ORDUBADİ
HAQQINDA SÖZ
ƏDƏBİ
HƏYAT
Azərbaycanın
tanınmış yazıçısı, ədəbiyyatımızda
tarixi roman janrının banisi Məmməd Səid Ordubadi
haqqında bu yazını qələmə alarkən bir daha
onun həyat və yaradıcılığı, keçdiyi
ömür və sənət yolu barədə yazılan monoqrafiya
və məqalələrlə tanış oldum. Bizim Milli
Kitabxanamızda ədibin əsərlərinin səkkiz
cildliyini yenidən nəzərdən keçirdim.
Yazıçının anadan olmasının 140 illiyilə əlaqədar
yazacağım məqalə üçün bir sıra qeydlər
götürdüm. Fikirləşdim ki, böyük
yazıçımızın yaradıcılığı
barədə sovet dövrü ədəbiyyatşünaslığında
olduğu kimi "kommunist yazıçı" təyinindən
yaxa qurtarmaq lazımdır. Amma bu deyilənlərdə yüzə
yüz həqiqət olduğunu gördüm. Çünki
M.S.Ordubadi təkcə yazıçı deyil, həm də
sosial-demokrat, inqilabçı və kommunist olmuşdur,
özü də ömrünün axırınacan tutduğu
mövqedən və kommunist əqidəsindən bir addım
da geri çəkilməmişdir, yazdığı əsərlərin
bir çoxunda da sadiq qaldığı idealların tərənnümçüsü
olmuşdur. Lakin bütün bunlara baxmayaraq,o, Azərbaycan ədəbiyyatının
klassiklərindən biridir.
Yazıçıları illər
keçəndən sonra təkcə ictimai və siyasi fəaliyyətinə
görə deyil, ədəbi mövqeyinə,
yazdığı əsərlərdə
yaşadığı dövrü və yaxud tarixi həqiqətləri
necə əks etdirdiyinə görə qiymətləndirmək
lazımdır. Böyük türk şairi Nazim Hikmət də
kommunist idi, amma onun əsərləri təkcə siyasi əqidəsininmi
ifadəsiydi? Ordubadi haqqında da eyni fikri söyləmək
olar.
O, mollanəsrəddinçi
şair kimi Sabir və Mirzə Cəlil realist ədəbi məktəbinin
görkəmli nümayəndələrindən biri olmuşdur.
O, "Qanlı sənələr"
publisistik əsəri ilə ermənilərin əsrin əvvəllərində
Azərbaycan türklərinin başına gətirdikləri
faciələri ürək yanğısı ilə təsvir
etmişdir.
O, ədəbiyyatımızda ilk
tarixi romanın təməlini qoymuş və bu təməl
üzərində sonralar böyük bir binanın əsası
hörülmüşdür.
O, Azərbaycan ədəbiyyatında
Cənub mövzusunun ən parlaq nümunələrini ərsəyə
gətirmişdir.
O, Azərbaycan mətbuatının
qurucularından biridir və keçən əsrin iyirminci illərində
bu sahədə mühüm xidmətləri olmuşdur.
Deməli, "kommunist
yazıçı" Ordubadiyə istər tarixə
qovuşmuş və heç də birmənalı
qarşılanmayan sosializm realizmi "epoxası", istərsə
də müstəqillik dövrünün prizmasından
yanaşılsın, o, yenə möhtəşəmliyini və
klassikliyini itirmir. Lakin onu hansı meyarlarla qiymətləndirməyin
də öz mənası var.
Bu böyük
yazıçının həyatı da,
yaradıcılığı da çox zəngindir, eyni
zamanda, təzadlı hadisələrlə doludur.
HƏYATI,
ƏDƏBİ MÜHİTİ.
Məmməd Səid Ordubadi
Naxçıvanda doğulub (1872). Onun atası Hacıağa Fəqir
(1838-1885) bütün ömrü boyu kasıb
yaşamışdır. O,Təbriz və Şirazın
tanınmış alimlərinin yanında dərs
almış, Ordubada qayıtdıqdan sonra müəllimlik
etmiş, şeir yazmağa da elə o illərdə
başlamışdır. Görkəmli tənqidçi M.Arif
yazırdı ki: "Ordubadinin atası Hacıağa "Fəqir"
təxəllüsü ilə məşhur idi. Bu şair
"Fəqir" ləqəbini nahaq yerə seçməmişdi,
o, doğrudan da fəqir idi. Onun şeirləri zəmanədən
və zülmdən şikayətlə dolu olduğu
üçün Ordubad varlılarının xoşuna gəlmirdi".
