Kökdən
gələn ucalıq...
İllərin və nəsillərin
izinə düşüb veteran paqondaşlarımız
haqqında yazı hazırlayarkən bəzən mövzu
genişliyi, fakt çoxluğu qarşısında aciz
qalıb işimi başa çatdıra bilməyəcəyimi
özümə dərd eləmişəm. Ancaq
sözü-sözə calayıb ilk cümləni yazandan sonra
yazıya nöqtə qoymaq barəsində düşünməmişəm.
"Yazılan qalır" fikrinə söykənib bu gün
bizlərə örnək olan bu tarix
yaşıdlarını, onların keçdiyi xidməti və
ömür yolunu yaşıdlarımın da bilməsi
üçün qələmə alır, vərəqə
köçürür, "yoruldum" kəlməsini
özümə unutdurmağa çalışıram...
Onlar öz uğurlu xidmətləri,
andlarına sadiqliyi, Vətənə sədaqətləri ilə
təkcə DİO tarixində deyil, həm də Vətən
tarixində əbədi iz qoymağı bacardılar. Bir az
keçmişə qayıtmaq istəyirəm...
Onu başqa cür
çağırmazdılar. Harada yada salsalar, "Müəllim"
deyərdilər. Hamıya elə gələrdi ki, o, ancaq
müəllimlik üçün doğulub. Bu adam Azərbaycan
SSR-nin əməkdar müəllimi Böyükağa Mansurov
idi. O, dünyanın hər üzünü görmüş,
yetimliyin, işsizliyin, kasıblığın əzablarına
dözmüş, yeniyetmə çağlarından müxtəlif
işlərdə çalışmış və həmişə
də kitaba, elmə, biliyə meyl etmiş, nəhayət,
ömrünün yarım əsrdən çoxunu doğma
xalqının maarifinə, balalarının tərbiyəsinə
vermiş qocaman bir müəllim idi...
Xalqımızın dilində
gözəl bir deyim var: ot kökü üstə bitər. Haqqında
söhbət açacağım daxili işlər
orqanları veteranı, milis polkovniki, Altay Böyükağa
oğlu Mansurov 1938-ci ilin iyun ayının 6-da dünyaya
göz açıb. Onu təkcə keçmiş Əzizbəyov,
indiki Xəzər rayonunda deyil, həm də respublikamızda yaxşı
tanıyırlar...
Novruzqabağı ata
ocağında-Böyükağa müəllimin yurdunda
görüşdük. Masanın üstündə xidmət
illərindən yadigar qalmış, özü saralsa da xatirəsi
təzə-tər olan şəkillər və onlarla fəxri
fərmanlar, təşəkkürnamələr var idi.
Heyranlıqla və maraqla hamısını gözdən
keçirib beynimdə nədən başlayacağımı
götür-qoy edirdim. Və özü köməyimə
çatdı: "Hə, oğlum, bunlar məni
yaşamağa həvəsləndirən, inamımı,
gücümü artıran canlı tarixdirlər. O zaman xidmətdə
fərqlənmək və uğura imza atmaq çox çətin
idi və bizlər çalışırdıq ki, həmişə
qeyri-millətlərdən fərqlənək".
Altay müəllim,
sizə veriləsi çoxlu suallarım var. Ancaq ilk sualım adınızla bağlı
olacaq. Adınızı
kim qoyub
və nə üçün Altay?
"Adımı
atam qoyub. Ata-babalarımızın ilk yurdu, ilk beşiyi olan və bu
gün də hər bir türk
oğlunun adını
qürurla çəkdiyi
qədim Altay dağlarının
şərəfinə. Ailədə beş
uşaq olmuşuq. Zivər, Şərqiyyə, Oktay, mən və qardaşım Gəray.
Daxili işlər orqanlarına gəlməyim
isə belə olub...
Mən uşaq vaxtı hərbçi
olmaq istəyirdim. Ancaq valideynlərim razılıq vermirdilər.
