QAR
hekayə
Uşaq idim, hardasa 9-10 yaşım
olardı. Yanılmıramsa noyabr-dekabr ayları
idi, qar hələ yağmasa da, təbiətdə hər şey tezliklə qarın hər yeri ağ örpəyə
bürüyəcəyindən xəbər verirdi.
Yeni eranın başlamasına
sayılı vaxt qalırdı. Ağlım bir o qədər
kəsməsə də uşaq ağlımın süzgəcindən
müəyyən nəsnələri keçirə bilirdim.
O vaxtlar şəhərdə IX mərtəbəli
bir binada yaşayırdıq. Bizim mənzil dördüncü
mərtəbədə idi. Yaşadığımız
binanın lifti tez-tez sıradan çıxırdı. Hətta
bəzən liftin içində saatlarla qalan vaxtlarımız
da olurdu. Heç yadımdan çıxmaz, bir dəfə
lift yeddinci mərtəbədə
ilişmişdi, yaşlı bir qadın da içində.
Qapıbir qonşumuz olan
və məndən 4-5 yaş böyük olan Sahiblə
köməkləşib böyük
çətinliklə liftin
qapısını açaraq
qadını xilas etdik.
Qadın qorxu və həyəcandan
huşunu itirib
bayılmışdı. Çox güman, binanın hansısa mənzilinə qonaq gedirmiş. Yoxsa buranın daimi sakinlərindən
olsaydı bu işlərə, Məşədi
İbad demiş bir növ adətkərdə
olardı, heç bir
qorxu hissi də
keçirməzdi.
Binada yaşayan daimi sakinlər
arasında hər dəfə lift sıradan çıxanda onu
növbə ilə düzəltmək gələnək
halını almışdı. Bu dəfə növbə
bizim idi. O da xatirimdədir ki, hər dəfə Evlər
İdarəsinə ustanın dalınca gedib
çağırmaqdan binamızın bütün sakinləri
cana doymuşdu. Üzbəüz binanın 6-cı mərtəbəsində
yaşayan Valeri adlı bir rus balasını (deyəsən o
da hansısa başqa bir Evlər İdarəsinin lift ustası
idi) köməyə çağırdıq, onun zəhmət
haqqını isə binamızın hər dəfə bir
sakini ödəyirdi.
Bizdən bir mərtəbə
aşağıda-üçünücü mərtəbədə
Səxavət adlı yaşlı bir kişi
yaşayırdı. Səxavət baba yalnız
yaşayırdı. Həyat yoldaşı uzun illər öncə
xərçəng xəstəliyindən dünyasını
dəyişmişdi. Tək yaşayırdı deyəndə,
oxucular elə bilməsin ki, onun heç kimi yox idi. Səxavət
babanın bir oğlu və bir qızı var idi.
Qızını köçürmüşdü, artıq
bir nəvəsi də olmuşdu, oğlu Həmid isə
Moskvada ticarətlə məşğul idi. Çox vəfalı
oğlan idi. Tez-tez atası ilə zəngləşir, onun
problemləri ilə ilgilənir, hal-əhval tuturdu. Ayda, iki
ayda bir atasına baş çəkməyi yaddan
çıxarmazdı. Səxavət baba da həmişə
oğlundan ağız dolusu danışar, onunla fəxr edərdi.
Həmidin atası ilə söhbətlərindən o
yadımda qalıb ki, Moskvada işi heç də
yaxşı deyildmiş, polislər onlara imkan vermir, rus millətçiləri
tez-tez bazarı dağıdır və b.
-Bakıda özümə bir
münasib iş tapa bilsəydim, bir daha Moskvaya
qayıtmazdım-deyirdi.
Səxavət baba xətrimi
çox istərdi. Həmişə mənə "nəvəm"
deyə müraciət edirdi. Atamdan yaşca böyük
olmasına baxmayaraq bir-birilərinə qırılmaz dostluq
telləri ilə bağlanmışdılar. Necə deyərlər,
dostluq yaşa
baxmır.
Məni axtaran hər kəs bu
duzlu, məzəli söhbətləri ilə adamı valeh
edib sirli, sehrli bir aləmə aparan Səxavət babanın
yanında tapardı. Öz evimizdən çox onun yanında
olar, bəzən dərslərimə də orada
hazırlaşardım. Valideynlərim isə bundan qətiyyən
narahat olmurdular. Atam buna görə məni arada tənbeh etmək
istəsə də, anam buna imkan vermirdi:
-Uşağa dəymə, yəqin
yenə Səxavət babanın söhbətlərinin sehrinə
düşüb. (Anam da mənim dilimlə onu Səxavət
baba deyə çağırırdı).
