"İnzibati icraat
haqqında" Qanunun təkminləşdirilməsi
zəruridir
Azərbaycan Respublikası tarixi
dövlət müstəqilliyini bərpa etdikdən sonra
hüquqi, demokratik dövlət quruculuğunu inkişaf yolu
seçmişdir.
Ölkəmiz müstəqillik əldə
etdikdən sonra ümummilli lider Heydər Əliyevin rəhbərliyi
ilə ictimai-siyasi həyatımızın bütün sahələrində
köklü dəyişikliklər aparılmış,
hüquq islahatları, o cümlədən məhkəmə-hüquq
islahatları həyata keçirilmişdir.
Hazırda bu islahatlar Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi
ilə uğurla davam etdirilir.
Aparılan hüquq
islahatlarının nəticəsində ölkəmizdə
ümummilli lider Heydər Əliyevin imzaladığı Azərbaycan
Respublikası Prezidentinin "Azərbaycan Respublikası ilə
Avropa Şurası arasında əməkdaşlığın
dərinləşdirilməsi sahəsində tədbirlər
haqqında" Sərəncamına müvafiq olaraq, polis
haqqında, prokurorluq haqqında, vəkillik haqqında, notariat
haqqında, bələdiyyələrin statusu haqqında
qanunlar, həmçinin, cinayət və cinayət prosessual məcəllələri,
mülki və mülki prosessual məcəllələri qəbul
edilmişdir.
Bütün bu qanunlar
keçmiş Sovetlər dönəminin qanunvericiliyindən
köklü surətdə fərqlənməklə, bazar
iqtisadiyyatının tələblərinə, Avropa
standartlarına uyğun qəbul edilmiş normativ hüquqi aktlardır.
Ölkədə aparılan
hüquqi islahatların tərkib hissəsi kimi, Almaniya Texniki Əməkdaşlıq
Cəmiyyətinin (GTZ) [hazırda bu təşkilat Almaniya Beynəlxalq
Əməkdaşlıq Cəmiyyəti (GİZ)
adlanır-İ.A.] yaxından köməkliyi ilə Azərbaycan
Respublikası Milli Məclisi tərəfindən 21 oktyabr
2005-ci il tarixdə qəbul edilmiş "İnzibati icraat
haqqında" Azərbaycan Respublikası Qanunu məhz
hüquqi dövlət quruculuğunun tələblərinə
uyğun olaraq qəbul edilən qanunlardan biridir.
Həmin Qanunun qəbul edilməsini
respublikamızda aparılan hüquqi islahatların gedişində
mühüm mərhələ kimi qiymətləndirmək
olar.
Almaniyanın Beynəlxalq Əməkdaşlıq
Cəmiyyətinin (GİZ) xətti ilə Qanunun izahı ilə
bağlı son bir neçə ildə respublikamızın əksər
bölgələrində tədbirlər keçirilir və
bu tədbirlərdə Ədliyyə Akademiyasının
baş məsləhətçisi Yəhya Məmmədov da fəal
iştirak edir, hazırda da bu tədbirlər davam edir.
Sovetlər dönəmində Azərbaycan
Respublikasında "İnzibati icraat haqqında" Qanun qəbul
edilməmişdi və belə bir qanunun qəbul edilməsini
həmin dövlətdən gözləmək də yersiz
olardı. Respublikamızda ilk dəfə İnzibati xətalar
məcəlləsi, Sovetlər dönəmi dövründə
İnzibati hüquqpozmalar haqqında Məcəllə
adlanmaqla, keçmiş Azərbaycan SSR Ali Sovetinin 13 dekabr
1984-cü il tarixli qanunu ilə təsdiq edilmişdi. Qeyd edilən
Məcəlləyə 11 iyul 2000-ci il tarixədək
çoxsaylı əlavə və dəyişikliklər
edilmişdi.
Keçmiş SSRİ-də, bir
qayda olaraq, inzibati icraat dedikdə, ilk növbədə,
inzibati xətalar barədə məcəllə yada
düşürdü. Lakin əslində belə deyildir. Əgər
inzibati xətalar haqqında məcəllə inzibati məsuliyyətin
əsaslarını, inzibati xətalar qanunvericiliyinin vəzifələri
və prinsiplərini, inzibati xəta və inzibati məsuliyyət,
inzibati məsuliyyəti istisna edən hallar, inzibati tənbeh tədbirləri,
inzibati tənbeh tətbiq etmə qaydaları, ayrı-ayrı
inzibati xətaların növlərini nizama salırdısa,
"İnzibati icraat haqqında" qanun isə Azərbaycan
Respublikasının müvafiq icra hakimiyyəti
orqanlarının,onların yerli (struktur) və digər
orqanları, bələdiyyələr, bir sözlə,
icrası məcbur olan akt qəbul etmək səlahiyyəti
verilmiş orqanlar tərəfindən həyata keçirilən
fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini
və prosedur qaydalarını müəyyən edir.
