Böyük günah

 

  Hekayə

 

  İlqar Gülşəni qəlbən sevirdi. İnstitutda təhsil illərində bir-birini daha yaxından tanımış, isnişmiş, xarakterləri uyğun gəlirdi, əhd-peyman bağlamışdılar. Pedaqoji institutu bitirib, doğma elə təyinat almışdılar. Çox xoşbəxt idilər. Uşaqlara təhsil vermək, aldıqları bilikləri kənddəki balalara dərindən aşılamaq onların ən ümdə arzusu idi. Odur ki, işlərinə təşəbbüskarlıqla yanaşırdılar. Vaxtaşırı sinifdənxaric, yaradıcı, praktiki tədbirlər keçirərək, bütün şagirdlərin marağını cəlb etmişdilər. Gənc pedaqoqların təmənnasız olaraq yuxarı sinif şagirdləri, ali və orta ixtisas məktəblərinə imtahanlara hazırlaşan məzunlarla, xüsusilə axşam saatlarında və istirahət günlərində məşğələlər təşkil edir, bir qisim könüllü gəncləri ətrafına toplayaraq, heç bir müraciət gözləmədən kənddəki xeyir-şər məclislərinə baş çəkir, məclisi yola verməkdə köməkliklər göstərirdilər. İlqar müəllim şagirdlərə fizika, riyaziyyat, həndəsə, astronomiya fənlərini, Gülşən müəllimə isə onlara dil-ədəbiyyat, tarix, eləcə də xarici dilləri öyrədirdilər. Ona görə də hər il xeyli gənc ali və orta ixtisas məktəblərinə qəbul olunur və müvəffəqiyyətlə təhsil alırdılar. Gənclər öz dəyərli müəllimlərinin xatirini həmişə əziz tuturdular. Gənc müəllimlərin bu səmərəli fəaliyyəti məktəb rəhbərliyi və valideynlərdə böyük rəğbət doğurmuşdu.

   İlqar və Gülşən evlənib, ailə qurduqlarından yeddi ildən artıq bir müddət ötsə də, böyük həsrətlə gözlədikləri övladları olmurdu. Məktəbli uşaqlara bir az da dərindən, istiqanlı, övlad münasibəti bəlkə də bu arzularından irəli gəlirdi. Yaxın simsarlarından övladlığa qəbul etmək məsləhətlərinə həmişə "hələ tezdir" deyərdilər. Belə vəziyyət Gülşən və İlqarın bir-birinə qarşılıqlı sonsuz məhəbbətinə, etik davranışlarına qəti xələl gətirmirdi. Xüsusilə, qaynanaların tənəli sözlərini də hər ikisi gülüşlə qarşılayırdılar.

   - Nə tələsikdi, hələ elmi işlərimizi qurtarıb, müdafiə edərik, İnşallah

   Amma səbr, təmkin, ziyalı düşüncəsi nə qədər üstün gəlsə də, hər iki gəncin qəlbinin dərinliklərində bir qara xal var idi. Bu kiçik zədə - övlad həsrəti bəzən onları üşəndirir, hər birini qeyri-ixtiyari düşüncələrə dalmağa sürükləyirdi. Lakin qarşılıqlı məhəbbət bu acı həqiqətlərə həmişə üstün gəlibdi.

   İlahinin şirin qisməti İlqarla Gülşənin də həyatına fərəh gətridi. Baharın ətirli çağında, Günəşli yazın güllü-çiçəkli zamanında ömürlərinin şirin barı - övlad sevinci, körpə qığıltısı nəhayət ki, onların da daxmasında eşidiləcəkdi. Körpə üçün həvəslə müxtəlif paltarlar tədarük edirdilər. Qohum-əqrabalardan, dostlardan kimisi bələk gətirir, kimisi nənni düzəltdirmişdi. Gənc ailəyə kənd camaatı böyük maraq göstərirdi.

   Qucağında körpə sıxmış Gülşəni qarşılayıb, xeyir-dua verənlərin, təbrik edənlərin sevinci hədsiz idi. Adını da Ümid qoymuşdular. Gənc ailəni ən çox yoluxan, xüsusilə hal-əhval tutan, Gülşənə dəyərli məsləhətlər verən doğum evinin mama həkimi Sərvinaz xanım olurdu.

   Zaman gəldi, İlqar və Gülşən müəllim paytaxta köçməli oldular. Böyük pedaqoji təcrübələrini elmi ideyalarla əsaslandırdılar. Hər ikisi elmi ada yiyələndilər. Madar övladları Ümid isə artıq böyüyüb ərgən oğlan olmuşdu. Tezliklə Universiteti bitirmiş, atasının yolunu davam etdirərək riyaziyyatçı olmuşdu. Nişanlısını valideynləri ilə tanış edəndə, onların nə qədər sevindiyinə bir İlahi şahiddir.

