DİL
TƏSƏRRÜFATIMIZIN BƏZİ MƏSƏLƏLƏRİ
(əvvəli ötən
sayımızda)
Ergenokon (Novruz) bayramında oxuyuruq:
Səməni, ay səməni,
İldə göyərdərəm
səni.
Seyfəddin Dağlının
"Bahar oğlu" romanında axırıncı misra
İldə dördərərəm
səni.
- kimi gedib. Beləcə gözəl-göyçək
sözlərimizi itirə-itirə gedirik.
"Narkomaniyaya qarşı
mübarızə", "insan alverinə qarşı
mübarizə"... tip birləşmələrdə
"qarşı" sözü artıqdı:
"NARKOMANİYA İLƏ MÜBARIZƏ", "İNSAN
ALVERİYLƏ MÜBARİZƏ" və s.
"Kəsilməməzlik",
"çatışmamazlıq"...kimi ifadə olunan
sözlərdə "mə/ma"-nın biri
artıqdır: "KƏSİLMƏZLİK",
"ÇATIŞMAZLIQ" və s. Tez-tez eşitdiyimiz
"sakitçilik", "salamatçılıq"
...tipli sözlərdəsə "çi/çı"
şəkilçisi izafidir.
Hərdən
"snayperçi", "kilerçi" kimi verilən
sözlərdə "çi" artıqdır.
"Özünə intihar
etdi" kimi deyim eşidirik. "Özünə" sözu
artıqdır ( intiharı elə özünə eləyirlər).
"At" ərəbcə cəm
şəkilçisidi. Bizlərdə isə hərdən onun
sonuna bir "lar" da zafi artırırlar":həşəratlar",
"xatiratlar"...
"Şen" "yer"
anlamını verən, "Ərsak" kimi, "Sumbat"
kimi əski türk deyimidir. "Şenlik" sözü indi
də gen-bol işlədilir. Odur ki, "NORAŞEN",
"VARTAŞEN", "QUTQAŞEN"in ("qut"-əski
türkcədə "yaxşı" anlamındadır ,
"Qorqut", "Turqut"un tərkib hissəsidir)
adlarının xoflanıb dəyişdirilməsi əslində
itkidir.
Təkallahlığın
qısqanc tərəfdaşları olan türklərin
sanballı bir qismi islamdan öncə xristian olub. Murad Acı
xaçın türk təfəkkürünün məhsulu
olmasını sübut elədi. Odur ki,
"XAÇBULAĞ"ı "Xoşbulaq" eləməyimiz
öz tariximizin üstündən xətt çəkməkdi.
Toponimlərimizdən söz
düşəndə söyləyirlər ki,
"Abşeron"-"ƏFŞARAN",
"Maştağa"-"MASKATA",
"Ağstafa"-"OĞUZTAYFA",
"Saatlı"-"SAKATLI",
"Yardımlı"-"ƏRDƏMLİ"-dən
yaranıb və s. Bu gözəl adları niyə bərpa etməyək
"Sabahınız xeyir" deyimindəki
"sabah" "səhər çağı"
anlamındadır. Növbəti günə də
"sabah" deyirik. Sonuncu anlayışı niyə əski
türk deyimi "yarın"la əvəzləməyək?
Həftə günlərinin
adları bizdə bərbad vəziyyətdədir. "Çərşənbə
axşamı", "cümə axşamı"-nın səhəri
yoxmu?
Eləcə də ay adları. Ilin
10-cu, 11-ci, 12-ci ayları oktyabr, noyabr, dekabrın adları
latıncadan tərcümədə "səkkizinci",
"doqquzuncu", "onuncu" deməkdi.
Niyə Anadolu türkləri kimi
dekabra "ARALIQ", aprelə "NISAN"... deməyək?
İnzibati ərazi
bölgümüz rayonu "OYMAQ" adlandırsaq, necə
olar?
Bəzən
qulağımızı deşən
"fizikaçı", "coğrafiyaçı"...
kimi izafətlər əslində "FİZİK",
"COĞRAF"... şəklində olmalıdır.
Futbol ulduzu Ronaldonun adındakı
"l" bərk "l"-dir. Bizlərdəsə onu
"ğ"-la ifadə eləyirlər.
Coğrafiyadan bəllidir ki, Yer kürəsi üzərində koordinatlar
en və uzunluq dairələriylə təyin
olunur. Qrinviçdən
keçən meridian sıfır
dərəcəli en dairəsidir.
