Bir saat yol getdim, bir ömür
yaşadım...
(əvvəli ötən
saylarımızda)
...Yeri gəlmişkən bir məsələyə
də toxunmaq istəyirəm. 88-94-cü illərdə
Mirqiyasla Füzulidəmi, Haramıdamı, Daşburundamı
ara-sıra görüşmüşdüm. O zamanlar
qaçda-qovdaydıq, ağır, faciəvi günlər
yaşayırdıq. Bircə onu bilirdim ki, Mirqiyas vətənin
o ağır günlərində könüllü olaraq milli
ordu sıralarına yazılmışdı. Dəfələrlə
ağır və üzücü döyüşlərdə
iştirak etmişdi. Sonralar onu bacarıqlı bir zabit kimi irəli
çəkdilər - Müdafiə Nazirliyinin aparatına gətirdilər.
Və bir də eşitdim ki, Mirqiyası tələm-tələsik
Naxçıvana, hərbi hissəyə göndəriblər.
Niyəsini bilmədim. Artıq mən 99-cu ildən Azərbaycan
ordusu sıralarından tərxis edildim. Amma, onunla əlaqələrimiz
kəsilməmişdi.
İndi, bax burada, Naxçıvan
torpağında, Mirqiyas məni başqa bir qiyafədə,
artıq o yüksək rütbəli zabitdi, yüksək hərbi
vəzifəsi vardı, yaşa dolub, ömrünün belə
çağında, mənə, Azərbaycan ordusunun ehtiyatda
olan zabitinə, "Azərbaycan ordusu" qəzetinin
keçmiş (1993-1999) bölgə müxbirinə, nəhayət,
həmyerlisinə qonaqpərvərlik və qayğı
göstərir. İndi dünya dəyişilib. İndi
kimdi-kimin halına yanan, heç suda batana əl uzadan da yoxdur.
Nə isə... həmyerlimin mənə qarşı belə həssaslığı,
canyananlığı bəzi məqamlarda məni narahat etsə
də, onun belə alicənab hərəkətlərini yəqin
ki, qiymətləndirməyə dəyər.
... Zorbulağın başında, ətrafında
aşağıların istisindən canlarını
götürüb qaçmış xeyli adam vardı. Elə
belə, yaşıl otların üstündə, şiş
qayaların kölgəsində istirahət edirdilər.
Dağın əzəməti, Zorbulağın buz kimi suyunun
şırıltısı, bir az da o tərəflərdə
- Batabat meşəsi, Əyridağ, Sısqatar dağı, Əyridağ,
Səbətkeçməz keçməz, Üzən ada,
Salvartı yaylağı "qonaqgörməz" - insan belə
ecazkar mənzərələrdən gözlərini çəkə
bilmir.
Buludların bir səmtədir
axarı,
"Salvartının" xoş
görünür baxarı;
Biçənəkdən at səyriyib
yuxarı,
Yalmanına yata-yata gəlmişəm,
Mərcan gözlü Batabata gəlmişəm.
"Qonaqgörməz"
düşmənidir təkliyin,
Ayaqları xınalıdır kəkliyin.
Çöl üstəki
güllüyün, çiçəkliyin
Xoş ətrinə bata-bata gəlmişəm,
Mərcan gözlü Batabata gəlmişəm.
Artıq dünyanın
ağrı-acısını dadmış, Qarabağda gedən
qanlı döyüşlərdə, qaçhaqaçda,
qovhaqovda neçə-neçə qohum-əqrabasını,
döyüşçü dostlarını itirmiş bu adam ətrafda
gördüklərindən bərk təsirlənərək
dönub olmuşdu əməlli-başlı şair, kövrək
bir insan. İndi o Zorbulağın şırhaşırla
axıb gedən sularının, bu suyun hesabına yaranan
gölün, ətrafın gözəl mənzərələri
fonunda o qədər ilhamlı, xoş ovqatda idi ki, onu bu pərdədən,
şkaladan ayırmaq günahdı. Mirqiyas öz
dünyasında, aləmindəydi. Belə məqamda o
ilhamlı şairimiz İslam Səfərlini, onun "Batabat
bulağı" şeirini də unutmamışdı.