Aşağıdakı şeir parçası Fəqirin
"Şikayətnamə" mənzuməsindəndir:
Əzəl şikayətim mənim
ol çərxi-bivəfadəndir,
İkincisi-ikiüz yarü
aşinadəndir.
Verilə varlıya, həm
qeyri-müstəhəqqə təam,
Fəqirlər qalır ac, yəni
bu səxadəndir?
Sözündə yoxdu əsər
vaizin, deyil amil,
Axundların bu hamı etdiyi həvadəndir.
Ömrünün son illərində
onun gözləri də tutulmuşdu, şeirlərini yaxın
dostu Məmmədtağı Sidqiyə diqtə edib
yazdırırdı. 1885-ci ildə, 49 yaşında vəfat
edən Hacağa Fəqir bununla da oğlu Məmməd Səidi
taleyin ixtiyarına buraxır. Atası kimi fəqir və
kasıb həyat tərzi keçirən Ordubadi 14
yaşından başlayaraq Ordubad ipək fabrikində fəhləlik
edir.Amma o, fəhlə olsa da, təhsilini davam etdirir,
Naxçıvan ziyalılarının arasında öz sərbəst
düşüncə tərzi ilə seçilir. Təbii ki,
ağır zəhmət, gün-güzəran çətinliyi
onda zəmanəyə, zülm və istismar dünyasına
qarşı dərin bir etiraz oyatmışdı.
Atasının şair olmasının ona da təsiri
keçmişdi və Məmməd Səidin ədəbi aləmə
gəlməsində atasından başqa bir adamın da
böyük rolu oldu. Bu, o dövrün tanınmış
ziyalılarından biri-"Şərqi -Rus" qəzetinin
redaktoru Məhəmməd Ağa Şahtaxtinski idi.
Xatırladım ki, böyük Mirzə Cəlilin ədəbiyyata
gəlməsində Şahtaxtinskinin təsiri və təşviqi
mühüm rol oynamışdır.
Ordubadinin Şura inqilabına qədərki
həyatı, yaradıcılığı maarifçi bir
yazıçının tədricən bolşevik
ideyalarına yiyələnməsinə qədər olan bir
dövrdür. Keçən əsrin əvvəllərində
o, Cəlil Məmmədquluzadənin "Qeyrət" mətbəəsində
iki şeir məcmuəsini çap etdirir ("Qəflət",
"Vətən və hürriyyət"). Bu kitabda toplanan
şeirlərində Ordubadi maarifçilik mövqeyindən
çıxış edir, cəhaləti, nadanlığı,
xurafatı tənqid atəşinə tutur, eyni zamanda,
üzünü Vətən övladlarına tutaraq onları
mübarizəyə səsləyir. Təkcə şeirlərində
deyil, əməllərində də o, mübariz idi, tədqiqatçıların
yazdığına görə yaşadığı Ordubadda
gizli bir cəmiyyət təşkil etmişdi. Siyasi intibahnamələr
yaydığına görə Ordubadi qısa müddət ərzində
həbs edilir. Ordubadda yaşamağın
namümkünlüyünü görən Məmməd Səid
Culfaya köçür. Culfa İrana qonşu idi və bu da
Ordubadinin ürəyincə olur, o, tez-tez Təbrizə gedir,
demək olar ki, Cənubda baş verən inqilabi hərəkatın
iştirakçılarından birinə çevrilir.
1920-ci ilə qədər Ordubadi həm
ədəbi yaradıcılıqla məşğul olur, həm
də inqilabi fəaliyyətini davam etdirir. Ədəbi
yaradıcılığı barədə söhbətimizi
bir az sonraya saxlayaq, inqilabçı-demokrat Ordubadi isə
tez-tez təqib olunurdu. 1913-cü ildə gizli təşkilatda
fəaliyyətinə görə onu həbs edirlər
(Naxçıvan, Tiflis, Novoçerkask, Saritsın həbsxanalarında
yatır), sürgündə də
yaradıcılığını davam etdirir. Həbs müddəti
başa çatdıqdan sonra Həştərxana gəlir,
"Hümmət" qəzetində çalışır.
O zaman Nəriman Nərimanov da bu şəhərdə idi və
onların dostluğu da elə buradan başlanır, hətta
ağır xəstələndiyi zaman Nərimanov onu müalicə
edir.
Nəhayət, Ordubadinin də
arzuladığı Şura inqilabı baş verir və o, XI
Ordunun hissələri ilə birgə Bakıya dönür.