ANS TV-də gedən serialın adı isə "Sıfır dərəcəli N dairəsi"
kimi tərcümə
olunmuşdu. Yenə də həmin TV-də göstərilən
"Rıjaə" filmi
"KÜRƏN QIZ" əvəzinə
"Kürən" adıyla
verilmişdi. "Dopros"-
"DİNDİRİLMƏ", "Merzaveü"-"MƏRDÜMƏZAR"
deməkdir. Bu filmlərin
adlarını bizdə
səhvən "İstintaq"
və "Yaramaz"
kimi çevirirlər.
Teleaparıcılar
- hər iki Zaurun və Azər Axşamın kəraməti sayəsində
dilimizdə əsrlər
boyu işlək söz olan "qayırmaq" felinin başına gələn indi də "çalmaq" deyiminin başına gətirilir. Onu uğursuz "ifa etmək"lə əvəz eləyirlər.
Onda, məsələn,
ruslar da "bratğ" felini işlətməsinlər ki,
həmin ağla gələn mə"nanı
verir.
Alman dili mütəxəssisləri
təsdiq edir ki, dahi alman
şairinin ciddi-cəhdlə
gah "Höte", gah "Gete" kimi təqdim olunan soyadı məhz "GÖTE"-dır.
Dilimizə qayğısızlığımız yüz illər boyu ədəbi söz olmuş ifadələrimizin məna
daralmasına, onları
"türkün sözü"
kimi utanc gətirən deyimlə işlətməyimizə aparır.
"Ay qiz"-ın qısaldılmış forması
olan, kitablara düşən "az"
sözü ilə indi bir çox
xanımlara müraciət
eləyəndə inciyirlər.
"Husband-wife", "muj-jena" -nın dilimizdəki qarşılığı "ər-arvad"-ın mücərrəd "həyat
yoldaşı" deyimi
ilə əvəzlənməsi
hansı zərurətdən
doğub?
"Ər-arvad"ı
bəyənməyiriksə, Anadolu türkləri kimi hər ikisini
bir deyimlə - "eş" - əvəz də eyləyə bilərik.
Ya da "boşanmaq" sözünün "ayrılmaq"la
əvəzləmişik...
Müraciət
formaları barədə.
Hamıya, yeri gəldi-gəlmədi "müəllim"
deyilməsindən çox
yazılıb. Kişilərə
"BƏY" deyə müraciət
olunması ətalətlə
yayılır. "Xanımlar
və cənablar"
kimi ugursuz ifadəni niyə "BƏYLƏR
VƏ BAYANLAR"la əvəz
etmirik? Əsrlər boyu dilimizdə işlədilmiş "XOCA", "MİRZƏ",
"ƏFƏNDİ", "BƏYİM", "BİKƏ"...
deyimlərisə, ümumiyyətlə,
yada düşmür.
Bir pəstah da tərkibində artıq müraciət forması olan adların deyilməsindədir.
"Orduxan bəy"
(xandırsa, "bəy"ə
nə hacət?),
"Hacıbəy müəllim",
"Qəmərxanım xanım",
"Xanımana xanım"...
tip ifadələrin korrekt
şəkli "ORDU XAN", "HACI BƏY",
"QƏMƏR XANIM", "XANIM ANA"-dır
və s.
Qrammatik qaydalara görə
"o" şəxs əvəzliyindən
sonra isim, sifət, say gələrsə,
vergül qoyulmalıdı.
Ancaq əksər nəşrlərdə ya bütün nitq hissələri "o" şəxs
əvəzliyindən vergüllə
ayrılır, ya da ümumiyyətlə vergül qoyulmur.
Bəllidir ki, bir var
ondan sonra vergül qoyulan "ki" bağlayıcısı,
bir də var vergül qoyulmayan "ki" ədatı ("Mən ki səni sevmişəm
əzəl"). Əksər
nəşrlərdəsə "ki" ədatından sonra da vergül
qoyulmaqdadır.
Gen-bol işlətdiyimiz "baxmayaraq
ki"-nin dilimizdə sadəcə da/də bağlayıcısı
ilə verməyin mümkünlüyünü görmürük.
Elə cə də "hansı ki" deyiminin dilimizə heç bir aidiyyəti yoxdur.
Elektron və yazılı
KİV-lərdə, məs.,
"İspaniyada keçirilən
gənclərin yarışmasında..."
tipli qeyri-səlis nümunələr baş
alıb gedir. Doğrusu "Gənclərin
İspaniyada keçirilən
yarışmasında..."-dır.
Apostrofun ləğvi bir sıra naqisliklər yaradıb. "FƏ"LƏ"-"fəhlə"yə, "FE"L"-"feil"-ə, "ŞER"-"şeir"ə...dönüb.
Onu (aposstrofu) tə"cili bərpa etmək gərəkdir.
Ərəb, fars dillərindən alınma sözlərdə
uzun-qısa hecalar məsələsi surətlə
erroziyaya uğrayır
ki, bu da
dilimizin musiqililiyinə
xələl gətirir.