...Mehmanınam on beşdə mən,
beşdə mən,
Gətirmişəm
basdırmanı testdə mən.
Neçə ocaq tüstülədib
döşdə mən,
Birini də çata-çata gəlmişəm,
Mərcan gözlü Batabata gəlmişəm.
Bu yerləri, gözlərim
qarşısında açılan ponoramanı bir dəfəyə,
bir dəfə baxmaqla həzm etmək mümkün deyildi.
Zorbulaq tərəfdən hayana baxırdın -
yaşıllıq, meşəliklər, göllərdi. Və
təbiət, ilahi qüvvə, bütün bunları ətrafa
o qədər gözəl, ölçülü-biçili səpələmişdi
ki, bunları dərk etmək, - vallah, insan ağlından
uzaqdı.
Mirqiyas harasa zəng edirdi. Mircamal
yorğun görünürdü. "UAZ"-mız da daha
bayaq, yuxarılara çıxdığı kimi əziyyət
çəkmirdi. Rahat asfalt yolla üzüaşağı - dərələrə
sarı şütüyürdü.
Deyəsən, Mirqiyasın
yadına Məmməd Arazın misraları
düşmüşdü:
Ey dəvə yal, düşdüm
daha belindən,
Ovşar cıdır,
çıxdın daha əlimdən.
Balam çiçək, bir də
öpüm telindən,
Salamat qal,
Salamat!
...İldırımlar buludların
pələngi...
Paslanacaq mənsiz şimşək
üzəngim.
Eh, ya qismət, a şəlaləm
- a cəngim...
Salamat qal,
Salamat!
***
Yüksək rütbəli zabitlə atüstü
söhbət və ya son söz əvəzi
Həmişə
belə olur: hər şeydən əlin üzüləndə,
ümidsizliyə qapılanda, haradansa heç gözləmədiyin
yerdən zəif bir işıq gəlir, tədricən o
işıq artır, gurlaşır və nəhayət, məşələ
çevrilir. Əzizlərimin, ata və dayılarımın,
əmilərimin qəbirləri, xatirələri erməni
tapdağı altında qalan bir adam kimi hər dəfə
Qarabağ və işğal altında qalan torpaqlarımız
yadıma düşəndə sarsılıram, özümə
yer tapa bilmirəm. Özü də bu ağrı və
acıları kimsə mənə xatırlatmır, yada
salmır, 88-ci ildən ta 94-cü ilin mayına kimi baş verənləri,
ölüm-itimi, xalqımızın başına gələnləri
şəxsən özüm, bir vətəndaş, hərbi
jurnalist (1993-1999) kimi gözlərimlə görmüşəm.
Ermənilərin Göyçə və Zəngəzur,
Qarabağa bizim xalqın başına gətirdiklərini -
gözləri alma kimi irilmiş qız uşaqlarını, dərdləri,
harayları dərələrlə bir olan ana və
bacılarımızı, yurd yerlərimizdə ulaşan
sahibsiz itləri, top-tüfəng səsindən
havalanmış qoyun sürülərini, at
ilxılarını. Bütün bunları görmək, qəlbən
yaşamaq çətindi. Amma, hələ 92-ci ildən,
Füzuli və Cəbrayıl rayonlarının müdafiəsi
vaxtından, o tərəflərdə gedən
döyüşlərdən yaxşı
tanıdığım, indi isə Naxçıvanda,
"N" saylı hərbi hissədə qulluq edən,
yüksək rütbəli zabit dostumla söhbət edəndən
sonra bir az yüngülləşdim. Mənim iyirmi il bundan əvvəl
gördüyüm zabit tamam dəyişilmişdi. Yüksək
rütbəli zabit dostum Cəbrayıl və Füzuli istiqamətində
(1992-1993-cü illər) gedən döyüşlər
zamanı Azərbaycan ordusunun məğlubiyyətlərini,
geriçəkilmələri kimi ağır anlarını
yaşamışdı. Sonralar bir müddət o, Müdafiə
Nazirliyində məsul vəzifədə, yenidən hərbi
hissələrdə, ali hərbi məktəbdə
çalışmışdır. İndi tale onu
Naxçıvana gətirib çıxarmışdı.
