QAR ALTINDA BİTƏN LALƏ

 

   Bir əsgərin bayraq qızı! 

   Gül doyunca, qorxma, qızım.

   Qollar sənə arxalanıb,

   Sən qollara arxa - qızım.

 

   Nəriman Həsənzadə,

   Xalq şairi

  

   Avqustun 9-da Azərbaycanın Milli Qəhrəmanı Məzahir Rüstəmovun həlak olmasından 20 il keçir.

   "Bir zaman ev-eşiyə sığmayan oğlum indi balaca bir alboma sığıb". Bu sözlər bir şəhid anasına - Azərbaycanın Milli Qəhrəmanı Məzahir Rüstəmovun anası Rəfiqə xanıma məxsusdur. Oğlunun şəhidlik zirvəsinə qalxmasından iyirmi il ötməsinə baxmayaraq, o hələ oğlunun ətrini bu ailə albomundakı əsgər şəkillərindən alır, özünün dediyi kimi "azacıq da olsa, təskinlik tapmağa" çalışır. Açığı, bu ocağa, fəlsəfə elmləri doktoru, professor İzzət Rüstəmovun sayəsində çoxdan ayaq açmışam. Budəfəki gəlişimdə isə məqsəd bir qəhrəman anasının sözünü dinləmək, xatirələrini eşitməkdir. Ailə albomundan isə Məzahirlə anasının birgə çəkdirdiyi şəkili axtarıb tapmalıyıq. Albomu vərəqlədikcə Rəfiqə xanımın sözləri köməyimizə yetişir: "Bəlkə, qurban olduğumu o biri balalarımdan ayırmayaq. Deyirəm, elə üçünün şəklini bir yerdə verək".

   Beləcə, söz sözü çəkir, ağrılı-acılı xatirələr yumaq kimi çözələnib gedir.

   Rəfiqə xanımın dediklərindən: "Allah heç bir anaya oğul dağı göstərməsin! Qurban olduğumdan söz düşəndə həmişə sözümün başında bu kəlmələri işlədirəm. Çünki mənim dediyimi şəhid anaları, bir sinəsi dağlı olan analar hamıdan yaxşı bilir. Hamının balası özünə şirindir. Amma Məzahir başqa aləm idi. Hələ sağlığında özünün qeyri-adiliyi ilə, ağlı, bacarığı ilə, səmimiyyəti, istiqanlığı ilə fərqlənirdi. Bunu oğlum olduğuna görə təkcə mən demirəm ki... Onu yaxından tanıyanların hamısı ondan ağızdolusu danışırlar. Açığı, Məzahirlə bağlı xatirələri başqaları ilə bölüşməyi xoşlamıram. Qorxuram ki, onları danışdıqca oğluma qarşı istəyim bir qədər azalsın. Sanki onun isti xatirələrini başqalarına qısqanıram. Amma danışmasan da olmur, azacıq da olsa təskinlik tapıram.

   Cəbhəyə yollandığı günü isə heç unuda bilmirəm. Mart ayının 2-də Məzahirin ad gününü keçirdik. Mənə on günlüyünə cəbhəyə getməli olduğunu söylədi. Martın 22-də o artıq cəbhədə idi. Mənim hərbi işdən başım çıxır. Onda qızı Təhminə iki aylıq körpə idi. On gün keçdi gəlmədi. Başı alovlu üz tutdum Mətbuat İnformasiya Nazirliyinə - Sabir Rüstəmxanlının yanına. O da təsdiqlədi ki, Məzahir cəbhəyə on günlüyə yox, iki illik müqavilə əsasında gedib".

   Beləcə, əsgər anası taleyin hökmü ilə barışmalı oldu. Əslində səbəbini özü bilsə , səfərin müddəti ilə bağlı oğlunun ona yalan söyləməsini Rəfiqə xanım ona bağışlaya bilmirdi. Axı, o heç dilinə yalan söz gətirməzdi. Bəs indi birdən-birə göz görə-görə, üstəlik südəmər bir uşağı qundaqda qoyaraq guya ongünlük cəbhəyə yollanasan. Hər halda bu "yalana" görə anasına haqq-hesab verməli idi.

   Bir müddət sonra əsgər anası Gədəbəyə - oğlunun döyüşdüyü cəbhə bölgəsinə yola düşür.

