Həmidə
Ömərova: "Yaxşı ki, məndə
qocalmayan nə isə var
"
"Nicat
Qafuroğlunun "Ultionis" filmində oynadığım
direktor obrazı çox xoşuma gəlir"
Xalq artisti Həmidə Ömərovanın
Milli.Az-a müsahibəsi.
- Ad gününüzdür. Bu münasibətlə sizi təbrik edirəm, icazənizlə suallara keçmək istəyirəm.
Ad gününüzə xüsusi hazırlaşmağı
sevirsinizmi?
- Əvvəlki
illərdən fərqli
olaraq, bu il heç
hazırlaşmadım. Anamın
ölümündən heç
bir il
keçməyib. Qohumlarıma da, yaxınlarıma da demişəm ki, məni başa
düşsünlər. Hətta kimsəsiz bir adaya baş götürüb qaçmaq
istəyirəm ki, tək qalım. Budəfəki ad günüm anamsız
keçirəcəyim ilk doğum
günüm olacaq.
Bu il bir
çox bayramları anamsız keçirdim, daha doğrusu, keçirmədim. Mən bədbinliyə
qapanmıram, ölüm-itim
hamı üçün
var, sadəcə, ölüm növbəsinə
dayanmışıq hamımız.
55 yaşım var. İndiyə qədər elə bir ad günüm olmayıb ki, orada anam
olmasın. Bu yaşda yeganə sirdaşını - ananı
itirmək, vallah, gənc ikən ana itirməkdən qat-qat ağrılıdır.
Təbii
ki, ad günümdə,
harada oluramsa-olum, anamı xatırlayacağam,
ruhu mənimlə olacaq.
Amma bir şey var ki, bu
dəfə ad günümdə
mən azacıq da olsa, yəqin
ki, sevinəcəyəm.
Çünki hər ilin 25 aprel tarixində
əziyyət çəkirdim,
ev işləri,
bazarlıq, xörəklər
bişirmək, salatlar
hazırlamaq və s. məni yorub əldən salırdı.
Lap Rasim Ocaqovun
"Ad günü" filmindəki
qəhrəmanlardan biri
kimi süfrə arxasında hamı ilə birgə oturanda yorğunluqdan məni yuxu basırdı. Hər
il deyirdim
ki, yox, daha bəsdir! Növbəti il
ad günümü restoranda
keçirəcəyəm. Amma elə ki növbəti
ad günüm yaxınlaşırdı,
yenə qohumlarım məni dilə tuturdular ki, ad gününü evdə keçirmək daha məqsədəuyğundur. Mən də daha çox
ona görə razılaşırdım ki,
ad günümdə xəstə
anamla bir yerdə olacağam. Səbəbkarı anam olsa da, sevinirəm ki, bu ad günümü
keçirməyəcəyəm.
- Yaşınız
artsa da, gözəlliyinizi qoruyub saxlamısınız...
- Həqiqətən
deyirsən, yoxsa zarafat edirsən? (gülür). Axı siz jurnalistlər
üzümüzə kompliment
deyirsiniz, amma ürəyinizdə fikirləşirsiniz
ki, nə tez qocaldın sən! Əvvəllər güzgüyə baxmağı xoşlayırdım,
amma axır vaxtlar öz əksimə baxmaqdan qorxuram. Baxıb səksənirəmg Bədbinləşirəm ki,
İlahi, bu mənəm, mən deyiləm? (gülür).
Doğrudur, çalışıram ki, sənətimə görə həmişə
formada olum. Şükür edirəm ki,
siz varsınız, tələbələrim var,
universitet var. Şükür
edirəm ki, televiziya var, nadir halda da olsa,
filmlər çəkilir
və nadir halda da olsa, mən
o filmlərə çəkilirəm.
Bütün bu məsuliyyətlər
olmasa idi, yəqin ki, çox düşərdim,
mənəvi cəhətdən
necə qocalmışamsa,
zahirən də elə görünərdim,
yəni 80 yaşlı
bir qarı. Amma məni həmişə öz faciəmə gülə bilmək bacarığım xilas edib, özümə qəsd etməkdən çəkindirib. Elə
baxma, zarafat edirəm...
- Özünüzə vaxt ayıra bilirsinizmi?
- Yox, özün də
görürsən ki, hətta geyimimə heç vaxt ayıra
bilmirəm, ya da indi istəmirəm. Yəqin ki, insanın nəyəsə
bir marağı olmalıdır ki, özünə fikir versin.
Təkcə qadın olmaq əsas şərt deyil axı. Hərdən
fikirləşirəm ki, sənətim və tələbələrim
olmasaydı, heç özümə fikir verməzdim. Çətin
anlarda özümə qapanıb qalardım. Şükür
edirəm ki, sənətim var və mən kiməsə
lazımam
-
İndiyə qədər ən yadda qalan ad gününüzdən
bizə danışa bilərsiniz?
