OXŞARLIQ

 

   Esse

 

   Şad-xürrəm, gözəl əhval-ruhiyyə, iştahla nahara əyləşmişəm, bax elə indicə "bismillah" eləyib Allah-Təalanın qismət payından nuşi-canla yeməyə başlayacam. Nə qismətimdi bu naharda? Bozbaş! Bir şairin bir zamanlar dediyi kimi, ən çox döyülən, söyülən və yeyilən milli xörəyimiz. Birdən həyət darvazası döyülür. Kimsə gəlir. Bəlkə o uzaqlardan gəlib qapı-qapı dilənən qaraçı qadındı - bizim yerli camaata xas olmayan ləhcəylə qurban olduqlarımızın birbəbir adını çəkib nəzir istəyəcək, bəlkə ailənin falına baxacaq, hə?..

   Xanım gedir darvazaya və tez də geri dönür, 50 qəpiyi ovcumda tutmuşam, verim ki, gələn çıxıb getsin. Yox, o əlüstü mənə him-cim edir:

   - Özün get, səni istəyir.

   - Kim? Tanışdı? Qonşudu? Və evə niyə gəlmir?

   - Yox, Yox tanımadım. Çıx darvazaya görəcəksən kimdi.

   Xarici maşın dayanıb. Zahiri görünüşü heç yatsam da yuxuma girməyən, müasir dəblə geyinib - kecinən, başında bahalı molla papaqlı bir vücud. Əlində təsbeh

   Görüşürük və başlayır tanımaza-bilməzə mənim mədhimə, heç xoşlamadığım moizəyə:

   - Sizi küçənin o başında nişan veriblər - oxumuş, ziyalı adamsız, mömin bəndəsiz.

   İslam dini, müsəlmanın müqəddəs borcu, təqva yolu, ibadət əhlinin savab əməlləri, daha nələr, nələr... Qısası, ucun alıb, ucuzluğa gedir. Hövsələm daralır:

   - Eşidirəm əmioğlu... Buyurun, bizə görə qulluq... Bəlkə nahara qonağımız olasız?

   - Süfrəniz bol olsun. Mən gəlmişəm... Sözünü yarımçıq qoyur, məni maşının arxa oturacağına yönəldir. Əl atıb portret şəkillərdən birini götürür, uzadır mənə. Lap yaxından, diqqətlə, maraqla baxıram. Təxminən 20x30 nisbətində portretdi, çərçivəsi də gözəldi?

   Təəccüblənir, sirr açılmış kimi astaca, pıçıltıyla deyir:

   - Bıy, tanımadız? O gözəgörünməzin - Həzrəti Əlinin - qurban olduğumun şəklidi də, bax ey, nur yağır çöhrəsindən... öpür şəkli, bir andaca ah çəkir, ağlamsınır: "Aduva qurban olum, ya Əli".

   - Hə, qaranlıq, mübhəm məqam axtarmağa dəyməz. Hər şey məlumdu. Hansısa kino - serillarda canlı obraz kimi görmüşəm onu...

   "Qonaq" əzilib-büzülür:

   - Qiyməti 50 manatdı, görürəm mömin bəndəsən, 10 çıxaram.

   Əlimə alıram, adicə insan şəkli, amma deyəsən üstündə işlənilib. Kserekopiyadı.

   - Sağ ol, qardaş, sonra gətirərsiz. Gələn ayın əvvəlində. İndi əlim aşağıdı...

   Qırsaqqız olub yapışır?

   - 5-də çıxıram.

   - Almıram!

   Dirəşir, utanıb-çəkinmədən valın o biri üzünü çevirir. Bayaqdan məni mömin, Əli aşiqi sayırdı, indi müsəlmançılığa, şiə məzhəbinə nabələdliyimə görə prikola tutur:

   - Heyf, heyf zənnimə... Elə sizin kimilərin ucbatından din-islam gedir əldən də...

   Sözümüz çəpləşir, hövsələm tükənir, daha hisslərimi cilovlaya bilmirəm:

   - Əəə, sürüş burdan! Rədd ol

   Milləti avam yerinə qoyan dələduz!

   Həyət qapısını çırpıram, evə gəlirəm.

   Qırmızı işıq yanır-sönür. Darvaza arxasından bizim mükaliməmizə qulaq asan xanımım mızıldanır:

   - Nahaq qovdun onu... Gərək alaydıq o şəkli.

   Asardıq qonaq otağının baş tərəfindən.

   - Kəs səsüvü! Get öz işinlə məşğul ol!

   Qızdır bozbaşı! Evin hər yanında mənim, sənin, oğlumun, qızımın, nəvəmin şəkli olmalıdı! Bildin?!