- Hələ mən indi-indi dərk
edirəm ki, biz nələri itirmişik. Nə qədər
bağışlanmaz səhvlərimiz olub.
Nisbətən o, aram-aram, sakit-sakit
danışır. Cavan olmasına baxmayaraq, elə bil yüz
ilin kişisidi. Mən onun son iyirmi illik həyatına -
sarsıntılarına, vəzifə pilləkənlərində
qalxıb-enmələrinə, hətta bir zabit, insan kimi həyatının
tükdən asılı mərhələlərini də
görmüşəm. Kənar, orduya biganə adamları deyə
bilmərəm, amma onu bilirəm ki, Azərbaycan ordusunda belə
qeyrətli, vətənpərvər zabitləri barmaqla saymaq
olar. Belələri üçün hərbi forma namus və
qeyrət rəmzidir
- Atam ağır xəstə idi.
Axşamlar evimizə gedə bilmirdim. Rəhmətlik evin
kandarındaca məni elə qəzəblə
süzürdü ki, xəcalətimdən az qalırdım
yerə girəm. Deyirdi ki, siz hamınız
Mehralısınız (atam xoşu gəlməyən, fərsiz
adamlara belə ad qoymuşdu), torpaqlarımızı qoruya bilmədiniz.
Mən o əzabla səni Nikolayevdən (Ukrayna) Azərbaycana nə
üçün gətirmişəm? Biz ermənilərin
qarşısından nə vaxta qədər
qaçacağıq? Sən kimin, hansı nəslin oğlu
olduğunu dərk edirsənmi? Susurdum.
Hər dəfə mövqelərimizdən
üzü o tərəflərə - qədim
torpaqlarımıza tərəf baxanda o dünyaya gedib-gəlirəm.
Axı, mən peşəkar hərbiçiyəm, mənim
borcum torpaq qorumaqdı.
Sonra da o, orduda baş verən
müsbət dəyişikliklərdən, döyüş
hazırlığından danışdı:
- Biz həmişə, bütün
sahələrdə ermənilərdən tarixin bütün mərhələlərində
qat-qat üstün olmuşuq.
O bu sözləri qəti söylədi.
Sonra da, - sadəcə olaraq biz işlərimizi sahmana
salmalıyıq. Ermənilərə sözün həqiqi mənasında
layiq olduqları yeri göstərməliyik, - dedi.
Şəhərin kənarında,
Naxçıvanın axar-baxarlı yerindəyik. Hər tərəfi
ağaclıq, güllük olan stolumuzun üstündə nələr
yoxdur? Azərbaycanın, Naxçıvanın dadlı-duzlu, ətinə-qanına
məhəbbət və səmimiyyət hopdurulmuş xörəklər.
Amma bu zəngin süfrəyə heç kim əl uzatmır,
onların ətri, təravətindən daha çox, başqa
mətləblərdən danışırıq.
Naxçıvanın iaşə ocaqlarında
çalışan gülərüz, nəzakətli
aşbazları süfrəmizə düzdükləri naz-nemətlər
bir növ onun ürəyini boşaltmaq, fikirlərini söyləmək
üçün idi. Sözün həqiqi və geniş mənasında
ətrafın yaşıllığı, bol və zəngin
süfrə, məişət qayğılarımız - onun
içində qaynayan, onu neçə illərdən bəri
narahat edən problemlərlə müqayisədə arxa plana
keçmişdi. O, Qarabağda gedən döyüşlər,
uğurlarımız və məğlubiyyətlərimizdən
danışdığımız anda yadına nə
düşdüsə, qəflətən başladı
böyük əmisi haqda danışmağa.