   Çoxları gözlənilən toy mərasimini həvəslə, arzularla qarşılayırdı. Oğul toyunun fərəhi İlqar müəllimi bihuş etmişdi. İş yoldaşları, professor-müəllim heyətinin təm-təraqlı təbrikləri ona röya kimi gəlirdi, xoş duyğular oyadırdı. Gülşənsə nədənsə pəjmürdə idi. Onun bu halını heç kəs sezmirdi. Vaxtsız ağarmış saçları Gülşən müəllimə bu gün sanki elə bil qəflətən qocalmışdı, gözləri öləzimişdi, çox sözlü, dərdli, naçar bir insan təsiri bağışlayırdı. Dərin üzüntü onu mənən sıxır, İlqarın üzünə şax baxmağa qoymurdu.

   Xoş keçən günlər, ailə səadəti İlqar və Gülşənin həyatını daha da mənalandırırdı. Amma bir nisgil Gülşəni qəlbən didib-parçalayır, onu rahat buraxmırdı. Qərar vermək isə olduqca çətindi ona. Şam yeməyindən sonra Gülşən dərdini-sirrini açmaq üçün İlqarın iş otağına keçməyə özündə cəsarət tapdı.

   - Bilirsən İlqar, iyirmi ildir sinəmi didib-parçalayan. Həyatımı həmişə təlatümlər içərisində saxlayan bir müdhiş sirri artıq daha saxlamağa taqətim qalmayıb, mütləq deyəcəyəm. Görək, məni bəlkə bağışlayacaqsan?

   İlqar səksəndi, yerindən dik atıldı.

   - Sənin, əzizim, məndən xəlvəti elə bir qəbahətli sirrin heç vaxt ola bilməz. Özünü üzmə, de, - dedi Gülşəni özünə sıxdı. Sözü yayındırmaq istədi: - Bilirəm, möhkəm əsaslandırılmış ideyalarım gedib qeyri-səlis nəzəriyyəyə çıxır, sənin ədəbi əsərlərin Sufii fəlsəfəsini özündə təcəssüm etdirir. Yəqin ki, bu müvəffəqiyyətlərimizi deyəcəksən

   Gülşənin qərarı qəti idi, baş verəcəksə, versin, mütləq əsil həqiqəti İlqara deməli idi. İlqarın ona olan sevgisi qarşısında bu, böyük problem yaratmazdı. Yeni xəbər ailəyə bir tufan, qasırğa kimi soxuldu. Bütün acılı-şirinli, qəhərli-kədərli, hər kəsin qəlbini didib-parçalayan, cavabsız min sual doğuran, iyirmi ilin ömür payı necə olacaqdı? Tanış olmayan nağıl dünyasının müdhiş həqiqəti İlqarın nitqini batırmışdı. Gülşən isə öz müdhiş nağılını çözürdü:

   - İlqar, əzizim, o zaman doğum evinə çatdıqdan az keçmədi ki, oğlum oldu. Lakin biləsən ki, o, yaşamadı. Mama həkim Sərvinaz xanım bildirdi ki, bizim xətirimizi dünyalar qədər istədiyi üçün bir tədbir fikirləşib. Mənim isə bağrım çatlayırdı. Bu halda, kəskin vəziyyətimi düşünüb, özümü intihar edəcəyimi qərara almışdım. Sərvinaz isə yalvarıb-yaxarırdı ki, sakitləşim. Amma itirdiyim övladın həsrəti ilə qovrulurdum. Özüm cəhənnəm, bəs sənə - yeddi il oğul gözləmiş bir nəcib ataya, həssas insana bu acı xəbəri necə deyəcəkdim, İlqar? Mənimlə eyni zamanda çoban Rəhimin arvadı Nazlının dördüncü uşağı olmuşdu, özü oğlan idi. Anası əmizdirib, qoymuşdu qonşu otağa. Sərvinaz məni yoldan çıxardı. Etiraf edim ki, mövcud vəziyyətdə, mən daxilən razılaşmış, şəraitlə barışmışdım. Qərara aldıq ki, bu sirri bir Allah biləcək, bir biz. Uşaqların bələyini dəyişdirdik, qızıl sepimi bilərziyimi çıxarıb zorla Sərvinazın cibinə qoydum. Sən de, ümidimizi necə itirəcəydik, axı bizim sonsuz taleyimiz, gələcəyimiz necə olacaqdı. Həkimlər isə demişdilər ki, bircə dəfə övladın ola bilər. Gecəni min-bir əzabla başa vurdum. Düşündüm ki, bəs sən necə olacaqsan. Çıxış yolunu yalnız belə gördüm. Mənimsədim həmin ananın övladını. İndi illər ötüb, mən Ümidi doğmadan da artıq sevirəm. Əsl həqiqəti dedim. Mənə cəza versən belə, azdır. Amma ilk öncə inankı səni düşündüm. Gözümün önündən nələr keçdi, bir Allah bilir. İllər ötdü, mehir saldım Ümidə. Hətta bəzi zamanlarda unutdum da onun ögeyliyini. İndi oğlumuzu boya-başa çatdırmışıq. Elmi adı var, toyunu elədik, İnşallah nəvələrimiz olacaq. Hamı bizi ən xoşbəxt ailə bilir. Amma hər kəsin bir dərdi var ki, heç kimə deməz, ağlar. Mənim səndən xəlvəti saxladığım nakam, məşəqqətli həyatım budur. Daha dözümüm tükəndi, həqiqəti dedim. Özün qərar ver, İlqar! - Gülşəndən dəli bir hönkürtü qopdu. Şalını başına atdı ki, qonşu otaqdakı gəlin eşitməsin.