- Əlbəttə... Mən 23
yaşımı qeyd edirdim, bu ərəfədə də
"Qızıl uçurum" filminə çəkilirdim.
Evdə anam ilə tədarük gördük,
qonaqlarımız da gəlmişdilər. Birdən qapı
döyüldü, "Qızıl uçurum" filminin
yaradıcı heyətindən gəldilər ki, tez ol,
hazırlaş, gedirik... Qala kəndində çəkilişimiz
var. Dedim, axı bu gün mənim ad günümdür, dedilər,
çox gözəl, təbrik edirik, amma bunun bizim çəkilişimizə
heç bir aidiyyatı yoxdur. Çəkiliş ad
gününə baxmır.
Qonaqlarım artıq süfrə
arxasında oturmuşdular, mənsə getdim. Çəkiliş
qrupu ilə Qala kəndinə gəlib çatanda dedilər
ki, kamera xarab olub. Rejissorumuz Fikrət Əliyev hirslənirdi
ki, tez olun, çəkin, gün batır. Kamera təmir olunana
qədər gün batdı. Nə isə, biz o səhnəni
çəkə bilmədik. Fikrət Əliyev də dedi ki, gəlməyinə
gəlmişik, gəlin Həmidə ilə bağlı bir
başqa səhnəni çəkək. Mən evə saat
12-nin yarısında gəldim. Gördüm, qonaqlarım
çoxdan dağılışıblar, süfrə
arxasında təkcə anam əyləşib, məni gözləyir...
Ağlamaq tutdu. O zaman anam məni qucaqlayıb dedi ki, ay
qızım, eybi yox, budəfəki ad gününü
ana-balalı keçirdik.
- Bəs
yadda qalan hədiyyə?
- Mən o vaxt "Retro"
kinozalını aparırdım, ad günüm ərəfəsi
idi. Redaksiyada dedilər ki, sənə bir sevgi məktubu
yazıblar, şəklini də çəkiblər. Məktubda
yazılmışdı ki, sevirəm səni, gözəl
gözlərini, dərin mənalı, ifadəli
baxışlarını, nə bilim nə... İki səhifəlik
sevgi məktubu idi. Axırda da yazılmışdı:
"Xahiş edirəm, mənə hind filmini göstərəsən".
Sən demə, bu, sevgi məktubu deyilmiş, bütün bu tərifnamələr,
komplimentlər, şəkillər hind filmini göstərməyim
üçün imiş (gülür). Bu, mənim
üçün ən qeyri-adi sürpriz idi.
Bir dəfə də Şəkidə
bir film çəkirdik, o da mənim ad günümə təsadüf
edirdi. Çəkiliş qrupu çəkilişə
getmişdi. Həmin gün çəkilişim
olmadığından geyim üzrə rəssam Tanya ilə
mehmanxanada qalmışdım. Dedim, bu gün mənim ad
günümdür, gedək, bazarlıq edək, Tanya həvəslə
razılaşdı. Bazara gedən yolda arxamızca bir oğlan
düşdü, biz dükana getdik, o da dükana girdi, biz
çıxıb qaçdıq, o da arxamızca
qaçdı. Axırda onu birtəhər azdırıb
heç nə almadan mehmanxanaya qayıtdıq. Dedim ki, hə,
Tanya, yaxşı aldatdıq hərifi. Bir də gördüm
ki, qapı döyülür. Qapını açanda
gördüm ki, həmin oğlan dayanıb heyran-heyran mənə
baxır. Dedi: "Nə olar, mənə bir rubl ver də"...
- Bəs
sənət adamlarından kimlər sizi təbrik ediblər?
- Sənət adamlarından da məni
təbrik edənlər çox olub. Bir dəfə Azərbaycan
kinematoqrafçılarının növbəti qurultayı
idi. Qurultayın 2-ci hissəsi başlamazdan əvvəl
kinostudiyanın rejissorlarından biri olan Fərəməz
çıxdı səhnəyə və elan etdi ki,
yoldaşlar, bu gün gənc aktrisamız Həmidə Ömərovanın
ad günüdür. Mənə böyük bir gül dəstəsi
təqdim etdi.
Bir dəfə də Muxtar Maniyev evə
zəng etdi ki, Həmidə, tez ol, düş
aşağı, vacib işim var səninlə, tez ol,
ölüm-dirim məsələsidir. Həyəcanla
düşdüm aşağı. Gördüm... dayanıb
yolun o biri tərəfində, əlində də çox
böyük qızılgül dəstəsi. Güldü...
Gülləri mənə təqdim edib, ad günümü təbrik
etdi. Çox sağ olsunlar. Belə qeyri-adi sürprizlər
çox olub.
- Belə başa düşdüm
ki, gülləri sevirsiniz...
-
Gülləri kim sevmir ki?
-
Sevənləriniz çoxdur, yolda sizə yaxınlaşıb
söhbət etmək istəyənlər olur?