   "Hərbi hissədə oturub səbirsizliklə onun yolunu gözləyirdim. Mənim gəlişimdən xəbərsiz idi. Bir azdan gəlib çıxdı. O içəri girən kimi hamı özünü yığışdırdı. Deyəsən, kəşfiyyatdan qayıtmışdı, ermənilərin hücumunun gözlənildiyini xəbər verdi. Evdəki Məzahirdən bir əsər-əlamət qalmamışdı, çox zəhmli qayğılı görünürdü. Büruzə verməsəm , oğlumu komandir kimi görmək mənə qürur verirdi. Amma fərqi yoxdu, söylədiyi "yalanın" cavabını o özü verməli idi. Əsgərlərinin yanında ona heç demədim. Kənddə oturub aranın sakitləşməsini gözlədim. Qızğın döyüşlər bir qədər səngidikdən sonra nəhayət, gəlib çıxdı. Çox yorğun görünürdü. Cəbhəyə yollandığı gündən bəri sinəmi deşən sualın - "yalanın" cavabını verməli idi. Üstəlik bu müddətdə vercəyim sualın təsirli olması üçün sözləri xüsusi incəliklə, vurğu ilə seçmişdim:

   - Cəbhəyə, on günlük getdiyini söyləmişdin. Üstəlik iki-üç aylıq körpəni qoyub getmisən... Səninki baladı, mənimki bala deyil?!

   Qayıdıb desə yaxşıdı:

   - Mən cəbhəyə ona görə gəlmişəm ki, Təhminə kimilər ata-baba torpaqlarına qorxa-qorxa gəlməsinlər. Ermənilərin Başkənddəki yuvasını dağıtmalıyıq.

   Bu sözdən sonra deyəsən? Oğlumun haqq işi uğrunda vuruşduğuna bir daha qəlbimdə əminlik hissi artdı. Hər yerdə Məzahirin haqqında xoş sözlər eşitdim, qulağıma onun xoş sədası gəldi. Hətta şəhidlik zirvəsinə yüksəldikdən sonra da..."

   Heç şübhəsiz ki, həmin xoş xəbərlərdən biri ölümündən sonra Məzahir Rüstəmovun Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülməsi idi.

   "Şəhidlər Xiyabanında Heydər Əliyevin bizimlə görüşünü, Məzahirin qızı Təhminəni başı üzərinə qaldırmasını isə heç unuda bilmirəm. Hətta bu münasibətlə xalq şairi Nəriman Həsənzadə bir şeir yazıb: "Bir əsgərin bayraq qızı". Təbii ki, Heydər Əliyev çox zəhmli adam idi. Ancaq şəhid anaları ilə görüşdə o necə mərhəmətli, qayğıkeş görünürdü. Mərhəmət hissi, şəfqət hissi hər şeyi üstələmişdi. Məzahirin "Qızıl ulduz"unu təqdim edəndə dediyi sözlər ürəyimə sərin su səpdi:

   - İndi bu "Qızıl ulduz"u sənə təqdim edək, yoxsa Təhminəyə?!

   Bu böyük şəxsiyyətin dediyi sözlər elə bil çiyinlərimdən oğlumun şəhid olduğu Ər dağı boyda bir yük götürdü.

   Hər dəfə Gədəbəyə - Məzahirin Ər dağındakı sonuncu səngəri ilə görüşə gedəndə həyəcanlanıram. Elə bil ürəyimin bir parçası burada onun uyuduğu Şəhidlər Xiyabanında qalır. Amma onun qanının töküldüyü səngərin ürəyimin başında öz yeri var. Desəm, bəlkə inanmazsınız. Bir qış günündə həmişə olduğu kimi, yenə Məzahirin səngəri ilə görüşə getmişdim. Don vurmuş torpağın üstündəki qarı əlimlə təmizləyəndə görsəm yaxşıdı: yenicə cücərməkdə olan göy otların arasından bir lalə boy verməyə başlamışdı. Ürəyimdə öz-özümə dedim: "Ay oğul, gör sənin qanın qədər safdı, müqəddəsdir ki, qar altında bitən laləyə belə istilik verməyi, həyat verməyi bacarır".

 

   Doğru sözə deyəsən. Doğrudan da, şairin dediyi kimi, "torpaq uğrunda ölən varsa, Vətəndir!"

 

 

   Akif ƏHMƏDGİL

 

   Ədalət.-2012.-9 avqust.-S.4.