Musa Yaqub: "Sevgi ildırım kimi olur..."

 

Şair Musa Yaqubun Milli.Az-a müsahibəsi.

 

- Bu yaxınlarda sizin "Dövrün dəyirmanı" adlı kitabınızın təqdimatı keçirildi. Mümkünsə, o adın mənasını oxucularımız üçün açıqlayardınız.

- Dəyirman bizim taleyimizdir, fırlandıqca zamanı, vaxtı da ötürür, şad günlərimiz olur, kədərli günlərimiz . Tale elə gətirib ki, dəyirman dayanmır, əgər dayansa, elin boğazı quruyar. Eləcə dünya fırlanır, dövr edir dəyirman kimi. Təqdimatı keçirməyə məni vadar edən o oldu ki, bu kitabın adının niyə "Dövrün dəyirmanı" olmasını oxuculara izah edim.

- Bu kitabınızdan sonra yenidən oxucularınızı sevindirmək fikriniz var? Çünki yazıçının təbi, oxucunun isə tələbatı heç vaxt tükənmir.

- Xeyr, bu bir növ yekun sayılır, düzdür, yeni şeirlərimin hamısını burada dərc elətdirməmişəm, elə şeirlər var ki, onlar mənim özümçündür, qəlbimdə yaşayır. Bəlkə vaxtsa dərc elətdirərəm, amma hələlik ki, belə bir planım yoxdur. “Dövrün dəyirmanı”na bütün kitablarımda çıxan şeir poemalarımın ən seçmələrini yığmışıq, bu üzdən o, bir növ, kitablar kitabı sayıla bilər.

- Bu həyatda sizi ən çox əsəbləşdirir ki, məhz o zaman "dövrün dəyirmanı tərsinə fırlanır" deyirsiniz?

- Ədalətsizlik, haqsızlıq, mənəviyyatımızın pozulduğunu görəndə hamı kimi mən çox əsəbləşirəm...

- Bu gün şeir yazanların sayı durmadan artır, bunların böyük əksəriyyəti sərbəst şeir arxasında gizlənib, şeiriyyatı gözdən salanlardır. Buna fikriniz necədir?

- Əslində, mənimçün sərbəst ənənəylə yazılan hər iki şeir əzizdir. Amma hoqqabazlıq etmək düzgün deyil, bu, artıq həddi aşmaq sayılır. Heca vəznində, ənənəvi şeirlərdə nöqsanı tez tutmaq olur, bu cür şeirlərdə fikir ifadə etmək çox çətindir, çünki həm yığcam, həm aydın olmalıdır, amma sərbəst şeir bir az asandır, bəlkə elə bu səbəbdən gənclər ən çox bu vəznə üstünlük verirlər. Elələri var ki, adını sərbəst qoyub, şeirdə dolayılıqlar edirlər, çalışırlar ki, insanlar qavraya bilməsinlər, təki bunların adı fəlsəfi yazan intellektual şair olsun. Sən əgər xalqçün yazırsansa, xalqın anlayacağı dildə yaz. Dünyada şeirin birinci şərti səmimiyyətdir, çalışsınlar, səmimi olsunlar.

- Kitabxanada kitab mağazalarında lazımsız kitablar çoxdur?

- Azərbaycanda çoxları poeziyanı sevir, hamı çalışır, şeir yazıb, kitab çap elətdirsin. Əvvəllər bədii şura vardı, şeirlər, hekayə, roman - bir sözlə, bütün yazılar nəzarətdən keçirilirdi, amma indi bu baryerlər götürülüb, həmin ciddi nəzarət yoxdur, bu səbəbdən hamı yazır, hamı dərc edir, yerli-yersiz kitablar çoxdur.

- Tarix təkrarlanır, bəs ədəbiyyatda necə, bir tarix təkrarlanacaq, həmin oxucu kütləsi istedadlı şairlər yenidən olacaqlar?

