SADƏLİYƏ
HOPMUŞ TƏBİİLİK
Gördüm
qəmli baxışları,
Yaş üzümü
naxışladı...
Dərd apardı
yaxşıları,
Yer üzündə yaman qaldı.
Söz
yaradıcılığı hadisədir, bədii hadisə. Bəzən
xoruz səsi eşitməyən kəlmələri baş
sındırıb, yana-yana düzürsən, heç bir mətləb
hasilə gəlmir, hiss-həyəcan yaratmır.
Yazdıqların boyat görünür. Bəzən də hər
gün gen-bol işlətdiyin sözləri elə muncuq kimi
yan-yana sapa düzürsən. İstedadın və ilhamın
qüdrətiylə adi kəlmələrə elə rəng-ruh
verirsən, özün də bu harmonik mənzərəyə
mat-məəttəl qalırsan. Bunların misradaxili
uyarlığı necə yarandı, bunlar bir-birinə necə
pərçimləndi, məna-məzmun yükü ifadələrə
hardan hopdu?
Mərasim Hacızadənin
"Daha nəyə güman qaldı" şeirindən
götürdüyüm bu bircə bənddə əslində
ilk baxışdan qeyri-adi heç nə yoxdur. Ancaq müəllif
dilimizin ən köhnə, işlək sözlərinə
can-qan bəxş edib, dirilik verib. Necə deyərlər, bədii
hadisə yaradıb. Birinci üç misradakı həmqafiyələrə
diqqət yetirək: "baxışları, naxışlard,
yaxşıları". Müəllif forma əlvanlığı
naminə ilk iki misranı "baxışları,
naxışları kimi qəlibinə salmayıb. Əgər
həmin misralar o cür qafiyələnsəydi, bəlkə də
məzmun bu qədər dolğun, təzə-tər təsiri
bağışlamazdı. O, düzgün olaraq axtarış
aparıb, heç kəsin getmədiyi yolla addımlayaraq
"naxışla" kəlməsinə "dı"
keçmiş zaman şəkilçisini artırmaqla
yalnız özünəxas forma-qəlib yaradıb. Məhz elə
söz yaradıcılığı da budur. Həmin nümunə
çəkdiyim şeirdə xeyli sayda bu şəkildə təzəliklər,
yeniliklər var.
Müəllifin "Mütərcim"
nəşriyyatında çap olunan kitabında həqiqətən
bu cür uğurlu nümunələr toplanıb. "Xocalım,
ağrım mənim" adlanan poeziya toplusu eyniadlı lirik-fəlsəfi
poemadan və əsasən həcmcə kiçik, lakonik
şeirlərdən ibarətdir. Hələ şairin irihəcmli
poemasına keçməzdən əvvəl bir neçə
kəlmə şeirləri barədə. Mərasimin əsərlərində
Məmməd Araz nəfəsini duymamaq mümkün deyil. Bu təsir
təqlid deyil, çağdaş ədəbiyyatımıza
möhürünü vurmuş bir nəhəng söz
dahisinin sözündən barınmaq, işləmək
texnikasından yaxşıca görüb-götürmək, bəhrələnmək,
faydalanmaq deməkdir. Ola bilərdi bu heç alınmasın,
ancaq xoşbəxtlikdən Mərasimi "anası namaz
üstə doğub", yəni Tanrı ona talant verib və
o, əsasən cəhdlərində istəyinə nail olub.
Allah mənə izn
verdi,
Ən duyğulu sözün verdi.
Nə verdisə, özü verdi,
Özüm yarada bilmədim.
"Qəlbimi
günə sərmişəm"
adlanan şeirdən götürmüşəm bu
sətirləri. Bənddə
göründüyü kimi,
forma məzmunu, məzmun
formanı tamamlayıb.
Müəllif gah qulaq qafiyəsi vasitəsilə sözləri
misralarda yerləşdirir,
gah da ənənəi
qəlib və formadan istifadə edir. Forma şeirin zahiri bər-bəzəyi,
təmtərağıdır. O yerində deyilsə, ümumiyyətlə, çağdaş
heca şeirinin uğurundan danışmağa
dəyməz.
