BU DÜNYANIN ŞAİRİ

 

  Şeirdən çox da başım çıxmaz. Şeirlə münasibətlərim yaxşı, ürəkdən gələn sözlərə sevinməklə, duyğulanmaqla, şairin ünvanına ( ürəyimdə) minnətdarlıq hisslərini izharla və ovqatımızı durultduqları, insan övladının amalının bu dünyada var-dövlət yığmaqdan, vəzifə hərisliyindən , mənsəb xəstəliyindən ibarət olmadığını xatırlatdıqları üçün onlara cani-dildən təşəkkürlər etməklə sona yetər. Ürəyimə yatan, beynimə süzülən gözəl fikirləri, insanı silkələyən, heyrətləndirən misraları qeyri-ixtiyari dost məclislərində, yığcam əhatədə vəcdlə demək şakərimin olmasını da dana bilmərəm...

   Nəhəng ədəbi mühitdə hələ öz kövrək addımlarını atan Aysel Qarabəylinin bu yaxınlarda çapdan çıxmış "Bu dünyanın insanı deyiləm mən..." şeir və hekayələr kitabını əlimə alarkən tanış ovqata köklənmişdim və bu hazırlıq prosedurları zamanı, açığı, fəhmim qeyri-adi hər hansı hadisənin baş verəcəyini təxmin etmirdi. Amma kitabın adı məni tutmuşdu. Gənc bir insanın bu dünyanın "bostanın"a cəsarətlə, sərbəstliklə daş atması fikrimi, düşüncəmi çox ilgiləndirmişdi.

   ...Kitabı birnəfəsə oxudum. Qiraət praktikamda bu, çox nadir hadisə sayılır. Son dövrdə birnəfəsə oxuduğum kitabları saymalı olsam, nəinki iki əlimin, hətta bir əlimin barmaqları da tamamilə kifayət edər.

   Bəri başdan deyim ki, Aysel mənə özgə deyil, onun ömrünün az qala yarısı mənim gözümün qarşısında keçib, amma etiraf edim ki, onun nəinki bu qədər istedadlı insan olduğunun, heç şeir yazmağının belə fərqində olmamışam. Ona görə də Ayselin bu kitabını çox böyük maraqla, heyrətlə oxudum. İlahi, bapbalaca bu qızın iç dünyasında necə tufanlar, qasırğalar, üsyanlar, haraylar, çağırışlar, etiraflar və... həyat eşqi var!

 

   Bu yad, soyuq və uzaq

   insanların üzündə

   cavabı tapılmayan

   sual kimi donmuşam.

   Təəccübüm tanımadığım

   şəhərin özü boyda...

   Allah, hardayam mən,

   harda?!

 

   Ayselin şeirləri bütün poetik qənaətlərin, çoxillik ənənələrin, ədəbi postulatların əksinə olaraq özündən çox yaşlıdır. Onun şeirlərinin məna yükünün ağırlığı, geniş müşahidə diapazonu, ümumiləşdirmək bacarığı bir çox hallarda oxucunu dərin təbəddülata qərq edir: əcaba, bu sətirləri yazan doğrudanmı zahirən öz yaşıdlarından vüzual aspektdən heç ilə fərqlənməyən, öz dünyasını qərq olmuş gənc bir qızdır? Ayselin şeirlərini oxuyarkən istər- istəməz poeziyamızın ən qüdrətli simalarından biri, bəlkə son moqikanı olan Ramiz Rövşənin bir misrasını xatırlamamaq olmur:

  

   Sözündən qan iyi gələn şairin

   Ağzından süd iyi gəlir, bilirəm.