İndiki Azərbaycan Pedaqoji Universitetinin Tarix fakültəsini
bitirdikdən sonra hərbi xidmətə getdim. Hələ
ordudaykən zabitlər kursunu bitirdim. Təxris olunduqdan sonra Vətənə
qayıtdım. O vaxt milisə girmək elə də asan deyildi.
1969-cu ildə qərar qəbul olunmuşdu ki, qabaqcıl fəhlələr,
işçilər partiya təşkilatlarının göndərişi
ilə milisdə işləməyə göndərilsinlər.
Mən də Əzizbəyov Rayon Partiya Komitəsinin göndərişi
ilə daxili işlər orqanlarına üz tutdum.
Sözün düzü, qəbul məsələmi
yubadırdılar. Bir az çək-çevirdən sonra
1971-ci ilin noyabrında məni Azərbaycan SSRİ-nin daxili
işlər naziri Arif Heydərov qəbul etdi. O, mənə
harada işləməyə həvəsin var deyəndə:
hara göndərsəniz orada da etimadınızı
doğruldacağam dedim. Nazir Siyasi İşlər üzrə
Şöbəyə tapşırıq verdi ki, məni ora təlimatçı
götürsünlər. İki il yarım orada işlədim.
Təlimatçı vəzifəsinə irəli çəkildim
və 1974-cü ilin iyun ayında Dəmir Yolu Milis Şöbəsinə
siyasi tərbiyə işləri üzrə rəis müavini
göndərildim. İşləyə-işləyə
SSRİ Daxili İşlər Nazirliyi Akademiyasının Rostov
fakültəsini bitirdim. Bilirdim ki, bu iş çox çətin
və məsuliyyətlidir. Çünki kommunist
partiyasının ideoloji tələblərinin təbliğatını
aparmaqla, əsl "sovet vətəndaşı"
yetişdirmək kimi məsuliyyətli bir vəzifə
daşıyırdıq. 1975-ci ilin dekabrında isə
Aeroportda Milis Şöbəsinə əməliyyat işləri
üzrə rəis müavini təyin edildim və heç 9
ay keçməmiş həmin şöbənin rəisi vəzifəsini
mənə həvalə etdilər. Aeroportda
çalışmaq daha məsuliyyətli idi. Çünki
gömrük, sərhəd xidmətləri fəaliyyət
göstərmirdi. Aeroport milisi həm təhlükəsizliyi
qoruyurdu, həm də cinayətkarlıqla mübarizə
aparırdı. Yaxşı xatırlayıram. Ulu öndərimiz
Heydər Əliyev Respublika Partiya Komitəsinin I katibi idi. O, təyyara
ilə səfərlərə gedəndə onu biz yola salar,
biz qarşılayardıq. Bəzən neqativ hallarla, hətta
təyyarəqaçırma hadisələri ilə də
üzləşmişik. Yeri gəlmişkən, bir hadisəni
sizə danışım. Səhv etmirəmsə, 1980-1981-ci
il idi. Novruz bayramına hazırlıq gedirdi. Birdən xəbər
verdilər ki, bir nəfər İrəvana uçan təyyarəni
qaçırıb. Təcili İrəvana zəng vurub əlaqə
saxladım. Ordan bildirdilər ki, təyyarə İrəvandadır.
Təyyarəni qaçıran oğlan erməni idi.
Maraqlı məqam o idi ki, onu milislər gələnə qədər
təyyarə heyəti zərərsizləşdirə
bilmişdi. Biz onun ünvanını götürdük. Məlum
oldu ki, o, ruhi xəstə kimi qeydiyyatda olub.
Hətta təyyarə
qaçırmağa cəhdin qarşısını biz
parapsixoloq Tofiq Dadaşovun köməkliyi ilə də
almışıq...
1986-cı ilin yanvar ayında məni
Əzizbəyov Rayon Daxili İşlər Şöbəsinə
rəis göndərdilər. Düzü buna çox sevindim.