Mərasim Azərbaycanımızın cənubunda
- Astarada, ucqar dağ kəndində doğulub. Saflıq, təmizlik ruhunda, canında-qanında var. Elə
bil təbiətin min-bir işığı həm sözünə köçüb, həm də sifətinə, üzünə. Özü
şeirlərinə, şeirləri
özünə çox
bənzəyir. Müəllifin
"Payızda yazıram
şeirlərimi" və
məzmunca ona yaxın ""Payızda
çiçəkləyən alça ağacına"
nümunələrindən gətirdiyimiz misallar fikrimizi əsaslandırmaq
üçün səciyyəvidir:
Payızda yazıram şeirlərimi,
Durnalar köç edib gedən zamanda.
Payızda yazıram şeirlərimi,
Könlümdə
qəriblik bitən zamanda.
Karıxan alça ağacı payızda çiçək
açıb. Bu vədəsiz
çiçəkaçma onu elə vaxtsız
solduracaq. Şair bi qeyri-adi nadir təbiət hadisəsindən həm xoflanır, alça ağacının taleyindən
nigaran qalır, həm də vaxtsız addım atdığına görə
onu qınayır, ona acıyır. Hətta üzünü Allaha tutub, "sazaq çiçəyinə
dəyməsin deyə,
yerəmi yalvarım, göyə, bilmirəm"
çətinliyi və
çıxılmazlığı qarşısında qaldığını
söyləyir. Şeir
başdan-ayağa obrazlardır,
metaforaların sintezidir,
tapıntılardır.
Qatılıb düşmüşəm qış
qabağına,
Səni qorumaqda acizəm mən də.
Bilsəydim güman var yaşamağına,
Vallah, gizlədərdim səni sinəmdə.
Bəli, bu mərdi-mərdanə etiraf yalnız şairanə etirafdır!
Mərasim təkcə qoynunda böyüyüb-ərsəyə yetdiyi təbiətdən deyil, cəmiyyətdə gedən proseslərə də şairanə müdaxiləsini edir və həmin hadisələrdən yazır.
Bu zaman onun mövzu dairəsi genişlənir, bədii sözünün çəkisi
artır, siqləti güclənir. Şairin
"Darıxıram", "Saçlarımda bitən
ağ", "Qurtuluş
yolu", "Dünyanın
gərdişi belə",
"Həyat elə budur", "Sənə
oğul dedim",
"Bir qız əmi dedi", "Hamının axırı
bəlli", "Könlümə
bir qərib nəğmə düşübdür,
"Dərd", "Məzunlara",
"Məni məndən
qoru, Tanrım",
"Həsrət", "Burda asta gəzin",
"Şairlərin ürəkləridir",
"Bu səhər", "Qorxuram vüsalın şirinliyindən", "Sənin
etirafın, mənim tərsliyim", "Qəm
yemə" şeirlərinin
hər birində sərrast deyimlər, bədii axtarışlar tapmaq mümkündür.
Hələ yaddaşdadır özü
ilk dərsin,
Bəs nə tez ötüşdü
illər, bu nədir?
Qulaqdan getməmiş ilk zəngin
səsi,
Son zəngin sədası ürək titrədir.
("Məzunlara")
Sən puldan tut ikiəlli,
Mən də Tanrı ətəyindən.
("Hamının
axırı bəlli")
Qalxdığım
zirvədə bir nəfəs dərib,
İndi yavaş-yavaş enməliyəm
mən.
Ehmalca özüm öz qoluma girib,
Gəldiyim yol ilə dönməliyəm
mən.
("Bir qız əmi dedi")
Yarpaq düşdü, dərd elədim,
Gül üşüdü, dərd
elədim.
Hər nə etdim, mərd elədim,
Məni məndən qoru, Tanrım!
("Məni məndən qoru, Tanrım")
Mərasim Hacızadə "Xocalım,
ağrım mənim"
poemasını şair-vətəndaş
yanğısı ilə
qələmə alıb.
