Axundovun Azərbaycan ədəbiyyatında rolu

 

   Bizə ikinci Axundov lazımdırmı?

 

   2012-ci il TÜRKSOY çərçivəsində "Mirzə Fətəli Axundov ili" elan olunub. Azərbaycan ədəbiyyatı tarixində özünəməxsus yer tutan dahi dramaturqumuz haqqında qələm adamlarının fikirlərini öyrəndik.

   Gənc yazar Əsəd Qaraqaplan düşünür ki, Axundov milli ədəbiyyatımızın əsasını qoyub: "Axundov Şərq ədəbiyyatını Azərbaycan ədəbiyyatına çevirən adam idi. Yəni bizim o günə kimi əsasən Şərq ədəbiyyatı kimi tanıdığımız ədəbiyyat, Axundovdan sonra milli ədəbiyyata çevrilməyə başladı. Həm də janr, üslub, düşüncə baxımından da milliləşdi. Əslində bu proses - Şərq ədəbiyyatından Azərbaycan ədəbiyyatına keçid çoxdan başlamışdı. Aşıq şeirlə və bir neçə başqa müəlliflər bu prosesi başlamışdı. Amma kompleks halında deyildi. Axundov bunu tamamlayıb milli ədəbiyyatın fundamental əsasını qoydu. Axundov həm də çürük mental düşüncənin, cəhalətin və bu kimi anlamsız şeylərin kökünün kəsilməyə başlayan ilk klassik idi. Bir incə məqamı demək istəyirəm. Axundovun böyüklüyü onun bu yolun səhv olduğunu bilə-bilə getməsi idi. Necə ki eyni yolu gedənlərin də necə bir yalnışlıqda olduğunu sonralar hamımız gördük. Amma bütün bu tabuları, çürük mental dəyərləri, cəhaləti və s. məhv eləmək üçün bu "səhvləri" mütləq etmək lazım idi. Axundov da buna getdi. Halbuki özü də klassik üslubda başlamışdı və böyük bir "klassik" ola bilərdi. Axundov Azərbaycan ədəbiyyatının klassiki yox, özü, yolu oldu. Hamı "onun üstündən keçib" gəldi. Bunları nəzərə alsaq bizə ikinci Axundov lazım deyil. Bizə indi Füzuli heç lazım deyil. Elə başqaları da. Bizə az-çox Əhməd bəy Ağaoğlular lazımdı demək istəsəm də, heç o da lazım deyil. Əslində onlar lazım olduqlarını eləmiş və vaxtında "lazım olublar". Bizə indi canlı tanıdığımız və dəyər verdiyimiz adamlar olduğu kimi lazımdı. O birilər zatən var. Hər şeyi və hər kəsi artıq öz adıyla çağırmaq vaxtıdı. Yenilikdən danışarkən hətta Axundovlara da gərək duyulmamalıdır. Azərbaycana indi Axundov yox, bizlər lazımıq."

   Gənc yazar Şəbnəm Karslı düşünür ki, Axundov hələ də öz layiqli qiymətini almayıb: "Axundovun haqqı və dəyəri verilməyib. Onu Azərbaycan ədəbiyyatında və publisistikasında ilk islahat çağırışçısı və ən ciddi tənqidçi hesab etmək olar. Təkcə "Kəmalüddövlə məktubları" kifayət edir ki, onun aydın siması Azərbaycan üçün dəyəri açıq görünsün. Yazdığı əsərlərin dövrünü nəzərə alsaq sözün həqiqi mənasında mütəfəkkir olduğunu görərik. Azərbaycanda Axundov qədər islahatçı ikinci bir yazıçı tanımıram. Azərbaycanda ikinci Axundova ehtiyac yoxdur. Ümumiyyətlə heç nəyə ehtiyac yoxdur, mən bu mövzuda çox pessimistəm. Nə deyirsiz deyin, nə yazırsız yazın, amma heç nəyin hədəfə toxunacağına inanmıram. Özümüz yazdığımızı özümüz oxumağa davam edəcəyik. Axundovu orta məktəb tədrisi vasitəsilə bütün ölkə oxuyub, bir xeyri yoxdur ortalıqda, ikincisini, üçüncüsünü lap minincisini də yaradıb oxutdurmağın bir xeyri olmayacaq."

