"İrəvana
getmək istəyirdim..."
"Dolu" filmində Levon
obrazını yaradan Əjdər Zeynalov elə premyeradaca söyülüb
İrəvan Dövlət Azərbaycan
Dram Teatrındakı fəaliyyətini uzun illərdən bəri
yaxından izlədiyim aktyor Əjdər Zeynalov yeni bir filmə
dəvət aldığını deyəndə təəccüblənmədim.
Bu günlərdə ictimaiyyətə təqdim olunan və
böyük maraqla qarşılanan "Dolu" bədii
filmindəki erməni Levon rolundan sonra istedadına güvəndiyim
dostumun kinorejissorların diqqətini cəlb edəcəyinə
inanırdım.
Kinodakı son işləri Əjdərlə
növbəti müsahibə hazırlamağa yaxşı bəhanə
oldu. Aktyorla söhbətə İrəvan Dövlət Azərbaycan
Dram Teatrındakı yaradıcılıq işlərindən
başladıq.
- Teatrın aparıcı
aktyorlarından sayılırsan. Kollektiv Bakıda məskunlaşmağa
məcbur olduğu gündən bu vaxta qədər müxtəlif
rollar oynamısan. Rol dəftərlərini saxlayırsan?
- Təəssüf ki, bu məsələdə
o qədər də səliqəli deyiləm. Düzdü, son
illərdə oynadığım rolların dəftərləri
qalıb, amma teatrda təzə gələndə
yazdığım dəftərləri saxlamamışam.
- Bu sualı təsadüfən
vermədim. Bilmək istəyirdim ki, görüm ən
qalın rol dəftərin hansıdı...
- Özün yaxşı bildiyin məsələni
məndən niyə soruşursan? Yadındadı, 1995, ya da
96-cı il idi, teatrda oynadığım Abbasqulu bəy
Şadlinski obrazı haqqında böyük bir yazı
yazmışdın. Mətbuatda barəmdə dərc olunan ilk
yazı idi. Rol dəftərlərimi saxlamasam da haqqımda
yazdığın məqalənin dərc olunduğu həmin
qəzeti saxlamışam. Həmin rolun sözlərini yazmaq
üçün 24 səhifəlik dəftəri
doldurmuşdum.
Bu yaxınlarda daha bir qalın dəftəri
doldurmalı oldum. Yazıçı-dramaturq Hidayətin
"Burdan min atlı keçdi" pyesinə
teatrımızın baş rejissoru Oruc Qurbanov quruluş verib.
Mən həmin tamaşada Katib rolunu oynayıram. Əsas
obrazlardan biridi, demək olar ki, bütün tamaşa boyu səhnədə
oluram.
- Belə ciddi obrazlar yaradan Əjdəri
tamaşaçılar arada komik rollarda da görürlər. Jan
Batist Molyerin "Zorən təbib" komediyası əsasında
teatrınızda tamaşaya qoyulan "Məcburən
doktor"da Luka rolu sənin ifanda baxımlı
alınmışdı...
- Şəxsən mən buna
qeyri-adi məsələ kimi baxmıram. Aktyor səhnədə
və ya kinoda həm dramatik, həm də komik rolları
oynamağı bacarmalıdı. Bu, aktyorun hər tərəfli
inkişafına yardım edən amillərdən biridi. Ona
görə də bu məsələdə heç bir
kompleksim yoxdu, rejissorların verdiyi istənilən rolu
oynamağa hazıram. Təki çalışmaq
üçün yaxşı şərait,
yaradıcılıq mühiti olsun. Bir də ki, heç vaxt
"xaltura" edə bilmirəm. Ən epizodik rola da ciddi
yanaşıram. Elə olub ki. tədbirlərdə Dədə
Qorqud da oynamışam, Şaxta Baba da. Amma mənə
tapşırılan işə heç vaxt başdansovdu
yanaşmamışam.
