CƏLİLABAD - TİKİLİR Kİ, İZ QALSIN...

 

  Günlər sanki yarışa çıxmış kimi bir-birini sürətlə ötüb keçir. Hər günü bir tarixə çevirmək isə insanın öz əlindədi. Halal əməyi sevən cəlilabadlılar bunu yaxşı bacarırlar. 2011-ci il artıq tarixə qovuşub. Amma bu tarix o qədər də uzaq deyil. Ona görə də, ötən ilə yenidən nəzər salmaq, görülən işlərə yekun vurmaq olar. Ölkənin hər yerində olduğu kimi Cəlilabad rayonunda da ötən il sosial-iqtisadi inkişafla bağlı xeyli işlər görülüb. Həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində rayonun iqtisadiyyatı daha da möhkəmlənib, əhalinin yaşayış səviyyəsi yüksəlib, şəhər və kəndlərdə quruculuq işləri geniş vüsət alıb.

 

   Torpağa düşmədi havayı bir dən...

 

   "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın həyata keçirilməsi nəticəsində rayon iqtisadiyyatının əsasını təşkil edən aqrar bölmə öz dinamik inkişafını davam etdirib, kənd təsərrüfatı məhsulları istehsalı 2003-cü illə müqayisədə 2,4 dəfə artıb. Cəlilabadlılar ötən il əvvəlki ilə nisbətən 22,6 min ton artıq buğda istehsal edib, məhsuldarlığı 4 sentner artırmağa nail olublar. Məhsulun 98 faizi özəl sektorun, 2 faizi isə dövlət müəssisələrinin payına düşür. Həm əkin sahələrinin genişləndirilməsi, həm də zəmilərə aqrotexniki qaydada qulluq edilməsi bu il daha çox məhsul istehsal olunacağına təminat verir. 2011-ci ildə rayon icra hakimiyyəti tərəfindən üzümçülüyün inkişafına xüsusi diqqət yetirilməsi nəticəsində üzüm sahələri 1530 hektara çatdırılıb və bağlardan 6,9 min ton yüksək keyfiyyətli məhsul istehsal olunub. Azərbaycan Respublikası Prezidentinin 15 dekabr 2011-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş "2012-2020-ci illərdə Azərbaycan Respublikasında üzümçülüyün inkişafına dair Dövlət Proqramı"nda nəzərdə tutulan tədbirlərin yerinə yetirilməsi məqsədilə bu il daha 250 hektar sahədə xaricdən gətirilmiş tinglərin əkilməsi nəzərdə tutulub. 2011-ci ildə il 80,6 min ton kartof, 1,8 min ton tərəvəz, 369 ton bostan məhsulları, 216 ton qarğıdalı, 176 ton günəbaxan, 5 min ton şəkər çuğunduru, 465 ton pambıq və 1,4 min ton meyvə istehsal edilib.

   Cəlilabadlılar daha bir vacib məsələnin həllinə nail olublar. Keçən il rayonda meyvə-tərəvəz məhsullarını saxlamaq üçün 2 min tonluq soyuducu anbar istifadəyə verilib. Eyni tutumlu digər soyuducu anbarın tikintisi isə başa çatmaq üzrədir. Bundan başqa, taxıl məhsullarının saxlanılması və təmizlənməsi üçün 10 min tonluq anbar kompleksi, yüksək texnologiyalı avadanlıqların quraşdırıldığı və gündəlik istehsal gücü 100 ton olan dəyirman inşa olunub. Bu obyektlərin istifadəyə verilməsi kənd təsərrüfatı məhsulları istehsalının daha da artırılmasına əlverişli şərait yaradıb.

   Kənd təsərrüfatının mühüm sahəsi olan heyvandarlıq da rayonda sürətlə inkişaf edib, mal-qaranın sayı 99,0 min başa, davarların sayı isə 122,3 min başa çatıb, il ərzində 12 min ton ət, 54,9 min ton süd, 18 milyon 532 min ədəd yumurta və 318 ton yun istehsal olunub. "Cəlilabad-broyler" ASC- isə 3570 ton quş əti istehsal edilib. Bu da əvvəlki ilə nisbətən 1692 ton çoxdur.

