ŞƏKİ: UĞURLARIN PRİNSİPİAL İSTİQAMƏTİ

 

  (əvvəli ötən saylarımızda)

  

   Yubileylər ili, bayramlar şəhəri...

  

   Məlum olduğu kimi iyun ayının 30-dan iyulun 4-dək Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Bəstəkarlar İttifaqı və Şəki Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə şəhərimizdə "İpək Yolu" III Beynəlxalq Musiqi Festivalı və "Şəki Xan Sarayı"nın 250 illik yubileyinə həsr olunmuş böyük bayram tədbiri keçirilmişdir.

  

   Tədbirlərdə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin, Azərbaycan Bəstəkarlar İttifaqının, Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun, Azərbaycan Tarix Muzeyinin, Azərbaycan Milli Elmlər Akademiyasının ArxeologiyaEtnoqrafiya İnstitutunun, o cümlədən ölkəmizdə akkreditə olunmuş bir sıra dövlətlərin - İordaniya, Özbəkistan, Niderland Krallığı, Bolqarıstan, Qazaxıstan, Belorus, Koreya, Braziliya, Rumıniya, Yaponiya, Latviya, Litva, Mərakeş, Pakistan, Ukrayna, Kuba, Polşa, Gürcüstan və Türkiyənin fövqəladə və səlahiyyətli səfirləri və səfirliklərin əməkdaşları, ATƏT-in Bakı ofisinin, Türkiyə Respublikasının Giresun, Gürcüstan Respublikasının Telavi şəhər bələdiyyəsinin nümayəndələri, Milli Məclisin üzvləri, respublikanın və xarici ölkələrin tanınmış musiqi ansambllarının və rəqs qruplarının kollektivləri, ziyalılar, musiqişünaslar, aparıcı kütləvi informasiya vasitələrinin və ictimaiyyətin nümayəndələri - ümumilikdə 700 nəfərdən çox qonaq iştirak etmişdir

   Bu böyük bayram tədbiri Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı solistlərinin iştirakı ilə "Arşın malçı İpək Yolunda" musiqili hekayəti ilə başlamış, sonrakı günlərdə Cənubi Koreyanın, Türkiyənin, İranın, Gürcüstanın, o cümlədən ölkəmizin tanınmış musiqi kollektivlərinin çıxışları ilə davam etmişdir. Beş gün davam edən musiqi festifalına "Şəki Xan Sarayı" nın 250 illik yubiley tədbiri ilə yekun vurulmuşdur. Festifal nəinki Şəkinin, bütövlükdə ölkəmizin mədəni həyatında əlamətdar hadisəyə çevrilmişdir. Təsadüfi deyil ki, Nazirlər Kabinetinin 2012-cu ilin I yarısının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında çıxış edən Azərbaycan Respublikasının Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev demişdir: "Evrovizion" musiqi yarışması nə qədər iri mədəniyyət layihəsi olsa da, yeganə misal deyildir. Ötən ayın sonunda Şəkidə keçirilən "İpək yolu" Beynəlxalq musiqi festivalı, yaxın günlərdə Qəbələ şəhərində keçiriləcək Beynəlxalq musiqi festivalı, Üzeyir Hacıbəyli, Mstislav Rostropoviç adına Beynəlxalq musiqi festivalları nəinki Bakıya, həm də Azərbaycanın regionlarına dünyanın ən nüfuzlu musiqi ustaları və həvəskarlarının böyük axınına səbəb olmuşdur... Eyni zamanda, bu ayın əvvəlində Azərbaycan və dünya memarlığının nadir incisi hesab olunan Şəki Xan Sarayının 250 illik yubileyi Şəkidə beynəlxalq səviyyədə qeyd olunmuşdur"  

   Bu il daha hansı yeniliklər gözlənilir  

   2012-ci ildə Heydər Əliyev Mərkəzinin, Bayraq Meydanının, Şəki Şəhər İcra Hakimiyyəti üçün yeni inzibati binanın inşası da nəzərdə tutulmuşdur.

   Bu il Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün 36 mənzilli yaşayış binasının;

   qəzalı vəziyyətdə olan yaşayış evlərindən köçürülən sakinlər üçün 24 mənzilli yaşayış evinin;

    yetkinlik yaşına çatmayan uşaqlar üçün 30 yerlik ixtisaslaşdırılmış reabilitasiya mərkəzi və 25 yerlik sosial sığınacağın tikintisi;

    Şəki Dövlət Dram Teatrının və M.F Axundov adına kino teatrın;

    bir sıra yaşayış binalarının fasadlarının və dam örtüklərinin əsaslı təmir edilməsi;

    ictimai binaların həyətlərində sakinlərin öz şəxsi vəsaiti hesabına tikilmiş və camaat arasında "Xeyir-Şər" evləri adlanan tikililərin də təmiri,yenilərinin tikilməsi;

   sadə idman qurğularının quraşdırılması və idman meydançalarının yaradılması da nəzərdə tutulmuşdur.

