Qazax - Azərbaycanın qərb qapısı

 

   Azərbaycanın paytaxtı Bakıdan ən uzaq məsafədə yerləşən Qazaxa isti yay günlərində bir nəfəsə getmək olmur. Yol nə qədər rahat, maşın nə qədər səliqəli və sərin olsa belə, 480 kilometr məsafə kifayət qədər böyükdür. Ancaq Gəncədən sonra havada bir mülayimlik hiss edilir. Axşamçağının sərin mehi ruhu, bədəni sakitləşdirir.

   Azərbaycanın qərb qapısı olan Qazax Ermənistanla 168, Gürcüstanla 9 kilometr məsafədə həmsərhəddir. Bir vaxtlar 3 "qardaş" respublikanın ən mötəbər görüşləri Qazaxdakı Qırmızı Körpüdə keçirilərdi. İndi tam sakitlikdir, niyyətlər məlum olub, münasibətlər konkretləşib. 90 min əhalisi, 698 kvadrat kilometr ərazisi, 34 kəndi olan Qazax rayonunun əsas məşğuliyyəti əkinçilik və maldarlıqdır. Dağətəyi ərazilərdə yerləşən Qazaxın çox münbit, bərəkətli torpaqları var. Buz bulaqları, bir neçə çayı, indi Didevan adlanan Ağstafaçay su anbarı, subartezian quyuları olan rayonda yaşıllıqların, hündür çinarların, palıd və vələslərin çoxluğu təbiidir. 

   Qarı düşmən - ermənilərlə göz-gözə yaşayan qazaxlılar zaman-zaman onların məkrli niyyətləri ilə üzləşmişlər. Hələ 1984-cü ildə Azərbaycanla Ermənistan sərhəddinin coğrafi xəritəsini dəqiqləşdirmək məqsədilə ölkədən kifayət qədər ərazi qoparmışlar. O vaxtlar Qazax rayon İcraiyyə Komitəsinin sədri işləmiş Bəkir Eyyubov oktyabrın 24-də olan hadisəni yaxşı xatırlayır və əlavə edir ki, o rəqəm danışılan kimi 5 min hektar yox, 1500 hektar olub. Respublika rəhbərliyindən Qazaxa gəlmiş rəsmilərə Kəmərli kəndində çox kəskin etiraz edən sakinlərə münasibət birmənalı olmayıb. Qazaxın bir neçə rəhbər şəxsləri də müxtəlif cəzalarla Azərbaycanın o vaxtki siyasi rəhbərliyindən canlarını zorla qurtara biliblər.

 

   "Torpaq uğrunda ölən varsa, Vətəndir"

 

   ...1988-ci ildən ölkəmizə qarşı ermənilərin açıq müstəvidə vuruşmasını Qazax rayonu indi də ağrılarla, itkilərlə yaşayır. İgidliklə, mərdliklə son ana qədər ermənilərlə döyüşən Qaratel xanım yağı düşmənə əsir düşməmək üçün axırıncı gülləsini öz sinəsinə sıxıb. Bu illərdə 285 ərənini şəhid verən Qazaxda Alı Mustafayevdən başqa daha 4 nəfər Azərbaycanın Milli Qəhrəmanı var. Bu rayonun 7 kəndi - Xeyrımlı, Yuxarı Əskipara, Aşağı Əskipara, Bağanıs Ayrım, Barxudarlı, Sofulu, Qızıl Hacılı kəndləri düşmənlər tərəfindən tamamilə yandırılsa da, qazaxlılar bir qarış torpaqlarını onlara verməyiblər. Məzəm, Quşçu Ayrım, Cəfərli, Bala Cəfərli, Fərəhli kənd sakinləri atəş altında yaşasalar da, evlərini tərk etmək fikrində deyillər. Məzəm kəndini ermənilərin atəş nöqtəsindən cəmi 80-100 metr məsafə ayırır.