TV diktoru "Abu Dabi"
deyib vurğunu ikinci "a"-ya vuranda anlamır ki, əslində bu hərfi uzadaraq
"Əbu Dabi" deməlidi. Xumar xanım Qədimova "miyana gözlər" oxuyanda "miyana"(daha doğrusu, "miyanə") sözündə
bütün saitləri
qısa ifadə eləyir, halbuki birinci "a"-nı uzatmalıdır. Dilimizin işlədilməsindəki bu
nöqsan əvəzsiz
mə"nəvi sərvətimizdən
- əruz vəznindən
getdikcə uzaqlaşmağımıza
aparır. Yeniyetmə
nəsil, Ədəbiyyat
və Əlyazmaları
institutlarının əməkdaşlarının,
Yazıçılar Birliyi
üzvlərinin, xalq,
əməkdar artistlərinin
99%-i bu vəzndə şerləri
oxuya bilmir. Əttökən meyxana-şoularda
əruz, sanki hər misrada pozulur.
Dil yığcamlığı
sevir və həmişə çoxtərkibli ifadələrdən
qaçır. "DƏSTƏKLƏMƏK" sözü
artıq dilimizdə oturuşub. "İştirak etmək"
yerinə ara-sıra "QATILMAQ" eşidirik. Eləcə də
"başa düşmək", "təbrik etmək",
"təşəkkür edirəm", "üzr istəyirəm",
"münsiflər heyəti", "rəyasət heyəti"...
əvəzinə "ANLAMAQ", "QUTLAMAQ",
"MERSİ", "PARDON","JÜRİ",
"PREZİDİUM"... deyək və yazaq.
Qulaq cırmaqlayan "öz
müqəddəratını təyinetmə" əvəzinə
sadəcə "özünütəyin" deyəyin.
Bir var sözün yazılması,
bir də var deyilməsı. Bir sıra radio və televizion
kanallarının diktorları, bə"zi müğənnilər
bunun fərqinə varmır. Belə ki, "məndən",
"deyir", "alqışlayır",
"güclü", "keçdi", "ulaq",
"ürək", "səpmişəm"...kimi
yazılan sözlər "MƏNNƏN",
"DİYİR", "ALQIŞDIYIR",
"GÜCDÜ", "KEŞDİ",
"ULAĞ", "ÜRƏY", "SƏPBİŞƏM"...kimi
ifadə olunmalıdır.
Tez-tez "ç" və
"c" səslərinin rusvari, bir qədər yumşaq
formada işlənməsini eşidirik. Mən, məsələn,
sevgili Flora Kərimovamızın ekran-efirdən
"çox" əvəzinə "çeox" deməsindən
xoşlanmıram.
Çağdaş
dövrümüzdə dilimizin toxunduğumuz və
toxunmadığımız problemləri həddən
artıqdır. Bu sahədə müzakirələr
açmaq, ictimai və dövlət səviyyəsində tədbirlər
görmək gərəkdir.
Bu yanlıslıqların yaranma səbəbləri,
məncə, sovet dövrundə dilimizin məqsədli şəkildə
assimilyasiyaya mə"ruz qoyulması idisə, sonrakı
dövrdə təhsilimizin və elmimizin katastrofik sürətlə
cırlaşmasıdır.
"Biz bir millət,
iki dövlətik."
Odur ki, ortaq ədəbi dil haqqında düşünməliyik. 37-də bizə vurulan "azərbaycanlı", "azərbaycan
dili" damğasından
qurturmalıyıq. Türk
dilinin İstanbul, İzmir, İqdır, Təbriz, Həmədan, Naxçıvan, Borçalı,
Dərbənd, Şəki,
Bakı...şivələri
var.
Buna görə
də iki ədəbi dilə ehtiyac yoxdur. Biz sovet basqısı altında dilimizi əcaib şəkillərə
saldığımız zaman
Türkiyə türkləri
Dil Qurumu yaradıb da dildə köklü islahatlar apardılar.
Məncə, yeganə çıxış
yolumuz Türkiyə türkcəsinin bizim də ədəbi dil gibi qəbul
etməyimizdədir. Bu proses,
çox ləng olsa da, artıq
getməkdədir.
Hələlik sözümü Leninin on illər boyu yanlış olaraq "Oxumaq, oxumaq, yenə də oxumaq" - kimi çevrilən bəyanatının
korrekt tərcüməsi
ilə tamamlayım:
"ÖYRƏNMƏK, ÖYRƏNMƏK
VƏ ÖYRƏNMƏK!"
BƏHRAM
BASQALLI,
AYB-nin üzvü, fəlsəfə doktoru
Ədalət.-2012.-25
aprel.- S.7.