Çünki atamın ocağı, evimiz bu rayonda idi. Demək
olar ki, atama görə bizi hamı tanıyırdı. 1992-ci
il iyun ayının 1-də 54 yaşında milis polkovniki kimi təqaüdə
göndərilmişəm. Təqaüdə
çıxmağımın 20 ili bu ilin iyun ayında tamam
olacaq"...
Bu qocaman paqondaşım təkcə
milisdə öz xidməti borcunu yerinə yetirməyib, həm
də daxili işlər orqanlarının daha geniş fəaliyyəti,
inkişafı üçün çalışıb. Keçmiş
Əzizbəyov rayonunda 50 adamlıq yeməkxana tikdirmiş,
kriminalistika kabineti və fotolaboratoriya yaratmışdır. O,
Əzizbəyov Rayon Daxili İşlər Şöbəsində
rəis işləyərkən ən böyük
arzularından birini-milis əməkdaşlarından ibarət
atlı patrul xidməti yaratmaq üçün ölkənin ən
çətin vaxtında Ağstafa atçılıq
sovxozundan 14 baş at almış, idarənin həyətində
tövlə belə tikdirmişdir. Lakin ölkədə hərc-mərclik
başladıqdan və onu işindən, sevdiyi peşəsindən
uzaqlaşdırdıqdan sonra arzusu
reallaşmamışdır.
Bu gün Azərbaycan Polisi sizi qane
edirmi sualımı həmsöhbətim belə
cavablandırdı:
"Hər kəs yaxşı
bilir ki, Ermənistanın Azərbaycana qarşı elan etdiyi
müharibədə və Qarabağ döyüşlərində
hələ ordumuzun formalaşmadığı bir dönəmdə
könüllülərdən ibarət dəstələri
öz ətrafına toplayaraq onlara təlim keçən,
silah-sürsatdan istifadə etməyi öyrədən polisimiz
böyük qəhrəmanlıqlar göstərib. Bu gün
onların sırasında yüzlərlə şəhid və
əlil var. Etiraf edək ki, digər inzibati qurumlardan fərqli
olaraq cinayətkarlıqla mübarizədə polis yenə də
ön cərgədədir. O, xalqına və dövlətinə
sadiqdir və hər an bunu nümayiş etdirir.
Ulu öndərimiz dövlətçiliyimizin
dayaqlarının möhkəmlənməsində, cinayətkarlıqla
mübarizədə və ictimai asayişin qorunmasında Azərbaycan
Polisinə güvənirdi, ona arxalanırdı. Bu gün
polisimiz inkişaf edir, sıralarını sağlam əqidəli,
vətənpərvər gənclərlə möhkəmləndirir.
Azərbaycan Polisinin inkişafı, onların həyat şəraitinin
yaxşılaşdırılması ilə yanaşı,
veteranlara qayğı, onların övladlarının polisin
sıralarına qəbul edilməsi ölkə prezidenti cənab
İlham Əliyevin və hörmətli nazirimiz, general-polkovnik
cənab Ramil Usubovun daim diqqət mərkəzindədir."...
Bu gün milis polkovniki Altay Mansurovun yolunu oğlu polis polkovnik-leytenantı
Mansur Mansurov davam etdirir. O, Xəzər Rayon Mühafizə
İdarəsində rəis
müavinidir...
Əli hələ işdən-gücdən
soyumayıb. Bir zamanlar təyyarələrinin
təhlükəsizliyini qoruduğu,
rəis kimi çalışdığı iş yerində, indiki AZALda mülki
şəxs kimi müxtəlif vəzifələrdə
işləyib. Hazırda mütəxəssis
kimi çalışır.
Deyir ki, milis də daxil
olmaqla ömrümün
25 ili hava
limanı ilə bağlıdır.
Hafiz Təmirov,
polis baş leytenantı
P.S. Qocaman paqondaşım
Altay Mansurov haqqındakı
bu yazını bitirib nöqtəsini qoyanda müdriklərdən
birinin bu fikri canlandı beynimdə: "Ləyaqətlə
yaşayan o insandır
ki, ömründən
ömürlərə nur
düşür"...
Ədalət.-2012.-25
aprel.- S.4.