Əhalisi qırılmış,
pərən-pərən, itkin
düşmüş, adı
xəritədən silinmiş
Xocalı hər kəsin ağrı yeridir. Bu, vətənimizin
köksünə basılmış
sinə dağıdır!
Xocalı soyqırımı,
Xocalı hadisəsi ədəbiyyatımızın da əbədi mövzusuna çevrilməkdədir.
Bu barədə yazılıb,
yazılır, yazılacaq
da. Əsəri oxuyarkən dədə-baba
yurdumuzda törədilən
vəhşiliklər, erməni
vandalizminin iç üzü, quyruq bulayan beynəlxalq təşkilat rəhbərlərinin
ikili siyasəti, məkrli simasızlığı,
dünyanın bu dəhşətli faciəyə
biganəliyi misra-misra
baş verənləri
canlandırır. Müəllif
oxucuya dönə-dönə
təlqin etməyə
çalışır ki,
heç kəsin Xocalını unutmağa haqqı yoxdur:
Sən ey Vətən övladı,
Sən ey yurdum, yurddaşım.
Tarixim saxtalanıb,
Qayçılanıb
yaddaşım,
Naxələf qonşuların
Bizə atdığı daşı,
Unutdum, -
Sən unutma!
"Xocalım, ağrım mənim"
irihəcmli əsərdir və onu göz yaşısız
oxumaq mümkün deyil. Müəllif olduqca canlı səhnələr,
real obrazlar yaradıb. Hiss olunur ki, şair dəfələrlə
cəbhə bölgəsinə baş çəkmiş,
Qarabağ torpağını qarış-qarış gəzmiş,
müharibə qəhrəmanları ilə
görüşmüş, sonra qələmə
sarılmışdır. Poemadakı Gülnaz, Babək, Natəvan,
Babaş əmi, Anar, Bəyim, Xanım, Cavanşir, Kamal da real
obrazlardır. Müəllif ustalıqla onların daxili
dünyalarını açır, istilaya, təzyiqə məruz
qalmış, doğmalarını, odunu-ocağını
itirmiş bu insanların hər birini dindirir, səbəbkarlara,
baiskarlara nifrət yağdırır. Simvolik Ana surəti isə
ümumiləşdirilmiş Ana surətidir. O, çox mətləblərdən,
faciələrdən xəbərdar olsa da, bir çox gizlin
hadisələrdən bixəbərdir.
Ana hardan biləydi,
Anar, Bəyim, Cavanşir,
Kamal şəhid olubdur?
Xocalı boyda şəhər -
Yer üzündən silinib,
Tamam şəhid olubdur!
"Xocalım,
ağrım mənim"barədə,
onun məziyyətləri
haqda çox söz demək olar. Poemanı şəhidlik simfoniyası
da adlandırmaq mümkündür. İstər
Mərasimin ayrı-ayrı
şeirlərinin, istərsə
də, poemasının
ruhuna bir kövrəklik, həzinlik
hopub. Bu, bir tərəfdən müəllifin
müraciət etdiyi mövzularının diqtəsidir,
digər tərəfdən
onun sözə hansı bədii don biçməsinin, yanaşma
tərzinin diqtəsidir.
Bu kitab məndə nə qədər xoş təəssürat oyatdısa,
yetkin, bitkin bir şairin "mən hələ Yazıçılar Birliyinin
üzvü deyiləm"
söyləməsi həqiqətən
təəccübümə səbəb oldu. Qapıdan qovulub pəncərədən soxulanlar
birliyin biletini cibində gəzdirirlər,
o təşkilatın ən
halal üzvü ola biləcək bir söz adamı
isə kənarda qalır. Bəlkə də Mərasim təvazökarlıqdan gəlib-getmir,
bilmirəm, ancaq inanmıram ki, əgər o, yaradıcı
təşkilata yolunu
salsa, biganəliklə üzləşsin!
Ağacəfər Həsənli
Ədalət.-2012.-26 aprel.- S.7.