İNCƏLİ
QAÇAQ İSMAYILIN MƏNZƏRƏSİ
ETÜD
(akvarel)
Çəliyinə söykənib
üzü "Dəyirman çal"a baxırdı. Nələri
düşünürdü görəsən.
Yaş öz sözünü
demiş, həyatın çalın- çarpaz yolları,
amansız və islah olunmaz qanunları, bəxtin,
yığvalın pozulmaz yazıları, Tanrının dəyişməz
hökmü günbəgün, anbaan çin olmuşdu qənşərində.
Ömür-gün yoldaşı
Şərqiyyə xanımla köçüb getdi hər
növrağı aşıq Sadıq Avdıoğlunun. Xeyli
zamandır ki, saz onun gözünün qabağında, o da
sazının qənşərindəcə bir- birinə həsrət
bayatıları oxuyurlar...
Maşın səsinə qamətini
düzəldib geri qanrıldı. Çəliyi əlindən
düşdü. Saralmış tüklü cöhrəsinə
təbəssüm çiləndi sanki. Qollarını
açıb mənə sarı yeridi. Ev-eşiyi, həyət-bacası,
bağ-bağçası da qocalmışdı elə bil.
Bir vaxtlar bacasından tüstü əskik
olmayan qara damın çalası uçmuş, qapqara pərdilər
yerindən sürüşüb sınıq qollar kimi
aşağı sallanmış, petləsindən qopub əyilmiş
köhnə qapı əyilmiş qamətə bənzəyirdi.
Evinə gələn qonağa
süfrə açmasa, sazla, sözlə könlünü
almasa dinclik tapmazdı, ürəyi sakit olmazdı...
Adəti üzrə xoşgəldin
edib, əli bıçaqlı çölə
çıxmaq istədi. Bir zamanlar qoyun- quzu mələşməsi,
toyuq-cücə, qaz-hinduşqa səsi aləmi başına
götürən həyət-bacada gözə heç nə
dəymirdi. Köhnə çalanın altında eşələnən
biri qara, biri boz toyuqlardan başqa. Mətləbini başa
düşmüşdüm. Bu işindən onu geri döndərmək
olmazdı,.
Söz-söhbətə
başladıq:
-Ay qardaş, heç nə
lazım deyil, gəl otur görək, bir az söz-söhbət
edək,- deyib bıçağı əlindən aldım.
Doğrudan da qocalığın rəngi
üz-gözünə hopub, şux, yaraşıqlı qaməti
əyilmiş, yerişi-duruşu uçunur bu İncəli
ozanı ustad aşıq Avdı oğlunun...
Bir zamanlar böyük şövq
ilə söylədiyi, özünün araya ərsəyə
gətirdiyi "İncəli qaçaq
İsmayil"dastanını yenidən öz dilindın dinləyib
"İnsan mənzərələri üçün qələmə
almaq istəyi ilə gəlmişdim ustadın hüzuruna. Bu bənzərsiz
igid Qaçaq Kərəmin ən sadiq dostu, silahdaşı, məsləkdaşı
olmuşdur. Hətta Qaçaq Kərəm bir dəfə - Ay
İsmayıl bu igidliklərin adı mənim, özü isə
sənindir- deyə etiraf da edibmiş.
Nəhayət ki, məqsəd və
məramımı açıqladım:
Aşıq Sadıq
- Ustad, budəfəki səfərimdə
səndən bir iltimasım olacaq,- deyib hardan, necə
başlayacağımı fikrimdə sahmanlayaraq çəliyinə
söykənmiş bu sonuncu İncəli mogikanın seyrəlmiş
ağ saçlarına, tük basmış solğun cöhrəsinə
baxdım, gözlərim yaşardı.
- Buyur, Dəmirçioğlu,
görək bu qoca vaxtımızda bir şeyə yaraya bilərikmi,
- deyib çəliyinə mətərisləndi.
-Yadında olar, ustad,- deyib
sözə başladım.
Bir zamanlar məclislərimizin
birində Qaçaq İsmayılın necə
Qaçaq Kərəmlə
görüşüb dostlaşmasını,
İncə dərəsinə
necə səfər etdiklərini danışmışdın.
Özün bilirsən ki,
"İnsan mənzərələri"kitabını
tamamlamaq istəyirəm.
İndi isə İncəli Qaçaq İsmayılın mənzərəsini
işləmək məqamı
gəldi və bu işdə mənə yardımçı
ola biləcəyini
bilib hüzuruna təşrif buyurdum
Dərin xəyala getmişdi.
