DİL TƏSƏRRÜFATIMIZIN BƏZİ MƏSƏLƏLƏRİ

 

    İki yuz ilə qədər sürən rus istilası hər nəsnəmizdə olduğu kimi dilimizdə də dərin izlər qoyub. Onların bə"zilərini çözələyək.

   Azəri türkcəsində (bu günümüzdə anlaşıqlı olsun deyən belə yazıram. Gün gələcək yalxı "türkcə" deyəcəyik.) olan bir sıra səslər rus dilində yoxdur. Qeyrı dillərdən alınmış, tərkibində həmin səslər olan bir çox sözləri biz rus dilində olduğu kimi ifadə eləyirik.

   Halbuki, orijinalda olduğu kimi işlətməyimiz gərəkdir. Bunu "h" səsinin misalında göstərək. Rus dilində bu səs olmadığından onu gah "x", gah da "q" ilə əvəz eyləyirlər, bəzən isə heç ifadə eləmirlər.

   Biz isə bu qism sözlərı orijinalda olduğu kimi işlətməliyik: "Xirosima" yox, "HİROSİMA"; "xuliqan" yox, "HULİQAN"; Vest Xem" yox, "VEST HƏM"; "xet trik" yox, "HƏT TRİK"; "qarmon" yox, "HARMON"; "qonorar"yox, "HONORAR"; "gerb" yox, "HERB"; "gigiyena" yox, "HİGİYENA"; "qoroskop" yox, "HOROSKOP"; "Ellada" yox, "HELLADA"; "otel" yox, "HOTEL" başqaları.

   "Ö" səsi bir sıra xarici mənşəli sözlərdə səhvən "e" ilə əvəz olunur. Belə ki, "Rentgen" yox, "RÖNTGEN"; "Anqstrem" yox, "ANQSTRÖM"; "Şredinger" yox,

   "ŞRÖDİNGER"; "Onore de Balzak" yox, "ONORE DÖ BALZAK"; "le Şatelye" yox, "LÖ ŞATELYE" olmalıdır s.

   Ingilis dilində "a" hərfi bir sıra hallarda "ə" kimi oxunur. Ruslar bunu "e" ilə ifadə eləyirlər. Biz dilimizdə "ə"-nin olmasının fərqinə varmadan rusları təkrar edirik. Belə ki, "Bekxem" yox, "BEKHƏM"; "Rembo" yox, " RƏMBO"; "Kelvin" yox, "KƏLVİN" olmalıdır neçə belə misallar. Sabiq xanım səfirin "Enn Dersi" kimi təqdim edilən adı əslində "ƏN DÖRSİ"di.

   "Ei" birləşməsi alman dilində "ay" kimi səslənir. Belə ki, "Heyne" yox, "HAYNE"; "Heyzenberq" yox, "HAYZENBERQ", "reyx" yox, "RAYX" olmalıdı s.

   İngilis fransız dillərində iki eyni yanaşı samitin biri oxunur. Buna görə ruslardan fərqli olaraq "dollar" yox, "DOLAR"; "kassa" yox, "KASA"; "missis" yox, "MİSİS"; "Manxetten" yox, "MANHƏTƏN"; "Mopassan" yox, "MOPASAN" s. ifadə eləməliyik.

   Ruslar "o" hərfini "a" kimi oxumaq şakərlərini xaricı sözlərə tətbiq edir, bizsə səhvən onları təkrar edirik. Belə ki, "pamidor" yox, "POMİDOR"; "kamfort" yox, "KOMFORT"; "Hallivud" yox, "HOLİVUD" ... deməliyik.

   Bəzən elə tühaf vəziyyət yaranır ki, "o" yerinə "a", "a" yerınəsə "o" işlədılir. Mətbuatda bir neçə dəfə "MAJORİTAR" yerinə "mojaritar" yazılıb. Eləcə "PATOLOJİ" əvəzinə "potoloji"; "HİDRAVLİK" yerinə "hidrovlik" kimi kalamburlarla rastlaşırıq.

   Ruslar tez-tez tərkibində "s" olan sözləri "ü" ilə verirlər: "viüe", "üikl", "üentr" s. Bizsə "vitse" yox, "VİSE"; "tsikl" yox, "SİKL"...deyıb yazmalıyıq.

   Rusvari "standart", "kart"-deyə ifadə elədiyimiz sözlər əslində "d" ilə bitir.

   Ruslar kimi "g" ilə ifadə elədiyimiz "Argentina", "ginekoloq"... sözləri əslində "j" ilədir: "ARJENTINA", "JINEKOLOQ" s. ""Agentlik"- "agent" "AJANS"-"AJAN" kimi olmalıdır.