1920-ci ildən
ömürünün axırına qədər Ordubadi
Bakıda yaşayır, uzun müddət bir sıra qəzet və
jurnallarda məsul redaktor, Azərbaycan Radio Verilişləri
komitəsində ədəbi-bədii verilişlər üzrə
redaktor vəzifələrində çalışır,
"Koroğlu", "Nərgiz" və s. operaların
librettosunu qələmə alır, elmi, publisistik və əlbəttə,
bədii yaradıcılıqla məşğul olur, tarixi
romanlarını yazır. Və bu ədəbi, ictimai fəaliyyəti
də Sovet höküməti tərəfindən yüksək
qiymətləndirilir, üç dəfə Azərbaycan SSR
Ali Sovetinin deputatı, bir dəfə isə (1938) Ali Sovetin sədri
seçilir. Orden və medalları da öz yerində- Lenin,
Qırmızı Əmək Bayrağı, "Şərəf
nişanı" və s.
1950-ci il mayın 1-də, 78 yaşında vəfat edir.
ŞAİR
ORDUBADİ.
M.S.Ordubadinin ədəbi
yaradıcılığa şeirlə
başladığını qeyd etdik. O, "Molla Nəsrəddin"
məfkurəsinin və ədəbi mövqeyinin
qızğın tərəfdarı idi. Söhbət ondan
getmir ki, Ordubadi "Molla Nəsrəddin" jurnalında
öz ictimai ruhlu satirik şeirlərini çap etdirirdi, Mirzə
Cəlillə, Sabirlə, Qəmküsarla, Haqverdiyevlə, Əli
Nəzmi ilə, Ömər Faiqlə dost idi. Söhbət
ondan gedir ki, Ordubadi mollanəsrəddinçilərin
platformasını ürəkdən müdafiə edirdi.
Xalqı maarifləndirmək, onun gözünü açmaq,
nadanlığa, xurafata, ictimai bərabərsizliyə
qarşı mübarizə aparmaq, Azərbaycan dilinin
saflığını, təmizliyini qorumaq, millətin
sabahını düşünmək, İranda, Türkiyədə,
ümumən Şərq dünyasında baş verən hadisələri
inqilabi mövqeydən işıqlandırmaqgOrdubadi də
öz şeirlərində məhz mollanəsrəddinçilərin
bu yolunu davam etdirirdi. Doğrudur, onun "Molla Nəsrəddin"dəki
ilk şeirləri öz bədii səviyyəsinə görə
Sabirin satiraları ilə müqayisə edilə bilməz.
Ancaq o dövrdə bütün mollanəsrəddinçi
şairlər Sabirin təsiri altında idilər. Əgər
belə demək mümkünsə, Sabir-müəllim, digər
mollanəsrəddinçi şairlər şagird idilər və
onlar Sabirdən öyrənirdilər.
Ordubadinin şeirləri "Hərdəxəyal"
imzası ilə çap olunurdu. Başqa imzaları da
vardı: "Felyetonçu", "Tat", "Bəhayi",
"Musi", "Məhəmməd Səid". Ədəbiyyatşünas
İslam Ağayev yazır ki "1906-cı ildə
M.S.Ordubadinin "Molla Nəsrəddin" jurnalında yeddi
satirası çap olunub. Ordubadi
yaradıcılığında Sabirlə yanaşı, C.Məmmədquluzadənin
də təsiri böyük idi. Amma getdikcə Ordubadinin
şeirləri büllurlaşır və onun satirik
istedadı parlayırdı".
Ordubadinin "Molla Nəsrəddin"
jurnalında çap olunan bir çox şeirlərinə diqqət
yetirdim və doğrudan da, onun get-gedə bmir satirik şair
kimi parladığının şahidi oldum. Təfərrüata
varmayıb, onun 1911-ci ildə "Molla Nəsrəddin"də
dərc olunmuş ("Hərdəmxəyal" imzası ilə)
bir şeirini misal gətirmək istəyirəm:
Ya Rəbb, sənə min
şükr ki, insan yaradıbsan,
İnsanları rəbba, əcəb
əlvan yaradıbsan,
Məxluqunu hər qabili-ürfan
yaradıbsan,
Heyfa ki, müsəlmanı
yalandan yaradıbsan,
Qırxıqbaşı xilqətdə
pərişan yaradıbsan.
