Saatlı yeni inkişaf mərhələsində

 

   İsti yay günləri aranda daha çox hiss edilir. Günəş yerindən qalxmamış od-alov saçır. Hələlik ilin ən isti gününə təsadüf edilən Saatlı rayonuna gəlişim gününün başlanmasına hesablansa da, deyəsən gecikmişdim. Həmsöhbət olmaq istədiyim rəsmilərin demək olar ki, heç biri yerində yox idi. Hamı rayon mərkəzindəki Ulu Öndərin adını daşıyan parkda son tamamlama işləri ilə məşğul idilər.

   Kifayət qədər böyük əraziyə malik bu park doğrudan gözəldir. Yaşıllıqlar içində üzən bu parkın 8000 kvadrat metr ərazisi yeni formalı, daha keyfiyyətli üzlük plitələrdən istifadə edilməklə dəyişdirilmişdir. Sakinlərin, müsafirlərin istirahət etmələri, gəzib dolaşmaları üçün bütün mümkün vasitələrdən istifadə edildiyi göz önündədir. Burda inşa edilmiş 2 ədəd fəvvarə kompleksi parka bir ayrı yaraşıqdır. 60-dan çox müasir görkəmli oturacaq iri və rahatdır. Parkdakı səliqə-səhmanı, təmizliyi tənzimləyən avadanlıqlar xüsusi zövqün məhsuludur.

   Saatlı rayon İcra Hakimiyyətinin inzibati binası əsaslı təmirdən sonra xeyli əzəmətli görünür. Heydər Əliyevin vüqarlı heykəli yaşıllıqlar içərisindən fəxrlə ətrafa baxır. Müxtəlif dekorativ ağaclar, gül kolları burda elə zövqlə düzülüb ki, park sanki şahmat taxtasıdır. Bu ərazidə tikilməkdə olan şahmat məktəbinin yeni binası parka bir az da müdriklik verəcək.

   Heydər Əliyev və Gənclər Mərkəzinin, Tarix-Diyarşünaslıq Muzeyinin, Rəsm Qalereyasının əhatəsində olan bu möhtəşəm park indidən Saatlı rayonunda ən gözəl istirahət mərkəzinə çevrilmişdir.

 

   "Tikinti-abadlıq elə-belə yaranmır"

 

   Saatlı rayon İcra Hakimiyyətinin rəsmisi Lütfəli Şıxəliyevlə həmsöhbət olmaq indilərdə mümkün deyil. Bütün günü abadlıq və tikinti işləri ilə məşğul olan Lütfəli müəllimlə elə tikinti meydançasında görüşdüm. Günəşdən yanıb-qaralmış sifətindəki tər damcılarını silib, yenə mehribancasına gülümsündü:

   - İsti səhər erkəndən başlayıb, ancaq vaxt gözləmir. Bir də tikinti-abadlıq elə-belə yaranmır ki. Qışın qarında da, yayın istisində də bu proses dayanmamalıdır. Özün hər şeyi görürsən, bütün işlər tamamlanandan sonra Saatlının bir ayrı hüsnü olacaq. Mərkəzi küçəmizdəki istinad divarlarının hamısını ağ lay daşlarla başdan-başa üzləmişik. İş hələ sona yetməsə də, indidən nəticənin necə olacağını təsəvvür etmək çətin deyil. Ondan sonra səkilərə də yeni görkəm veriləcək. Şəhərin mərkəzindəki "Şəhidlər" abidə kompleksinə yeni tərtibat vermişik. "31 mart - azərbaycanlıların soyqırımı" abidəsi də öz orijinallığı ilə tam fərqlidir. Heydər Əliyev parkına yeni üzlük plitələr döşəmişik. Ümummilli Liderin adını daşıyan prospekt və parkda müasir işıqlandırma sistemindən istifadə edilmişdir. Parkda 90 ədəd, M.F.Axundov, M.Ağayev, H.Zərdabi, C.Cabbarlı küçələrində 107 ədəd müasir işıq dirəklərindən istifadə edilmişdir. "Sabirabad, Saatlı, İmişli, Ağcabədi, Zərdab rayonlarının sosial-iqtisadi inkişafının daha da sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə ehtiyat fondundan ayrılmış vəsait hesabına Tarix-Diyarşünaslıq Muzeyi və Rəsm Qalereyasının binasının inşası başa çatmaq üzrədir. Prezidentin 11 may 2011-ci il tarixli sərəncamı ilə Saatlı rayonunda Olimpiya İdman Kompleksinin və Gənclər Mərkəzinin tikintisinə başlanılmışdır. Yanğınsöndürmə Deposunun yeni binası artıq hazırdır. Rabitə qovşağının inzibati binasının fasadı alkapon materialı ilə üzlənmişdir. Maliyyə idarəsində də əsaslı təmir aparılır. 5 saylı Ərzai Vergilər İdarəsinin "Vergi ödəyicilərinə xidmət kompüter terminalı"-nın binası, "Mətbuat yayımı" şöbəsinin ofisi artıq istifadəçilərin ixtiyarına verilmişdir. Statistika idarəsinin ikimərtəbəli inzibatı binasının inşasına başlanmışdır.