   Ruslar bir sıra hallarda əcnəbi mənşəli sözlərdə "j"-"y", "t"-"f" əvəzləməsi aparirlar. Bizsə "obyekt", "subyekt", "proyekt", "Yaponiya", "İordaniya" yox, "OBJEKT", "SUBJEKT", "PROJE", "JAPONİYA", "JORDANİYA", "Efiopiya", "Afina" yox, "ETİOPİYA", "ATEN" deməli yazmalıyıq.

   Rusvari ifadə elədiyimiz "av"- sözləri ("avtomat", "avtomobil", "Avstraliya"... sıvıl dünya kimi işlədək":OTOMAT", "OTOMOBİL"...

   Kliplərdə gah "oranyeman", gah "aranyiman" kimi verilən söz əslində "ARANYEMAN"dır.

   "Kosmos", "kosmonavt" sözlərini dünyada ancaq MDB- işlədirlər. Bunları "UZAY", "ASTRONAVT" deyək. Rusvari ifadə elədiyimiz "raket" sözü əslində "roket"di.

   Bir sıra sözlərdə "k"-nin yanlış olaraq "g" ilə əvəzlənməsi baş verir":İsgəndər", "əsgər", "nigah" əslində "İskəndər", "əskər", "nikah"-dır.

   Rus dilindən götürülən bir sıra sözlərin dilimizə qələt tərcüməsi yayılıb. Bunlardan ən başıbəlalısı "starşiy"-dir. Bir çox hallarda bu söz dilimizə səhvən "baş" kimi çevrilir. Halbuki "baş"-"qlavnıy"-dır. Odur ki, "baş leytenant", "baş müəllim", "baş müstəntiq", "baş mütəxəssis", "baş müfəttiş"...yox, müvafiq olaraq "BÖYÜK LEYTENANT", "BÖYÜK MÜƏLLİM", "BÖYÜK MÜSTƏNTİQ", "BÖYÜK MÜTƏXƏSSİS", "BÖYÜK İNSPEKTOR"...olmalıdır

   Digər səhv cevrilən söz dilimizdə "ixtisaslaşdırılmış" deyə özünə yer alan "speüializirovannıy"-dır. Əslində "xüsisiləşdirilmış" olmalıdır. Çünki "ixtisaslaşdırılmış"- "kvalifikaüirovannıy"-dır. Deməli, "ixtisaslaşdırılmış şura", "ixtisaslaşdırılmış sərgi", "ixtisaslaşdırılmış olimpiya idman məktəbi", "orta ixtisas məktəbi", "peşə-ixtisas məktəbi" (axırıncı sarsaq deyim hətta Təhsil Qanununa düşüb)...deyimləri əslində "XÜSUSİLƏŞDİRİLMİŞ ŞURA", "XÜSUSİLƏŞDİRİLMİŞ SƏRGİ", "XÜSUSİLƏŞDİRİLMİŞ OLİMPİYA İDMAN MƏKTƏBİ", "ORTA MƏXSUS MƏKTƏB", "PEŞƏVİ-MƏXSUS MƏKTƏB"...olmalıdı.

   Adi bir analiz göstərir ki, dilimizdə yer almış "elmi-tədqiqat institutu", "təcrübi-konstruktor işi", "elmi-ictehsalat birliyi", "elmi-tədris mərkəzi"...kimi ifadələr əslində "ELM-TƏDQİQAT İNSTİTUTU", "TƏCRÜBƏ-KONSTRUKTOR İŞİ", "ELM-İSTEHSALAT BİRLİYİ", "ELM-TƏDRİS MƏRKƏZI"...şəklində olmalıdır.

   Mənsubiyyət şəkilçili ifadələrdə uzlaşmanın pozulmasına başqa misallar: "krupno-roqatıy skot" "iri buynuzlu mal-qara" yox, "BUYNUZLU-İRİ MAL-QARA", "xudojestvenno-izobrazitelğnoe sredstvo" "bədii təsvir vasitəsi" yox, "BƏDİİ-TƏSVİRİ VASİTƏ" şəklində ifadə olunmalıdır.

   "Uçenıy Sekretarğ" bizlərdə "Elmi Katib" deyə çevrilir, halbuki "ALIM KATIB" olmalıdır.

   "Qeneralğnıy"-ı "baş"-deyə çeviririk ("baş katib", "baş direktor"...). "GENEL" daha uğurludur.

   "Önostğ"-a "gənclik" söyləyirik, əslində "YENİYETMƏLİK"-dir. Belə ki, "Gənc tamaşaçılar teatrı" yox, "YENIYETMƏ TAMAŞAÇILAR TEATRI" deyilməlidir.

   "Poçt" yox, bütün sivil dünya kimi "POST" deyək.

