İstiqlal şairimizin
tərcüməçilik fəaliyyəti
5 may
1892-ci ildə dünyaya göz açan Əhməd Cavad,
taleyin ona ayırdığı ömür və fəaliyyət
payının yaşandığı elə bir dövrdə
yazıb yaratmışdır ki, bu zaman onun qismətinə
bilavasitə millətinə, milli dövlətçiliyinə
xidmət missiyası, xalqının xoşbəxtliyi
uğrunda canını belə fəda etməkdən çəkinməmək
xoşbəxtliyi düşmüşdü. Buna görə də
onun poetik ustalığı da birbaşa milli zəmin üzərində
formalaşmış, öz təkraredilməz biçimini
almışdı. Bu proses bir tərəfdən, klassik Şərq
və Azərbaycan ədəbiyyatının ölməz
simalarının yaradıcılığının, digər
tərəfdən, Azərbaycan milli mentalitetinin və bu
mentalitetin ayrılmaz atributu olan şifahi xalq ədəbiyyatının,
başqa tərəfdən isə mütərəqqi
ideyaların daşıyıcısı olan klassik və
çağdaş dünya, başlıca olaraq Qərb və
rus ədəbiyyatından bəhrələnməklə
baş vermişdi. Ümumilikdə isə bütün bu ədəbi-bədii-estetik
kontekst bir forma rolunu oynayaraq, Əhməd Cavadın həyat və
yaradıcılığının başlıca məna və
mahiyyətini təşkil edən milli istiqlal ideeyalarının
bədii təcəssümünə xidmət etmişdir.
Elə ona görə də
şair yaradıcılığının son illərində
tərcüməçilik fəaliyyətinə daha çox
yer vermiş, orjinal şerləri ilə deyə bilmədiklərini
oxucularına tərcümələrinin dili ilə çat-
dırmağa çalışmışdı.
Azərbaycanda elmi və ədəbi
əsərlərin tərcümə tarixi çox qədimdir.
Belə ki, min illər bundan əvvəl müxtəlif ölkələrdə
yaranmış folklor nümunələrinin, mifologiyanın,
klassik əsərlərin ayrı-ayrı motivlərinin bizim
xalq arasında yayılması, folklorumuza, ədəbi, elmi və
bədii fikrimizə sirayət etməsi bizim xalqın
yaratdıqlarının isə onlara təsirində
qarşılıqlı mədəni əlaqələrin,
şifahi və yazılı tərcümələrin rolu
böyük idi. Elə buna görə də ən qədim
zamanlardan gözüaçıq, bilikli, ziyalı, adamlar
başqa dillərdən, xüsusən qabaqcıl xalqların
dillərindən elmi, ədəbi əsərlərin tərcüməsinə
çox fikir vermişlər. 1930-cu illərdə Azərbaycanda
tərcümə əsərlərinin artdığı, bədii
tərcümə işinin inkişafı mərhələsi
dövrü sayıla bilər. Bu dövrdə H.Cavid,
S.Mümtaz, H.Zeynallı, B.Musayev və onlarca başqa görkəmli,
ad-sanlı şair, elm xadimləri, tərcüməçilər
yetişdirmişdi". Bu qələm sahibləri cürbəcür
bəhanə və vasitələrlə,guya, xalqa, dövlət
mənafeyinə ziyanlı mövqe tutduqlarına görə
sıxışdırılırdılar.Belə ağır
zamanda onlar tərcümə yaradıcılılqlarına
daha çox fikir verirdilər.
