"DEMƏ Kİ, YADIMDAN ÇIXDIN..."

 

   Elə səslər var ki, yerdəkilərin belə qulağına gücnən çatır, çatsa da qulaqdan o yana keçə bilmir. Nə ürək titrədir, nə ruhu oxşayır... Sahibindən başqa kimsənin canına yayılmır

   Bir də hər ucalığa çatan, göylərə baş vurub geri qayıdan səslər var...

   Zamanın və Kainatın elə anları olur ki, sanki Uca Yaradan da bir az dincəlmək, göylərin qoynundan Yerə baxıb yaratdıqlarından zövq almaq istəyir. Və həmin anda Tanrı ucalığına qovuşanı, yüksələni elə onu Yaradanla birgə eşitmək hər bəndəyə nəsib olmur...

   Həmin gün deyəsən, mən də bütün günahlarımdan arınmışdım. Başqa cür olsaydı, o Səs evin içində qulağıma çatıb bayıra çağırmazdı məni. Ürəyim döyünə-döyünə barmaqlarımın ucunda Səsə tərəf getməyə başladım. Buna getmək də demək olmazdı. Küləksiz, durğun havada da süzə bilən quş lələyinə dönmüşdü vücudum. Hələ heç nə görmürdüm. Qulaqlarım oxşanırdı, ürəyim əriyirdi, bədənim də süzürdü yandıran, göynədən nəfəsə tərəf.. 

   Həyətdə heç kim yox idi. Əlindəki əskiynən maşının oturacaqlarını, ayaqaltılarını silən qardaşım məni görən kimi, "bura gəl, gör, kimin səsini yazmışam..." deyib maqnitofonun düyməsini basdı...

   Təzəcə torpağa dəyən ayaqlarım yenə yerdən üzüldü. Dayanıb dinləmək olmurdu bu səsi. Ya dalınca düşüb apardığı yerəcən getməliydin, ya da... Yaxşısı budu sorğusuz-sualsız, nəfəs çəkmədən, qımıldanmadan yürü dalınca. İstədiyi qədər aparacaq, qıçlarında taqət qalmayanda küləklərin ağuşuna verəcək səni. Özü də bircə səmtə bələdçidi-keçmişə. Başqa heç yana yox. Dünən olanları-bildiklərini təkrar-təkrar bir də yaşadacaq sənə. Sabahın necəliyini başqa səslər danışacaq. Bundan sonra doğulan səslər...

   Mən də qoşulub gedirdim. Səs çəkib aparırdı, zəngulələr qulağımı oxşaya-oxşaya, yandıra-yandıra yaddaşımı oyadırdı: "Yadındadı, o vaxt nə bu həyət, nə də bu ev vardı. Burdan bir dərin arx keçirdi. Köhnəydi, daha o arxa su gəlmirdi. İçində, qıraqlarında o qədər yemlik, quşəppəyi, şirin qanqal bitirdi ki,...Gününüz buralarda keçirdi. Küləkli havalarda arxın içinə qısılıb nağıl danışırdınız. Evdəkilər haraylamasa, yemək-içmək də yadınıza düşmürdü. O vaxtdan bəri qısılmağa çoxmu isti məkan tapmısan?!...

   O arxa bir də su gəlməyinə inanırsanmı?!..."

   Arxa bir də su gələcəyinə inanıram. Üstəlik... bir də uşaq olacağıma da inanmaq istəyirəm...

  

   ***

 

   Günün elə vaxtıydı ki, günəş batsa da, hava qaralmamışdı. Göylər sakit, məsum görkəmiynən kövrək bir ovqat yaradırdı. Deyirlər, bu vaxt Haqqın qapısı açıq olur. Nə istəsən, nə diləsən, birbaşa Tanrıya çatır. O da bütün diləklərini yerinə yetirir. Bunu eşidəndən bəri hər axşamçağı göylərin uca qatında nur içində əyləşən bir qoca gəlir gözümün önünə. Xoş çöhrəsiynən yerdən gələn nidaları qəbul edir. Heç qərar verməyə də vaxt ayırmır, Ona çatan kimi hasil olur bütün umulanlar, istənənlər...

   Ancaq indi heç kimi eşitmirdi Uca Yaradan. Dincəlməyə, yaratdığından zövq almağa zaman ayırmışdı özüyçün...

