RUHUN
PIÇILTILARI...
Misralara çevriləndə
İş
gününün sonunda
qapı açıldı. Və o, həmişəki
səmimiyyəti, özünəməxsus
utancaqlığı ilə otağa daxil oldu və yenə heç kimdə duymadığım
istiqanlılıqla kiçik bir xahiş etdi. Qəzetin səhifələri dolduğundan onun xahişini yerinə yetirə bilmədim, heç nə demədi. Sağollaşıb getdi. Onun gəldiyi kimi də səmimi bir
şəkildə otağı tərk etməsi bir anda məni
özümdən alıb apardı. İnanın ki, otaqda dayana
bilmədim. Tez ardınca qaçdım ki, ona çatıb gətirdiyi
elanın mətnini ondan alım,amma çata bilmədim. O artıq avtobusa
minmişdi. İki
istirahət günü mənim üçün dözülməz dərəcədə
sıxıntı ilə keçdi. Özümü yaman günahkar sayırdım. Nəhayət iş həftəsi başladı və mən
həmin qayğıların içərisində
başımı yazı-pozu ilə qatdığım bir məqamda yenə qapı döyüldü.
Gələn o idi. Dərhal
ayağa qalxıb günahkar
bir şəkildə onu
qarşıladım. O da özünəməxsus
bir şəkildə heç
nə olmamış kimi mənim xahişimi yerinə yetirdiyini,
yəni təzə kitabını gətirdiyini bildirdig
Aldım kitabı. Üz qabığı mənim üçün son dərəcə doğma gəldi. Yəni kitabın üzərindəki şəkil bir neçə il öncə xalq şairi Zəlimxan Yaqubun xeyir-duası ilə işıq üzü görmüş "Ürəyimdəki sənsən" kitabımı mənə xatırlatdı. Orda da söhbət mələkdən gedirdi, burda da. Bilmirəm bu təsadüfdü, yoxsa ruh yaxınlığıdı. Amma hər nədisə, doğrudan-doğruya məni özünə çəkdi. Və mən cəmi iki-üç gün müddətində "...aranızdakı bir mələk" kitabını oxuyub başa çıxdım. Oxuduqca da mənə elə gəldi ki, burdakı bəzi fikirləri, bəzi misraları, hətta bütöv bəndləri mən özüm pıçıldayıram, mən özüm yazıram, mən özüm deyirəm. Hardasa oxumuşam ki, ruhlar, düşüncələr bəzən bir-birinə qoşulur, bir-birini tamamlayır. Buna beyinə qoşulmalar deyilir. Ola bilsin ki, mən də hardasa onun fikirlərinə, ruhuna qoşula bilmişəm, yollarımız kəsişib...
"...aranızdakı bir mələk"
kitabı "Yazıçı" nəşriyyatında
işıq üzü görüb. Çox nəfis şəkildə
çap olunmuş bu kitab məndə müxtəlif
duyğular oyatdı. Öncə ona görə ki, bu kitabda illər
bir-birini əvəz etdikcə müəllifin də illərlə,
aylarla bərabər necə inkişaf etdiyini, necə
özünü tamamladığını, təsdiqlədiyini,
ifadə etdiyini müşahidə etmək mümkün idi.
Digər tərəfdən bu inkişaf mərhələsi
müəllifin oxucuya verdikləri ilə yanaşı, onun
dünyadan aldıqları baxımından da çox qəribə
nüanslarla özünü əks etdirir, tamamlayır.
Üstəlik, dünyanın da namərdlik edib müəllifin
ürəyinə əl uzatdığı, ondan ən
çox sevdiklərinin bəzilərini qoparıb
aldığını da burada görməmək, duymamaq
qeyri-mümkündü. Bax, bu yanaşmaların içərisində,
bu ovqatların fonunda mən ruh dostum, qələm
qardaşım Şükür Şənolun az qala tərcümeyi-halını
da görürəm. Onun zamanın dəyirmanında
üyünə-üyünə bütövləşdiyini də,
sərtləşdiyini də, dözümünü də
müşahidə edirəm. Üstəlik, onun hamıdan xəlvət,
yalnız Tanrıya bəlli bir şəkildə
için-için əriyib getdiyini də duyuram. Zənnimcə,
bunlar heç də təsadüf deyil. Çünki
Şükür Şənol özünü yaza-yaza həm də
başqalarının özünə münasi bətini də,
özünə yanaşmasını da misralara hopdurmağa
çalışır.
Etiraf edim ki, mən onun ancaq mətbuatdakı
yazılarını, şeirlərini oxumuşam. Jurnallarda, qəzet
səhifələrində yayımlanan misralarının
aurasında olmuşam. Necə deyərlər, bəxtimə
onun kitabları ilə baş-başa qalmaq düşməmişdi.