Belə ədiblərdən biri də
milli şairimiz Əhməd Cavad idi. Tanınmış alim, ədəbiyyatımıza
dair samballı əsərlər müəllifi, şairin
yaradıcılığına qiymətli bir monoqrafiya həsr
edən akademik Bəkir Nəbiyev Ə.Cavadın bədii tərcümə
yaradıcılığı haqda yazır: "Orijinal əsərlərini
yazdığı türk-azərbaycan dili ilə yanaşı
Ə.Cavad fars, ərəb, rus, gürcü, ləzgi dillərini
mükəmməl bilirmiş. O, xalqlar arasında dostluğun
qarşılıqlı ədəbi-mədəni əlaqələrin
inkişafında bədii tərcümənin roluna
böyük əhəmiyyət verirdi." (50. 115)
1920-30-cu illərdə Ə.Cavad bədii
tərcümələrinin yüksək səviyyəsinə
görə də məşhurlaşaraq diqqət mərkəzində
dayanırdı. Şair başqa tərcüməçilər
kimi tərcümə edəcəyi əsəri sifarişlə
götürmürdü. O, özünün nəzərini cəlb
edən, yaradıcılıq üslubuna və ideya-estetik
prinsiplərinə uyğun gələn əsəri tərcümə
edirdi. Ə.Cavad tərcümə
etdiyi əsərlərdə mübarizlik, simvolik cizgi və ştrixləlr axtarır,
çalışırdı ki,götürdüyü
əsəri orijinalda olduğu
kimi - vəzn, qafiyə və digər ölçüləri
saxlamaqla, bütün
qayda-qanunlara əməl etməklə tərcümə
etsin. O, buna əksər
hallarda nail olurdu.
1911-ci ildə Tolstoyun "İlyas
və onun övrəti Şam Şimşəqi" adlı
hekayəsini tərcümə edərək "Səda" qəzetinin
may və iyun nömrələrində çap etdirən Ə.Cavad
elə həmin illərdən tərcüməçiliklə,
tərcümə tarixi və tərcümə əsərlərilə
maraqlanmış, imkan düşdükdə özü də
bədii tərcümələr etməyə
başlamışdı. Xüsusən, 30-cu illərdə
dünya və rus ədəbiyyatı nümunələrinin
dilimizə çevrilməsində Ə.Cavad xidmətləri
böyükdür. Ə.Cavadın tərcüməsilə
işıq üzü görmüş əsərləri nəzərdən
keçirsək, bunun şahidi olarıq. Bu siyahıda
Ş.Rustavelinin "Pələng dərisi geymiş pəhləvan",
A.S.Puşkinin "Kapitan qızı", "Tunc
atlı" əsərləri və xalq nağılları əsasında
yazılmış "Qızıl xoruz", "Padşahın
ölmüş qızı və yeddi bahadır"
nağlları, İ.S.Turgenevin "Atalar və oğullar"
romanı, F.Berezovskinin "Ana", M.Qorkinin
"Uşaqlıq" adı ilə "Mənim
darülfünunlarım" əsərləri,
T.Şevçenkonun "İşçi qadın"
poemasını, "Kobzar"ı (M.Müşfiqlə
birlikdə), A.S.Novikovun "Sualtı səfər"
romanını, V.Şekspirin "Romeo və Culyetta",
"Otello" faciələrini, H.Kunutun "Aclıq",
B.Roninin "Od uğurunda mübarizə", F.Rablenin
"Qarqantua və Pantaqruel" əsərini və s. daxil edə
bilərik. Şair bu ədiblərin məşhur əsərlərini
tərcümə etməklə ədəbiyyatmıza misilsiz
xidmətlər göstərmişdir. Lakin Ə.Cavada bunu da
çox gördülər, belə ki, tərcümələrinin
bir hissəsinin işıq üzü görməsinə
baxmayaraq böyük bir qisminə çap olunmağa icazə
və imkan verilmədi, çap olunan əsrlərinin adı
siyahılardan silindi, təkrar nəşrinə icazə verilmədi.
