Azərbaycan yazarları kimləri
oxuyur?
Azərbaycanda
hamı oxucu qıtlığından, kitab bazarının vəziyyətinin
acınacaqlı olmasından danışır. Daha çox şikayətlənənlər
isə təbii ki, qələm
adamlarıdır. Sosial şəbəkələrdə,
qəzet səhifələrində və internet
resurslarında yayımlanan yazılara marağın az olması qələm adamlarını çox vaxt ruhdan salır. Eyni zamanda hamı bir
ağızdanmüasir Azərbaycan ədəbiyyatının
yarıtmazlığından şikayətlənir. Yenə də
ən çox şikayət edənlər
qələm adamlarıdır. Qələm adamları ciddi-cəhdlə
müasir ədəbiyyatın inkişaf etmədiyini, günümüzün
ədəbiyyatının dünya ədəbi
proseslərindən geri
qaldığını qabartmağa, həyəcan
təbili çalmağa
çalışırlar.
Biz də elə məhz bu
mövzuda yazarlarımızdan münasibət öyrəndik.
Yəqin ki, qələm adamlarının kimləri oxuması,
müasir ədəbiyyatımız haqqında nə
düşünməsi sizlər üçün də
maraqlıdır.
Moskvada yaşayan şair Sultan Mərzili düşünür ki, müasir ədəbiyyatı oxumaq, müasir müəlliflərdən xəbərdar olmaq vacib amillərdəndir: "Hər kəsin öz milli ədəbiyyatından da xəbəri olmalıdır. Bu həm peşə borcudur, həm də peşəkarlıqdı. Hərçəndi kürəlşmə dövründə xarici ədəbiyyata maraq və təmas xeyli artıb. Müasirlərimizdən Əkrəm Əylisli, Seyran Səxavət, Vaqif Bəhmənli, Çingiz Abdullayev, Çingiz Hüseynov, Əbdül Hüseynov, Kamal Abdulla, daha gənc sayılan nəsldən Elçin Hüseynbəyli, Aliq Nağıoğlu, Eyvaz Zeynalov, Arif Qasımzadə, Alpay Azər və başqalarını oxuyuram. Digərlərindən də xəbərim var. Yəni xörəyin dadını bilmək üçün bir qaşıq da kifayət edir, yazı səni tutmursa onu axıradək oxumaq ola bilsin tənqidçinin zülmüdür. Klassiklərimizi isə vaxtaşırı mütaliə etmək zamanı, hər mənada inkişafı daha yaxşı duymağa kömək edir. Müasir Azərbaycan ədəbiyyatına gəldikdə o yerli, yəni Bakıətrafı və diaspora ədəbiyyatı kimi şaxələnməkdədir. Hər birinin öz potensialı və problemləri var. Məncə ədəbiyyatımızda dünya şöhrətli və dəyərli yazıçılar yetişməkdədir. Tərcümə sənəti yaradıcılığın yeni bir növü kimi inkişaf edəcək. Ədəbi gələcəyimizə nikbin baxıram, büdrəmələr ictimai şəraitin əksidir, əsl istedad elə hərc-mərclikdə yüksəkliyini saxlaya bilənlərdə olur."
Naxçıvanda yaşayan gənc
şair Elxan Yurdoğlu imkan tapdıqca mütaliə etməyi
sevir və ədəbiyyatımız haqqında nikbin
düşünür: "Hazırda bizimlə bir dövrdə
yaşadıqlarını nəzərə alsaq Əkrəm Əylisli,
Anar, İsa Hüseynovu sevə-sevə oxuyuram. Aqil Abbasın
son illərdə nəşr olunan "Dolu" və
"Allahı qatil edənlər" romanları mövzu
etibarilə məni çox sarsıtdı. Son dövr
yazıçılarından isə Həmid Herisçini,
Şərif Ağayarı bəyənərək oxumuşam və
oxuyuram. Bəyəndiklərim isə var. Aqşin, Qan
Turalı, İlqar Fəhmi, Pərvin, Mövlud. Sənin də
adını çəkmək istərdim, amma yanlış
anlaşılmasın... Müasir Azərbaycan Ədəbiyyatı
mənə elə gəlir ki, informasiya kanallarının
bolluğuna borclu qalmalıdır. Çünki tarixin
heç bir dövründə bu qədər yazarın üzdə
olduğu bir dövr olmayıb. Məncə bunun müsbət
və mənfi tərəfləri var. Mənfi tərəflərindən
biri odur ki, oxucu çıxılmazlıqda qalır,
seçim etməkdə çətinlik çəkir. Kimi
oxuyacağını bilmir və nəticədə heç
oxumur da. Yaxşı tərəfi isə odur ki, oxumaq istəyən
ilk vaxtlar hamını oxuyur, sonra isə kimin daha maraqlı,
daha oxunaqlı əsərlər yazdığını
özü üçün müəyyənləşdirir və
öz yazarlar kolleksiyasını tərtib edir. Müasir Azərbaycan
ədəbiyyatından xüsusilə gəncləri
oxumağa üstünlük verirəm. Mənim
üçün heç bir ədəbi zümrə, qrup
önəmli deyil. Maraqlı yazanları oxuyuram. Bura Səlim
Babullaoğlu, Qulu Ağsəs, Şərif Ağayar, Günel
Mövlud, Aqşin, Qan Turalı, Oktay Hacımusalı, Rəbiqə,
Feyziyyə, Pərvin, Mövlud Mövlud, Aysel Əlizadə,
Qismət və onlarla gənc yazarlar daxildir."