İnsan kimi hər millət edir kəsbi-məişət,
Əğyarə
tamaşaçı yaranmışla bu millət,
Səhrayi-zəlalətdə
çəkən bari-məlalət,
Həqqa ki, bizi quli-biyaban
yaradıbsan,
Surətdə bəşər, mənidə
heyvan yaradıbsan.
İLK AZƏRBAYCAN ROMANLARINDAN BİRİ - "BƏDBƏXT
MİLYONÇU”
Bizim ədəbiyyatşünaslar
haqlı olaraq qeyd edirlər ki, roman Azərbaycan ədəbiyyatında
ən gənc janrlardandır. Onun yaranması XIX əsrin sonu, XX
əsrin əvvəllərinə təsadüf edir. Daha
doğrusu, 1887-ci ildə yazıçı-publisist
Marağalı Zeynalabdin "İbrahimbəyin səyahətnaməsi"
adlı roman yazır. Avtobioqrafik səciyyəli bu əsərlə
realist Azərbaycan romanının əsası qoyulur.Bu əsərdən
sonra 1930-cu ilə , yəni ilk sovet romanları yaranana qədər
iyirmidən artıq roman yazılır və bunların əksəriyyətini
indiki meyarlarla roman adlandırmaq mümkün deyilsə də,
hər halda, ədəbiyyatımızda bu sahədə bir
canlanma hiss edilir. Azərbaycan oxucuları dərk edirlər ki,
roman adlı bir canr da varmış (hələ XIX əsrdə
M.F.Axundov romanın millətə faydalı bir canr olduğunu
qeyd etsə də-V.Y.). Təbii ki, ilk Azərbaycvan
romanlarının əksəriyyəti hələ bu janrın
tələblərinə cavab vermirdi. O romanların içində
xalq dastanlarının süjeti əsasında yaradılan
nümunələr də vardı, türk və Avropa
romanlarından təbdil olunanları da diqqəti cəlb
edirdi, amma bu "kiçik" romanların əhəmiyyəti
onda idi ki, oxucular tədricən belə bir janrın
varlığına alışırdılar."Bahadır və
Sona" (N.Nərimanov), "Şeyda bəy Şirvaninin məktubları"
(S.M.Qənizadə), "Məsalikül-məhsinin",
"Kitab yüklü eşşək", "Əhmədin
kitabı" (Ə.Talıbov), "Əsrimizin qəhrəmanları"
(A.Şaiq), "Solğun çiçək" (Əli Səbri),
"Can yanğısı" (A.Divanbəyoğlu), "Yusif
və Züleyxa" H.Ə.Müznib), "Bir yetimin naləsi"
və yaxud qardaş qardaşa etdiyi xəyanət"
(B.Cabbarzadə),, "Gözəllərin vəfası",
"Xoşbəxtlər", "Neft və milyonlar səltənətində"
(İ.Musabəyov), "İki nakam" (N.Bəsir) və s.
romanlar keçən əsrin əvvəllərində, bu mənada
çox faydalı bir missiyanı yerinə yetirdilər. Bu
sırada M.S.Ordubadinin "Bədbəxt milyonçu"
romanını da qeyd edirik. Deməli, Ordubadinin bir xidməti də
ilk Azərbaycan romanlarından birini qələmə alması
idi. O dövrün məşhur tənqidçisi Seyid
Hüseyn yazırdı ki: "Romançılıq ədəbiyyat
aləmində bir sənətdir... Bizim ədəbiyyatımız
sair müsəlman olan millətlər ilə bərabər
şeir babində çox irəliləmişdir. Nəsr
babində qeyrilərə nisbət geridə
qaldığından romançılıq sənəti bizdə
bir halətdədir. Halbuki, romanın təhzizi-əxlaq
üçün əhəmiyyəti çoxdur. Bu gün
fikri söyləmək üçün romandan gözəl
bir alət olmaz. Roman vasitəsilə bir millətin həqiqət
kimi qəbul etdiyi nöqsanlarını elə tənqid etmək
olar ki, oxucu onu şirin oxumaqla, öz nöqsanlarını
düşünə bilər".