 

   Təhsil, səhiyyə...

 

   Hesabat dövründə təhsil sisteminin tədrisi, təlim-tərbiyə prosesinin yüksək səviyyədə təşkili daim diqqət mərkəzində saxlanmışdır. Hazırda Şəki şəhər 5 saylı tam orta məktəb üçün 320 yerlik yeni tədris korpusunun, Şorsu və Aşağı Layısqı kəndlərinin hər birində 360 şagird yerlik, Çələbi Xan qəsəbəsində 180 şagird yerlik yeni məktəb binalarının tikintisi başa çatmaq üzrədir.

   Bununla yanaşı, 2012-ci ildə Şəki Şəhər Təhsil şöbəsinin yeni inzibati binasının, Əliyar kəndində 80 şagird yerlik ümumi orta məktəbin tikintisi, Baş Küngüt kənd tam orta məktəbin və şəhər fizika-riyaziyyat və humanitar təmayüllü liseyin əsaslı təmiri, şəhər 10 saylı tam orta məktəbin idman və akt zallarının, yeməkxanasının tikintisi, şəhər 12, 14 və 17 saylı məktəblər üçün yeni binaların tikintisi aparılır.

   Azərbaycan Respublikası Prezidentinin 20 iyun 2012- ci il tarixli Sərəncamına əsasən Şəki şəhər 5 və 10 saylı məktəblər "Ən yaxşı ümumtəhsil məktəbi" müsabiqəsinin qalibi elan edilmişdir.

   Şəki Mərkəzi Rayon Xəstəxanası və onun tabeliyində fəaliyyət göstərən tibb müəssisələri tərəfindən 2012-ci ilin I yarısında əhaliyə göstərilən tibbi xidmətin səviyyəsi yüksəlmiş, tibb müəssisələrinin maddi-texniki bazasının yaxşılaşdırılması sahəsində müəyyən işlər görülmüşdür. Şəki Doğum Evi Kompleksində dövlət vəsaiti hesabına əsaslı təmir, Aşağı və Baş Göynük kənd xəstəxanaları üçün yeni binaların tikintisi davam etdirilmiş , Şəki Mərkəzi Rayon Xəstəxanasında bir sıra əsaslı yenidənqurma işlərinə başlanmışdır.

 

   Turizm...

 

   Şəki bu gün Azərbaycanda turizmin yüksək səviyyədə inkişaf etdiyi bölgələrdən birinə çevrilmişdir.

   Şəkidə turizm infrastrukturunun yaradılması istiqamətində mühüm işlər görülmüş, müasir tipli istirahət mərkəzləri, yeni otellər istifadəyə verilmişdir. Turizm sahəsində əməkdaşlığın genişləndirilməsi, Azərbaycanın turizm potensialının daha geniş təbliğ edilməsi məqsədilə Almaniyanın qabaqcıl turizm şirkətləri ilə danışıqlar aparılmış, turizm sahəsində beynəlxalq təcrübəyə malik olan ekspertlər Şəkiyə dəvət edilmişdir.

 

   ...Və cinayətkarlığa qarşı mübarizə

 

   2012-ci ilin I yarısında Şəkidə cinayətkarlığa qarşı mübarizə, qanunçuluq və hüquq qaydalarının möhkəmləndirilməsi sahəsində bir çox işlər görülmüşdür. Müddət ərzində 85 cinayət hadisəsi qeydə alınmışdır. Keçən ilin müvafiq dövrü ilə müqayisədə cinayətlərin sayı 17 fakt azalmışdır.Qeydə alınan cinayətlərdən 91,0 faizi, yəni 76 fakt üzrə cinayətlərin açılma faizi təmin edilmişdir. Müddət ərzində Şəki Şəhər Rayon polis Şöbəsi tərəfindən keçirilən əməliyyat axtarış tədbirləri nəticəsində narkomaniya ilə bağlı 9 fakt aşkar edilmişdir.

   Göründüyü kimi Şəkidə istər Dövlət Proqramının icrası məsələləri, istərsə də digər tədbirlərin həyata keçirilməsi uğurla davam etməkdədir. Bütün bunlar Şəkinin daha xoş gələcəyindən xəbər verir.

 

 

Məzahir ƏHMƏDOĞLU

 

Azərbaycan Respublikasının Prezidenti yanında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi fondunun maliyyə yardımı ilə

 

Ədalət.-2012.-11 avqust.-S.13.