Rasim Balayev: "İndi Babəklik etməyin yeri deyil"

 

  "Bir neçə il ömrüm qalıb, onu da kompüter arxasında keçirmək istəmirəm"

 

   - Rasim müəllim, çoxdandı mediada görünmürsüz. Bu ilə bağlıdır?

   - Yox, görünürəm, amma televiziyalara çıxmıram. Çıxanda da qısa müsahibələr verirəm, o da baxır hansı verilişə. Mənasız yerə görünməkdənsə, görünməmək yaxşıdır. Adətən biz yeni filmlərin primyerasında görünürük. Mənim işim qəzet televiziyalara müsahibə vermək yox, filmlərə çəkilməkdir. Bunu da pis-yaxşı edirəm.

   - İşləriniz tək kinoyla bağlıdır, yoxsa teatrlara da dəvət alırsız?

   - Əvvəllər olub ki, teatrlara dəvət almışam. Amma son dövrlərdə belə bir təklif olmayıb. Həm düzünü desəm, teatr mənlik deyil. Mənimki kinodu, buna görə elə kinoda qaldım. Son zamanlar intensiv şəkildə filmlərdə rol almasam da, boş da qalmıram. Mənə ünvanlanan hər bir təklifi dəyərləndirirəm. Açığı arxasınca gözüm qalacağı elə bir rol yoxdu. Yəni elə bir rol olmayıb ki, deyəm ax, mən onu oynaya bilmədim.

   - Azərbaycan kinosunun vəziyyəti sizi qane edirmi?

   - Deməzdim ki, vəziyyət ürək açandır. Amma bir proses gedir. Bilirsiniz, ictimai formasiyanın dəyişməsi, bir ara filmlər çəkə bilməməyimiz, yaşlı nəsildən bəzi insanların dünyasını dəyişməsi kinomuza çox ciddi zərbə vurdu. Bütün bunların nəticəsində, yeni nəsil gec yetişdi. Buna baxmayaraq, ümüdverici gənclərimiz var. Mənə elə gəlir ki, yaxın gələcəkdə filmlərimiz əvvəlki kimi, bəlkə ondan da yüksək pilləyə gəlib çıxacaq.

   - Sovet dövründə çəkilən filmlərlə indiki filimlər arasında hansı fərqlər var?

   - Sovet dövründəki yaşam tərziylə indiki yaşam tərzi arasında böyük fərq var. Ümumiyyətlə, dövrlə əlaqəli müxtəlif dəyişikliklər var. Bu dəyişikliklər təbii ki, kinoda da öz əksini tapıb. Sovet hökuməti vaxtında filmlər tapşırıqla çəkilirdi. Yuxarıdan deyirdilər ki, kolxozçu, neftçi haqqında film çəkilməlidir. Amma bir şeyi deyim ki, o zaman filmlər tapşırıqla çəkilsə , kinoların öhdəsindən yaxşı gəlinirdi. Bu gün isə bir az bu mənada xaos yaranıb. Yəni müəyyən bir mövzu yoxdur ki, onun arxasınca getsinlər. Kim nəyi bacarır yazır, çəkir. İndiki zamanın yaxşı cəhətləri həm ondan ibarətdir ki, yeni texnikalar yaranıb, bu da zamanı rejissorun, operatorun çox böyük köməyinə gəlir. Həm indiki insanla otuz il bundan əvvəlki adam bir deyil. İnsanların düşüncələri, həyata baxışları dəyişib. Amma qədər dəyişikliklər olsa da, hələ mövzu cəhətdən, bədii cəhətdən dünya standartlarına cavab verə biləcək kinolarımız çox təəssüf ki, yox dərəcəsindədir.

   - Bəs çıxış yolu nədir? Bəlkə xaricdən yaxşı rejissor, operator çağırmaq lazımdı?

   - Bu, çıxış yolu deyil. Amma bunu da yoxlamaq olar. Məsələn, böyük bir sənətkarı çağırıb bizim filmlərdə rol vermək olar ya gənc aktyorlara ustad dərsləri keçə bilər. Yəni gör-götür dünyasıdır. Amma yenə deyirəm, çıxış yolunu bunda görmək olmaz, özümüz inkişaf etməliyik.

   - Teatrlar yaşlı insanları təqaüdə göndərir. Həqiqətənmi 65 yaşlı aktyor, aktrisa istirahətə getməlidir?

   - Rus teatrlarına fikir verin, 80-85 yaşında aktyorlar hələ də səhnədə rol alırlar. Məşhur bir aktyor var Vladimir Zeldin, yaşı 90-dan artıqdır, amma səhnədədir. Bilirsiniz, mən də yaşlı insanların kütləvi şəkildə teatrda qalmalarının əleyhinəyəm. Amma bəzi aktyor və aktrisaları saxlamaq lazımdır. Çünki teatrın həmişə 70-80 yaşlı aktyora ehtiyacı var. 25 yaşlı gənc bir aktyor, 80 yaşında bir insanı necə oynaya bilər? Bir aktyor fiziki cəhətdən sağlamdırsa, repertuarın öhdəsindən layiqincə gəlirsə, teatrdan uzaqlaşdırılması düzgün deyil.