Gənc yaşlarından rus dilini
mükəmməl öyrənən Ə.Cavad tərcümələrində
əsas etibarilə bu dildən istifadə etmişdir. Rus dili
Azərbaycan ziyalılığı tərəfindən
dövrə xas olan coşğunluqla qəbul olunurdu. Belə
ki, klassik söz sənəti ilə tanış olan, ona
böyük qiymət verən ziyalılarımız rus ədəbiyyatının
Azərbaycanda milli ədəbi fikrin inkişafına kömək
edə biləcəyini başa düşərək, həm də
bu ədəbiyyat nümunələrinin təbliğinə
çalışırdılar. Lakin tərcümə barəsində
danışanda onun ancaq təbliğ məqsədi
daşıdığını desək, bu düzgün
olmazdı, çünki, tərcümə xalqların
bir-birini öyrənməsində və mədəni əlaqələrin
inkişafında mühüm rol oynayır.
Ə.Cavadın rus dilindən
başqa bir neçə dil bilməsi onun bu sahədə fəaliyyətinin
daha məhsuldar olmasına şərait yaratmışdı.
Hamıya nəsib olmayan zəngin və iti yaddaşı, dilləri
tez qavraması, yazıb-oxuma və danışma qabiliyyətinin
yüksəkliyi bədii tərcüməçilik fəaliyyətində
onun çox köməyinə gəlirdi.
Orijinaldan birbaşa dilimizə
çevirdiyi gürcü xalqının qəhrəmanlıq
eposu olan Ş.Rustavelinin "Pələng pərisi geymiş pəhləvan"
poeması buna parlaq misaldır. Məlumdur ki, tərcüməçi
tərcümə etdiyi əsərin yazıldığı
dilin incəliklərinə bələd olmaqdan başqa həm
də orijinalın mənsub oduğu xalqın məişətini,
əxlaqını, adət-ənənələrini, həyat
tərzini yaxşı bilməlidir. Məhz belə olduqda tərcüməçi
yalnız xalq həyatının lövhələrini deyil,
xalqın fikir-düşüncə tərzini də tərcümədə
lazımi səviyyədə əks etdirə bilir.
Bütün bu xüsusiyyətləri özündə birləşdirən
tərcüməçi ilk növbədə öz işinin
ustası, əsl sənətkar olmalıdır. Bu xüsusiyyətlər
Ə.Cavadın tərcümələrində
özünü qabarıq göstərir.
Ə.Cavad Gürcüstanda
yaşayıb işləyərkən gürcü dilini
öyrənmiş, onların həyatı ilə tanış
olmuşdur. Bu cəhətlərlə yanaşı şairin
poetik istedadı onun tərcüməsinin keyfiyyətini təmin
edib. Nəticədə şair Cavad tərcüməçi
Cavadı tamamlayıb. Şair "Pələng dərisi
geymiş pəhləvan" əsəri üzərində
uzun müddət işləmiş, işə böyük
qayğı və məsuliyyətlə
yanaşmışdı.
"Ə.Cavadın tərcüməçilik
fəaliyyəti ilə bağlı Tbilisi Dövlət
Universitetinin arxivindəki 1920-30-cu illərin
"Sakartvelo", "İveriya" və s. qəzetlərində
çox maraqlı bir fakt var. 1936-cı ilin "Sakartvelo"
qəzetinin may nömrəsmndə professor,
rustavelişünas alim S.İordanişvilinin "Şota
Rustaveli türk dilində" adlı məqaləsi dərc
olunmuşdur. Bu böyük alim məqaləsində Ə.Cavad
haqqında belə yazır: "gŞota Rustavelinin rus dilinə
tərcüməsi istənilən nəticəni vermədi,
özünü doğrultmadı. Tərcüməçilər
vəzn və qafiyə ölçülərini saxlaya bilməmiş,
orjinaldan kənara çıxaraq istədikləri kimi tərcümə
etmişlər. Nəhayət, mən eşidəndə ki, Azərbaycanda
Şota Rustavelinin bu əsərinin tərcüməsinə
başlanmışdır, sevincdən həmkarlarımı bu
münasibətlə təbrik də etdim. Mən müəyyən
dairələrdən öyrəndim ki, tərcümə
üzərində yaxın dostum, azərbaycanlı,
"gürcü dilində gürcüləri
çaşdıran", Gürcüstanın qədim tarixini
əla bilən Əhməd Cavad çalışır. Mən
bu günlərdə Tbilisiyə gələn Ə.Cavadla
görüşüb söhbət etdim, o, mənə Şota
Rustavelinin əsərini "diriltməyə" söz verdi.