Yeni romanını çapa
hazırlayan gənc yazar Şəbnəm Karslı imkan
daxilində hamını oxumağa çalışır:
"Azərbaycanda demək olar ki, bütün yazar və
şairləri oxumağa çalışıram. İnternet
məkanında olan və facebookda paylaşılan
bütün ədəbi nümunələri oxuduğum
üçün hərdən müəllifləri
qarışdıra da bilirəm. Bəyəndiklərim də
var. Şairlər daha çox uğurludur son dönəmlərdə.
Rasim Qaraca, Səlim Babullaoğlu, Qismət, Aqşin Evren,
Zerdüşt Şefi, Xatirə Nurgül. Aqşin, Elnur Astanbəyli
və adını çəkmədiyim onlarla şair var ki,
çox bəyənirəm. Yazarlardan Seymur Baycan, Şərif
Ağayar, Kənan Hacı, Günel Mövlud, Qan Turalı və
s. Azərbaycan ədəbiyyatının gələcəyini
daha parlaq görürəm. Nəsrdə o qədər də
uğurlu olmasaq da, nəzmdə xeyli irəliləyişlər
olacağına inanıram."
Gənc şair Zaur Qəriboğlu
da nikbindir: "Deyə bilərəm ki, Əyyub Qiyası, Qan
Turalını, Oktay Hacımusalı, Qisməti oxuyuram. Deyim
ki, bir çoxlarını, əsasən də istedadlı
yazarların hər birinin yaradıcılığı ilə
tanış olmağa çalışıram. Zənnimcə,
ötən dövrlərə nisbətən, bu gün
müasir Azərbaycan ədəbiyyatında inkişaf var.
Çünki çox istedadlı yazarlar var. Sadəcə, bu
günün ədəbiyyatına zaman qiymət verəcək".
Yazıçı Rövşən
Yerfi klassikləri daha çox oxuyur və ədəbiyyatdakı
çalxalanmanın müsbət nəticələnəcəyinə
inanır: "Daha çox klassikləri oxumağa meylliyəm.Buna
səbəb Dünya ədəbiyyatı kitabxanasına abunə
olmağımdır. Düzünü desəm şatdıra
bilmirəm, geri qalıram. Müasirlərdən Elxan
Elatlı, Varis, İlqar Fəhmi, Fəxri Uğurlu, Şərif
Ağayar - çoxdu. Təbii ki, əməklərinə
hörmət etdiyim, lakin oxumaq istəmədiyim müəlliflər
də çoxdur. Belə də olmalıdır, hamı
yaxşı yazıçı ola bilməz. Əsas odur ki,
yaxşı insan olsunlar. Ədəbiyyatımızdakı
çalxalanma hələ başa çatmayıb. Amma, mənə
elə gəlir ki, son mərhələsindəyik. Çox çəkməyəcək yağı
da, ayranı da
ayırd ediləcək".
Şairə Rəbiqə
Nazimqızı müasir ədəbiyyatımız haqqında
optimist deyil: "Sonuncu dəfə Kamal Abdullanın
"Unutmağa kimsə yox"unu oxumuşam. Mən
ümumiyyətlə bizim nəsri çətin oxuyuram, ya
çox lokal olur, ya da çox irreal. Ya dil problemi olur, ya
ideyasızlıq. Kamal müəllimin əsərini bəyəndim.
Əjdər Olun "Tütün limanı"nı
almışam, bu günlərdə oxuyacam. Əjdər müəllimin
də üslubu xoşuma gəlir. Ümumiyyətlə,
düşünürəm ki, bizim yazarların - xüsusən
də gənclərin mətnə münasibətdə ciddi
olmasına ehtiyac var. Təəssüf ki,
müasir Azərbaycan ədəbiyyatı
haqqında optimist ola
bilməyəcəyəm..."
Yazıçı Babək
Göyüş də müasir ədəbiyyatımızı
izləyən qələm adamlarındandır: "Müasir
Azərbaycan yazıçıları və onların ərsəyə
gətirdikləri əsərlər haqqında sualın
cavabını vermək üçün sadəcə şəhərimizdə
vur-tut qalan 5-10 dənə kitab mağazasına üz tutmaq
yerinə düşərdi. Seymur Baycan, Əli Əkbər,
Şərif Ağayar, Nəriman Əbdürrəhmanlı, Əliabbas,
Elçin Hüseynbəyli, Elxan Elatlı, Nərmin Kamal...
Adları çəkilən və çəkilməyən
yazarların əsərləri barəsində isə bir kəlmə
deyə bilərəm ki, hələlik məni içimdə
oynadan yalnız bir yazar var, o da Seymur Baycandır.
Düzdür, Seymur Baycanın son romanında özünün
də dediyi kimi sxem yaxşı qurulmadığına görə
"Quqark" romanını mükəmməl hesab etmək
olmaz, ancaq səmimiliyinə, axıcılığına,
yazı tərzinə görə bu romanı birnəfəsə
oxumaq olur. Digər yazarların roman və hekayələri isə
hələlik özünün pik nöqtəsinə
çatmayıb. Nərmin Kamala isə hələlik roman
yazmaq məsləhət bilməzdim, çünki bu gənc
yazar Umberto Ekonun təsir dairəsinə düşsə də
öz roman yolunu tapmayıb. Eyni sözləri Qan Turalı
üçün də demək olar. Şərif Ağayar isə
kənd psixologiyasından çıxıb bir az Avropaya üz
tutmalıdır. AYB-nin üzvü olan yazarların əsərləri"
haqqında da son cümlə lap onluğa düşür...
Cəlil CAVANŞİR
Ədalət.-2012.-27 aprel.- S.5.