- Əslində, heç tarix təkrarlanmır, hər təkrarda bir yenilik olur. Ədəbiyyata gərək mütəxəssislər qiymət versinlər, münasibət göstərənlərə, rəy bildirənlərə təsir olunmasın. Bu gün tənqid çox dağınıqdır, halbuki əvvəl biz tənqidçilərimizə inanırdıq, onların fikirlərinə ehtiyac duyurduq. İndi isə tənqidçini qəbul edən, ona inanan var...

- Sevgi şairi Musa Yaqub üçün sevgi nəyi ifadə edir?

- Bu mövzu hər birimizə çox əzizdir, dünyanın yaşaması eşqin yaşaması qədərdir, yəni qədər ki eşq-məhəbbət yaşayır, dünya da yaşayacaq, boşuna demirlər ki, dünya sevgi üzərində qurulub. Bu gün hər kəs sevgini bir cür qəbul etdiyindən yalan sevgi düzəldib şeir yazmaq asandır, bunlar oxucuya bir o qədər təsir etmir, çünki standart sözlərdir. Mən indi köhnə sevgiləri xatırlayıb, keçmiş xatirələri təzələmirəm, əgər əlim o ələ yetişməyəcəksə, sınıq könlüm bitişməyəcəksə, mənə bu xatirə qalan sevgi lazım deyil.

- Dünyadan vaxtsız köçən Zöhrə xanım sizin sevdiyiniz qadındır, yoxsa sadəcə həyat yoldaşınız?

- Darıxmaq, həsrətini çəkmək, arzulamaq başqadır, sevmək isə bambaşqadır. Sevgi ildırım kimi olur insanın ömründə bir dəfə çaxır, elə çaxır ki, səni titrədir, ardınca yağışlar yağır, məhz bu yağış hörmət, darıxmaqdır. Mənim üçün o hörmət bir-birimizə olan yoldaşlıq sevgidən daha əzizdir, mən indi o yoldaşlığın həsrətini çəkirəm.

- "Məni bu məhəbbət yaşadar" poemanızla əlaqəli bir sual: sizi indi hansı məhəbbət yaşadır?

- Məni yaşadan nəvə, qız-gəlin, oğul-kürəkən məhəbbətidir. Çünki sonda mənə məhz bu məhəbbət qaldı. Ünsiyyət məhəbbətin astar üzüdür, hər şey ünsiyyətdən başlayır. Məhəbbət ümid ən sonda öləndir, mən məhz o sevgiylə yaşayıram. Bəxtəvər o kəslərdir ki, sevgi-məhəbbətin ilk göynərtisini görürlər.

- Oxucularınız tərəfindən ən çox sevilən "Taleyin qisməti" şeirinizin ünvanı yazılma ilini açıqlaya bilərsizmi, yəni şeiri həsr etdiyiniz insan hal-hazırda həyatdadırmı?

- Onun ünvanı var, əlbəttə, amma açıqlamaq çox çətindir, o sevgi hal-hazırda yaşamır. Bu həm məhəbbət, həm həsrət, həm darıxmaq, həm ömür şeiridir, yəni bu şeiri oxuyan hər kəs özünü orada tapa bilər. Dünyada o qədər qəribə talelər var ki, insan onu dilinə gətirə bilmir, ürəyinin gizli bir küncündə saxlayır.

- Ədəbiyyata təqdim etmədiyiniz, ürəyinizin dərinliyində saxladığınız gecikmiş məhəbbət mövzusunda şeiriniz var?

- Çox azdır, cavan ikən nəşr olunan "O, insafa gəlmədi" adlı şeirlər kitabımda gecikmiş məhəbbət mövzulu şeirlərim çox idi, düzdür, indi həmin kitabı ortaya çıxara bilmərəm, çünki onlar mənim özümə aid, özəl xatirələrin tərənnümüdür. Əslində isə mən qoymamışam məhəbbət geciksin, amma ilk məhəbbətin sızıltıları olub çox uzun müddət məni göynədib.

- Həqiqətənmi bu dünyanın qara daşı göyərməz?

- Dünyanın qara daşının göyərməyinə hələ çox qalıb, ancaq mamırlana bilər, göyərməyi müşkül məsələdir.

 

 

Ədalət.-2012.-2 avqust.-S.4.