   İstəyirsən Həzrət - Əlini canlı insan kimi görəsən, lap söhbətləşəsən, get mənim doğma kəndimə - Cürəliyə. Gör Qurbanı də...

   Mətbəxi səliqə-səhmana salır Zərifə. Birdən o biri otaqdan səs gəlir qulağıma. Birincidə oxuyan Əjdər gülür. Noolub ona, niyə öz - özünə gülsün?

   Dəli olub?

   Zərifə təəccüblənir soruşur:

   - Ədə, məktəbdə noolub, nə yaduva düşüb ki, öz-özüvə pıqqıldayırsan?

   - Heç , ay ana, bir kişi var ey, uşaqlar ona "dəli Qurban" deyirlər. Gəlmişdi məktəbimizin arxa tərəfinə. Toplaşmışdıq başına.

   - Pis-pis söz deyirdi?

   - Yoox, söyüş söymürdü, biədəb hərəkət-zad eləmirdi. Ağzına gəldi danışırdı, piləyirdi... Biz heç-zad başa düşmürdük.

   Zərifə hiss etdi ki, Əjdər birinci dəfə görür Qurbanı.

   - O, niyə heylədi, ana? Elə bil ağlı yoxdu... təhərdi o? Babam yaşındadı, amma babama, qoca kişilərə bənzəmir. Başının, üz-gözünün tükü at quyruğu kimi uzunluğa. Sinəsin, kürək-başın tük örtüb.

   - Sən heylə şeylərə fikir vermə, Əjdər. Dərsini öyrən, əlaçı ol.

   Uşaq marağı hələ soyumayıb deyəsən:

   - Ana, deyirəm dəli heylə olur ... bir oğlan var idi, tutmuşdu əlindən, ağlayırdı, yalvarırdı ona:

   - "Baba sən Allah get evimizə. Uşaqlar səni lağa qoyur..."

   Zərifə mətbəxdən çıxıb gəldi Əjdərin yanına söhbətə nöqtə qoydu:

   - Hər kəndin öz dərdi-səri var, oğul. Qurban da bizim camaatın dərdi-səridi, bildin?

   - niyə heylə olub o kişi? Heç pis adama oxşamır... Heç kəsi vurmur, söymür, qucaqlayır uşaqları, yalvarır, bəzi-bizə sözlər danışır. Hay bilim, allahı çox istəyin, müəllimi çox istəyin, ata-ananızın sözünə baxın, çörək yeyəndə "bismillah" deyin...

   Zəifə bələd idi kəndin bu qeyri-adi bəndəsinə. Hərdən evdən çıxıb hara gəldi üz tutan Qurbanı uşaqları qoymurdu rayona, başqa yerlərə gedib-gələ.

   Nəzarət eləyir, dilə tutub, yalvar-yaxar edirdilər ki, elə Cürəlidə bu ətraflarda hərlənib-fırlansın, necə olsa tanıyırlar, danışığına, uzun-uzun qeyri-adi sözlərinə məhəl qomurlar.

   Zərifə bəlkə on dəfə Qurbanın qız-gəlinlərlə necə söhbətləşməsinin şahidi olmuşdu. Çərənləmir, yava-yava, biədəb söz çıxmır dilindən. Haqq üçün heç kəs deyə bilməz ki, Qurban kiməsə böhtan atdı, kimisə şərlədi, hökümətin, aşıb-daşan, qapısında iki xarici maşın dayanan filankəsin arxasınca hədyan-mədyan söylədi.

   Bəs kimdi o? hardan gəlib, hara gedir?

   Uşaqlığı, cavanlığı necə imiş? Niyə havalı-havalı danışır? Bəs niyə yas təziyyələrində mollalar onu görəndə özlərini yığışdırırlar, "buyur, buyur, Qurban kişi, keç yuxarı başa" deyirlər?

   Zərifə - bu cavan gəlin eşitmişdi ki, Əsnayı adlı qız yeznəsi Əlisahibin qoltuğuna sığınmağı, onun qazancına göz tikməyi özünə rəva bilməyərək kolxoz bazarında qoşulur alverçi qadınlara başlayır çak-çuk eləməyə. Göy-göyərti, mer-meyvə alıb-satmağa. bir gün kəndə xəbər yayılır ki, Əsnayı kiməsə qoşulub qaçıb... Sonra taleyi gətirməyib cavan gəlinin, üç il ötməmiş, qucağında bir oğlan uşağı-bax, bu Qurban təzədən qayıdır yeznə qoltuğuna, təzədən çıxır bazara, çak-çuk eləməyə. Beləcə, illər ötür, Əsnayı Qurbanı araya-ərsəyə gətirir. Yeniyetməlik zamanı Qurban oğru gədə-güdəyə urcah olur. Toyuq-cücə qoyun-quzu oğrusu təki onu həbs eləyirlər. 4 il türmə həyatı yaşayır. Kalonlarda kimlərlə cur imiş, kimlərlə hansı yola, əmələ qurşanıbmış, bunları Qurbanın özündən savayı bilən gəzir.