Bir dəfə, gecə saat 12-də
Səxavət babadan ayrılıb evə gələndə
atam məni dəhlizdə qarşıladı.Yorğunluqdan həmişə
erkən yatmağa adət edən atam bu dəfə
yatmamışdı, deyəsən məni gözləyirdi.
-Ay oğul! Niyə tez-tez gedib
qocanı narahat edirsən? Yaşlı adamdı, istirahətini
pozma.
Mən isə atamı and-amanla
inandırırdım ki, məni Səxavət baba özü
çağırır. Babanın ağzı ilə deyirdim:
-Ürəyim çox
sıxılır. Özümü lap yalnız hiss edirəm. Vaxt tapan kimi babanı
ziyarət elə. Baba-nəvə dərdləşək.
Atam susdu, məni başdan ayağa süzüb, dedi:
-Yaxşı, get yat.
O mənə yeniyetməlik, gənclik xatirələrindən, mən
isə ona uşaq macəraları ilə dolu şirin
məktəb həyatından
danışardım. Tez-tez
mənə məsləhətlər
verər, sözü məndən ala bildinmi?-deyərdi.
Bu nəsihətlərin
bir neçəsi uşaqlıq yaddaşıma
necə həkk olubsa heç zaman yadımdan çıxmır. Örnəyi, Səxavət baba qabaqcadan danışmağı
sevməzdi. Kimsə
sabah harasa
gedəcəyindən, hansı
işi görəcəyindən
danışırdısa və
bu zaman "Allah qoysa" demirdisə həmişə sakit görünən qoca özündən çıxardı.
Mənə isə tez-tez nəsihətlər
edər, deyərdi:
-Mən bu sözləri sənə
deməyim heç də o demək deyil ki, səni yorum.
İstəyirəm, mənim həyatda etdiyim
yanlışları sən təkrarlamayasan, dediklərimdən
bir nəticə çıxarasan.
Günlər bir-birini əvəz
edib, 2000-ci ili yaxınlaşdırdıqca insanlar arasında
vahimə doğuran söhbətlər də artırdı. Danışırdılar
ki, yeni il olmayacaq; bilgisayarlar öz aralarında savaş
aparıb, dünyanı dağıdacaqlar; dünyanın sonu
artıq çatmışdır və b. Bütün bu
söhbətlər məni çox qorxudurdu. Axı mənim hətta
uşaqlıq yaşıma sığmayan arzularım
vardı. Böyüyəndə coğrafiyaçı olmaq
istəyirdim. Qorxurdum, arzularım ürəyimdə qalar. Məni
ən çox qorxudan isə yaxınlarımı itirmək təhlükəsi
idi. Bəzən xəlvətə çəkilib
ağlayırdım da.
Nədənsə son zamanlar Səxavət
babanın da bu mövzuda söhbətləri
çoxalmışdı. Heç yadımdan çıxmaz,
bir gecə işıqlar sönmüşdü. Bu məni əməlli-başlı
qorxutdu.
Öz-özümə dedim:
-Deyəsən hər şey bitdi,
bu artıq sondur. Eşitmişdim ki, bəlalar çox zaman
gecələr nazil olur. Aradan bir-iki dəqiqə keçdi. Bu
müddətdə ölülər aləmindən tutmuş,
deyilənə görə, zəhəri səkkiz batman olan
ilanlar-əqrəblər aləminə qədər səyahət
etdim. Nəhayət Səxavət baba bir şam tapıb gətirdi.
Ürəyim yerinə gəldi. Özümü lap macəra
filmlərinin iştirakçısı kimi hiss edirdim.
Çox vaxt o
danışa-danışa məni yuxu tuturdu. Hətta bir
neçə dəfə atam yatmış vəziyyətdə
məni evə qucağında aparmışdı.
Səxavət baba dindar idi.
Özü demişkən namazını, orucunu heç vaxt
"bada verməmişdi". Dinə qarşı çox həssas
idi. Bütün işlərini din qanunları ilə tənzimləyərdi.
Bir sözlə din onun həyatı idi. Tez-tez mənə
peyğəmbər əfəndimizin hədislərindən
danışardı.
Yaxşı yadımdadır, bir dəfə
Səxavət baba mədəsindən əməliyyat
olunmuşdu. Ramazan ayına isə bir-iki gün qalırdı.
Həkimlər ona oruc tutmağı yasaq etmişdilər. Həkimlərin
bu qərarından o çox üzgün
görünürdü. Bir yandan da Həmiddən nigaran idi.
Görünür, Moskvada yenə də işləri düz gətirmir,
deyə öz-özünə düşüncələrə
dalırdı. Yoxsa, Həmid məni bir an da olsa yaddan
çıxarmaz-deyə fikirləşirdi. Amma qızı hər
gün işdən sonra atasına baş çəkər, həkimin
icazə verdiyi xörəklərdən gətirərdi. Ona elə
aludə olmuşdum ki, bir gün Səxavət babanı
görməyəndə darıxırdım, hətta kövrəlirdim.