  

   Ayselin sözündən qan iyi gəlmir, hərçənd ki, onun əksər şeirləri sufi fəlsəfəsi kimi kədərli, düşündürücü qeyri-adidir. Onun şeirlərini oxuyub qızım kimi ağlamaq da olar, təsirlənmək olar, lap "a gidi dünya!" deyib, kitaba qapadaraq işinin-gücünün arxasınca getmək . Amma bütün hallarda bu şeirlərin sanbalımı deyim, ağırlığımı deyim, xofumu deyim, sehrimi deyim səndən əl çəkməyəcək. Çünki kitabdakı şeirlərdə bütün fitri istedad sahibləri kimi bu dünyaya sığmamaq, bu dünyada başa düşülməmək, "Gülhanə parkında tənha ceviz ağacı kimi" illərcə nəzər-diqqət cəlb etməmək, Mirzə Cəlilsayağı "anlamaq dərdini" özünə dərd etmək qismətinin ağırlığı çarəsizliyi açıq -aşkar duyulur.

  

   "Şairlərin laməkan olması" yeni məsələ deyil.

 

   gözləyirsən səhərdən?!

   Gözlədiyin gələn deyil.

   Baş götür qaç bu şəhərdən

   Sənsiz heç kəs ölən deyil.

  

   Özünə şəhərdə yer tapa bilməyən şairin kəndi seçməsi bir ənənvi məntiq, zərurət məsələsidir. Di gəl ki, daxilində tufanlar oynaşan bir insana kənd darlıq edir. "Kənd təəssüratları" şeirində narahatlığını istinin, daşın daha bilim nəyin "üstünə yıxan" gənc şairə yazır:

 

   Əlimi qarğı kəsir,

   Ayağımı daş əzir...

   Halım pisdi, çox pisdi...

   Bir yandan da bu isti.

 

   Ayselin şeirlərində zaman məkan anlayışı tamamilə şərtidir. Fitri istedad sahibi olan gənc şairənin şeirlərində bu dünyanın sirlərinə vaqif olmaq, onun gərdişindən baş çıxarmaq cəhdləri, bütövlükdə HƏYATI anlamaq çabaları çox təbii, səmimi inandırıcıdır. O, sanki bu günə sığmır, ətrafında baş verən proseslərin yeknəsəkliyi, qeyri-təbiiliyi onu hövsələdən çıxarır bu zaman təkrarən "dünya qalmalı yer deyil, səfər eylə" (yenə sufizm!) fəlsəfəsinə sığınır.

   Bəzən Aysel hisslərini, düşüncələrini cilovlaya bilməyərək xəyalən çox-çox uzaqlara, qaranlıq, gənc bir insanın xoflanacağı, baş tapa bilməyəcəyi bir dünyaya gedib çıxır bu sirli dünyanın müşkülləri onu əməlli-başlı sıxır, qorxuya salır...

 

   Əllərini uzat , ata

   Keçə bilmirəm bu çaydan.

   Al çiynində uyut, ata,

   Təkəm, qorxuram dünyadan,

   Al könlümü ovut, ata.

 

   Ayselin "Van Qoqun beynini qovuran günəş", "Tənha qadın", "Mən niyə sığmadım Yer kürəsinə", "Vaqif Səmədoğluna", "Saat əqrəbi kimi", "Bir yol versin, körpüsündən keçim ...", "Bu ölən ürəyin sahibi kimdi?" sadalaya bilmədiyim onlarla şeiri orijinal düşüncə təfəkkür tərzi, fakt hadisələrə fərqli yanaşma üslubu, az sözlə böyük mətləbləri ifadə etmək bacarığı ilə yadda qalır sevilir.

   Qloballaşma dövrünün qızğın çağında, informasiya-kommunikasiya texnologiyalarının insanı az qala düşünmək instinktini yadırğalatmağa başladığı bir məqamda Aysel onun kimi gənclərin Azərbaycan poeziyasına, bütövlükdə Azərbaycan ədəbiyyatına sahib çıxması çox yaxşı, sevindirici haldır. Aysel Qarabəylinin "Bu dünyanın insanı deyiləm mən..." kitabı kifayət qədər oxunaqlı, düşündürücü, maraqlıdır bizə gənc müəllifi ürəkdən təbrik etmək bu kitabın davamına səmimi şəkildə ümid bəsləmək qalır.

 

 

Tofiq YUSİFOV,

filologiya üzrə fəlsəfə

doktoru, professor,

Azərbaycan Yazıçılar

Jurnalistilər Birliklərinin üzvü

 

Ədalət.-2012.-28 aprel.-S.16.