   , burası diqqət çəkən, hətta çoxlarını təəccübləndirən odur ki, "dəli, havalı" adlandırılan bu Adəm övladı, türmədə çox güman, ola bilsin, qəlbən, ruhən Ulu Yaradana aşıq olmuş, təqva yolunu tutmuş insanların əhatəsinə düşərək əsl mömin bəndəyə çevrilmişdir. Bütün hərəkətlərində, qeyri-adi söhbətlərində günah, murdar işlərdən uzaqda dayanır Qurban.

   20 ildən çoxdur başının, üzünün, sir-sifətinin tükünə əl vurmur, tez-tez yuyunur, daranır və ayda bir-iki dəfə bütün bədənin az qala yarısını örtən saç - saqqallının ucunu qayçılayır.

   Nədir o kişinin dəliliyi, havalılığı? Kənd əhlindən eşitdiyim mətləblərin bir neçəsini dilə gətirirəm:

   ... İbadətindən, oruc-namazından qalmaz... Ötən il iyul ayının sonunda, Ramazan ayının axırlarında kəndə hay düşdü ki, bəs Qurban yoxa çıxıb. Axtardılar, gəzdilər, gördüm deyən olmadı. Havasatın sərinində o yenə peyda oldu. Hardaymış görəsən? Özlərinin hovuzunda, hərarətin yüksəkliyinə dözə bilməyib, giribmiş suya... Uşaqlar həyətin qırağında balaca hovuz düzəltdilər ki, Qurban istidən daldalansın.

   Bir dəfə sayıqlayırmış: "Gecə ağ atlı, ağ saqqallı Xıdır peyğəmbər qonaq gəlmişdi bizə. Dəstəmaz alıb, namaz qıldı bizim həyətdə. Mənə dedi: "bura pak, təmiz məkandı, çünki burda əsl məhəbbət, sevgi var: təzə evlənənlər arasında bircə dənə də ayrılma, boşanma yoxdur". 

   Gəl Qurbanın sayıqlamasına şəkk elə. Həqiqətən Cürəlidə toy çaldırıb evlənənlərin izdivacı, şükür, pozulmayıb. Eşq olsun ismətli, namuslu qız ərə verən, hörmətlə, izzətlə gəlin saxlayan analara!

   ... Qurban söyləyir: sənin qəlbin Allahın evidir, ora başqasının daxil olmasına imkan vermə!

   Əhsən belə dəliyə!

   ... Ağac altında oturub, yerə baxır və nəsə danışırmış. Elə bilirlər, budu ha, havalanıb yəqin. Soruşublar: "əşi, ay rəmətliyin nəvəsi, kimnən danışırsan?" "Dostumla", "Hanı dostun?", "Bax budu dostum - qara torpaq. o, bircə mənim yox, hamının etibarlı, sədaqətli dostudu".

   Gəl bu düşüncə sahibinə havalı de!

   ... Qurban seyidləri görəndə yalvarırdı, əllərini öpür, dua edirdi onlara. "Bizim övliyalarımız, əsabələrimizdi" deyirdi. Hətta Mir Qasımın qulağına pıçıldayıbmış ki, mənim yeməyimə zəhər qat, qoy sənin əlinlə o dünyalıq olum. Axı imam Əlini övliyaları zəhərləyib cənnətə göndərib. Son vaxstlar fikrini tamamilə dəyişib o, daha doğrusu, seyidlər, imam övladları ilə rastlaşarkən, yalvarıb-yaxarmır, əksinə tüpürür belələrinə. Soruşurlar: ay Qurban nooldu, niyə bu məzlumu - Kərbəlalara tüpürürsən indi? Cavab verir: Axmaq, iyrənc adamlarmş... Bilmirdim, demə göz zinasına mübtəlaymışlar: yaxası-başı, qol-qıçı açıq qadını, qızı həris baxışlarla süzür, tamah salırlar onlara... Şorgözdülər bu seyidlər...

   Son sözümə inanın, zərrə qədər şəkk etməyin ki, gözəl, yaraşıqlı, heç kimə bənzəməyən insandı Qurban. Yerişi, duruşu, hərəkətləri elə bil kinoserialda görünən imam Əlidi. Şüurun lap alt qatında düşünür, hiss edirəm ki, bəs beləcə "havalı-havalı" danışan bu adam imamın kənddə peyda olan prototipi, oxşarı deyilmi?

 

 

   Əlibala Rəhimov

 

   Ədalət.-2012.-24 aprel.- S.6.