadə və musiqi tərtibçisi
Şəmsəddin Fətullayev), Nargilə ("Gözün
aydın", Məhərrəm Əlizadə və Fikrət
Əmirov), Şərəf və Nisə ("Durna",
Süleyman Rüstəm və Səid Rüstəmov), Məsmə
("Toy kimindir?", Məhərrəm Əlizadə və
Ağası Məşədibəyov), Züleyxa
("Ulduz", Sabit Rəhman və Süleyman Ələsgərov),
Tükəz ("Hacı Qara". Mirzə Fətəli
Axundzadənin əsəri əsasında Şəmsi Bədəlbəylinin
işləməsi və bəstəkarlar Vasif Adıgözəlovla
Ramiz Mustafayev), Tərlan ("Ürəkçalanlar", Məmməd
Səid Ordubadi və Fikrət Əmirov), Zemfira ("Kəndimizin
mahnısı", Kərim Kərimov və Zakir Nərimanov),
Rəxşəndə ("Qızıl axtaranlar", Həsən
Seyidbəyli və Tofiq Quliyev), Münəvvər ("Bir dəqiqə",
Məhərrəm Əlizadə və Hacı Xanməmmədov),
Kəblə Fatma ("Hacı Kərimin Aya səyahəti",
Qulamrza Cəmşidi ilə Əbülfəz Hüseyni və
Azər Rzayev), Şölə xanım, Xeyransa, Matan
("Özümüz bilərik", "Sevindik qız
axtarır" və "O1madı elə, oldu belə",
Şıxəli Qurbanov və Süleyman Ələsgərov),
Mərcan ("Səndən mənə yar olmaz", Məhərrəm
Əlizadə və Əşrəf Abbasov), Cəhri xala
("Altı qızın biri Pəri", Məhərrəm Əlizadə
və Tofiq Bakıxanov ilə Nəriman Məmmədov), Əsınət
("Ev bizim, sirr bizim", Novruz Gəncəli və Şəfiqə
Axundova), Cənnət xala ("Qaynana", Məcid Şamxalov
və Zakir Bağırov), Gülyanaq ("Haradasan, ay
subaylıq?", Salam Qədirzadə və Süleyman Ələsgərov),
Fatma xala ("Axırı yaxşı olar", Rəfiq Zəka
Xəndan və Ramiz Mustafayev), Rəxşəndə ("Bir
dəqiqə", Məhərrəm Əlizadə və
Hacı Xanməmmədov), Zeynəb, Cəmilə
("Boşanaq, evlənərik" və "Nənəmin
şahlıq quşu", Əliağa Kürçaylı və
Vasif Adıgözəlov), Cəlbi ("Beş manatlıq gəlin",
Məmməd Səid Ordubadi və Səid Rüstəmov), Səltənət
("Dağlar qoynunda", Ədil İsgəndərov və Əşrəf
Abbasov), Qızbacı ("Hicran", Sabit Rəhman və Emin
Sabitoğlu), Nazxanım ("Nazxanım naz eləyir" Məhərrəm
Əlizadə və Nazim Əliverdibəyov), Güləndam
("Qonşumuzda bir oğlan var", Məhərrəm Əlizadə
və Ramiz Mustafayev), Fatma ("Həyətim mənim, həyatım
mənim", Cahangir Məmmədov və Tofiq Bakıxanov ilə
Nəriman Məmmədov), Ballı ("Qızıl toy",
Ramiz Heydər və Oqtay Kazımov), Qəmər ("Nəğməli
Könül", Xalidə Hasilova və Emin Sabitoğlu)
rollarının əvəzsiz ifaçısı
sayılır.
Xüsusilə, Cənnət xala,
Nargilə, Züleyxa rolları zəngin ifadə vasitələri,
yumorun milliliyi, təbii reallığı ilə səhnəmizin
nadir inciləri sırasında durur. Azərbaycan televiziyasında
onlarla yumoristik səhnəciklərdə, teletamaşalarda,
intermediyalarda çıxış etmiş Nəsibə
Zeynalova həmçinin "Azərbaycanfilm"in çoxlu
ekran əsərlərinə çəkilib. Kino obrazları
içərisində Fatmanisə ("Ögey ana"), Telli
("Böyük dayaq"), Züleyxa ("Ulduz"), Cənnət
xala ("Qayınana"), Gülsüm ("Molla Fətəlinin
sərgüzəşti"), Əsli xala ("Bəyin
oğurlanması") rolları daha canlı və daha
şöhrətlidir.
Musiqili teatrımızın
inkişafında böyük xidmətlərinə görə
Nəsibə xanım 24 may 1960-cı ildə Azərbaycan
Respublikasının əməkdar artisti, 1967-ci ildə xalq
artisti fəxri adına layiq görülüb. "Hicran"
musiqili komediyasındakı Qızbacı roluna görə Azərbaycan
Dövlət Mükafatı Laureatıdır. 1974-cü ildə
Rauf Kazımovski onun yaradıcılığı barədə
"Aktrisanın təbəssümü" televiziya filmi
çəkib. Nəsibə Zeynalovanın obrazları həyatiliyi
və real bədii təsvirləri ilə həmişə
orijinal görünüb. Aktrisa gözlənilməz, ancaq mənalı
və ifadəli, dadlı və şirəli ifadə vasitələrilə
cilvələnən improvizənin mahir ustası idi. Rəqs,
mahnı (yaxud reçitativ) və hərəkətlərdən
eyni epizodda, hətta eyni məqamda yüksək peşəkarlıqla
istifadə edib. Xalq yumorunun, "Qaravəlli" oyun
tamaşalarının, lətifə söyləmələrinin
estetik oyun-göstərmə prinsiplərindən həssaslıqla
barınıb. Tipajlığın bədii dəyərlərinə
tam yiyələnməklə tipik xarakter yaratınağa
üstünlük verib və bu istiqamətdə obrazın məzmun-forma
vəhdətini vacib şərt kimi dəyərləndirib.
Obrazın xarakterini hərəkətdə (yeriş, duruş,
oturuş və sairə) koloritli tərzdə verməkdə
muskomediya teatrında Nəsibə xanıma tay aktrisa
olmayıb. Nəsibə xanım klassik operettalarda obrazın
sözlərinə qarşı çox həssas idi və təhrifə,
yaxud əlavəyə qətiyyən yol verməzdi. Ancaq
librettosu zəif musiqili komediyalarda ifa etdiyi rolun sözlərini
dəyişər, dialoqların məntiqini gücləndirər,
vəziyyətə uyğun deyimlər, cümlələr
qurardı. Bu axtarış tamaşadan-tamaşaya davam edər,
bəzi əlavələr olar, müəyyən ixtisarlar
aparılar, tapıntılar cilalanardı.
Aktrisa məişət yumorunu incə
ştrixlərlə ictimai-sosial mahiyyətə yönəldərdi.
Satirik boyaları müəyyən rollarda qrotesk səviyyəsinə
qaldırır, boyalardan gen-bol istifadə edir, ancaq heç
vaxt janrın estetik prinsip və meyarlarını pozmurdu. Nəsibə
Zeynalova 10 mart 2004-cü ildə Bakıda vəfat edib. Məzarı
Fəxri Xiyabandadır.
Ədalət.-2012.-21
aprel.- S.24.