   Dilimizdə bə"zən bir neçə mə"nanın bir sözlə ifadə olunması çətinliklər törədir. "kanikulı", "zabastovka", "staçka" sözləri "tə"til"; "kupçaə" - qeydiyyat vərəqəsi, "propiska" - "qeydiyyat"; "doljnostğ", "obəzannostğ" - "vəzifə" kimi çevrilir. "Obəzannostğ" - un "MÜKƏLLƏFİYYƏT" kimi tərcüməsi artıq unudulmaqdadır.

   "Razdeləy i vlastvuy" - "parçala-hökm sür", "luçşe menğşe, da luçşe" - "az olsun, yaxşı olsun", "poluşutə-poluserğezno" - "yarızarafat, yarı gerçək" tərcumələri geniş yayılıb. Halbuki qafiyəli variantları daha uğurludur":AYIR-BUYUR", "AZ OLSUN, SAZ OLSUN" və "YARI HƏNƏK, YARI GERÇƏK".

   Hərbi terminlər barədə. "çavuş", "gizir", "taqım" kimi yeniliklər yaxşıdır. "Podpolkovnik"i "polkovnik-leytenant"la əvəzləmişik. Amma "polkovnik" də rus sözüdür axı. "Miralay", "yarbay", "albay"... deyimlərini niyə də daxil etməyək?

   Ingilis dilində "please", rus dilində "pojaluysta" olan anlam çox zaman dilimizə "zəhmət olmasa" deyə çevrilir: "şofer, zəhmət olmasa, astanovkada saxla, düşüm." Birdən zəhmət oldu, onda necə, maşın dayanacağı ötüb keçməlidi?

   Eləcə də tele-ekranlarda tez-tez səslənən "əyləşin, zəhmət olmasa" (əyləşməyin nəyi zəhmətdi?), "mikrofonu verin, zəhmət olmasa" (verməyib nağayracaq ki?) deyimləri. Əslində bu anlayışın dilimizə korrekt tərcüməsı "LÜTFƏN"dir.

   Qədim toponimlərimizi rusvari söyləyirik: "BADAMDAR"-a "Patamdart", "ŞIX" a "Şıxov" deyirik.

   Bir sıra hallarda ad və soyadlarımızı əvvəl rus dilinə çevirib, sonra xarici dildə transkripsiyasını yazırıq. Məsələn, elmi dərgilərdə belə hala rast gəlinir. Şahmat yarişlarindakı lövhələrdə Teymur Rəcəbovun "RAJABOV" yerinə "Radjabov", Vüqar Həşimovun "HASHİMOV" yerinə "Gashimov", Şəhriyar Məmmədyarovun "SHAHRIYAR MAMMADYAROV" yerinə "Shakhriyar Mamedyarov" kimi təqdimiylə barışa bilmirəm 

   Sovet dönəmində olduğu kimi dədəmizin adının sonuna "oqlı", "kızı" əlavə eləyirik. Halbuki rus dilində "u"- da, "q"-da olduğundan bunlar "oqlu", "qızı" şəklində olmalıdı.

   Ruslardan miras qalan bir əndrəbadilik də vurğu yanlışlığıdır.

   "Atom", "enerjı" kimi işlək deyimlərdə, "ik"-lə ("akademik", "klassik", "peripetik"...); "ent"-lə "parlament", "fundament", "arqument"...); "or-"la ("doktor", "transformator", "profesor"...); "loq"-la ("filoloq", "psixoloq", "kulturoloq", "dialoq", "analoq"...); "iz"-lə ( "analiz", "elektroliz", ...) bitən çoxsaylı sözlərdə bütün sivil dünya vurğunu sonuncu hecada vursa da, biz hələ də sonuncudan əvvəlki hecada vurmaqdayıq. Eləcə də "opera", "kamera" sözlərində vurğu birinci yox, sonuncu hecadadır.

   Müstəmləkəçilik adları rəsmi qaydada dəyişdirilsə də, el arasında "Razin", "Serebrovski", "Montin", "Kirov", "NZS" adları gen-bol işlənməkdədi.

   "XAQANİ"-nin "Xəqani", "FÜZULİ"-nin "Fizuli", "MÜŞFİQ"-in "Müşviq", "BÜLBÜL"-ün "Bül-bül" kimi işlənməsinə tez-tez rast gəlinir.

   Almanın adına "qızıləhmədi" deyəndə söhbətın hansı Əhməddən getdiyi anlaşılmır. Əslindəsə "QIZILƏHMƏRİ"-di. Əhmər al-qırmızı rəngdi. Yeri gəlmişkən, "qızıl"-rəngdi, metalın adısa "ALTUN"-du.

  

   (ardı var)

 

   BƏHRAM BASQALLI,

   AYB-nin üzvü, fəlsəfə doktoru

 

   Ədalət.-2012.-24 aprel.- S.7.