"Dolu"nun səsi
çıxdı...
Və bəzi
sirləri açıldı
Yazıçı Aqil
Abbasın "Dolu" romanı əsasında
çəkilən eyniadlı bədii filmin
çəkilişləri tamamlanmaq
üzrədi. Mədəniyyət və Turizm
Nazirliyinin sifarişi
ilə Cəfər Cabbarlı adına "Azərbaycanfilm"
kinostudiyasında ekranlaşdırılan filmə olan maraq başa
düşüləndi. Oxucular ədəbi
ictimaiyyətdə böyük səs-küy
yaradan romandakı qəhrəmanları- Komandiri, Katibi, Drakonu, Pələngi... kinoda
da görmək istəyir.
"Ədalət" qəzeti
filmin hələ ötən ilin yayında start götürən
çəkiliş prosesindən geniş reportaj
hazırlayıb. "Dolu"da əsas rolları oynayan
aktyorlardan ayrı-ayrı vaxtlarda müsahibələr dərc
edib. Silsilə müsahibələrimiz film tam hazır olana qədər
davam edəcək.
Budəfəki yazımız filmin
növbəti bir mərhələsi barədədi. Amma bu barədə bir qədər sonra...
Filmdən əvvəl
Xatırlatmaq yerinə düşər ki, "Dolu" bədii filminin quruluşçu rejissoru Elxan Cəfərov, quruluşçu operatoru
Nadir Mehdiyev, quruluşçu
rəssamı Rafiq Nəsirov, geyim rəssamı Elfira Hüseynova, icraçı
prodüseri Nadir Əliyev,
redaktoru Ramiz Fətəliyev, rejissorları
əməkdar artistlər
Ənvər Həsənovla
Əliqulu Səmədovdu.
Xalq artisti Polad Bülbüloğlu
da yaradıcı qrupun üzvüdü.
Rusiyadakı səfirimiz kimi
yox, tanınmış
bəstəkar kimi.
Son illərin
ən uğurlu ədəbi qəhrəmanlarını
filmdə həm tanınmış, həm
də kinoda ilk addımlarını atan aktyorlar canlandırır.
Məncə adlar çox şey deyir- xalq artisti
Fuad Poladov (Katib), əməkdar artist Məmməd Səfa (Komandir), əməkdar
artist Fərhad
İsrafilov, əməkdar artist Gülzar
Qurbanova (Pələngin
anası), əməkdar
artist Şamil Süleymanov
(Müəllim), Rza Rzayev (Drakon), Elvin Əhmədov (Pələng),
Corc Qafarov (Qeyrət), Vüsal Murtuzəliyev (Jurnalist)...
Kinostudiyanın
bir otağında BMP partlayır, at çapır...
Yazının əvvəlində qeyd etdiyim kimi,
indi "Dolu" filminin növbəti və ən mühüm mərhələlərindən
biri tamamlanır.
Filmin yaradıcı qrupunun ən fəal üzvlərindən biri-ikinci
rejissor və Səhiyyə nazirinin müavini obrazına çəkilən əməkdar
artist Əliqulu Səmədov
bu mərhələ barədə danışacaq.
Əliqulu bəylə birlikdə
"Azərbaycanfilm"in 3-cü qatındakı otaqlardan birinə-kino dili ilə desək, "ton atelye"yə daxil oluruq. İllərini
bu binada keçirmiş Əliqulu
Səmədov ev sahibi kimi otaqdakıları bizimlə tanış edir: "Səs sexinin müdiri Mehman Nadirov, səs operatoru Bəkir Bəkirzadə və texnik Kamal Məmmədovdu".
Otaqda onlardan başqa hərbi geyimli zabit və əsgər,
xeyli silah-sursat var. Məlum olur ki, Daxili Qoşunların
zabiti və əsgəri işin gedişində yaradıcı
qrupa kömək göstərir.
Yeri gəlmişkən, Daxili İşlər Nazirliyinin və Daxili Qoşunların rəhbərliyi Qarabağ
savaşından bəhs
edən "Dolu"nun
çəkilişlərinə elə ilk gündən xüsusi diqqət və qayğı ilə yanaşırlar.
İkinci rejissorun sözlərindən
məlum olur ki, filmin sinxron
səsləri yazılır:
"Filmin montaj işləri artıq başa çatıb, səsləndirməni də
tamamlamışıq. "Dolu"da çəkilən
aktyorların əksəriyyəti
rollarını özləri
səsləndiriblər. Düzdü,
bir-iki istisna da var. Rza Rzayevin
oynadığı Drakonu
mərhum sənətkarımız
Səməndər Rzayevin
oğlu Rəşid Səməndər səsləndirdi.
İndi isə sinxron
səslərin yazılmasını
başa çatdırmaq
üzrəyik. Bu isə film istehsalının
ən mühüm mərhələlərindən biridi. Elə filmlər var
ki, həmin prosesə cəmi bir neçə gün lazım olur. Amma "Dolu" mürəkkəb
filmdi, burada döyüş və kütləvi səhnələr
çoxdu. Amma bu da bizi qorxutmur".