Axır ki, mənə belə bir xoş təsadüf nəsib
oldu və mən Şükür Şənolu bütöv,
tam bir şəkildə mənə verdiyi kitabda oxumağa başladım.
Hər bir şairin
yaradıcılığı təkcə ortaya qoyduğu
kitabların sayından ibarət deyil. Mənə elə gəlir
ki, bir şeir, bir hekayə kifayət edir ki, onun sahibinin ədəbiyyatda,
ədəbiyyat tarixində yeri olsun, izi olsun. bununla
bağlı yetərincə nümunələr göstərmək
mümkündür. Amma bir məsələ var ki,
bugünün kitab bolluğunda oxucuya üz tutub onunla fikir
bölüşmək, onu özünün həmsöhbətinə
çevirmək asan olduğu qədər də çətindi.
Çünki nəşriyytalar, nəşrlər çoX. Əsl
kitablar əvə sl oxucu isə təəssüf ki, bu gün
azdır. Bax belə bir vaxtda bir neçə fəsildən
ibarət olan "...aranızdakı bir mələk"
kitabını oxumaq və ya oxucuya oxutmaq istəyi
Şükür Şənolun şair haqqıdır.
Çünki onun bu kitabında duyğular o qədər pak,
fikirlər o qədər aydın, pıçıltılar o
qədər səmimidir ki, onun yanından keçmək, onu
görməmək mümkün deyil. Şairin yaradıcı
həyatının bir neçə mərhələsini,
xüsusilə erkən gənclik, tələbəlik və
son illərini özündə birləşdirən nümunələrin
toplandığı bu kitabın "Məni Tanrı istədi"
şeirinə diqqət yetirək:
görürəm bu gecə də
ayaqüstə və yuxusuz
qalmısan
boğulmusan qəhərin, təlaşın
içində
məni yuxuya verib
ötən gecələrdəki
kimi
ağlamısan bir də və yenə
də
günlərin, ayların yorğun
gözlərindən
sel kimi axan
yaşın içində
görmüsən məni...
Bəli, bu misralar özünə
hopdurduğu fikirlərlə məncə hər şeyi deyir. Sadəcə,
şərh kimi yox, eləcə duyğularımı ifadə
etmək üçün xatırladım ki, yaşanan kədərin,
qayğının və ürəyə vurulan
ağrının yaratdığı mənzərəni,
gerçək tablonu məncə bundan gözəl ifadə
etmək çox çətindir. Bir anlıq hər birimiz
gözümüzün önünə məhz bu mənzərəni
gətirsək, bir damın altında ağrının bir ailədə
necə yaşandığını tam anlamış
olarıq.
Şükür Şənolun ədəbiyyatımızda
öz yeri olan Seyran Səxavətə yazdığı
"Bu şəkildən arxada" şeirini oxuyuram:
yadımda, haqqında beş-on
söz
və daha çox söz və sənin
rəsmin
fikirlərimdə
yağış gölməçəsinə
düşmüş rəsmin
nədənsə qəlbdən istəyirəm
rəssam dostum şəklini
elə o sayaq, elə çəksin...
Bu şeiri oxuyub gözümün
önünə Seyran Səxavətin bütün
yaradıcılığını gətirdim. Onun əl boyda olan
ilk kitabını - "Mənim
planetim"i xatırladım. Ardınca
neçə-neçə kitablar
gəldi və mən bir anlıq
elə bildim ki, dupduru yağış
suyundan yaranmış
gölməçəsində güzgüdən də parlaq, şəffaf bir əksetdirmə var. Bax, həmin o parlaqlıqda Seyran Səxavətin özü
və sözü əks olunub. Özü də düppədüz, necə
var elə!!! Və bunun ardınca Şükür Şənolun
Aqil Abbasa yazdığı şeiri
gəlir. Bilmirəm bu
ardıcıllığı müəllif özü istəyib, yoxsa tərtibçi, amma şeirlərin bir-birini tamamlaması baxımından
çox orijinaldı.
Şair yazır:
əllərini
rəngə döy
bütün
rənglərin boyanın
şirəsi
əlində,
barmağında
əllərini göyə tut halələnsin
böyük göy......
Qəribədi, hər birimiz yeddi rəngin
mövcudluğunu bilirik, yeddi boyanı tanıyırıq. Əllərin
rənglərə döyülməsi əslində rənglərin
həm də əllərə hopmasıdır. Əllər,
barmaqlar göy üzünə qalxanda günəş
şüasına da çevrilə bilər, göy
qurşağına da. Amma şair bu halələnmiş, yəni
göy üzü boyda olmuş əllərin bir nisgili
olduğunu da şeirin sonunda oxucuya çatdırır.