   Özünə günlərlə qapanan İlqar bərk sarsılmışdı. Həftələrlə dinib-danışmırdı. Ürəyini tutub qalmışdı. Gözləri qıyılmış, beli bükülmüş, sifəti arıqlamışdı. Bu işə mat qalmışdı. Bu çətin yol ayrıcında hansı səmtə üz tutacağını heç vəchlə kəsdirə bilmir, çox üzülürdü. "Bütün indiyədək olub-keçənlərə qələm çəksinmi? Bəs saf məhəbbətlə yaşanmış ömür karvanını hansı səmtə yönəltsin?".

   Məşhur riyaziyyatçı alim kimi tanınan İlqar müəllim həyatın bu hesab-kitabı qarşısında naçar qalmışdı. Gürzə ilan kimi boğazına sarılmış bu müdhiş həqiqət qarşısında olduqca aciz görünürdü. İniltili səs Gülşəni səksəndirdi. O, İlqarın belə sızıltılı, qəlbəlri parçalayan, ümidsiz səsindən üşəndi. " qərara gəlmişdi İlqar, görəsən? Gərək açıqlamayaydım bu sirri. Yox, deməliydim, mütləq bilməliydi həyat yoldaşım. Axı, həyatım qədər sevdiyim insana səmimi etiraf etməsəm, həyatda yaşamağımın mənası var?!" - düşündü.

   - Gülşən, ömrüm-günüm sənin olub, çətin olsa da, ayrılmalıyıq. Amma bu hal ikimizin arasında qalmalıdır. Bizi əhatə edən, müqəddəs bir ailə kimi tanıyan insanların, yenicə toyunu elədiyimiz cavanların heç bir günahı yoxdur. Bu böyük günaha ikimiz batmışıq, ikimiz də qəbrə qədər için-için yanmalıyıq. Anlayıram, sən o çətin addımını bizim xoşbəxtliyimiz naminə atmısan, amma özgənin körpəsinə sahib durmusan. Bala həsrəti, fərqi yoxdur beşinci, onuncu olsun, ananı yandırıb-yaxacaq. Gözü yaşlı qoyduğumuz o ananın qarşısında, öncə İlahi dərgahında işlətdiyimiz böyük günahın haqlı əzabını, keçirdiyimiz övlad sevincinin iztirabını ömrümüz boyu çəkməliyik. Bilirsən, bu müdhiş günahı sənin məhz mənə olan böyük məhəbbətin naminə törətdiyin qənaətindəyəm. Biz, nə qədər acı olsa da, qəlbən ayrılmalıyıq. Səni nə Tanrı bağışlayar, nə də mən qəlbən bağışlaya bilmərəm, Gülşən! Bacarmaram!..

   İlqar üzünü çevirdi. Daxilən əriyib, taqətdən düşmüş Gülşənin heç cıqqırı da çıxmadı. Mənəvi inilti-sızıltı onun göz yaşlarını da qurutmuşdu.

   Beləcə İlqar və Gülşən cütlüyünün ömür-günü keçdi. Amma heç kəs bilmədi ki, hər kəsin, hər bir ailənin elə bir dərdi var ki, heç kimə deməz, amma ömrü bitənədək ağlar qalar.

 

 

   Oqtay Əliyev,

   Yazıçı-publisist

 

   Ədalət.-2012.-11 avqust.-S.10.