"Bədbəxt
milyonçu" da məhz bu həqiqətin dərkindən
yaranmışdı.Öncə qeyd etdik ki, bir
yazıçı kimi Ordubadi M.F.Axundov və
Z.Marağalıdan sonra ədəbiyyatımızda Cənub
mövzusunun ən parlaq nümunələrini
yaratmışdır və "Bədbəxt
milyonçu" romanının mövzusu da İran həyatından
götürülmüşdür. Əsərin süjet xətti
çox da mürəkkəb deyil. Fransada təhsil alıb Təbrizə
qayıdan Rzaqulu xan böyük arzularla yaşayır. O, Təbrizdən
Tehrana dəmir yolu çəkdirmək, mütərəqqi
ruhlu qəzet nəşr etdirmək, məktəblər və
müalicəxanalar açmaq, xalqın rifah halını
yaxşılaşdırmaq istəyir. Onun övladları da
atası kimi maarifçidirlər, onlar da Avropa təhsili
görmüşlər. Lakin nə Rzaqulu xanı, nə də
onun maarifçi övladlarını bir kimsə başa
düşmür və bundan sonra bu xoşbəxt ailə
nadanlığın, xurafatın qurbanı olur. Faciənin əsas
səbəbkarlarından biri də Rzaqulu xanın arvadı
Böyükxanım olur. O, zorla təhsilli qızı Münəvvəri
gözünü nadanlıq pərdəsi örtmüş,
varlı-dövlətli, həm də xeyli yaşlı Qulam
xana ərə verdirmək istəyir. Nəticədə Qulam
xan Rzaqulu xanın iki oğlunu və onun özünü
öldürür. Beləliklə, "zülmət səltənətində
parlayan nurlar" tez də sönüb külə
dönürlər.
Əlbəttə, bu, Ordubadinin roman sahəsində ilk
addımı idi . Onun təsvir etdiyi qəhrəmanlar
işıqlı insanlar idi, lakin qətiyyən mübariz
deyildilər. Mütərəqqi arzularını həyata
keçirmək yolunda elə ilk təzyiqdən və təcavüzdən
sarsıldılar, günlərini ah-ufla keçirdilər. Amansız
İran despotizmi onların həyatına son qoydu.
TARİXİ ROMANIN İLK NÜMÜNƏLƏRİ-"DUMANLI
TƏBRİZ", "GİZLİ BAKI",
"DÖYÜŞƏN ŞƏHƏR".
M.S.Ordubadi milli ədəbiyyatımızda
tarixi roman canrının banisi sayılır. Onu tarixi roman
yazmağa səfərbər edən bir neçə amili
açıqlaya bilərik. 1. Ordubadi Azərbaycan və həmçinin
Şərq tarixini çox gözəl bilirdi. Ərəb və
fars dillərini bilməsi Ordubadinin tarixi mənbələrə
çəkib aparırdı. Lakin tarixi bilmək azdır, hətta
qədim mənbələrlə tanışlıq da elə
bir önəm kəsb eləmir, əsası o idi ki, Ordubadi bu
tarixi bədii şəkildə oxuculara çatdırmaq istəyirdi.
2.Ordubadi 1905-ci ildən 1920-ci ilədək həi İranda, həm
də Azərbaycanda baş verən bir çox tarixi hadisələrin
canlı şahidi və iştirakçısı olmuşdu və
bu hadisələri illər keçəndən sonra bədii əsərlərində
əks etdirməyi qərara almışdı.Ümumiyyətlə,
onun tarixə marağı güclü idi və bir sıra
dramlarını da tarixi mövzuda qələmə
almışdı.
"Dümanlı Təbriz",
"Gizli Bakı", "Döyüşən şəhər"
və ömrünün son illərində qələmə
aldığı "Qılınc və qələm"
romanları da məhz bu zərurətdən
yaranmışdı.
Adlarını çəkdiyim bu
romanlar uzun illər Azərbaycan oxucularının sevdiyi,
dönə-dönə mütaliə etdiyi əsərlər
olmuşdur. Və həmin əsərlər haqqında ədibin
sağlığında da, ölümündən sonra da xeyli
məqalələr qələmə alınmışdır.
Təbii ki, sovet dövrü ədəbiyyatşünaslığında
"Gizli Bakı" və "Döyüşən şəhər"
romanları daha yüksək qiymətlənləndirilmişdir.
Çünki bu əsərlərdə ğolşevik partiyasının
1897-1919-cu illərdə Bakıdakı fəaliyyəti əks
olunmuşdur. Bu romanlarda vaxtilə qızğın təbliğ
edilən bir sıra bolşeviklərin- L.Ketsxovelinin, P.Montinin,
S.Şaumyanın və digərlərinin obrazları
yaradılmışdır. Əvəzində isə Hacı
Zeynalabdin Tağıyev mənfi boyalarla rəsm edilmişdir.