Otağın bir küncünə
xəzəl döşənib.
Təəccübləndiyimizi görən Əliqulu Səmədov izahat verir: "Əsgərlərin
meşədə, batalyonun
həyətində ayaq
səslərini yazmaq üçün istifadə
edirik. Ümumiyyətlə, otaqdakı əşyaların
hamısı bu və ya digər
filmdə köməyimizə
gəlir. Dəmir
qapı, pəncərə,
üçtəkərli uşaq
velosipedi... Qapı, pəncərə və təkər səsləri yazarkən bu əşyalardan istifadə olunur".
Həmsöhbətimiz otağın bir
küncündəki kraxmal
kisəsini tapdalayır.
Ətrafa tanış
səs yayılır.
Sanki kimsə qarın üstü ilə addımlayır.
Qısa söhbətdən sonra "Dolu"nun növbəti epizodunun sinxron səsi yazılır. Otağın
mərkəzində qoyulan
monitorda romandan oxuculara yaxşı tanış olan səhnə...
BMP-ni Pələngin gözü yesə
də, onu soyuq tər basmışdı. Əlindəkinə
çox güvənmirdi. Bu biratımlıq qumbaraatanlar o qədər
də etibarlı deyildi, dəfələrlə onları pis vəziyyətdə
qoymuşdu. Əlinin arxası ilə alnının tərini
sildi, barmağını qoydu tətiyə, dərindən bir
nəfəs aldı, BMP-ni götürdü nişana, amma
atmadı. Hiss etdi ki, hazır deyil. Yenə də üz-
gözünün tərini sildi, yenə barmağını
qoydu tətiyə, dərindən bir nəfəs aldı, sonra
bütün nəfəsini buraxıb bir anlıq dondu və...
...BMP alovlandı.
BMP-nin vurulduğunu görən
Komandir sevinclə bağırdı:
- Drakon BMP-ni vurdu!
Səs operatoru Bəkir Bəkirzadənin
"Diqqət! Yazırıq!" komandası eşidilir.
Drakonun vurduğu BMP-dən düşüb qaçmağa
çalışan erməni əsgərlərinin səsi
yazılmalıdır. Mikrofonun önünə qalın bir dəmir
parçası gətirilir. Əliqulu Səmədov və səs
operatoru Kamal Məmmədov əsgər çəkmələrini
geyinib həmin dəmir parçasının üzərində
addımlayaraq qışqırmağa başlayırlar.
Filmin direktor müavini Arif Səfərov
otaqda baş verənləri diqqətlə izləyir. Gərək
hər şey yerli-yerində olsun. Yoxsa...
Məlum olur ki, səs operatoru
onların işindən razı qalıb. Əliqulu Səmədov
digər incəlikləri anladır: "Mən 1984-cü ildə
kinostudiyaya gələndə sinxron səsyazmanın mütəxəssisləri
var idi. Onlara baxıb çox şey öyrəndim. O vaxtdan
kinostudiyamızda istehsal olunan filmlərin demək olar ki,
hamısında sinxron səsyazmada iştirak etmişəm. Bu
işlə məşğul olmaq üçün gərək
fiziki durumun yüksək ola, rahat nəfəs ala biləsən.
İndiki mikrofonlar səsə çox həssasdı. Əlavə
səs düşməsin deyə bəzən üst geyimlərini
də çıxarmalı olursan. Ritmikanı bilmək və
diqqətli olmaq da çox vacibdi. Filmlərdə
tamaşaçıların gördüyü atların
çapmasının, dəvələrin ləngər
vura-vura yerişinin sinxron səslərini yaza bilirəm. Yayda
bu otaq isti, qışda isə soyuq olur. Hələ mən
tozu-torpağı demirəm. Əvvəllər kinoplyonka olanda
bu səsləri üç aktyor- Eldəniz Rəsulov, Zilli
Namazov və mən yazırdıq. Amma müasir texnikanın
imkanlarından yararlanıb təkcə bir nəfərin də
səsi ilə yazmaq olur".
Əliqulu Səmədov bir problemi
qeyd edir: "Təəssüf ki, indi bu sahə ilə məşğul
olmaq istəyən yoxdu. Gəncləri dəfələrlə
dəvət edirəm, deyirəm ki, baxıb öyrənin.
Bir-iki dəfə baxandan sonra çıxıb gedirlər. Pul
az, çətinlik isə çox olduğundan heç kim gəlmək
istəmir. Heç bilmirəm 10-15 ildən sonra necə olacaq.
Sinxron səs yazmaq lazım olanda kimi tapacaqlar..."
Əliqulu bəy nə qədər
gileylənsə də, qısa fasilədən sonra növbəti
epizodun sinxron səsini yazmaq üçün mikrofonun
önünə keçir. Daha bir neçə gündən
sonra "Dolu"nun bu mərhələsi də başa
çatacaq. Film üzərində son işlər
aparılır.
Kinoteatrlarda "Dolu"nun
başlamasına az qalıb.
Etibar CƏBRAYILOĞLU
Ədalət.-2012.-28
aprel.- S.6.