- Rahat iş şəraiti deyəndə
nəyə işarə vurduğunu bilirəm. İrəvan
Dövlət Azərbaycan Dram Teatrı Ermənistanı tərk
etməyə məcbur olandan sonra Bakıda müxtəlif
ünvanlarda məskunlaşıb, çox çətinliklərlə
üzləşib. Yaradıcı adam üçün belə
şəraitdə çalışmaq heç də asan
deyil. Belə vəziyyətdə insan daha rahat iş şəraitinə
malik kollektivlərdən gələn təklifləri dəyərləndirməli
olur...
- Yaxşı bilirsən ki, mən
də zaman-zaman belə təkliflər almışam. Amma
heç vaxt İrəvan Dövlət Azərbaycan Dram
Teatrını tərk etmək barədə düşünməmişəm.
Çünki elə mənəvi bağlılıqlar var ki,
onlardan imtina etmək mümkün deyil. Mən bu kollektivin
yetirməsiyəm, İstedadlı yazıçımız,
gözəl ziyalımız Hidayət müəllim hələ
teatrın direktoru vəzifəsində çalışanda mən
də daxil olmaqla 6 gənci ali təhsil almaq üçün
İrəvandan Bakıya göndərdi. Nəsir Sadıqzadə,
Böyükağa Kazımov kimi görkəmli pedaqoqlardan dərs
aldım. O zamankı İncəsənət İnstitutunu
bitirib doğma kollektivə qayıtmaq üçün İrəvana
getmək istəyirdim. Lakin 1988-ci ildə baş verən məlum
hadisələr bu arzumu ürəyimdə qoydu. Təyinat məsələsi
ortaya çıxanda Ermənistanda yaşayan azərbaycanlılar
artıq Ermənistandan çıxarılmağa
başlamışdı. Ona görə də təyinatımı
vermədilər. Mədəniyyət naziri Zakir
Bağırovun qəbuluna getdim. Rəhmətlik çox
gözəl insan idi. Mənə dedi ki, oğlum, bu vəziyyətdə
təyinatını verib səni Ermənistana göndərə
bilmərəm, mümkünsə bir az gözlə. Görək
bu işlərin axırı necə olur. Zakir müəllim
nazir kimi təbii ki, məlumatlı idi, proseslərin necə
bitəcəyini bilirdi. Mən isə gənc və təcrübəsiz
olduğumdan baş verənlərdən xəbərsiz idim.
Anlamırdım ki, nazir niyə İrəvana qayıtmaqdansa
bir az gözləməyi məsləhət görür.
- Həyat elə gətirdi ki, sən
İrəvana qayıda bilmədin. Amma İrəvandakı
teatr Bakıya köçməli oldu...
- Teatr Bakıya köçməyə
məcbur olandan sonra direktor, istedadlı aktyor Vidadi Əliyev məni
işə dəvət etdi. Çox ağır günlər
keçirdik, dözülməz şəraitdə
çalışan kollektivin fədakarlığı sayəsində
teatr fəaliyyətini davam etdirdi. Bayaq qeyd etdiyim mənəvi
bağlılıqlar üzündən truppadan ayrılmaq, daha
rahat şəraiti olan teatrlara getmək istəmədim.
- Hər halda bir ara səsin-sorağın
Rusiyadan gəldi..
- Rusiyaya məcburiyyətdən getdim.
Yaşıdlarım kimi ailə
qurmaq, ev-eşik sahibi olmaq istəyirdim.
Amma teatrdakı maaşla bunları həll etmək mümkün deyildi. Bilirsən ki, bir müddət Moskvada işləyib necə deyərlər, özümə
gün ağladım.
Bir ara
Bakıya qayıdıb
ev aldım, ailə qurdum. Sonra yenə Moskvaya döndüm. 2007-ci ildən isə həmişəlik Azərbaycana
gəldim və təbii ki, doğma kollektivdə işimi davam etdirdim.
- Sən dəyişib gəldin, bəs teatrda necə, dəyişiklik var idi?
