DÜŞMƏNİ
DİZ ÇÖKDÜRƏCƏK BAYRAQ...
Xocavəndlilər
onu səngərdə ucaldıblar
Hər dəfə cəbhə
bölgəsinə yolum düşəndə mənə elə
gəlir ki, indicə sərhədi keçib doğulduğum
kəndə doğru irəliləyəcəm. Hər dəfə
də bu yolun tən
yarısında əlisilahlı əsgərləri görəndə
elə bil soyuq suya düşüb
çıxıram. Bütün fikirlərim,
xəyallarım pərən-pərən düşür
və mən gerçəkliklə barışmalı oluram. İndiki zamanda isə günün iki gerçəkliyi var. Onun birincisi işğal altında olan
torpaqlar, yəni cəbhə, digəri isə
tikilib-qurulan, abadlaşan
Azərbaycanın bugünkü mənzərəsini
ortaya qoyan arxa cəbhə...
Əvvəllər hətta bəzi
həmkarlarımı da inandıra bilmirdim ki, Dağlıq
Qarabağın aran torpaqlarının müəyyən hissəsi
işğaldan azad edilib və həmin ərazilərdə o
torpağın qanuni sahibləri - xocavəndlilər məskunlaşıb.
Onlar bu ərazilərdə həm təsərrüfatla məşğuldular,
həm də qurub-yaratmaqla. Özü də bu rayon sakinlərinin
ən maraqlı və bəlkə də ən kədərli
məqamları ondan ibarətdir ki, onlar günün istənilən
saatında ermənilərin nəzarəti altında olan kəndlərində,
evlərində tək-tək də olsa yanan
işıqları, ot-ələf basmış çəpərləri,
bağları, yolları rahatca görürlər. Necə deyərlər,
ovuc içərisində olan Muğanlı, Kuropatkino kəndləri
adama gəl-gəl deyir. Buna beş addımlıqda
dözüb dayanmaq və həm də qurub-yaratmaq özü
Allahın xocavəndlilərə verdiyi dözümün,
inamın nəticəsidi. Və bir də bu inamın söykəndiyi
daxili və xarici siyasət, eləcə də Azərbaycan
ordusudu.
Qarşımda
açılmış mənzərə məni
doğrudan-doğruya heyrətləndirir. Xocavəndlilərin
yenicə məskunlaşdıqları qəsəbə əsl
şəhəri xatırladır. Enli küçələr,
yolları işıqlandıran lampalar, qəsəbənin
ortasından keçib gedən - mənim çaşıb
çay demək istədiyim kanal, eləcə də bir-birindən
yaraşıqlı inzibati binalar... Bu binaların arasında məktəb
xüsusilə göz oxşayır. Ən müasir tikinti
üslubunda inşa edilmiş ikimərtəbəli
böyük binanın geniş dəhlizi, işıqlı
sinif otaqları və təbii ki, həm də hər bir məktəblinin
arzusu olan kompüterlər. Məktəbin giriş foyesində
xocavəndlilərin qüruru olan şəhidlərin, sevilən
qəhrəmanların, ümummilli liderin şəkilləri
ilə bəzədilmiş mənzərə həqiqətən
adamı ayaq saxlamağa, xəyala dalmağa, xatirələrə
baş vurmağa vadar edir. Həmçinin məktəbin
adını daşıdığı
döyüşçünün də guşəsi onun
şücaətindən təqdimatsız xəbər verir.
Bu isə qəsəbənin
böyük səhiyyə ocağıdı. Qarşısında
"03" yazılmış müasir təcili yardım
maşınları dayanmış bu bina
özü-özlüyündə orada
çalışanların işgüzarlığından,
xidmətin səviyyəsindən söz açır. Sadəcə,
ora yanaşmaq, söhbət etmək kifayətdir ki, xocavəndlilərin
sağlamlığı keşiyində duran insanların əməyindən,
zəhmətindən xəbər tutasan. Demək olar ki, burda əksəriyyətini
tanıdığım səhiyyə işçiləri
sıxıntıdan xilas olduqlarını, onlar
üçün rahat iş şəraiti
yaradıldığını ürəklə etiraf edir və
bunun üçün ölkə prezidentinə minnətdarlıqlarını
dilə gətirirlər.