Vurğulayır ki:
can Qarabağ, can Vətən
uğrunda məni başsız
qalmağımız yandırır
əllərini ver göyə
bu buludlar
çox müqəddəs
ələmləri andırır...
Yəqin ki, "ələmlərin"
nəyə işarə olunduğu da məlumdu. Onun şərhə
ehtiyacı yoxdur.
Şükür Şənolun digər
dostlarına - Arif Əmrahoğluna, Rəşad Məcidə,
Vaqif Bəhmənliyə yazdığı şeirlər də
qəribə ovqat yaradır insanda. Bu qəribəliyin
gerçək üzü odur ki, şeirin ünvanları
misralar arxasında görünür. Məsələn, Vaqif Bəhmənliyə
yazdığı şeirdəki kimi.
yarrı-yaraqlı anlımı
anam, qızım görüb
dostlarım görüb
qəlbdən, ürəkdən
ağrıyır
mənə olan istəyindən
bu acını yar-yaxama Tanrı
hörüb
özü halımı
ağlayır...
və yaxud Ramiz Rövşənə
yazdığı şeirdə:
bu,
yıxacaq belə kimi
bu ayaqdan ələ kimi
dağdan ağır şələ
kimi
yol gedirəm bu sözlə...
alıb yuxumdan aparır
tutub yaxamdan aparır
dartıb
çuxamdan aparır
yol
gedirəm bu sözlə...
Şükür Şənol qələmə
könül verdiyi gündən yol gəlir, söz yolu. O yolun cəfasını da bilir, səfasını da. O yolun cəfasına
da dözür, səfasını da umur. Amma neyləyək ki,
bizim günümüzdə
sözün səfası
hər adama nəsib olmur. Bir də yaxşı ki, olmur. Əgər olsa, onda biz sözə bir az yuxarıdan aşağı
baxarıq, bir az ona laqeyd
olarıq. Elə səfası az
olduğu üçün
biz onun cəfasını
səfa hesab edə-edə sözün
yolçuluğunu etməkdəyik.
Bu şeirdə olduğu
kimi:
nağıllar
dünyası
arxada
qaldı, şosse yolu tək
yeni dünya
aldı məni öz qoynuna
anamın qolu tək.....
və yaxud
quzum
indi moruq qoxulu
qəhvəyi
saçlarına
nərgiz
yuxulu
qaraca
gözlərinə həsrətəm......
Mən hərdən Tanrının
söz adamlarına səxavətlə sonsuz bir xoşbəxtlik bəxş etdiyinə heyran qalıram. Çünki bu xoşbəxtlik
söz adamlarına verilməsəydi, onda onların ürəyi dərhal bir göz qırpımında
partlaya bilərdi.
Görünür, Allah söz adamlarına
məhz yazmaq, sözlə baş-başa
qalmaq imkanını ona görə səxavətlə verib ki, onların ürəyi partlamasın,
onlar özlərini, duyğularını ifadə
edə bilsinlər.
Yazıb-yaratmaqla yanaşı, həm
də yaşayıb, yaşada bilsinlər.
Bu mənada Şükür
Şənolun şeirlərində
onun Tanrı payının səxavətlə
verildiyi rahatca görünür. Şair
dostum da bu istedad payından,
bu söz çələngindən məharətlə
yararlanır, onu ilmə-ilmə, naxış-naxış
misralayır, fikir yükünü cilalayır
və oxucusuna hədiyyə edir:
babam deyir, nənəm deyir
bərəkətdir yaz
yağışı...
göyərəcək bu
torpağın
çiçək, çəmən,
ox naxışı...
və yaxud:
girmərəm şehli
gülüstana belə,
çıxmaram dağları
seyrana belə,
salmaram meylimi ormana belə-
səndən
ayrı,
səndən
ayrı......
Mən Şükür Şənolun
"...aranızdakı bir
mələk" kitabını
təhlil etmək fikrində deyiləm.
Heç
buna cəhd etsəm də heç nə alınmaz. Sadəcə, mən bu kitabı oxuduqca özümə doğma olan və görə
bilmədiyim çox ünvanları, çox mətləbləri gördüm,
gəzdim, dolandım.
Üstəlik də bu kitabda mən ruhların izinə düşdüm. Çalışdım ki, onların da pıçıltısını
eşidim. Nə qədər
alındı deyə bilmərəm. Amma inanın
ki, bu kitabda
mələklərin nəfəsi,
ruhların pıçıltısı
yaşayır. Sadəcə
onu vərəqləmək,
onunla baş-başa qalmaq kifayətdir ki, o nəfəsi, o pıçıltıları duyasan...
Əbülfət MƏDƏTOĞLU
Ədalət.-2012.-28 aprel.- S.8.