"NOVRUZ"

 

   Bu bayram hədiyyəsini bizlərə "Təhsil" nəşriyyatı bağışlayıb

 

   Sizə təqdim etdiyim bu kitabın araya-ərsəyə gəlməsində Azərbaycan Respublikasının Mədəniyyət və Turizm naziri cənab Əbülfəs Qarayevin birbaşa xidməti var. Çünki Əbülfəs müəllim bu layihənin rəhbəri və ön sözünün müəllifidir. Məhz ön sözdən başlayan kitabın ilk cümlələri görülən işin alqışa, sayqıya, diqqətə layiq olduğunu birmənalı şəkildə təsdiqləyir. Əgər diqqət yetirsəniz, həmin kitabın ilk cümlələri belədir: "Novruz sayalı bir alqışdır. Novruzda istənilən diləklər yerinə yetir. Novruz axşamı görülən yuxu çin olur. Siz də bu kitabı Novruz alqışları ilə açın!"

   Bəli, həmin o müqəddəs alqışları ürəyimdən keçirib dilimə gətirərək kitabdakı mətnləri, müəllifləri hörmətli Ədalət Vəliyev və Vaqif Bəhmənliyə, eləcə də kitabın naşiri, öz işinin ustası dəyərli Bəhruz Axundova minnətdarlıq hissi ilə kitabın vərəqlərini bir-bir çevirirəm, təbii ki, öncə tamaşaçı marağı ilə. Çünki bu kitabda kifayət qədər maraqlı fotolar, ilisturasiyalar, mənzərələr və ən vacibi reallığı yaddaşa köçürmüş anlar var. O anlar ki, biz onları televiziya ekranlarından da izləmişik.

   "Novruz" kitabı Ulu öndərin Azərbaycan xalqına ünvanlanan və hər kəs üçün dünya çapında vəsiqə ola biləcək müdrik fikirlərlə başlayır. "Novruz" bayramı ürəklərdə saf duyğuların oyanması, insanlar arasında səmimiyyət, mehribanlıq və qardaşlıq tellərinin möhkəmlənməsi, onların bir-birinə qayğı və diqqətlərinin artırılması üçün gözəl zəmin yaradır. Yaxınların yad olunması, umu-küsülərin, kin-küdurətlərin aradan qaldırılması cəmiyyətdə qarşılıqlı xoş münasibətlərin bərqərar olması Novruzun əsrlərin süzgəcindən keçərək formalaşması gözəl ənənələrdəndir". Məhz bu dəyərli fikirlərin ardınca onun davamı olaraq Azərbaycan prezidenti İlham Əliyev vurğulayır: "Ailə dəyərləri, bizim milli-mənəvi dəyərlərimiz, ənənələrimiz, bizim mədəniyyətimiz, tariximiz - bütün bunlar Azərbaycan xalqını qorumuşdu. Uzun illər, əsrlər boyu biz başqa ölkələrin tərkibində yaşamışıq. Amma milli xüsusiyyətlərimizi itirməmişik..."

   Bir növ oxucu üçün kitabın mahiyyətini əks etdirən bu fikirlərin ardınca kitabdakı fəsillər diqqətimi çəkir. Demək olar ki, Azərbaycanın ən böyük mədəni, mənəvi sərvəti olan Novruz bayramı ilə bağlı ölkənin mədəniyyət və turizm nazirinin söylədiyi fikirlər bütövlükdə kitabın həm də mahiyyətini açır, onun barəsində oxucuda artıq müəyyən bilgilərin formalaşmasına ipucu verir. O ki, qaldı kitabın ayrı-ayrı fəsillərə bölünməsinə, bunun da özünəməxsusluğu var. Çünki bu kitabda xalqımızın tükənməz qüdrəti, Novruzun Azərbaycan xalqına məxsus olması əsaslandırılmış şəkildə ortaya qoyulur. Xüsusilə yazın gəlişi ilə Novruz öncəsi qalanan çərşənbələrin hər biri ayrı-ayrılıqda xarakterizə edilir. Yeddi çərşənbənin sonuncu dördünü, yəni Su, Od, Yer və Yel çərşənbələrin xalqımızın inancındakı mahiyyəti üzə çıxarılır. Bildirilir ki, ilaxır çərşənbə öz-özlünüdə bizim xoşbəxtliyimizin Novruzun timsalında göylərdən gəldiyini, bayram hazırlıqlarımızın bizə qol-qanad verdiyini, könlümüzü, ruhumuzu coşdurduğunu görməmək mümkün deyil. Ən azı həmin bayram günlərinin müəyyən məqamlarını göz önünə gətirməklə qəlbimizdə, ruhumuzda yaranan xoş ovqatı xatırlamaq dediyimizi birmənalı şəkildə sübut edə bilər.

   Novruz kitabında təkcə bayramın əhəmiyyəti, mahiyyəti deyil, eləcə də xalqımızın bu milli sərvətinin təbliği, təqdimatı da öz əksini tapıbdı. Şairlərimizin, rəssamlarımızın, bütövlükdə sənət adamlarımızın Novruzla bağlı rəsmləri, şeirləri, eləcə də xalqın inancından gələn folklorumuza söykənən ayrı-ayrı əyləncələrin, oyunların, deyimlərin bu kitabda əks etdirilməsi bizim milli sərvətimizlə maraqlananlar üçün yaxşı bir vəsaitdir.

   Xatırlatmaq lazımdır ki, "Novruz" kitabında bayram günlərinin ən xarakterik detalları, yəni səməni göyərtmək, tonqal yandırmaq, müxtəlif nəğmələr ifa etmək, Novruz geyimləri geyinmək, meyxana demək, tamaşa və oyunlar göstərib cıdıra çıxmaq, fala baxmaq, yumurta döyüşdürmək, qulaq falına çıxmaq və digər bir-birindən rəngarəng ənənələrin də nümunələri oxucuların ixtiyarına verilib. Özü də bütün bunların hamısı rəngli fotolarla, ilisturasiyalarla təqdim və təsdiq olunubdur.

   Həmçinin bu kitabda Novruz süfrəsinin, Novruz xonçasının mahiyyətinə də toxunulub. Xüsusilə Novruzun bizim müqəddəs dinimizdən də öncəki varlığı və onun əsrlərin sınağından vuruşa-vuruşa bu günümüzə gəlib çıxmasını ifadə edən tanınmışların, o cümlədən Yusif Vəzir Çəmənzəminli, Məmməd Səid Ordubadi, Hüseynqulu Sarabski, Məmmədtağı Şahtaxtlı, Məmmədhüseyn Təhmasib kimi böyük aydınların yazılarında da əks olunmuşdur. Birmənalı şəkildə demək olar ki, "Novruz" kitabı əslində Novruz bayramımız üçün yox, bütövlükdə bütün ömrümüz boyu bizimlə yol gedən sevinclərimizin müşahidəçisi, iştirakçısı ola biləcək dəyərli bir sənət əsridir. Bu albom-kitab hər birimiz üçün dünyanın istənilən nöqtəsində bizə xoş anlar yaşatmaq və bu xoş anları özümüzə uyğun bildiyimiz insanlarla bölüşmək qüdrətindədi. Yaxşı ki, ölkənin mötəbər imza sahibləri, o cümlədən də "Təhsil" nəşriyyatı belə bir hədiyyəni bizdən əsirgəməyib.

 

 

   Əbülfət MƏDƏTOĞLU

 

   Ədalət.-2012.-27 aprel.- S.7.