Bir dəfə ədəbiyyat
müəllimimizin atası rəhmətə getdiyindən dərsdən
evə tez qayıtmışdım. Yeməyimi yeyib onun
yanına qalxdım. Səxavət baba televizorda maraqlı bir
verilişə baxırdı. Onun bu marağını
qapını gec açmağından anladım. Bir
tanınmış rus kanalında dünyanın sonu ilə
bağlı çox maraqlı veriliş yayımlanırdı.
Qonaqlar isə tanınmış parapsixoloqlar,
öngörücülər və bir neçə digər
sahənin alimləri idi. Qızğın fikir
dartışması gedirdi. Səxavət baba da Sovet
dövrünün digər adamları kimi rus dilini
yaxşı başa düşür və ara-sıra mənimçün
də tərcümə edirdi. Baxışlarından əsəbi
olduğunu aydın sezmək olurdu. Onu özündən
çıxaran, verilişə dəvət olunan alimlərin
izləyiciləri qorxutması idi. Həmin gün evə həmişə
olduğundan da gec qayıtdım. Tənbeh də ki, öz
yerində.
Bir gün Səxavət baba mənə
öz başına gələn maraqlı bir hadisə
danışdı. Baba deyirdi:
-Bir dəfə işdə
tapşırığımı vaxtından öncə yerinə
yetirib, evə tez gəldim. Evdə
sıxılacağımı düşündüm,
çünki həmişə evə eyni vaxtda gəlməyə
alışmışdım. Bir az parkda gəzib, necə deyərlər,
vaxtımı öldürməyi qərara aldım.
"Yorğun iş qrafikindən sonra bir az dincəlmək pis
olmaz"-deyə düşündüm. İş yerimizin lap
yaxınlığında yerləşən bu park kiçik
olsa da çox gözəldi və məhz buna görə də
günün əksər vaxtlarında insanlarla
dolub-daşırdı, xoşbəxt cütlüklər,
körpə uşaqlar, yaşlı adamlar, bir sözlə, məmə
yeyəndən pəpə deyəndən qədər hər kəs
bu bağa gələrdi.
Nə başını
ağrıdım, keçib bir oturacaqda əyləşdim. Əlimdəki
"Bakı" qəzeti vasitəsilə günün xəbər
mənzərəsi ilə tanış olurdum. Bu zaman bir
qızla oğlanın mənə tərəf yaxınlaşdığını
gördüm. Onların yanımdakı boş yerlərdə
oturub dincəlmək istədiklərini zənn etdim. Amma tez də
fikrimdən daşındım. Axı, mənə gəlib
çatınca hələ iki boş oturacaq da vardı. Onlar
isə mənim əyləşdiyim oturacağı nişana
almış kimi düz üstümə yeriyirdilər. Gənclər
mənə çatınca ürəyimdə min fikir
dolaşdı. Bəlkə pul istəyəcəklər, ya da
hansısa ünvanı soruşacaqlar. Hər halda düz mənə
sarı gəlmələri heç də səbəbsiz
deyildi.
Yaşı 25-30 arası olan bu gənclərin
biri keçib sağımda, biri isə solumda əyləşdi.
Qız hicablı idi, əlində də müqəddəs bir
kitab tutmuşdu. (Kitabın müqəddəsliyini onun qiymətli,
zərli bir parçaya səliqə ilə
büküldüyündən anladım). Salam verdilər.
-Əleyküm salam.
-10 dəqiqəlik
vaxtınızı ala bilərikmi?
-Buyurun, o nə sözdür?!
-Yaxşısı budur, uzatmadan
keçək mətləbə. Uzaqdan gələ-gələ
sizin xoş simanız bizi özünə cəlb etdi və
sizi xəbərdar etməyi özümüzə borc bildik.
Yerimdə donuxub qaldım. Bunlar məni
nədən, kimdən xəbərdar etmək istəyirlər,
axı mən nə etmişəm..? Öz-özümə səbirli
olmaq, işin axırını gözləməyi tövsiyə
etdim.
-Yəqin ki, siz 2000-ci ilin
olmayacağı barədə eşitmisiniz. Dünyanın sonuna bir neçə
gün qalıb. Mömin insana
bənzəyirsiniz, biz sizin
kimi insanların tələf olmasına razı deyilik. İstəsəniz biz sizi ölümdən
xilas edə bilərik.
-Axı bu necə mümkün
olacaq, heç də inandırıcı
görsənmir?
-Biz Nuhun gəmisinə bənzər
bir gəmi düzəltmişik. Siz bu gəminin sakinlərindən
biri olmalısınız.
