Kürlə Xəzərin qovuşduğu yer - Neftçala

 

   (əvvəli ötən sayımızda)

  

   "Tikdim ki, izim qala"

 

   Neftçala rayon Mədəniyyət şöbəsində çalışan Çingiz Məmmədov da digər yerliləri kimi öz rayonunun iqtisadi həyatını izləməklə bərabər, camaatını da çox sevir. Həyata keçirdikləri mədəni-kütləvi tədbirlərdən, geniş qeyd etdikləri bayramlardan həvəslə danışan Çingiz müəllim "Muğam" teatrının sakinlərə xidmətini də unutmadı:

   -Bütün bunlar işin mənəvi tərəfidir. Bu bizim işimiz olduğundan tərif kimi çıxmasın deyə bu barədə daha danışmayacağam. Ancaq bu rayonda hər gün genişlənən tikinti-abadlıq işlərindən danışmasam olmaz. Yəqin ki, "Tikdim ki, izim qala" ifadəsi elə-belə yaranmayıb. "Dördlər" MMC Astanlı kəndində 220 şagird üçün orta məktəb binası inşa etdi ki, iki göz istəyir tamaşa eləsin. 1 milyon 68 min manata başa gələn bu məktəb astanlılara gözəl bir hədiyyədir. Belə bir məktəbin tikintisinə Xıllı qəsəbəsində də başlanmış, xeyli iş görülmüşdür. 39 saylı Yol İstismar İdarəsi yolların təmir işlərini daim diqqətdə saxlayır. Ötən il kollektiv 825 min manat dəyərində yol-təmir işləri görülmüşdür. "Delta" MMC ötən il Səhiyyə və Mədəniyyət obyektlərində 60 min manatlıq təmir işi aparmışdır. Rayonda fəaliyyət göstərən "Aqrotikinti" ASC isə təhsil müəssisələrində 160 min manat həcmində təmir işini həyata keçirmişdir. Heydər Əliyev Fondunun təşəbbüsü ilə 2005-2011-ci illərdə rayonumuzda 4 məktəb binası inşa edilib. Yola saldığımız ildə orta məktəblərin, uşaq bağçalarının əsaslı təmir işlərinə 161 min manat vəsait qoyulmuşdur. Mayak kəndindəki 20 yerlik uşaq bağçasının tikintisi başa çatdırılmışdır. Şəhərdəki 2 saylı uşaq bağçasındakı təmir işləri isə sona yetmək üzrədir. İzi qalacaq belə işlərimizin miqyası hər gün genişlənir, böyüyür. Qoy olsun, bu bizim şəhərimizin, kəndlərimizin simasıdır axı.12 məktəb binasının tikintisi, 28 məktəb, 6 uşaq bağçasının təmiri də hələ bizi gözləyir. Hər gün artan iqtisadi yüksəlişimiz bunların öhtəsindən gəlməyə bizə əsas verir. Biz neftçalalılar öz rayonumuzun böyüməsində, gözəlləşməsində çox maraqlıyıq.

 

   Sağlam cəmiyyətə sağlam da insan lazımdır

 

   Hər hansı cəmiyyətin sağlam insanlara ehtiyacı doğurdan böyükdür. Bu mənada respublikada son illər aparılan sağlam ailə, sağlam insan layihələri ölkənin ümumi inkişafına müstəsna xidmət edir.

   Neftçala Mərkəzi Rayon Xəstəxanası rayon mərkəzindən xeyli uzaqda yerləşməsinə baxmayaraq bağ-bağçaları, həyət-bacası, yaşıllıqları xüsusi qayğı ilə əhatə edilmişdir. İndi rayonda 160 çarpayılıq 2 xəstəxana, 15 həkim məntəqəsi, 4 tibb məntəqəsi fəaliyyət göstərir.

   2011-ci ildə rayonda 1145 körpə dünyaya gəlmiş, 1 yaşına kimi körpələr arasında ölüm faktı qeydə alınmamışdır. əhaliyə daha yaxşı tibbi xidmət göstərmək üçün səhiyyə işçilərinə 85.6 min manat dəyərində bərk və yumşaq inventar verilmişdir.

   Dərman preparatlarının alınmasına 174 min manat pul xərclənmişdir ki, bunun da əsas hissəsi imtiyazlı xəstələrin dərmanlarına sərf edilmişdir.

   Keyfiyyətli tibbi xidmət göstərmək üçün həkimlərin, tibb işçilərinin təkmilləşdirilməsinə daim fikir verilir.

   Neftçalada sanitar-gigiyenik qaydaların yerinə yetirilməsinə nəzarət unudulmur. Yoluxucu xəstələrə qarşı aparılan peyvəndləmə işləri də plana uyğun aparılmışdır. Bütün bunların nəticəsidir ki, ötən il Neftçalada malyariya xəstəliyinə tutulma halı baş verməmişdir.

 

   Sakinlərlə isti münasibət daha önəmlidir

 

   Rayon mərkəzindən kifayət qədər uzaqda yerləşən Neftçalanın kəndləri xeylidir. Onları yerlərdə qəbul edib dinləmək, hakimiyyətlə sadə insanlar arasında isti münasibət qurmaq sağlam mühitə xidmət edir. Ötən il Neftçala rayon İcra Hakimiyyətinin başçısı İsmayıl Vəliyev rayonun 18 inzibati ərazi nümayəndəliyində əhali ilə 45 görüş keçirmişdir.6080 nəfərin iştirak etdiyi bu tədbirlərdə 225 nəfər öz ürək sözlərini ifadə edə bilmişdir. Səmimi keçirilən belə görüşlərdə sadə insanlar tərəfindən 169 məsələ qaldırılmışdır. 35 kənd sakini yollarla bağlı öz narahatlığını vurğulamışdır. 34 nəfər isə kənd yerlərində mavi qazın verilməsinə diqqətin artırılmasını xahiş etmişdir. Daha yüksək kənd təsərrüfatı məhsulları əldə etmək istəyənlərin 23 nəfər sözçüsü isə suvarma kanallarının lildən, palçıqdan təmizlənməsinin vacib olduğunu bildirmişdir. Kadrlarla bağlı fikirlər, iradlar, təkliflər də rayon İcra başçısı ilə sakinlərin birbaşa təmaslarında müzakirə mövzusu olmuşdur. Daha 25 məsələ isə həyatın, məişətin ən müxtəlif sahələri üzrə qaldırılmışdır. Vacib olan belə görüşlər heç şübhəsiz ki, hakimiyyət və xalq arasında daha sağlam, daha səmimi, daha etibarlı ünsiyyət yaradır.

   Neftçala rayonunda bu ünsiyyətin miqyası hər gün genişlənir. Demək daha böyük uğurlar hələ qabaqdadır.

 

 

   Səxavət Məmmədli

 

  Azərbaycan Respublikasının Prezidenti yanında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi fondunun maliyyə yardımı ilə

 

  Ədalət.-2012.-27 aprel.- S.7.