Bax bu isə Rayon İcra Hakimiyyətinin
binasıdır. Doğrusu, bu cür əzəmətli bina bir
çox oturuşmuş, işğaldan çox-çox uzaqda
olan rayonlarımızın mərkəzlərində yoxdur. Mən
binanın daxilin gəzib zövq ala-ala rayon icra hakimiyyətinin
başçısının otağına - ikinci mərtəbəyə
qalxıram. Köməkçi bildirir ki, icra
başçısı Eyvaz Hüseynov binanın önündə
aparılan tikinti-abadlıq işlərinə nəzarət
etmək üçün fəhlələrin yanına
düşüb. Mən də ora gedirəm. Ulu öndərin
abidəsinin qarşısında açılan böyük meydanda
əməlli-başlı torpaq işləri gedir. Eyvaz müəllimlə
söhbət zamanı onu da bildirir ki, tezliklə bu meydan hər
kəsin diqqətini çəkəcək. Buradakı
yaşıllaşdırma, abadlıq işləri
hamının ürəyincə olacaq.
Böyük ürəklə və
həvəslə görülən işlər barəsində
məlumat verən Eyvaz Hüseynov onu da vurğulayır ki,
artıq rayonumuz bir növ komleksləşir. Yəni Beyləqan
şəhəri mərkəzində ayrı-ayrı binalarda
yerləşən Xocavəndin icra strukturları qəsəbədə
tikilən inzibati binalar köçürülür. Yəni
artıq hər kəs öz evində, öz damının
altında oturub öz sakinlərinə xidmət etmək
imkanı qazanır. Bax elə qəsəbənin girişində
sürətlə tikintisi aparılan bina da Rayon Polis
Şöbəsi üçün nəzərdə tutulub.
Respublika daxili işlər naziri Ramil Usubovun xüsusi
qayğısı ilə inşa edilən bina qısa zamanda əməkdaşları
öz qoynuna alacaqdır.
Bəli, mən bu yeni qəsəbədə
hər şeyin necə ürək
oxşadığını yaddaşıma köçürərkən
bir-birini tamamlayan iki məqamı xüsusilə
yaddaşıma yazdım. Onlardan biri təmir-abadlıq işləri
aparılan meydanda qurulmuş dövlət bayrağıdır.
Yəni Bayraq meydanında işlərin sürətlə getməsində
məncə bu bayrağın xüsusi rolu, xüsusi əhəmiyyəti
var. Çünki o bayraq Beyləqandan və ümumiyyətlə
ətraf yerlərdən baxanda son dərəcə əzəmətli
görünür və son dərəcə də
böyük çağırış edir, özü də
qələbə çağırışı.
İkinci məqam isə xocavəndlilərin
Nərgiztəpədə ucaltdıqları Xatirə
Kompleksidir! Həmin Xatirə Kompleksində də dövlət
bayrağımız ucaldılıb. Özü də
düşməndən çəkinmədən, onun hər dəqiqə
namərdcəsinə atəş açacağını bilə-bilə
bu kompleksi və bayrağı xocavəndlilər Nərgiztəpədə
ucaldıblar. Ucaldıblar ki, düşmən onu görüb
vahimələnsin. Bilsin ki, bu bayrağı ucaldanlar onu tezliklə
Xocavənd rayonunun mərkəzinə, Şuşaya da
sancacaqlar. Çünki Azərbaycan prezidenti, Ali Baş
Komandan İlham Əliyev cənabları təkcə
regionların sosial-iqtisadi inkişafına deyil, həm də
ordu quruculuğuna xüsusi önəm verir. Biz iqtisadi-siyasi cəhətdən
gücləndikcə ordumuz da güclənir. Deməli,
gücümüz tezliklə düşmənin dizini yerə gətirəcək,
onu bayrağımız önündə diz çökdürəcəkdir!
Əbülfət MƏDƏTOĞLU
Azərbaycan Respublikasının
Prezidenti yanında kütləvi informasiya vasitələrinin
inkişafına dövlət dəstəyi fondunun maliyyə
yardımı ilə
Ədalət.-2012.-28 aprel.- S.21.