Bu sizin üçün
yeganə nicat yoludur. Bütün dünya suya
qərq olanda, ətraf nəhəng okeanı xarıtladanda siz və sizin
kimi digər əməlisaleh insanlar bu gəminin içində əmində
olacaqsınız.
Onlar növbə ilə,
dayanmadan danışır,
tez-tez "Müqəddəs
kitab" dedikləri kitabı açır, mənə tarixi örnəklər göstərirdilər.
Öncə bu kitabı
ya "İncil", ya da "Tövrat"
zənn etdim. Kitabı onlardan alıb baxmağa bir neçə dəfə cəhd etsəm də, onlar kitabı verməkdən imtina etdilər. Soruşdum:
-Sizin Allahın İslam peyğəmbərinə qiyamət
haqqında buyurduqlarından
xəbəriniz varmı?
-Necə bəyəm?
Allah "Qurani-kərim"də öz
peyğəmbərinə buyurub
ki, qiyamətin vaxtını məndən
başqa heç kəs bilmir.
Onlar mənim suallarımdan
məharətlə yayınırdılar.
Qısası, məndən istədikləri
10 dəqiqə artıq
40 dəqiqəni ötmüşdü.
Baş örpəyinin
altından sarı saçları aydın görünən və Azərbaycan türkcəsində
oğlandan daha yaxşı danışan
qız:
-Bizə sizinlə əlaqə
yaratmaq üçün telefon nömrənizi verə bilərsiniz?
Gəmi yola düşəndə sizi xəbərdar edək.
Bir anlıq telefon nömrəmi
onlara vermək istədim. Düşündüm ki, onlarla daha
yaxın olub işlərini öyrənsəm pis olmaz. Tez də
fikrimdən daşındım. Hardaydı məndə o vaxt
ki, onların dalınca düşüb işlərini öyrənim.
Çox tərəddüddən sonra dedim:
-Bağışlayın. Mən
telefon işlətmirəm.
-Siz rusca bilirsinizmi?-oğlan soruşdu.
Mən rusca yaxşı bilirdim.
Uzun illər Rusiyada yaşamışdım.
Qız çantasından rus dilində
nəşr olunmuş qəzet və dərgilər
çıxarır, gözünü ağzıma dikib cavab
gözləyirdi. Mən onların məni bu qəzet-jurnallarla
daha bir neçə dəqiqə yubadacaqlarını duyub,
cavab verdim.
-Bağışlayın, mən
rusca danışa bilmirəm.
Bu yolla özümü
üzücü, mənimçün heç də maraqlı
olmayan söhbətdən xilas etdim. Anadolular demişkən:
"Ucuz qurtulduq".
Səxavət baba şirin-şirin
danışır, mən isə onun söhbətlərindən
doymurdum. Söhbət o qədər maraqlı idi ki, heç
vaxtın fərqində belə deyildik. Otağın nəfəsliyi
açıq idi. Bayırda narın-narın qar yağır,
külək isə ara-sıra qar dənələrini
açıq nəfəslikdən üstümüzə
atırdı. Səxavət baba söhbətinə ara verən
kimi mən qonşu otağa keçib saata baxdım. Saat gecə
ikini ötmüşdü. Evə tələsmək lazım
idi. Bu dəfə daha möhkəm danlanacağımı, hətta
kötəklənəcəyimi belə yəqin etmişdim.
Onunla sağollaşıb evə getdim.
Bu duzlu, məzəli qoca ilə
sonuncu görüşümdən 11 ildən çox vaxt
keçir. Hər dəfə qar yağanda Səxavət
babanın maraqlı söhbətlərini xatırlayıram. O
artıq bu dünyada yoxdur. Eşitdim ki, ürək
çatışmazlığından vəfat edib. Özü
demiş, "nahaq dünyadan haqq dünyasına"
köçüb. Mən isə artıq balaca deyiləm, 20
yaşım var, universitet tələbəsiyəm.
Səxavət babanı mənə
xatırladan bir səbəb də dünyanın bu il
dağılması xəbəridir. 2012-ci il
yaxınlaşır. 12-il öncə olduğu kimi yenə
falçıların, öngörücülərin fikirləri
cəmiyyət arasında dolaşmaqdadır. Bu isə məni
yaman qorxudur. O vaxtdan çoxlu arzularıma yetişsəm də,
hələ də cavabsız qalan suallarım çoxdur.
Çiynimi mətbəxin pəncərəsinə söykəyib
bayıra baxıram. Hava çox şaxtalıdır. Şaxta
adamın iliyinə qədər işləyir. Heç dərsə
də vaxtı-vaxtında gedib-gələ bilmirəm. Qar
yağır, demək, göylər dünyanın
ağaracağına, saflaşacağına inamını hələ
də itirməyib...
Yeqzar
Cəfərli
Ədalət.-2012.-28
aprel.- S.22.