- İftixar
Piriyev teatra direktor təyin olunmuşdu. Sağ olsun, İftixar müəllim məni mehriban qarşıladı,
yaradıcılıq prosesinə
qoşulmağım üçün
hər cür şərait yaratdı. Bu gün teatrın
repertuarındakı əsərlərin
demək olar ki, hamısında məşğulam. Direktor İftixar
Piriyev, baş rejissor Oruc Qurbanov
kollektivdə yaxşı
yaradıcılıq mühiti
yaradıblar. Maraqlı tamaşalar
hazırlayır, uğurlu
qastrol səfərlərinə
gedirik. Artıq bir neçə
ildir ki, teatrımıza Rəsulzadə
qəsəbəsində böyük
bir bina veriblər. Yəqin ki, binanın təmiri və iş şəraitinin daha da yaxşılaşdırılması
üçün müəyyən
işlər görüləcək.
Çünki həm Mədəniyyət
və Turizm Nazirliyinin rəhbərliyi,
həm də teatrın direktoru bunun üçün çox səy göstərirlər.
- "Dolu" filmindəki Levon obrazı ilə aktyor istedadını bir daha ortaya qoydun.
Filmin uğurla keçən premyerasından
sonra görkəmli sənət adamlarının
təbriklərindən, ünvanına
səslənən xoş
sözlərdən belə
aydınlaşdı ki,
rolun öhdəsindən
gələ bilmisən...
- Aktyor sənəti elədir ki, hamı müsbət
qəhrəmanları oynamaq,
teatrda, kinoda belə obrazlarla tanınmaq istəyir. Çünki mənfi qəhrəmanı yaratmağın
öz çətinlikləri
var. Erməni roluna gəlincə... Son 20 ildə siyasi proseslər elə cərəyan etdi ki, bu məsələyə
baxış bir qədər də sərtləşdi. İndi tamaşaçı
səhnədə və
ekranda erməni obrazı görən kimi söyməyə başlayır. "Dolu"nun quruluşçu
rejissoru Elxan Cəfərovun təklifini
qəbul edəndə
bütün bunları
nəzərə almışdım.
Elə
ilk söhbətdəcə Elxan bəyin Levonla bağlı fikirləri ürəyimdən
oldu. Anladım ki, istedadlı
rejissor qəddar ermənini karikatura kimi göstərmək istəmir. Levon da insandı,
amma qəddar, azərbaycanlılara qarşı
amansız olan bir ermənidir. O, müharibədə heç
kimə, hətta öz əsgərinə də rəhm etmir.
Mən də rejissorun bu
yanaşmasından çıxış etməyə
çalışdım.
- Və alqışla yanaşı
tamaşaçı söyüşü də qazandın...
- Premyera zamanı mən də
"Nizami" Kino Mərkəzində idim. Filmdə belə bir kadr
var. Levon azərbaycanlı
uşaqlara rəhm etmək barədə düşünən əsgərini
yerindəcə güllələyir. Həmin epizodda
məndən arxada oturan tamaşaçının
necə söyüş
söydüyünü eşitdim.
Dərhal quruluşçu
rejissora dedim ki, Elxan bəy,
başladı, Allah sonrasından
saxlasın.
Səmimi deyirəm ki,
"Dolu" son illər
Azərbaycan kinosunun ən uğurlu işlərindən biridi.
Levon roluna başqa bir həmkarım da çəkilsəydi və oyunu uğurlu
olsaydı gedib onu təbrik edərdim.
- Deyəsən "Dolu"nun ayağı düşərli olub.
Son günlər nə zaman zəng
edirəm, kinostudiyada olduğunu deyirsən.
Xeyir ola,
təzə təkliflər
var?
- Görkəmli
rejissor Ramiz Fətəliyev məni Ümummilli lider Heydər Əliyevin həyatından bəhs edən filmə dəvət edib. Filmdə mən NKVD zabiti roluna çəkilirəm.
Heydər Əliyevin həmin
zabitlə görüşü
epizodunu artıq çəkmişik. Ümummilli liderin
obrazını həmin
hissədə Rusiyadan
dəvət olunan aktyor Aleksandr Nikitin oynayır.
Etibar CƏBRAYILOĞLU
Ədalət.-2012.-11
avqust.-S.4.