   Yazar Oktay Hacımusalı hesab edir ki, Axundov bənzərsiz qələm adamı olduğu üçün "ikinci Axundov"un ortalığa çıxması da mümkünsüzdür: "Mirzə Fətəli Axundovun ədəbiyyatımızda yeni bir eranın başlanğıcını qoyan görkəmli bir dramaturq, nasir, tənqidçi və filosof olması qətiyyən şübhə doğurmayan danılmaz həqiqətdir. İndinin özündə də Axundovun zəngin, rəngarəng ədəbi irsindən faydalanmaq, öyrənmək çox vacibdir. Ədəbiyyatşünaslıq elminin, nəzəri-estetik fikrin, ədəbi tənqidin təşəkkülündə və formalaşmasında çox böyük xidmətləri olan bu dahi mütəfəkkirin əsərləri, nəzəri-estetik fikirləri yeni tarixi şəraitdə belə öz əhəmiyyətini itirməmiş, əksinə, xüsusi bir əhəmiyyət kəsb etməyə başlamışdır. "Kəmalüddövlə məktubları" fəlsəfi traktatında Axundov Kəmalüddövlənin məktublarından bir vasitə kimi istifadə edərək xalqın maariflənməsi, dünya mədəniyyətindən xəbərdar olması, onun öz azadlığı uğrunda mübarizə aparması, zəlilliyə, köləliyə, yaltaqlığa, riyakarlığa, nifaqa, məkrə, hiyləyə, qorxaqlığa, iküzlülüyə qarşı çıxması üçün yeni tipli ədəbiyyata böyük ehtiyac olduğunu söyləyirdi. Müasirlərinin əsl poeziyanın mahiyyətini anlaya bilməmələri onu narahat eləyir və dahi mütəfəkkir poeziya necə olmalıdır sualına cavab axtarırdı. O, "müəyyən vəzn ilə bir-birinin yanına düzülən, sonları qafiyələndirilən, məşuqələri əsli olmayan sifətlərlə vəsf edən, bahar, payız fəsilləri qeyri təbii təşbehlərlə təsvir olunan" şeirləri çox əhəmiyyətsiz və zərərli hesab edirdi. Mirzə Fətəli "poeziyanın məzmunu nəsr əsərlərinin məzmunundan qat-qat təsirli olmalıdır" qənətində idi. Mirzə Fətəli ibarəbazlığı, yersiz şişirtmələri, real həyatdan qaynaqlanmayan bənzətmələri qətiyyən bəyənmir və belə hesab edirdi ki, "Poeziya həqiqətə uyğun, mövcud vəziyyətlə əlaqədar olan yüksək keyfiyyətli, şənləndirici və ya kədərləndirici hekayə və şikayətdən ibarət olmalıdır ki, hər kəsin könlünə yatsın və ona təsir bağışlasın". Axundov bədii əsərlərin dilinin ibarələrdən təmizlənib canlı danışıq üslubunda olmasını ona görə arzulayırdı ki, bu əsərləri oxuyan və dinləyənlər müəllifin əsas məramını anlaya, oradakı fikir və mülahizələrdən bəhrələnə, hadisələrdən ibrət götürə bilsinlər. Axundov fanatizmin düşməni olmuşdur, Allahın yox. Axundov təqlidin düşməni olmuşdur, Füzulinin yox. Mən düşünürəm ki, ikinci Axundova ehtiyac yoxdur. Birincinin yolunu davam etdirsək bəsimizdir."