   Ramiz Hacıyev "Mirzə Hüseyn segahı" oxuyurdu günün bu saatında. Səsi göylərə ucalıb Haqqın açıq qapılarını döyür, yerdəkilərin minbir diləklərini çatdırırdı. Vurğunun sözləriynən hamının adından yalvarırdı yerin-göyün sahibinə:

  

   Yerlərə baxıram bağçalı, bağlı

   Göylərə baxıram qapısı bağlı.

   Kainat ixtiyar, sirli-soraqlı

   Əzəldən yaranıb tamaşa dünya.

 

   Ramiz nalə çəkə-çəkə "ixtiyar, sirli-soraqlı dünya"nın sahibindən xahiş edirdi ki, "əzəldən tamaşa yaratdığı" dünyanın sirlərinə bizi vaqif eləsin. Gözümüzdən pərdəni götürsün. Nəyin əbədi, nəyin ötəri olduğunu birdəfəlik isbatlasın. İçimizi didən sualların cavabını anlatsın...

   Tanrı öz yaratdığına heyran qalmışdı. Qüdrətindən pay verdiyi boğaz sahibinin səsindəki yanğıdan tutulmuşdu, kövrəlmişdi. Mələklərini göndərmişdi ki, oxuyanın boğazına əl çəkib, başına duz çevirsinlər...

   Ramiz "Mirzə Hüseyn segahı" oxuyurdu...

  

   ***

 

   Gecə yarıdan keçsə , köndələn evimizin işığı hələ sönməyəcəkdi. Hələ Vurğunun göy cildli poemalar kitabı dizimin üstündəydi. Evdəkilərin hamısı yatırdı. Xəbərləri yox idi ki, qızları daha isti otaqda deyil, ayazlı-şaxtalı gecədə dumanlı bir yolnan Humayın ardınca gedir, Cəlalın həsrətindən çöllərə düşən qıza çatmaq, ovudub geri qaytarmaq istəyir. Ancaq məsumdu, anlaqsızdı hələ. Hələ bilmir ki,... " ömrə acıyır, yaşa dünya!"...

  

   ***

 

   Ramiz oxuyurdu... Bu oxumaq deyildi, yox! Səsi olmayanların can yanğısını fəzalara daşımaqdı. Fələkləri insaflı olmağa, ömürlərlə oynamamağa, birini qandırıb, o birini yandırmamağa çağırmaqdı. Göylər ağuşunu açmışdı yerdən gələn səsə. Səma da, torpaq da heyrət içində özünə qısılıb udurdu bu səsi, gücü yetdikcə hopdururdu canına...

   İndi Ramizin səsində Süleyman üz tutmuşdu sevgilisinə. Sənin dərdlərini kimsə mənim qədər anlamaz, qəlbinə yaxın buraxmaz, deyirdi. Dilbədil tapşırırdı ki, bir gün taleyin üzü dönsə, gen dünya başına dar olsa, dəryaları, ümmanları köməyinə çağırma mən dura-dura. Deyirdi ki,...

 

   Söndürə bilməyəcəksən

   yenə eşqin odunu

   İstəyirsən köməyə

   çayları, dəryanı çağır.

   Səni qəmlər dənizi

   boğmağa eylərsə hücum

   Özgə bir kimsəni yox,

   onda Süleymanı çağır.

 

   Haqqın qapısı açıq idi. Çünki Ramiz oxuyurdu. Kimsənin bir oxuya bilməyəcəyi kimi oxuyurdu. Səsi qaynayırdı, daşırdı. Bu səsdən budaqlar yellənir, yarpaqlar titrəşir, sular ləpələnirdi. Başımızın üstündə buludlar da çaşıb yollarını azmışdılar- küləyə qarşı süzürdülər...

 

   ***

 

   Hər bazar günü radioda verilən muğamat konsertinin vaxtını hamı bilirdi kəndimizdə. Günorta bütün evlərdən muğam sədaları ucalır, adamlar nahar edə-edə, dincələ-dincələ qulaq asırdılar. Evlərin çoxunda üstü patefonlu radioqəbuledicilər, "Melodiya" firmasının buraxdığı vallar vardı. Əlimizdən düşməzdi Ramiz Hacıyevin "Mirzə Hüseyn segahı" yazılan val. İynə toxunan kimi xışıldayan val ...xışıltını yox edib qulağa dolan şirin, yanıqlı səs... "Yorulunca" oxudardıq xanəndəni. Sonra "bir az rahatlansın" deyib əl çəkərdik. Hər dəfə oxudanda da elə bilirdik ilk dəfə eşidirik bu səsi. Uzun illərin tamarzısı kimi dinləyər, ürəyimizin döyünməsindən, ruhumuzun titrəməsindən əvəzsiz xoşhallıq duyardıq.