Sadəcə olaraq bolşevik ideologiyasının təsiri ilə
yazılan "Gizli Bakı" və "Döyüşən
şəhər"də o dövrün həqiqi mənzərəsi
bir növ, gizli qalmışdır. Tarixi roman tədqiqatçısı
professor Yavuz Axundlu çox doğru olaraq qeyd edir ki: "Romanda
("Döyüşən şəhər"də) Bakı
komissarlarının fəaliyyəti geniş təsvir
olunmamışdır. Bunun bir səbəbi bəlkə də,
müəllifin özünün yaradıcılıq sirridir.
Çox güman ki, Bakı komissarlarının əsl
simasına yaxından bələd olan ədib o zaman onlar
haqqında susmağı daha münasib bilmişdir".
"Dumanlı Təbriz"
romanına gəldikdə isə, deyə bilərik ki, bu əsərdə
İranda, Cənubi Azərbaycanda baş verən hadisələr
obyektivliklə, tarixi həqiqətlərə heç bir
müdaxilə etmədən, yamaq vurulmadan
canlandırılmışdır. Doğrudur, dörd hissəlik
bu romanda personacların sayı həddindən artıqdır,
amma müəllif onların heç birinin taleyinə biganə
qalmamışdır, hətta epizodik səciyyə
daşıyan obrazların da taleyi məlumdur.
Mövzu Ordubadiyə çox
tanış idi. O, İranı,Cənubi Azərbaycanı
qarış-qarış gəzmişdi, İran
inqilabçıları yaxından tanışlığı
vardı. Səttarxanı, Bağırxanı
görmüşdü, onların hansı amallar uğrunda
mübarizə apardığını yaxşı bilirdi. O
zaman (1905-1910) İran, Cənubi Azərbaycan bütün Avropa
və Asiyanı lərzəyə gətirmişdi, hətta
V.İ.Lenin də Səttarxan hərəkatına münasibətini
gizlətməmiş, onu Puqaçovla müqayisə
etmişdi.
Romanda çox məsələlərdən
danışılır: Amerika, Almaniya, İngilğərə,
Fransa, Rusiya dövlətlərinin İranda apardığı
açışq və gizli siyasət, İran
monorxiyasının zəifliyi və çürüklüyü,
dini mövhumatın baş alıb getməsi, əhalinin
ağır vəziyyəti, inqilabi mübarizənin təsviri..bütün
bunlar tarixi dəqiqliklə əks etdirilmişdir. Romanın qəhrəmanı
Əbülhəsən bəy (sonradan məlum olur ki, o,
Bakıdan göndərilən bolşevikdir) bütün bu
hadisələrin içindədir və müəllif
ideyasının daşıyıcısıdır.
İranda baş verən birinci inqilab məğlub oldu.
Müəllif inqilabın xarakterindən, mahiyyətindən
çıxış edib bu məğlubiyyətin səbəblərini
də açıqlayır.
Ordubalinin bu üç
romanında, eləcə də "Qılınc və qələm"də
macəra səpgili hadisələr də az deyil. Bunu sonralar
Ordubadiyə irad tutan tənqidçilər də olmuşdur.
Qeyd edək ki, bu, Ordubadinin özünəməxsus bədii fəndi
idi. Dünya ədəbiyyatında da bu səpgili tarixi romanlar
az deyil. Oxucunu bir anlıq real hadisələr axarından
ayırıb sevgi-məhəbbət macəralarına,
sentimental səhnələrə çəkib aparmaqgməsələ
bunda idi.
Nəhayət, "QILINU VƏ QƏLƏM"
romanı haqqında. Deyə bilərik ki, bu roman Azərbaycanın
dahi şairi Nizamiyə ədəbiyyatda qoyulan ən
böyük abidədir və hələlik, bizim fikrimizcə,
bunun alternativi yoxdur.
Müasir Azərbaycan
yazıçısı üçün Ordubadi kimdir? İlk
növbədə, böyük romançı..bu canrın təməlini
qoyanlardan birig tarix və müasirlik problemini böyük sənətkarlıqla
əks etdirən, əsərlərində parlaq, dolğun və
mükəmməl xarakterlər yaradan sənətkar. Azərbaycan
ədəbi dilinin gözəlliklərini, incəliyi,
duruluğunu, saflığını əsərlərində əyani
şəkildə nümayiş etdirən yazıçı.
Ordubadi bu mənada, bir məktəbdir və biz illər
keçdikcə, bu məktəbdən öyrənməliyik.
Vaqif YUSİFLİ
Ədalət.-2012.-28 aprel.- S.19.