Şövkət
Talha Apuhan: "Türk ziyalısı Elçibəyi çox sevir..."
"Yakın Plan" nəşriyyatı
bu günlərdə Şövkət Talha Apuhanın
"Atatürkün əsgəri Elçibəy"
kitabını oxuculara təqdim edəcək. Elçibəysevərlərin
könlüncə olan bu xəbəri alan kimi kitabın müəllifini
aramağa başladıq. Zəhmətimiz boşa getmədi və
gənc dostumuzla internet vasitəsi ilə əlaqə yarada
bildik.
Şövkət Talha Apuhan
1984-cü ildə İstanbulda doğulub. Əslən
qafqazlı bir ailənin övladıdır. Azərbaycan
Dövlət İqtisad Universitetində
başladığı magistratura təhsilini İstanbul
Haliç Universitetində tamamlayıb. Bir çox məqalələri
fars, rus və ingilis dillərinə tərcümə olunaraq
yayımlanıb.
İranda və Gürcüstanda
yaşayan türklərlə bağlı keçirilən
onlarla konfransda çıxışçı olub, bir
çox simpoziumlara təşkilatçılıq edib.
"Atatürkün əsgəri Elçibəy"
kitabı Şövkət Talha Apuhanın ilk kitabıdır.
- Əbülfəz
Elçibəy haqqında kitab yazmaq ideyası necə
yarandı?
- Kitabı yazmağa 2004-cü ildə
Bakıda onun məzarı başında qərar vermişdim. Anadolu
türkləri üçün Elçibəyin yeri çox
ucadır. Məzarı başında olarkən isə sanki onu
ürəyimin tam ortasında hiss etdim və qərarımı
qətiləşdirdim: Bu şəxsin kitabını
yazmalıyam, qismət bu günəymiş...
-
Elçibəyi necə tanımısınız? Onun
haqqında kitab yazmaq üçün bilgiləri hardan topladınız?
- Elçibəy adını ilk dəfə
6 yaşımda anamdan eşitmişdim. O mənə Elçibəydən
danışanda deyərdi: "Elçibəy və
yoldaşları qalib gələcək, müsəlmanları
erməni zülmündən qurtaracaq..." Anam gecə-gündüz
Azərbaycan və Qarabağ üçün göz
yaşı tökən bir qadın idi. 1988-1994-cü ilə qədər
anamın Qarabağ üçün dua etmədiyi bir gün
olmazdı. Mənə Elçibəyi öyrədən o
Anadolu qadınıdır.
Elçibəylə əlaqədar
məlumatları daha əvvəl Türkiyədə nəşr
olunmuş bir-iki kitabdan, Elçibəyin
açıqlamaları və öz kitablarından
yığmaqla yanaşı, Elçibəydən namizədlik
işi yazan yoldaşlarımın da bu mövzuda mənə
çox faydası dəydi.
-
Kitabda hansı mövzuları əhatə etmisiniz?
- Əbülfəz Elçibəyin
bütöv bioqrafiyasına yer ayırdım. Kələkidə
doğulması, məktəb illəri, universitetdə işləməyə
başladığı illər və Azərbaycanın
müstəqillik hərəkatından vəfatına qədər
həyatının hər epizoduna yer verməyə
çalışdım.
-
Elçibəy haqqında yazılmış kitablardan, onun
özünün tarixi və milli ideologiya ilə bağlı
araşdırmalarından xəbəriniz varmı?
- Təbii ki, var. Mən Elçibəyi
təkcə qürur və sevgi ilə təqib etmirəm. Mən
Elçibəyi bir dünyagörüş, bir ideologiya, bir
yol, bir xəritə kimi görür, ona hər zaman bir bu
gözlə baxıram... Onun haqqında yazılan və onun
yazdığı kitabları da kiçik yaşlarımdan
oxumuşam.
-
Türkiyədə Elçibəyə münasibət necədir?
Sadə insanların, ziyalıların Elçibəyə
münasibəti haqqında nə deyə bilərsiniz?
- Türk insanı Elçibəyə
eşqlə bağlıdır. Elçibəy Türkiyə
ziyarətlərində olanda hava limanında otelə 15 dəqiqəlik
yol olsa da, onun avtomobili 3 saata gedirmiş. Çünki Anadolu
türkləri yolu kəsib ona sevgilərini,
sayğılarını göstərirdilər. Biz Məhəmməd
Əmin Rəsulzadəni, Əbülfəz Elçibəyi Azərbaycanın
qurucuları sayırıq. Ziyalıların Elçibəyə
münasibətləri də çox yaxşıdır. Lakin
bizdəki aydınların bir qismi Elçibəyi
"qardaş qanı tökməmək üçün"
Kələkiyə qayıtmağında bir az günahkar bilirlər...
Amma buna gözəl cavabı da Bəyin özü
vermişdi, bilirsinizmi? Demişdi ki, bilsəydim Qarabağı
bir imza ilə itirəcəyik, heç Kələkiyə
dönərdimmi? Türk ziyalısı Elçibəyi
çox sevir və ziyalılarımız üçün
onun yeri çox yüksəkdədir.
-
Azərbaycanda tanıdığınız yazarlar,
araşdırmaçılar varmı?
- Təbii ki, var. Lakin ad çəkmək
tərəfdarı deyiləm. Çünki bəzi adları
unudacağımdan və ya səhv ad çəkəcəyimdən
ehtiyatlanıram. Azərbaycan aydınlarını, mətbuatını
və televiziyasını daim izləyirəm. Özüm
2004-2006-cı illər arası Bakıda yaşamışam.
-
Kitab yazarkən Elçibəyin ailəsi ilə əlaqə
saxladınızmı?
- Bəli. Mən o gözəl, o əzabkeş
insanların əllərindən öpürəm. O ailəyə
sayğılarımı və sevgilərimi göndərirəm
buradan. Elçibəyə kitabda da yazdığım bir sitəmim
var. Bəy deyir ki: "Ailə kimi kiçik məsələlər
bizim məsələmiz ola bilməzdi". Bunu oxuduqda
çox gülmüşdüm. Bilirsiniz, Elçibəyin ailəsi
ilə bəyin qardaşı məşğul olur. Adam o boyda ölkənin prezidenti olub, amma evi belə
yox idi.
- Azərbaycanda Elçibəyi
milli azadlıq hərəkatının lideri
kimi tanıyırlar.
Elçibəy türk dünyası
üçün kimdir?
- Türk dünyası üçün
çox böyük adamdır. Elçibəy varlığı ilə türk dünyasının gələcək
illərdəki geopolitikasını
dəyişdi. O olmasaydı
bu gün İran türk dünyasında mənfi rol oynaya bilərdi.
O olmasaydı türk dünyasında o çətin
dövrdə Turançılıq
və Türk Birliyi ideyaları bu qədər rahat inkişaf etməyəcəkdi, məncə.
Düşünün, Elçibəy Sovet
Rusiyası kimi dövləti məğlub
edir, yeni dövlət qurur, bir də çıxıb
"Türk Birliyi yaradaq" deyir.
"İran Təbrizin
bir yumruğu ilə dağılacaq"
deyirdi Elçibəy...
O hər bir insan kimi tanrısına
qovuşdu, amma türk dünyasında idealları, hədəfləri
və adı qaldı.
Cəlil Cavanşir
Ədalət.-2012.-11
avqust.-S.12.