   - Kinoteatrların özəlləşdirilməsinə münasibətiniz necədir? Son zamanlarda isə "Araz" kinoteatrı hərraca çıxarıldı. Ümumiyyətlə kinoteatrların özəlləşdirilməsi zəif olan kino sənayemizə bir zərbə deyilmi?

   - İndi kinoteatrlar əvvələr bizim başa düşdüyümüz kimi deyil. Bütün dünyada belədir ki, kino göstərilən yerdə mağaza da, gözəllik salonu da, kafelər də fəaliyyət göstərir. Bir növ insanlar ora istirahətə gəlir, paralel olaraq film izləyirlər. Yəqin bizimkilər belə etmək istəyirlər.

   - Müsahibələrinizin birində qeyd etmişdiniz ki, yenidən tarixi bir filmdə rol almaq istərdim. "Nəsimi" "Babəkdə"ki uğurları təkrarlamaq üçünmü, yoxsa necə?

   - Yox, vallah, bununla bağlı deyil. Bizim kifayət qədər tarixi qəhrəmanlarımız var. Düşünürəm ki, zaman varkən bu insanlar haqda film çəkmək lazımdır. Özü yaxşı filimlər çəkmək. Buna görə tarixi filmlərdə çəkilmək mənə xüsusi bir zövq verir. Bu səbbdən istərdim ki, yenidən bir tarixi filmdə çəkilim.

   - "Babək" filmində, ədalətsizliyə, zülumkarlığa qarşı, azadlıq uğrunda mübarizə aparan bir obraz canlandırmısınız. Real həyatda Rasim Balayev nəyə nələrə qarşı etiraz etmək, onu dəyişmək uğrunda mübarizə edərdi?

   - Babəki vətənini sevən, onun uğrunda mübarizə aparan bir insan kimi qələmə versək, daha düzgün olar. Babəkin qəhrəmanlığı onun kiçik bir qoşunla uzun müddət, güclü bir orduya qarşı mübarizə aparmasıdır. O ki, qaldı real həyata, düşünürəm ki, bir çox şey qaydasındadır. Düzdü, qaydasında olmayan işlər var, onlar da yəqin həll olunar. İndi Babəklik etməyin yeri deyil. Zəmanəmiz elm əsridir. Mən arzu edərdim ki, bizim gənclər elm öyrənsinlər, yeni çıxan texnikalardan istifadə etsinlər, hər şeydən məlumatları olsun. Çünki gələcək elmli adamlarındır. Vaxt gələcək ki, insanlar bir-birinə indiki kimi qol gücünə deyil, elmlə üstün gələcək.

   - Özünüzü bir rejissor kimi sınamaq fikrinizdən keçibmi?

   - Yox, heç vaxt bu haqda düşünməmişəm. Özümü rejissor kimi təsəvvür edə bilmirəm. Mənim işim yalnız yalnız kinolarda rol almaqdır. Azdan-çoxdan öhdəsindən gələcəyim bir varsa, o da budur.

   - Rasim müəllim bir ziyalı kimi Azərbaycan ziyalısını necə təsəvvür edir?

   - Düzü özümü ziyalı hesab etmirəm. Bu çox çətin bir addır. Həm hər oxuyan, əlinə kitab alıb elmlə məşğul olan adam ziyalı deyil ki. Ziyalı, adından da göründüyü kimi, ətrafa yaxşı mənada işıq saçan bir insan olmalıdır. Bu mənada Azərbaycanda ziyalı çox azdır. Dediyim kimi, heç mən özüm ziyalı deyiləm. Çünki mən işıqlı bir addam kimi qabaqda gedib, arxamca adam aparmağı bacarmıram. Mənim o qüdrətim yoxdur.

   - Rasim müəllim stolunuza baxdıqda lazımdırsa, hamısı var- kitablar, telefonlar sairə. Amma kompüter yoxdu.

   - Bir yeddi-səkkiz il bundan əvvəl otağımda kompüter var idi. Hətta bir neçə insan mənə öyrətməyə çalışdı, istəmədim. Məncə, bu da xəstəlik kimidir. "Yoluxdunsa", qurtula bilmirsən. Doğrudur, elə işlər var ki, onsuz keçinmək olmur, amma mən onsuz keçinməyi bacarıram. Qurban olum Allaha, bir neçə il ömrüm qalıb, onu da kompüter arxasında keçirmək istəmirəm.

 

 

  Elkin Xəlilov

 

  Ədalət.-2012.-27 aprel.- S.6.