Biz rustavelişünaslar və gürcü xalqı
inanırıq ki, Əhməd Cavad bu çətin işin
öhtəsindən ləyaqət və layiqincə gələcək,
gürcü xalqı Şota Rustavelinin "dirildiyi"
gün deyə həmin günü bayram edəcəkg".
Şair bütün ciddi-cəhdilə
bu böyük əsəriAzərbaycan xalqının adına
layiq tərcümə etməyə
çalışırdı. 1936-cı ilin "Ədəbiyyat"
qəzetində əsərin tərcüməsi haqqında o,
özü belə yazırdı: "gRustavelinin işlətdiyi
vəzni əsasən saxladım. Mən cəsarət edib
şəkli məzmuna qurban verdim, dördlüklərin hər
üçüncü misrasını sərbəst
buraxdım, əvvələn bu şəkil bizdə daha
çox məqbuldur, ikincisi, məzmunun bütövlükdə
qavranılması üçün çox əlverişlidir
ki, tərcüməni dinləyən gürcü və azərbaycanlı
elmi işçilər bunu bəyəndilər". Ə.Cavadın
bu sözlərinin doğruluğunu hətta görkəmli
rustavelişünas İ.Abuladzenin dediklərindən də
görmək olur: "ghələ 1936-37-ci illərdə
gürcü rustavelişünasları həmin tərcüməyə
yüksək qiymət vermiş və mütərcimin məharətini
xüsusi qeyd etmişlər. Qəzetlər xəbər verirdi
ki, tərcümə çapa hazırlanır, şərhləri
İ.Abuladze yazır. Kitab Azərbaycan rəssamlarının
orjinal illüstrasiyaları ilə yüksək bədii tərtibdə
nəşr ediləcəkdir".
"30-cu illərin faciəli hadisələri
ilə əlaqədar olaraq Ə.Cavadın tərcüməsi
vaxtında çap olunmadı: S.Vurğun, M.Rahim və
S.Rüstəm onlara verilmiş sətri tərcümə əsasında
"Pələng dərisi geymiş pəhləvan"ın
poetik tərüməsini hazırlayıb 1940-cı ildə nəşr
etdirmişlər. Ə.Cavadın tərcüməsi 1962-ci ildə
Azərbaycan Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat
muzeyinin fonduna daxil olmuş, başda filologiya elmləri doktoru Ə.Mirəhmədov
olmaqla bir qrup əməkdaş onu nəşrə
hazırlamışdı. Əlyazmasının bəzi səhifələri
hələ muzeyə gətiriləndən əvvəl
itmiş olduğundan həmin səhifələr vaxtilə Ə.Cavadın
özünün, sonralar isə D.Əliyevanın
hazırladıqları sətri tərcümələr əsasında
bərpa edilmişdir.
Vaxtilə muzeyin direktoru olmuş bu
sətirlərin müəllifinin xahişilə,
çatışmayan səhifələri, müqavilə əsasında
tərcüməçi-şair Ə.Ziyatay şeirlə
işləmişdir. Ədəbi əlaqələr sahəsində
tanınmış alim, gürcü dilini doğma dili kimi sərbəst
bilən filologiya elmləri doktoru, mərhum D.Əliyeva şəhadət
verirdi: "Əsəri orijinalla tutuşduranda aydın oldu ki,
öz işinə tam məsuliyyətlə
yanaşdığından Ə.Cavad tam mənası ilə
orijinala yaxın, onun ruhunu verə bilən, Ş.Rustaveli
dühasına layiq bir bədii tərcümə yaratmışdırg"
Yalnız 1978-ci ildə
"Elm" nəşriyyatı tərəfindən "Pələng
pərisi geymiş pəhləvan" əsəri Ə.Cavadın
tərcüməsi ilə, düz 41 ildən sonra çap
olundu. Həmin vaxta qədər əsər iki dəfə
(1947; 1966) S.Vurğun, S.Rüstəm və M.Rahimin tərcüməsi
ilə nəşr olunmuşdu, ancaq bu dəfə Ə.Cavadın
tərcüməsi ilə çap olunurdu. Mütəxəssislərin
fikrincə, bu tərcümə orijinalın "əks"i,
ona daha yaxın olan tərcümə sayılır.