- Rəhmətlik necə mərd
kişi idi. Xırda-para mətləblərə o qədər
də əhəmiyyət verməzdi. Xırda işlərlə
arası yoxdu. Həyatın, insanların
cılızlaşmasını heç cür həzm etmirdi.
Qadına, uşağa qarşı özünün xüsusi,
fərdi qanunları vardı - kişi qanunları.
Bu cür kövrək və səmimi
söhbətdən sonra zabit dostumun gülər üzünə,
göy gözlərinə qəlm çökür. Bir az
susandan sonra nəhayət dillənir: - Gör indi biz nə
günə qalmışıq, - deyir. O cür kişilərin
kəndlərini, torpaqlarını qoruya bilmədik.
Mirqiyas nadir hallarda söhbətə
qoşulur. Söhbətimiz dağdan arana, Naxçıvandan
başı bəlalı Qarabağa keçirdi. Allah rəhmət
eləsin, duzlu-məzəli yazıçı İsi Məlikzadəyə,
bir az ondan, onun əsərlərindən başına gələn
qəribə əhvalatlardan danışdıq. Söhbətimiz
tədricən qəmli notlardan, xoş nəqarətə
keçdi. O, gülə-gülə:
- Bir az döz, - dedi. - Gec-tez
Qarabağı alacağıq, sizi də, söz verdiyim kimi,
Martuniyə komendant qoyacam. Sizin ixtiyarınıza iyirmi beş
nəfər əliavtomatlı əsgər, döyüş
maşınları verəcəm. Hələ, o ağır
günlərdə, 93-cü ildə sənə söz
vermişəm, Allahın köməkliyilə, vədimi yerinə
yetirəcəm, ürəyini sıxma.
Düşünürəm: "Ya
qismət".
Hərdən qol saatıma
baxırdım. Zabit dostum da bunu hiss etdi. O, harasa zəng vurdu.
- 2353 saylı reys
Naxçıvandan Bakıya nə vaxt uçur?
Telefonda nə dedilər, bilmədim.
- Qonağım var, yeddiyə on dəqiqə
qalmış onu yola salarsan.
Dostumun belə aydın və
qısa danışığı ilə də mənim təyyarə
ilə Bakı şəhərinə uçmaq məsələm
həll edildi.
***
Naxçıvanda cəmi beş
gün qaldım. Bu müddət ərzində şəhərlə,
onun adamları ilə, az da olsa, son zamanlar şəhərdə
gedən bərpa və yenidənqurma işləriylə
tanış oldum. Çox təəssüf ki,
bütövlükdə Azərbaycan sənətsevərlərinə
yaxşı məlum olmayan, müxtəlif səviyyəli, sənət
baxımından müxtəlif allahlara səcdə edən
yaradıcı adamlarla söhbət etdim.
Görüşdüyüm, ünsiyyətdə olduğum
adamların əksəriyyəti ölkəmizdə
tanınmağa, təbliğ olunmağa layiqdilər. Bunlarla
yanaşı, şəhərdəmi, respublikanın müxtəlif
bölgələrində, çayxanalarda, kafe və iaşə
ocaqlarında bəzən elə bəsit, primitiv detallara rast gəldim
ki, onlar bütövlükdə Naxçıvanda
gördüyüm, qürur duyduğum çoxlu-çoxlu dəyərlərin
fonunda çox solğun görünürdülər.
Bakıdan təyyarə ilə Naxçıvana cəmi bir
saat yol qət etdim, amma mübaliğəsiz, filansız
düz bir ömür yaşadım.
Nemət Veysəlli,
Azərbaycan Dövlət Rəssamlıq
Akademiyası, redaktor
Bakı-Naxçıvan, iyun, 2012
Ədalət.-2012.-9 avqust.-S.3.