Elə özü də bir zamanlar gülləri,
bülbülləri çağıran,
saz havasında cezv olub sinəsini
yırtıb dağıdan
bülbüllərini çiçək
nəfəsiylə məst
edən, indi isə baxımsızlıqdan
yabanı meşəni
xatıladan bagına,
bağçasına bənzəyirdi.
- Getdi o günlər, Dəmirçioğlu,- deyib bağı
göstərdi:- Yadında
olar o günlər. Bax bu kötüyün üstündə oturub saz çalıb oxuduğmuz günləri deyirəm.
Doğrudan da heyrətdən donub qaldığım o günlər bir an içindəcə gözlərimin
önündə canlandı...
Eşq ilə sazına
sarılmış aşıq
Sadığın səsi,
bülbüllərin cəh-cəhi,
yarpaqların pıçıltısı,
al-əlvan quşların
rəngarəng səsləri
saz havasına qoşulub ən könülsüz insanları
belə riqqətə
gətirirdi. (Mən eşitmişdim ki, aşıq Ədalət Nəsibov Göyəzənin ətəyində
saz çalarkən haradansa bir bülbül
uçub gəlmiş,
saz havasında pərvanə şamın
başına dolanan kimi Ədalətin başına dolanıbmış.)
Həmin
gün isə aşıq Sadıqla bülbülün necə
deyişməsinin şahidi
olmuşdum. Ola bilsin ki, mənim
bu hekayətimə inanan olmasın. Ancaq bu bir həqiqət
idi. Güllü-çiçəkli bağçadan ayrılıb
bizim məclisimizə
təşrif buyurmuş
bir bülbülün
aşıq Sadıqla
deyişməsinin şahidi
olduq. Aşıq Sadıq çalıb-oxuyanda
bülbül susurdu, aşıq Sadıq susanda bülbül cəh-cəh vurub oxuyurdu. (O zaman həmin məqamı lentə köçürmüşdük
və səhv etmirəmsə oğlu Vüqarın arxivində saxlanılır)...
- Soyuq olar,- deyib
məni içəri
dəvət etdi. Sazı köynəkdən
çıxara-çıxara:
-Ayə, vallah inanmırlar qocalmağıma. Xəstəlik bir yandan, qocalıq
bir tərəfdən,
tənhalığın misginliyi
də bir yandan. Mən indi sənə necə kömək edim,- deyib
aylarla əlinə götürmədiyi şirmayı
qollu sazın qayışını çiyninə
keçirdi :
- Elə sazım da özüm
kimi qocalıb - deyib, paslı simlərə sığal
çəkdi, şirmayı
aşıqları cırıltıyla
sağa-sola çəkib
simləri köklədi,
qaxaca dönmüş
barmaqlarını pərdələr
üzərində tərpətdi.
-İndi
mənim çalıb-oxumağım
özünü biabır
etmək kimi bir şeydir. Daha nə barmaq işləyir, nə göz görür, nə qulaq eşidir-
desə də zarafatlarından da qalmır, ara-sıra maraqlı lətifələr
söyləyirdi. Dəftərimi çıxardım, əlimi
cibimə salıb qələmi çıxarmaq
istədim ki, danışdıqlarını qeyd
edim, sən demə, yadımdan çıxıb, qələmi
götürməmişəm.
-Qardaş, qələmi
unutmuşam, bəlkə evdə qələmin ola,- deyəndə
qımışdı:
-Səninki lap qardaşım Sədinin
ov əhvalatına oxşadı.
-Necə əhvalatdı?-deyib
söyləməsini xahiş etdim.
-Bir gün qalın qar
düşdüyünü görən traxtirist Qını Sədiyə
deyir ki, ay Sədi, əsil dovşan ovu havasıdır, gəlsənə
səhər tezdən ova çıxaq. Ov həvəskarı
olan Sədi dərhal razılaşır. Xanımı Əsabəyə
axşamdan tapşırıqlarını verir. Səhər
tezdən Əsabə xanımın hazırladığı
azuqələri götürür, tüfəngini çiynindən
aşıraraq Qını ilə birlikdə ova
çıxırlar. Cüryəllini aşıb, Göyvəlliyə
tərəf enəndə Qını "Belarusu"
saxlayıb aşağı hoppanır. Dovşan ləpirlərini
Sədiyə göstərir. Sağa, sola səpələnmiş
ləpirləri görən Sədi sevinərək "Amma nə
qıracağam"-deyib tüfəngi çiynindən
aşırır. Əlini belinə aparır ki, patrondaşdan
güllə çıxarsın, Bıyyy!!!- edib Qınıya
baxır:
-Ayə, ay Qını, patrondaş
evdə qalıb, həncəri!