"İnzibati icraat
haqqında" Qanunun 1.1-ci maddəsində göstərildiyi
kimi, bu Qanun inzibati aktların qəbul edilməsi, icra
olunması və ya ləğv edilməsi ilə bağlı
inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin
hüquqi əsaslarını, prinsiplərini və prosedur
qaydalarını müəyyən edir.
Qanunun qəbul edilməsi hüquqi
dövlət quruculuğunun mahiyyətindən irəli gəlməklə,
onun məqsədi inzibati orqanlar tərəfindən insan
hüquq və azadlıqlarına əməl olunmasını
təmin etməkdən və qanunun aliliyinə nail olmaqdan ibarətdir.
Dünya təcrübəsi
göstərir ki, həyatın irəli sürdüyü tələblər,
ictimai-siyasi münasibətlərin inkişafı yeni-yeni məsələlərin
tənzimlənməsi üçün hər bir qanunvericilikdə
vaxtaşırı dəyişikliklər edilməsi zəruridir
və digər qanunlar kimi "İnzibati icraat haqqında"
Azərbaycan Respublikası Qanunu da istisnalıq təşkil
etmir.
Qanunun 2.0.1-ci maddəsində
göstərilir ki, inzibati orqan- Azərbaycan
Respublikasının müvafiq icra hakimiyyəti
orqanları,onların yerli (struktur) və digər orqanları,
bələdiyyələr, habelə qanuna əsasən inzibati
aktı qəbul etmək səlahiyyəti verilmiş hər
hansı fiziki və ya hüquqi şəxsdir. Buradan belə
başa düşmək olur ki, fiziki şəxsin də
inzibati akt qəbul etmək səlahiyyəti vardır və
fiziki şəxs də inzibati orqan hesab olunur. Lakin fiziki şəxsin
qəbul etdiyi hər hansı akt heç bir halda
başqaları üçün məcburi qüvvəyə
malik ola bilməz. Deməli, bizim cəmiyyətdə fiziki
şəxs inzibati orqan hesab edilə bilməz və onun
inzibati akt qəbul etmək səlahiyyəti yoxdur.
Ona görə də Qanunun 2.0.1-ci
maddəsində "fiziki" sözünün "vəzifəli"
sözü ilə əvəz edilməsini zəruri hesab edirəm.
Qanunun 10-cu maddəsi "Hüquqi
dövlətin ümumi prinsipləri" adlanmaqla, 11-19-cu maddələri
"Qanunçuluq prinsipi", "Bərabərlik
prinsipi", "Etimad hüququnun qorunması prinsipi",
"Diskresion səlahiyyətlərin həyata keçirilməsi
qaydası", "Formal tələblərdən sui-istifadənin
qadağan olunması", "Hüququn tətbiqindən
imtinanın qadağan olunması", "Mütənasiblik
prinsipi", "Çoxun azı ehtiva etməsi prinsipi",
"Mötəbərlik prezumpsiyası"na həsr
edilmişdir. Bu maddələrin təhlili göstərir ki,
qeyd edilən prinsiplər heç də hüquqi dövlətin
deyil, "İnzibati icraat haqqında" qanunvericiliyin prinsiplərini
müəyyən edir.
Hüquqi dövlətin zəruri əlamətləri,
başqa sözlə, prinsipləri
aşağıdakılardır:
- qanunun aliliyi prinsipi;
- hakimiyyətin
bölünməsi prinsipi;
- məhkəmə
hakimiyyətinin müstəqilliyi,
pozulmuş hüquqların
məhkəmə-hüquqi müdafiəsi;
- hüquq
və azadlıqların
üstünlüyü, vətəndaş
cəmiyyətinin formalaşması
prinsipi.