   Yazar Babək Göyüş düşünür ki, Axundov kimi dahilər hər xalqın tarixində yalnız bir dəfə zühur edir : "Axundovun yaratdığı əsərlər təkcə keçmişimizlə deyil, elə bu günümüzlə də həmhahəngdir. Sadəcə M.F.Axundovun ədəbi irsinə bir ədəbiyyatşünas və pedaqoq kimi dərindən bələd olan Firudin bəy Köçərlinin onun yaradıcılığı haqqında qələmə aldığı bir sitatı xatırlatmaqla bu mövzuya son qoymaq olar. "Komediya yazmaq hər bir ədibin işi deyil. Ədəbiyyatın bu növündə əsərlər vücuda gətirmək üçün elm və savabdan başqa təcrübə, bilik və millətin məişətinə ətraflı bələdiyyat dəxi lazımdır. Bunlardan əlavə fitri bir istedad və yaradıcı bir qüvvə, bir təbii-füsunsaz, bistilahi-türki "Allah vergisi" lazımdır ki, bir yandan görüb-eşitdiyini götürüb yetirə bilsin və bir tərəfdən öz fikrü xəyalatı ilə yoxdan var etsin". Bəli, bu "allah vergisi", yoxdan vücüda gətirmək qüvvəsi Mirzə Fətəlidə var imiş... Bunu təsdiq edən ədəbi faktlar - xalqın qan yaddaşı ilə sıx bağlı olan yaradıcılığının müxtəlif biçimli janrları - atalar sözləri, lətifə motivləri və ya lətifə, qaravəlli nümunəsi, xalqın aforistik leksik fondunu təşkil edən folklor inciləridir.

   Bu gün Azərbaycana ikinci Axundov hökmən lazımdır. Azərbaycana nəinki ikinci Axundov, elə ikinci Füzuli, ikinci Nizami, ikinci Nəsimi, ikinci Mirzə Ələkbər Sabir, ikinci Üzeyir Hacıbəyov da lazımdır. Ancaq təəssüflər olsun ki, öz üslublarına görə öz xalqının yaddaşına hopmuş dahilər yalnız bir dəfə doğulur və elə bir dəfə də ölür."

   Rəssam və yazar Fərhad Yalquzaq bu gün Axundov kimi ziyalılara çox ciddi ehtiyacımız olduğunu deyir: "Bilirik ki, Mirzə Fətəli ilk olaraq dini təhsil almışdı, çünki o zaman çağdaş elmləri öyrənmək üçün Azərbaycanda təhsil ocağı yox səviyyəsindəydi və çocuqlar yalnız mədrəsə səviyyəsində təhsil ala bilirdilər. Bu təhsil də onların gözünü inkişafa və tərəqqiyə bağlayırdı. Mirzə Fətəli də öz zamanının bir çox insanları kimi ruhani olmaq istəyirdi, ancaq Mirzə Şəfi ilə tanışlığı onu bu düşüncədən tamamilə daşındırdı. Mirzə Şəfi ona dünyəvi elmlərdən danışdı, dinin, xurafatın insanların beynini necə zəhərlədiyini anlatdı. Getdikcə dindən daha çox uzaqlaşan Axundov rus dilini öyrənmiş və bu dilin sayəsində dünyəvi elmlər haqqında çoxlu sayda kitablar oxumuşdu. Sonradan, o öz dram əsərlərində altını çizərək elmləri öyrənməyin nə qədər faydalı olduğunu göstərmişdi və hər cəhddə övladlarını mədrəsələrə yönəldən, onların ruhani, molla olmasını istəyən adamları tənqid atəşinə tutmuşdu. Öz zəmanəsi üçün Axundovun yazıları və düşüncəsi çox təhlükəli idi - onu ya anlamaq istəmirdilər, ya da həddindən artıq yaxşı anlayıb qarşısını almaq istəyirdilər. Axundov öz əsərləri ilə insanlara düşünməyi aşıladı, onların gözlərini açdı... Ədəbi düşüncənin inkişafı ağılın gözübağlı dini fanatizm üzərində qələbəsi deməkdir. Nə yazıq ki, Axundov idealları, onun içini yandırıb parçalayan cahillik tarixin yaddaşına gömüləcək səviyyəyə gəlib çatmadı, 200 il bundan öncə olduğu kimi, bu gün də aktualdır. Bu günümüzdə də Axundovu gözü götürməyənlər çoxdur, çünki bu gün də, ağılını inkişaf etdirib yüksək əqli mədəniyyətə, uzaqgörən düşüncəyə, sağlam analiz etmək qabiliyyətinə malik olan adamlar onları istismar edən zümrəyə lazım deyil.

