"Nəslimin yarpaq tökümü başladı"

 

   (Zərdüşt Şəfini xatırlayarkən...)

 

   Kim unudub məni

  

   yol ayrıcında-

   gəlsin qucaqlasın,

   gəlsin aparsın

   Bu ömrü yolundan

   çıxarar qəza-

   gəlsin qabaqlasın,

   gəlsin saxlasın...

 

   Son günlər Zərdüştün bu şeirini bəlkə də yüz dəfə oxumuşam. Onun ömrümü yoldan-relsdən çıxaran qəzaya-qəfil yaxalandığı xəstəliyə dəfələrlə lənət oxumuşam. Məni yaman yandırıb onun qəfil ölümü. Neçə gündür ki, keyim açılmır. Qəfil ölüm xəbəri...O qədər gözlənilməz oldu ki, xeyli özümə gəlmədim...Gördüm ağlamasam dəli olacam, işdən çıxıb yaxınlıqdakı kafeyə yollandım...İçdim, ağladım, toxtadım...Sonra bəzi dostlara zəng elədim... Əslində inanmaq istəmirdim...

  

   Heyf ki, sağlığında onunla çox görüşə bilmədik...Bir neçə içki məclisi, çayxana görüşləri, dost toyu, kitab təqdimatları vəssalam...Heyf Zərdüşt, heyf...O qədər yaşanmalı şeylər var idi ki...

 

   ***

  

   Fərhad Metenin anım tədbirində tanış olmuşduq. Növbəti dəfə Gənc Ədiblər Məktəbinin üzvləri diplom alan gün rastlaşdıq. Mövlud Mövlud həmişə ərklə israr edirdi ki, sən mütləq bu işaqları tanımalısan. Qismətlə , Zərdüştlə Mövludun israrı ilə tanış olmuşdum. Yaxşı ki, dinləmişdim Mövludu... Bir onda ayıldım ki, münasibətlərimiz istiləşib, artıq bir masa arxasında otura, anlaşa, dil tapa bilirik. Hərdən görüşsək , yaxın adamlar kimi görüşür, dərdləşirdik. Kənardan yekəxana, lovğa təkəbbürlü görünən Zərdüştün çox gözəl xasiyyəti vardı.

  

   ***

  

   Hansısa təqdimatdan çıxmışdıq. Şərif, Qismət, Rövşən, Cavid, Sadiq Mövludla birgə kafelərin birində əla bir məclis qurmuşduq. Hamının keyfi yerindəydi. Zərdüşt az danışırdı. Mövlud isə şən zarafatlarından qalmırdı. Tez-tez hamımızla zarafat edir, heç kəsi darıxmağa qoymurdu. O gün ilk dəfə idi ki, Zərdüştlə içki məclisdə otururduq. Hələ gözümün qabağındadır onun ağır davranışı, az danışmağı hərdən Mövluda təpinməyi... Xeyli içməsinə baxmayaraq özünü kontrolda saxlamağı bacarırdı. Tez-tez məhlə uşaqlarından danışırdı...Sonra neçə dəfə harda oturmağımız yadımdan çıxıb.

 

   ***

 

   Tez-tez rastlaşırdıq. Keçən il Milli Kitab Mükafatı ərəfəsində ondan müsahibə almışdım. Zərdüşt MKM-in 20-liyinə düşmüşdü bunu çox kiçik uğur sayırdı. Sevinirdi, amma daha böyük arzuları vardı. Onun ən çox xoşuma gələn xüsusiyyəti qeybətə, kiminsə müzakirəyə çıxarılmasına sərt reaksiya verməsi idi. Heç vaxt razı olmazdı ki, onun yanında kiminsə arxasınca danışsınlar.

   Nədənsə tez-tez onunla rakı içdiyimiz gün yadıma düşür....Qismət, Zərdüşt mən rakı süfrəsi arxasında cəm olub, "efkar dağıdırdıq". Təsadüfən türkiyəli dostum Barbaros məclisə gəlib çıxdı. Bizim rakını su yerinə içməyimiz onu çox heyrətləndirmişdi. Barbaros uzun müddət Azərbaycanda yaşasa da, belə mühitə ilk dəfə düşürdü. Bizim ədəbiyyat adamlarından heç kəsi tanımırdı. Ədəbiyyatı, şeiri mütaliəni çox sevdiyi üçün bu məclis onun ağlını başından almışdı. Həmin gün, ədəbiyyatdan-kinoya, kinodan-musiqiyə, musiqidən-fəlsəfəyə, fəlsəfədən-siyasətə qədər müxtəlif mövzulardan danışdıq. Barbaros Zərdüştlə Qismətin söhbətlərindən o qədər məmnun qalmışdı ki, sonradan dəfələrlə məndən xahiş etdi ki, onları yenidən görüşdürüm. Amma qismət olmadı...

  

   ***

 

   ...Cavidin toyunda birlikdə rəqs elədik, məclisdən birlikdə çıxdıq...Heyf, çox heyf ki, o gün doyunca söhbətləşə bilmədik. O gün çəkdirdiyimiz fotolardan birinə baxanda istər istəməz kədərlənirəm. Zərdüşt artıq dünyasını dəyişib, Fəridlə Şəhriyar isə İran məhbəsindədir...

   Qəribə xatirələr var Zərdüştlə bağlı...Rafiq Tağı dünyasını dəyişən gün Zərdüşt ilk kitabının sevincini yaşayırdı. Hər şeydən xəbərsiz, qayğısız sevincli idi... O gün onun çoxlu fotolarını çəkmişdim. Yaxşı ki, dilsiz-ağızsız, xatirələri canlandıran fotolar var.

   Sonradan dostlar danışdılar Rafiq Tağının ölüm xəbərini eşidəndə Zərdüştün necə sarsıldığını, pərt olduğunu. Zərdüştün xəbəri gələndə isə mən qəzetin növbəti nömrəsi üçün, Rafiq Tağının ad günü ilə bağlı yazı yazırdım. Uzun müddət özümə gələ bilmədim... Heç kəsin ağlına gəlməzdi ki, belə gənc yaşda onu da itirəcəyik.

    

   ***

 

   Son görüşümüzdə az-az göründüyü üçün ərklə um-küsü elədim. Bir siqaret yandırıb qəribə şəkildə üz-gözünü turşutdu, "İnsanlardan, çayxana söhbətlərindən qaçıram, amma vaxt edib səninlə görüşərik." dedi... "Yəqin təkliyə çəkilib nə isə yazır" deyə düşündüm."Görüşərik" demişdi, amma görüşə bilmədik... Sən demə təkliyə çəkilib ölümünü gözləyirmiş. Xəstəliyini gizlədirmiş təkliyə çəkilməklə...Eh, Zərdüşt...Səni ki, qəfil yoluna çıxıb dəlik-deşik etməmişdilər. Səni ki, bıçaqlamamışdılar...Belə qəfil, belə anidən çıxıb getmək olardımı? Amma getdin...Sənin qəfil ölüm xəbərinə elə sarsıldım ki...Və səninlə bizim nəslin yarpaq tökümü başladı.

  

   ...Əslində çox çətinlik çəkirəm sənin haqqında yazmağa. Qəhərdən boğazım tutulur... Heyf səndən, min heyf! Yarımçıq qırılan arzuların hələ çox yandıracaq bizi. Amma bir şeyi yenidən dərk elədim, gec ya da tez biz də sənin yolunla gedəcəyik.

 

 

Cəlil Cavanşir

 

Ədalət.-2012.-8 avqust.-S.4.