Ə.Cavad artıq bir tərcüməçi
kimi püxtələşmişdi. Az vaxt ərzində o,
dünya ədəbiyyatnın məşhur "Romeo və
Culyetta", "Otello", "Qarqantua və Pantaqruel" və
s. əsərlərini dilimizə çevirmiş, L.Vernin,
F.Düşenin, V.Bianki və başqalarının əsərlərinin
Azərbaycan dilinə tərcüməsinin redaktoru olmuşdu.
Ə.Cavad ədəbiyyatımızı bu xeyirxah işlərilə
zənginləşdirirdi. "Otello"nu tərcümə edəndən
sonra, əsər uzun müddət Azərbaycan səhnələrini,
minlərlə insan qəlbini silkələmişdi. "Pələng
dərisi geymiş pəhləvan" əsərinin Ə.Cavad
tərəfindən tərcüməsinin kitab şəklində
çıxanadək keçib gəldiyi yol haqda akademik Bəkir
Nəbiyev yazır. 1956-cı ildə şair bəraət
alandan sonra çap olunan Şekspirin "Seçilmiş əsərlər"inin
içnə Ə.Cavadın tərcümə etdiyi
"Otello" da salınmışdı. Heç şübhəsiz
ki, şairin tərcüməçilik fəaliyyətinin ən
dəyərli səhifələrindən birini F.Pable irsinə
müraciət təşkil edir.
Ümumiyyətlə
götürdükdə isə o dövrdə dəqiq, vahid tərcümə
prinsipi, Azərbaycan dilində tərcümələrin
müxtəlifliyinə əsasən primitiv idi. Hər kəs
bacardığı kimi tərcümə edirdi və bir
çox amillər tərcüməçinin bacarıq və
qabiliyyətindən asılı idi. Tərcümələr
isə ictimai sifarişlə deyil, şəxsi arzu, istək və
təşəbbüslə edilirdi. Tərcüməçi
kadrları demək olar ki, yazıçı, müəllim və
başqa ziyalılıradan ibarət olurdu. Onlar da tərcüməyə
əlavələr edir, orijinalda ixtisar aparır və onu dəyişdirirdilər.
V.Q.Belinski vaxtilə bu barədə yazırdı: "Bədii
tərcümədə nə orijinalın müəyyən
yerlərini buraxmaq, nə əlavələr etmək, nə də
dəyişikliklər apaprmaq olmaz. Əgər orijinalda müəyyən
qüsurlar varsa da, onları da olduğu kimi vermək
lazımdır. Tərcümənin məqsədi orijinalın
dilini bilmədiyinə görə oxucuya ondan bədii zövq
almaq imkanı verməkdir".
Ə.Cavadın tərcümələrilə
və bu sahədəki fəaliyəti ilə yaxından
tanış olduqda şairin orijinaldan kənara
çıxmadığının, əlavə bəzək-düzək
vurmadığının şahidi oluruq. Ə.Cavad başqa
işlərdə olduğu kimi, bu sahədəki fəaliyyətində
də nə isə xırda bir şeylə də olsa
xalqına, vətəninə xidmət etməyə
çalışmış, bütün maneə və məhrumiyyətlərə
baxmayaraq, digər yaradıcılıq və fəaliyyət
sahələri kimi, bədii tərcümə sahəsində
də əlindən gələni etmişdir.
GÖYƏRÇİN MUSTAFAYEVA
Ədalət.-2012.-26 aprel.- S.6.