   Televizorlar kəndə "ayaq açandan" sonra özünü gördüm ekranda. Elə düşündüyüm kimiydi. Yaraşıqlı, xoşsifət... O səsin sahibi başqa cür ola da bilməzdi. Tanrı çox sevdiyi bəndələrinin dünyasını sifətinə çəkir həmişə. "Kamil bədən, mənalı sifət səcdəyə layiqdi". "Nəsimi" filmində Nəimi deyir bunu...

   Ramiz oxuyanda dünyanın şəkli dəyişir adamın gözündə. Səsə dönür hər şey-oxuyur, ağlayır, gülür. Bu səsi eşidənəcən çəkdiyin bütün ağrılar səngiyir, qəlbini didən əzablar o qədər mənasız, gərəksiz görünür ki, səndən ötrü yaradılmış möhtəşəm təsəllilərdən xəbərsizliyinə məəttəl qalırsan. Dinlə unut! Heç olmasa, yarım saatlığa. Sonrasına Allah Kərimdi...

  

   ***

 

   edəsən, qəlbinlə bacarmayacaqsan. Çünki eşitdiyin o mahnının özündə elə yaxıcı kədər, nisgil var ki, sənin çəkdiklərin bir qətrədi onun yanında. Gör, "Çiçək"i necə oxuyur?! Belə sevgi, belə istək olar?! illər unutdura bilib, uzaq-uzaq yollar... "Neçə yol açıbdı güllər o gündən". Hər güllər açanda o sevgi təzədən doğulub, çiçəklənib, ətir saçıb. Elə sevgini, elə yanğını ancaq bu səsnən oxumaq olar. Eşidənləri yandırmağın, göynətməyin, sevgisizliyinə utandırmağın başqa yolu yoxdu...

 

   Demə ki, yadımdan çıxdın,

   ay Çiçək!

   Niyə gülümsəyib baxdın,  

   ay Çiçək?!...

  

   ***

 

   Dörd-beş il əvvəl bir yazı oxumuşdum haqqında. Hələ fəxri ad, təqaüd almadığını xatırladan müəllif bu sənətə gəldiyinə görə hərdənbir peşimançılıq duyub-duymadığını soruşurdu. Cavab verirdi ki, bununla bağlı bir ildi təqdimat göndərilib, ancaq hələ xəbər yoxdu. İnsan öz haqqına sahib olmayanda onu çox ağrıdır, deyirdi. Xalqın sevgisini qazanmağından şad olduğunu dilə gətirirdi.

   Bilmirəm, bu nə qədər inandırıcıdı. "Xalq sevgisi" deyilən təsəlli sənətkarı nə zamanadək ovundura bilər?! Bəs, bu qədər güvənc yeri olan xalqın zövqü get-gedə niyə belə korşalır?! Qorxuram, innən belə həqiqi sənət adamları bundan da məhrum olalar...

 

   ***

  

   Ramiz dünyadan köçdü... Arxasınca dünya dolusu səs qoyub getdi sevgisinə inandığı xalqına. Sağlığında xalqının sevgisiynən təsəlli tapırdı, onu itirəndən sonra biz nəynən təsəlli tapaq?! Bənzərsiz səsini, oxuduğu mahnıları, muğamları yadigar qoydu. Biz neynədik ondan ötrü?!...

   Dünən hansı ölkədəsə yeraltı xəzinə tapılmasından danışırdılar mənə. Bu dünyada heç nəyin itmədiyini, gec-tez bir gün üzə çıxıb təzədən insanlara qaytarıldığını sübut eləmək istəyirdilər. Mənsə, öz bildiyim kimi təsəlli tapıram dünyanın və adamların işdəklərindən: Yaxşı ki, səsi dəfn edə bilmirlər. Üstünü torpaqlamaq mümkün deyil. Olsaydı paxıllar, dargözlər bunu da edərdilər.

   Yaxşı ki, o gün Haqqın qapısı açıq idi. Yaxşı ki, Ramiz Hacıyev də Tanrının və dünyanın ovqatının xoş çağından yararlanıb şövqnən oxuyurdu... Mən də pıçıltılarımı onun səsinə qoşub göylərə göndərirdim: Allahım, sən bu millətin zövqünü qoru! Qoyma yad səslərə uysun! Elə et ki, Sənin dərgahına həmişə öz səsimiznən gələk!

   Amin!..

 

 

  Vəsilə USUBOVA

  vasila-usubova@mail.ru

 

  Ədalət.-2012.-28 aprel.-S.11.