   Rayonun idarə və müəssisələrində, təşkilatlarda ağacəkmə, yaşıllıqsalma işlərinə geniş meydan vermişik. Ötən 6 ay ərzində rayon sakinləri ilə iməciliklərdə 30 mindən çox ağac əkmişik.

   Çox qısa vaxtdan sonra Saatlı gözəl, müasir Azərbaycan şəhərinə çevriləcək. Abadlıq-tikinti işlərini kəndlərimizdə də aparırıq. Rayonun iqtisadi-sosial həyatında, tikinti-abadlıq işlərində Saatlı rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarovun əməyi çox böyükdür. Bunu mütləq qeyd etmək lazımdır.

   Lütfəli müəllim başqa məlumat verməyə macal tapmadı. Onu başqa tikinti meydançasında gözləyirdilər.

 

   Təhsil daim diqqətdə saxlanılır

 

   Tələbəlik illərindən tanıdığım, təşkilatçılığına, ümumi dünya görüşünə yaxşı bələd olduğum rayon Təhsil şöbəsinin müdiri Şamil Nurəliyev neçə illərdir bu çox mühüm sahəyə başçılıq edir. Saatlının təhsilindən, uğur və qayğılarından həvəslə danışsa da, ötən 6 ayda gördükləri işlərdən qeydlər götürməyi xahiş etdi.  

   - Ümumi geniş danışsam çox vaxt aparar. Ona görə 2012-ci ilin ilk yarısı barədə danışacam. Arif Ağayev adına 80 şagird üçün Sarıcalar kənd ümumi orta məktəb, Mehman Ağayev adına 180 şagird üçün Saatlı şəhər 2 saylı ümumi orta məktəb, Əyyub Quliyev adına 120 şagird üçün Genişkənd ümumi orta məktəb binalarının, Şahmat məktəbinin tikintisi aparılır. Tofiq İsmayılov adına 542 şagird üçün Mircəlalkənd, Adil Çoxayev adına 1176 şagird üçün Fətəlikənd tam orta məktəb binalarında bərpa-gücləndirmə işlərinin qızğın çağıdır. Saatlı şəhərindəki M.Əzizbəyov adına 1050 şagird üçün tam orta məktəbin, 90 yerlik uşaq bağçası-körpələr evinin əsaslı təmir işləri sona yetmək üzrədir.

   Nazirlər Kabinetinin 06 fevral 2012-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş vəsait hesabına rayonumuzun Əliabad kəndində 180 şagird üçün ümumi orta məktəb, Qıraqlı kəndində 220 şagird üçün orta məktəb binalarının, Fətəli kəndindəki uşaq bağçası körpələr evinin bərpa-gücləndirmə işləri aparılır. Bütün bu layihələrin həyata keçirilməsində Saatlı rayon rəhbərliyinin yorulmaz əməyi var. Çalışırıq ki, təhsilimizi zamanın tələbinə uyğun quraq.

  

   Şamil müəllim elə bunları deməklə kifayətləndi.

  

 

   (ardı gələn sayımızda)

 

 

   Səxavət Məmmədli

 

   Ədalət.-2012.-14 avqust.-S.3.