   Buna baxmayaraq, bu kəndlərin sakinləri əkin-biçindən, xeyir-şərdən, ən müxtəlif tədbirlərdən qalmırlar. Hər gün, hər an hər birini haqlaya bilən ölüm onlar üçün adiləşib.

   O da ibrətamizdir ki, yandırılmış bu 7 kəndin 3755 nəfər sakininin heç biri başqa yerə pənah aparmayıb.

   "Ev evə sığmaz, el elə sığar" deyən ulularımız qətiyyən yanılmayıblar. Qazaxlılar elə Qazaxdaca məskunlaşıb. Rayon rəsmiləri, eləcə də ziyalılar bildirdilər ki, hələ bir nəfər belə ev-eşiyindən didərgin düşmüş kənd sakini respublika rəhbərliyindən mənzil davası eləməyib.

   Nə yazıqlar ki, bu ağrılı illər hələ davam edir. Ancaq ölkənin hər yerində olduğu kimi burda da insanlar nikbindir. Əmindirlər ki, sonda ədalət zəfər çalacaq. Yoxsa erməni silahlıları ilə göz-gözə yaşamazdılar ki...

 

   "Mütəfəkkirlər bağı"nın sakinləri

  

   Qazax Azərbaycan hərbisinə, elminə, mədəniyyətinə, ədəbiyyatına çox layiqli simalar verib. Şərq və qərbin qovşağında yerləşən, ölkənin "Qərb qapısı" adlanan bu rayonda şifahi xalq ədəbiyyatına, poeziyaya, aşıq sənətinə böyük sevgimaraq var.

   Yerli sakinlərin Səməd Vurğun bağı kimi tanıdığı bu yaşıllıqlar qoynunda Qazaxda doğulmuş tarixi şəxsiyyətlərin büstləri sıralanıb. Ona görə də indi bu başqa "Mütəfəkkirlər bağı" deyirlər.

   Bağın bir tərəfində - başda Vaqiflə Vidadinin qoşa heykəlinin müdrikcəsinə söhbətinə digər tərəfdə qərarlaşan Səməd Vurğun sakit-sakit qulaq asır.

   Azərbaycanın ilk hərbi təyyarəçisi Fərrux Ağa Qayıbovun, ilk topoqrafiya alimi İbrahim Ağa Vəkilov, ilk pedaqoji elmlər doktoru Əhməd Seyidov, ilk xalq şairəsi Mirvarid Dilbazi burada çiyin-çiyinə dayanıblar. Artilleriya generalı, "rus topunun Allahı" Əlağa Şıxlinski, İtaliyanın Milli Qəhrəmanı "Serafino" ləqəbli Tahir İsayev, akademik Teymur Bünyadov, xalq yazıçıları Mehdi Hüseyn, İsmayıl Şıxli, Yusif Səmədoğlu, xalq şairi Osman Sarıvəlli, saz havalarının təkrarsız ifaçısı Ədalət Nəsibov "Mütəfəkkirlər bağı"nın daimi "sakinləridir".

   Qazax ziyalılarının, müsafirlərin, yaradıcı adamların daim üz tutduqları bu məkan həmişə qələbəlik olur. Heç şübhəsiz ki, bu bağın "sakinləri" az vaxtdan sonra bir qədər də çoxalacaq. Azərbaycanın digər görkəmli şəxsləri ilə bərabər bu böyük şəxsiyyətlərin də öz ölkələrinin inkişafında mühüm rol oynadıqları şübhəsizdir.

   Həmişə bu bağa toplaşan el sənətkarlarına, aşıqlara isə bu dəfə rast gəlmədim. Müqəddəs Ramazan ayı olduğundan onların bu yerlərdə gəzib-dolaşmamağı təbii və təqdirəlayiqdir. Elə bu müqəddəsliyi, paklığı da ilk əvvəl məhz onlar qorumalıdırlar. ardı gələn sayımızda)

  

   

Səxavət Məmmədli

 

Ədalət.-2012.-16 avqust.-S.3.