   2011-ci ildə aqrar bölmə ilə yanaşı sənayenin inkişafına da xüsusi önəm verilib. Ümumi məhsul buraxılışının həcmi 2003-cü ilə nisbətən 4,3 dəfə, 2010-cu ilə nisbətən isə 30 faiz artaraq 516,8 milyon manata çatıb. İstehsal olunan sənaye məhsulunun həcmi 6,1 milyon manat olub ki, bu da 2003-cü ildəkindən 9,7 dəfə çoxdur. Son illər istifadəyə verilmiş Qarazəncir şərab zavodunun, "Kristal" MMC-nin, "Ruslan" mebel fabrikinin, "Avanqard" MMC-nin, "Dalğa-94" MMC-nin başqa müəssisələrin istehsal etdikləri sənaye məhsullarına tələbat gündən-günə çoxalır.

 

   Hər yan cənnətə dönür, geri qalmır Cəlilabad...

 

   Azərbaycanın bu qədim dilbər güşəsi gündən günə gözəlləşir, abad bir məkana çevrilir. 2006-ci il avqustun 8-də Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə Əziz Əzizov Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunduqdan sonra bu proses yeni bir mərhələyə qədəm qoyub. 2011-ci ildə rayonda yenidənqurma tikinti-abadlıq işləri geniş vüsət alıb, tikinti işlərinin həcmi xeyli artıb. Əsas kapitala yönəldilən investisiyalar 41 milyon 959 min manat olub ki, bu da 2003-cü ilə nisbətən 29,7 dəfə çoxdur. Tikinti-quraşdırma işlərinin həcmi isə 2003-cü illə müqayisədə 32 dəfə artaraq 40 milyon 900 min manata çatıb.

   Ötən il Cəlilabad şəhərində Heydər Əliyev adına yaradıcılıq mərkəzi, Dövlət Bayrağı meydanı, rayon qaz-istismarı idarəsinin inzibati binası, Uzuntəpə kəndində xeyir-şər evi tikilib istifadəyə verilib. Hazırda Cəlilabad şəhərində olimpiya-idman kompleksinin, rayon baytarlıq idarəsi üçün inzibati binanın, Təklə kəndində baytarlıq məntəqəsinin Qarakazımlı kəndində xeyir-şər evinin tikintisi davam etdirilir. Ələt-Astara magistral yolunun Cəlilabad şəhərinin ərazisindən keçən 5 kilometrlik hissəsinə mozaik daşlarla üzlənmiş hasarın çəkilişi başa çatdırılıb.

   Cəlilabad şəhərindəki kücələrin kəndlərarası yolların təmir edilməsinə diqqət artırılıb. İl ərzində Cəlilabad şəhərində 44,9 min kvadratmetr küçəyə asfalt döşənib. Rayonun 45 kəndini əhatə edən Cəlilabad-Yardımlı yolunun 19 kilometri asfaltlaşdırılıb, yolun 6 kilometrinə çınqıl tökülüb. Bu da həmin ərazidə yaşayan sakinlərin rahat gediş-gəlişinə şərait yaradıb. 6 kilometrlik Alar-Günəşli yoluna asfalt döşənib, Cəlilabad-Cəngan, Ocaqlı-Qarakazımlı Göytəpə-Komanlı yolları əsaslı təmir edilib. Üçtəpə, Şabanlı, Ləkin Ağdaş kənd inzibati ərazi dairələrinin əhatə etdiyi kənddaxili yollara çınqıl tökülüb.

   Nahaq deməyiblər ki, abad rayon yollarından tanınar.

  

   (ardı qəzetimizin növbəti sayında)

 

 

   Etibar CƏBRAYILOĞLU

 

   Azərbaycan Respublikasının Prezidenti yanında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi fondunun maliyyə yardımı ilə

 

  Ədalət.-2012.-24 aprel.- S.7.