Sədinin bu yazıq halına baxan
Qını:
-Amma nə qıracaqsan,- deyib bərkdən
şaqqanaq çəkir.
Nədənsə pəsə
kökləmişdi sazını. Həzin-həzin inləyən
saz, payızın son ayı, son yarpaqları da yellənə-yellənə
düşən baxımsız bağ-bağça, pərdiləri
sınıq qollar kimi aşağı sallanmış, buxarısı
çoxdan ocaq görməyən qara dam, evin qənşərində
qayaları üşüyən "Dəyirman
çal"ı...
Sazla ozan
barışmışdı deyəsən.
Ağır-ağır ləngərə gəlirdi dünya
sükutu, payız hicranı, qəmli ağaclar, bir də
üstündə bir neçə qönçəsi
açılmamış qalan qızıl gül kolları. Xəyal
isə məni lap uzaqlara, dostların sağ, keflərin
çağ vaxtına aparmışdı...
Aşıq Sadıq gildə binələnmişdi
məclisimiz. Budəfəki səfərimizdə ölkəmizin
görkəmli Türkoloqu, bütün incəlilərin dostu
Ramiz Əsgər də ziyarətinə gəlmişdi İncə
dərəsinin. Qoçaqlığı, qonaqpərvərliyi
ilə İncə dərəsində ad-san qazanmış
Şərqiyyə xanım (aşıq Sadığın
ömür-gün yoldaşı, Allah rəhmət eləsin)
löyün-löyün yeməklərin arasnı kəsmir,
buğlanan bozartmalar, kabablar soyuduqca istisi ilə əvəz
edir, növ-növ turşuların, zoğal araqlarının
ardı-arası kəsilmirdi.
Akif Səməd masabəyi idi. Məmməd
İlqar ağsaqqal olsa da çox vaxt ya Akif Səmədi, ya Rəfail
İncəyurdu, bəzən də məni masabəyi seçərdi.
Mükəmməl bir məclis, kamil bir ozan, İncə
çayının sağ tərəfində cənnəti
xatırladan, çiçəkləri qoxuşan,
bülbülləri oxuşan bağ-bağat, bu bağın
içində Aşıq Avdı nurundan pay almış
aşıq Sadıq ocağı- saz, söz xanimanı.
Ağamalı Sadiqi təzəcə itirməyinə baxmayaraq
qonağımız Ramiz Əsgəri yaxşı
qarşılayırdı İncəmiz, İncəlilərimiz.
Məclisin şirin yeri idi.
Aşıq Sadıq- "Hazarat, badələri doldurun" -
dedi. Başı xamırlı şüşələrin
hamısı boşalmışdı. Saqilər him-cimlə
şüşələrin boşalmasını işarə
etdilər. Elə bu ara Şərqiyyə xanım
Sadığa yaxınlşıb qulağına nəsə
pıçıldadı. Məclis əhlinin dalağı
sancdı, ani bir sükut çökdü məclisə.
Gümanımız düz çıxmışdı deyəsən.
Sadıq məyus halda ayağa qalxıb:
-Dostlar, bir qara xəbər
aldıq, -deyib ciddi bir görkəm aldı. Hamının
gözü aşıq Sadığa zillənmişdi.
-Bizim qarı araq süzərkən
iyirmi litirlik balonu əlindən salıb sındırıb. Zoğal
arağı sel olub ev-eşiyi basıb gedir, - deyib sonunu
zarafata çevirdi. Zoğal arağından doymamış məclis
üzvləri bir-birinin üzünə baxışdılar.
Sükut hələ də davam edirdi. Birdən telli sazın sədası
hamını fikirdən ayırdı
- Aaz a qarı, o zapasnoylardan,
saxlanclardan bəri elə görək,- deyib saza bir mizrab
çəkdi. Hə, mənim əzizlərim, indi də sizə
özüm bəstələyib, özüm dəstələdiyim
dastandan bir parçanı hüzurunuza ərz edəcəyəm,
- deyib, İncəli Qaçaq İsmayılın Qaçaq Kərəmlə
görüşməsini və İncəliyə olan səfərini
danışmağa başladı.
Ardı var
Məmməd
Dəmirçioğlunun təqdimatında
Ədalət.-2012.-28
aprel.- S. 18.