- Mən xalqın aktrisasıyam,
metroda, avtobusda, bir sözlə, şəhər nəqliyyatında,
qara eynəyimə baxmayaraq, kimsə məni tanıyıb
soruşanda ki, siz filankəssiz, hətta cavab verəndə ki,
xeyr, filankəs deyiləm, inanmırlar. Deyirlər ki, sizi səsinizdən
tanıdıq. O zaman fikirləşirəm ki, özüm
qocalsam da, səsim qocalmır. Yaxşı ki, məndə
qocalmayan nə isə var (gülür).
- Tələbələriniz
var. Necə düşünürsünüz, kino tənqidçiləri
yetişirmi?
- Əlbəttə ki,
çalışsalar, yetişə bilərlər. İstedadlı
gənclərimiz var. İndi çox deyirlər ki, kino yoxdur,
teatr yoxdur, kino tənqidçiləri yoxdur. Bizim xalqda
başqasını tənqid etmək xüsusiyyəti
çox inkişaf edib. Bəzən deyirlər ki, axır
vaxtlar televiziyada görünmürsüz. Soruşuram ki, siz
axırıncı dəfə televizora nə vaxt
baxmısınız? Gülüb cavab verirlər ki, heç
vaxtımız olur ki, səhərdən axşama qədər
işdə oluruq. Hər şey yaxşı olacaq, inşallah,
təki xoş niyyətlər olsun.
-
Çinarə, Zümrüd, Nazlı, Telli... Bəs bu gün
hansı filmlərdəki rollarla yadda qala bilərsiniz?
- Çox nigaran
qalmışam Nicat Qafuroğlunun "Ultionis"
filmindən. Çünki bir ay bundan qabaq biz çəkilişləri
davam etdirməli idik, amma hələ
bir xəbər yoxdur. Çox istərdim ki,
çəkiliş uğurla
tamamlansın. Bu filmdə oynadığım
direktor obrazı çox xoşuma gəlir, Nicata inanıram. Bir aktrisa kimi məni tam qane edən obraz, hələ ki, təklif olunmayıb.
Amma ümidimi üzmürəm...
- Sizcə, ideal insan necə olmalıdır?
- Sadəcə,
gözəl insan var.
Biz ideallaşdırmağa meylliyik.
- Dünya kinosunda kimə pərəstiş
edirsiniz?
- Dünya kinosunda şəxsiyyət
kimi Odri Höpberni ideallaşdırıram.
Ömrümün sonuna qədər
qəhərlə xatırlayacağım,
sevəcəyim, unuda bilməyəcəyim surət
isə anamdır.
Mənim
anamı yaxşı tanıyanlar deyə bilərlər ki, anam çox güclü qadın olub. Mənə qarşı bəzən
sərt olub. Amma ömrünün son 7
ili biz vəzifəmizi
dəyişmişdik, o, mənim
balama, mən isə onun anasına
çevrilmişdim. Anam gülə-gülə
dünyasını dəyişdi,
mən onun o baxışlarını unuda
bilməyəcəyəm, özümlə
qəbrə aparacağam.
- İndiki rejissorların
səviyyəsindən necə,
razısınız?
- Mən bilirəm ki, istedadlılar var, sadəcə olaraq o istedadı büruzə vermək üçün
imkan və şərait lazımdır.
İncəsənət sərbəstliyi
sevir, bir az da sərbəstlik lazımdır.
Güclü rejissor məktəbi
olmalıdır.
- Əgər yaxşı
ssenari yazan yoxdursa, güclü rejissor nə edə bilər?
- Güclü rejissor zəif ssenarini öz rejissor təxəyyülü
ilə gücləndirə
bilər, zəif rejissor isə güclü ssenarini heç edər. Bizdə ssenari müəllifləri
ilə rejissorların
bir məxrəcə gələ bilməmək
problemi də var.
- Hazırda seriallar çəkilir, amma sizi nədənsə o seriallarda görmürük.
Səbəb?
- Bir neçə seriala dəvət gəlib, ürəyimcə olmadığına
görə imtina etdim. Amma heç peşman
da deyiləm. Ciddi bir obraz yaratmaq
istəyirəm. İstəyirəm ki, tamaşaçılarım
məni fərqli bir xarakterdə görsünlər.
- Sizcə, çox gözləməli olacaqsınız?
- Mən gözləməyə alışmışam.
Həyat möcüzələrlə
zəngindir, elə də ola
bilər, belə də.
- Qazandığınız hörmət
ilə bir çoxlarından seçilirsiniz.
Sonda sizi sevənlərə, sizə
pərəstiş edənlərə
nə demək istərdiniz?
- Onlara arzulayıram ki, heç vaxt tənhalıq hiss etməsinlər.
Həmişə ətraflarında istədikləri, dəyərləndirdikləri
insanlar olsun. Həyatda hər şey onsuz da çətinliklə
əldə olunur.
Həyatları mənalı olsun
və heç vaxt həyata gəldiklərinə peşman
olmasınlar, şükürlü
olsunlar.
Ədalət.-2012.-26
aprel.- S.8.