   Bu gün bizə Axundov hər zamandan daha çox lazımdır. Ancaq nə yazıq ki, dünyanın belə inkişaf etdiyi bir dönəmdə bu məsələ bizdə hələ də aktualdır. Deyirlər ki, Avropa ölkələri sivil inkişafda bizdən 200 il irəli gedib, deməli, məntiqnən götürsək biz hələ 200 il onların arxasınca sürünməliyik ki, bəlkə bir balaca ölkəmizi və xalqımızı inkişaf etdirib dirçəldə bilək. Axundov bizim bu günümüzü görsəydi yerindəcə infarkt keçirərdi. Onun səviyyəsində insanları maarifləndirəcək adamları bu gün barmaqla saymaq olar... bu da çox azdır. Bu gün bir başqası "Kəmalüddövlə məktubları" yazsa, İrandan gələn bir fitvayla arxadan bıçaqlanmayacağına kimsə zəmanət verə bilməz... və bu iyirmi birinci əsrin Azərbaycan reallığıdır. Nə yazıq ki, bu günkü gənclik də, tam on doqquzuncu yüzilin toplumu kimi, Axundov fikirlərini top-tüfənglə qarşılayır. Yəni: söz vermişəm: bütün varlığımla orta əsrlərdə ilişib qalacağam, inkişaf etməyəcəyəm, yeni heç nə öyrənməyəcəyəm! Deyilən hər yeni sözə şəbədə qoşacağam, hər yeni kitabın üstünə dini kitablarla gedəcəyəm! Hər yeni düşüncəli adamı kafir, məlun, cahil, satqın elan edəcəyəm! Heç bir kitabı oxumayacağam, bütün kitabların söylədikləri və söyləyəcəkləri artıq bir kitabda var, həyatımın sonuna qədər yalnız o kitabı oxuyacağam, ordan ibrət götürəcəyəm, çocuqlarıma da o kitabda yazılanları öyrədəcəyəm! Söz vermişəm: mən heç zaman ayılmayacağam! Başımı yerdən qaldırmayacağam! Söz vermişəm- kölə doğulmuşam, kölə də öləcəyəm!"

   "Asif Ata Ocağı"nın Yükümlüsü İşıqlı Atalı düşünür ki, Axunovun ədəbi-fəlsəfi konsepsiyası olmayan cəsarətli fəlsəfəçidir: "Çağına görə Mırzə Fətəli Axundovun hünərli yazarlığı, davranışları olub. Ancaq onun ayrıca, bənzərsiz olaraq Azərbaycan ədəbiyyatına, ictimai fikrinə möhtəşəm yaradıcı təsirinin olması qənaətini qəbul etmirəm. Belədə müəyyən sahələrdə Axundovun birinciliyini əsas götürür, ondan sonra bu sahədə qazanılan ugurları onun adiyla bağlayırlar. Ancaq birinci olan həm də bənzərsiz olmalıdır. Axundovun dramaturgiyasında bənzərsizlik, həyatdan üstünlük məqamları, gərgin, insanı yaradan, həyatla üz-üzə qoyan, həyatı yenən məqamlar, dahi konfliktçilik yoxdur. Ancaq Hüseyn Caviddə, Mirzə Cəlildə və Cəfər Cabbarlıda dediyim cəhətlər əsasən aparıcıdır. Dramaturgiyada məncə, əsas olan budur. Dahilik- bənzərsizlikdir. Axundovla Əbədi Sabahlara getmək mümkün deyil. Onun özündən sonrakı Azərbaycan ictimai mühitinə təsir edən, yəni ömürləşən, sabahda qalacaq ədəbi-fəlsəfi tənqid konsepsiyası yoxdur. "Kəmalüddövlə məktubları" fəlsəfi əsər deyil, ancaq cəsarətli publisistikadır. Axundov fiilosof deyil, çünki özünün yaratdığı fəlsəfəsi yoxdur. Ancaq onu istedadlı fəlsəfəçi saymaq olar. Axundovu faciəvi sayıram, ona görə ki, özünün yolu yox idi.

   Əvvəla, hər kəs özüdür. Özü olan isə bənzərsiz deyilsə, deməli, var olmayıb. Var olmaq üçün isə yalançı böyüklərdən xilas olmalıyıq. Bizə ikinci Axundov yox, özünəməxsus, xəlqi qüdrəti aqibətində yaradan və dediyi kimi yaşayan, zamandan üstün olan şəxsiyyətlər gərəkdir. Asif Atanın Ocağı bu cür ölçünü yaradır və halında təsdiq edir."

  

 

   Cəlil Cavanşir

 

   Ədalət.-2012.-7 avqust.-S.4.