Qeyd etməyi vacib bilirik ki, konkret
hüquq sahəsinə
dair qanunda hüquqi dövlətin prinsiplərini müəyyən
etmək həmin qanunun predmetinə deyil, dövlətin ali qanunun
tənzimetmə predmetinə
aiddir. Başqa sözlə, hüquqi
dövlətin prinsiplərini
müəyyən etmək
"İnzibati icraat haqqında" qanunvericiliyin
tənzimetmə predmetinə
aid deyildir. Hüquqi
dövlətin prinsiplərini
(bunlara hüquqi dövlətin əlamətləri
də demək olar-İ.A.) müəyyən
etmək dövlətin
ali qanunu-Konstitusiyasının
tənzimetmə predmetinə
aiddir.
Azərbaycan Respublikası
Konstitusiyasının 147-ci maddəsinin I hissəsində
göstərilir ki, Azərbaycan Respublikasının
Konstitusiyası Azərbaycan Respublikasında ən yüksək
hüquqi qüvvəyə malikdir. Konstitusiyanın həmin
maddəsinin III hissəsində isə göstərilir ki, Azərbaycan
Respublikasının Konstitusiyası Azərbaycan
Respublikasının qanunvericilik sisteminin əsasıdır.
Həmçinin, "İnzibati
icraat haqqında" Qanunun 10.2-ci maddəsində göstərilir
ki, hüququn və hüquqi dövlətin hamılıqla qəbul
olunmuş prinsipləri inzibati orqanlar tərəfindən
inzibati icraatın həyata keçirilməsi zamanı
birbaşa tətbiq olunur. Həmin qanunun 10.3-cü maddəsində
isə qeyd edilir ki, bu qanunda nəzərdə tutulmuş
prinsiplər digər prinsiplərin əhəmiyyətinin
azaldılması kimi şərh oluna bilməz. Qanunun qeyd edilən
bu tələbləri ilə razılaşmaq olar və bu həqiqətən
də belədir.
Əgər "İnzibati icraat
haqqında" Qanunun 11 və 12-ci maddələrində nəzərdə
tutulmuş qanunçuluq prinsipi, bərabərlik prinsipi Azərbaycan
Respublikasının Konstitusiyasının preambulasında nəzərdə
tutulmuş "xalqın iradəsinin ifadəsi kimi,
qanunların aliliyini təmin edən hüquqi, dünyəvi
dövlət qurmaq", "vətəndaş cəmiyyətinin
bərqərar edilməsinə nail olmaq" prinsipləri ilə
əhatə olunmaqla, həmin prinsiplərin mahiyyətindən
birbaşa irəli gəlir.
"İnzibati icraat
haqqında" Qanunun 13-19-cu maddələrində göstərilən
prinsiplər isə Konstitusiyanın müəyyən etdiyi
hüquqi dövlətin prinsiplərinə zidd deyildir.
Başqa sözlə, "İnzibati icraat haqqında"
Qanunun müəyyən etdiyi prinsiplər Konstitusiyanın
müəyyən etdiyi prinsiplərə zidd olmamaqla, bu prinsiplərin
mahiyyətinə uyğun gəlir.
Yuxarıda adı qeyd edilən
qanunun 11.1-ci maddəsində göstərilir ki, inzibati orqanlar
qanunun tələblərinə riayət etməyə
borcludurlar. Həmçinin, qanunun 12.1-ci maddəsində
göstərilir ki, hamı qanun və inzibati orqan
qarşısında bərabərdir.
Bütün bu prinsiplərin təhlili
göstərir ki, bu prinsiplər Azərbaycan
Respublikasının Konstitusiyası ilə müəyyən
edilmiş hüquqi dövlətin əlamətləri ilə
(prinsipləri ilə-İ.A.) əhatə olunmaqla, həmin
prinsiplərə zidd deyildir. Ona görə də hesab edirik
ki, "İnzibati icraat haqqında" Azərbaycan
Respublikası Qanununun 10-cu maddəsinin adındakı
"Hüquqi dövlətin ümumi prinsipləri"
sözlərinin "İnzibati icraatın prinsipləri"
sözləri ilə əvəz edilməsini təklif edirəm.
Hesab edirəm ki, həmin təklifin
qəbul edilərək sözügedən Qanunda müvafiq dəyişikliklərin
edilməsi "İnzibati icraat haqqında" Azərbaycan
Respublikası Qanununun qəbulu zamanı yol verilmiş
prinsipial səhvin aradan qaldırılmasına, Qanunun daha səmərəli
tətbiq edilməsinə xidmət edəcəkdir.
İlham
Abbasov,
Ədliyyə
Nazirliyi Ədliyyə
Akademiyasının
prorektoru-
hüquq
üzrə fəlsəfə doktoru
Ədalət.-2012.-27
aprel.- S.7.