Kürlə
Xəzərin qovuşduğu yer - Neftçala
Dəli Kürün mavi Xəzərlə
qovuşağında yerləşən Neftçala
rayonu ölkəmizin aqrar
rayonlarından biri hesab
edilir.Əsas məşğuliyyəti əkinçilik və
maldarlıq olan bu rayonda neft və qaz yataqlarının olması
Neftçalanın iqtisadiyyatına rəngarənglik verir. Həmişə sakit
və sabit ictimai-siyasi
həyat tərzi burdakı insanların xarakterlərinin təzahürüdür.
Halal zəhmətlə yaşamağa
üstünlük verən
neftçalalılar İstehsalatın müxtəlif sahələrində
çalışmaqla bərabər fərdi təsərrüfatlarına
da daim diqqət
göstərirlər. Kürlə Xəzərin müxtəlif
növ balıqları da
onların sosial-iqtisadi həyatlarında
önəmli rol oynayır. Bir vaxtlar daha
çox bəhrələndikləri
balıq məhsulları həm çayda,
həm də dənizdə hiss olunacaq dərəcədə
azalmışdır.
Kifayət qədər geniş əraziyə
malik olan Neftçalada oğurluq hadisələrinə
çox az hallarda rast gəlinir, baxmayaraq ki, bu çöllərdə
mal-qaraya çox zaman nəzarət edilmir. Çox nadir
hallarda baş verən ciddi cinayət hadisələrinə də
rayon sakinləri sərt təpki göstərirlər. Qonaqpərvər,
sadə insanları olan Neftçalanın qışı
mülayim, yayı isti keçir. Ancaq dəniz sahilində yerləşməsi
sakinləri bu istidən qoruyur. Bu ilin yayı isə hələ
qabaqdadır...
Uğurlar asan
qazanılmır
Son illərin uğurlu sosial-iqtisadi
göstəriciləri içərisində Neftçala
rayonunun da öz payı var. Regionlarda aparılan
abadlıq-quruculuq işləri, sosial-iqtisadi inkişaf bu
rayonda bir qədər də özünü qabarıq göstərir.
Çünki kifayət qədər geniş ərazini əhatə
edən rayon mərkəzinin özündə aparılan
abadlıq-quruculuq işləri bunu deməyə əsas verir.
Ötən il rayonda ümumi məhsul
istehsalı 152.1 milyon manat olmuşdur, adambaşına isə
1883.4 manatlıq məhsul istehsal edilmişdir.
Neftçalada dörd yeni müəssisə
yaradılmış, 624 fiziki şəxs fəaliyyətə
başlamışdır. Heç şübhəsiz ki, bu da
rayonda bir neçə yüz iş yeri olmaqla bərabər
sakinlərin sosial həyatlarına stimul verən amillərdəndir.
Son 8 ildə 4529 nəfər neftçalalı daimi iş yeri
ilə təmin edilmişdir. İndi rayonda bir işçinin
orta əmək-haqqı 234 manata yüksəlmişdir.
Arxada qoyduğumuz ildə
Neftçala rayon büdcəsinə 3 milyon 624 min manata
qarşı 4 milyon 452 min manat vəsait daxil olmuşdur.
40071 hektar payızlıq əkin
sahəsindən 102 min ton taxıl
yığılmışdır. 2109 ton tərəvəz, 374
ton kartof,1240 ton bostan bitkiləri də 2011-ci ildə əldə
edilmişdir.
Maldarlığa xüsusi fikir verən
neftçalalılar iribuynuzlu mal-qaranın sayını 40927-yə,
xırdabuynuzluların sayını isə 118146 başa
çatdırmışlar.
Bütün bu uğurlar asand
qazanılmamışdır, rayon sakinlərinə göstərilən
qayğılarla bərabər, onlara yaradılan şərait
son anda öz sözünü demişdir. Respublika
"Aqrolizinq" ASC-nin Neftçala Aqroservis filialı yerli
sakinləri mineral gübrələrlə bərabər 117 ədəd
müxtəlif növ texnika ilə də təmin etmişdir.
Bildiyimiz kimi, Neftçala rayonu
balıqçılıq təsərrüfatını
yaxşı bildiyindən bu sahə onlara daim divident gətirmişdir.
Hazırda bu sahəni daha da inkişaf etdirməg məqsədi
ilə 3 nərə balıqartırma zavodu fəaliyyət
göstərir. Ötən il bu zavodlar tərəfindən 2
milyon 997 min ədəd kiçik nərə balığı
yetişdirilib Kür çayı vasitəsi ilə Xəzər
dənizinə buraxılmışdır.
Gözəlikdir bu yerlərin hər daşı
Neftçala şəhərində
geniş küçələr, bağlar, parklar kifayət qədər
çoxdur. Mənzil Kommunal Çoxsahəli İstehsalat
Birliyinin rəisi Səadət Cəfərovla
"Xocalı" abidəsi önündə
görüşdük. Özü demiş, səhərin
gözü açılmamış küçələrdə
olan rəis bunu işinin xüsusiyyəti kimi qiymətləndirdi.
Şəhərin təmizliyinə gözəlliyinə
cavabdeh olan bu idarənin 2011-ci ldəki uğurlarını
bildiyim üçün rəisdən bu ilin birinci
rübündəki iş-gücündən
danışmağı xahiş etdim:
-Şəhərin təmizliyini,
yaşıllığını qorumaq elə də asand deyil.
Hər gün bu şəhərin ilk işbaşında olan
adamı bizik. Birinci rübdə 192 min kvadratmetr ərazidə
təmizlik, 2700 kvadratmetr ərazidə isə
yaşıllıq işləri aparmışıq. Ötən
ildən isə abadlıq, yenidənqurma işlərini yenidən
genişləndirmişik. Heydər Əliyev prospekti buna bariz
nümunədir. Bu prospektin sonunda bulvar tikintisinə start
vermişik. Burada yerləşən inzibati və
yaşayış binalarının dam örtüklərinin,
fasatlarının müasir memarlıq üslubunda yenidən
işlənməsi, piyada yolunun genişlənməsi prossesi
arxada qalmışdır. Şəhərdəki binaların
dam örtüyünün dəyişdirilməsi davam
etdirilir. Şəhərdəki məhəllələrdə
sakinlərin istifadə etdikləri xeyir-şər yerlərinə
təzədən əl gəzdirmişik. Gördüyünüz bu "Xocalı" abidə-kompleksinin
qara və ağ
qranitlə yenidən işlənməsi, ətrafının
abadlaşdırılması xeyli vaxt apardı. Ancaq nəticədə
gözəl bir mənzərə
yarandı. Görüləsi işlərimiz hələ çoxdur, sağlıq olsun,
bir-bir hamısını həyata
keçirəcəyik".
Səadət Cəfərovla
söhbətimiz bir xeyli də uzana bilərdi, lakin onu şəhərin
digər hissəsində daha vacib işlər gözləyirdi.
(ardı
gələn sayımızda)
Səxavət
Məmmədli,
Azərbaycan Respublikasının
Prezidenti yanında kütləvi
informasiya
vasitələrinin inkişafına
dövlət dəstəyi
fondunun maliyyə yardımı ilə
Ədalət.-2012.-26 aprel.- S.7.