Qazax - Azərbaycanın qərb qapısı

 

   (əvvəli ötən sayımızda)

  

   Prezidentin şairlər yurduna hədiyyəsi

 

   Haqqında danışdığım bağda - "Mütəfəkkirlərin" 5 addımlığında indi qızğın iş gedir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 01 iyun 2012-ci il tarixli Sərəncamı ilə Qazaxda inşasına başlanan "Ədəbiyyat muzeyi"-ni deyirəm. Bu məqsədlə prezidentin ehtiyat fondundan Qazax rayon İcra Hakimiyyətinə 5 milyon manat vəsait ayrılıb. Tikinti meydançasının ətrafı indi dəmir lövhələrlə hasarlanıb. Bu sakinlərin təhlükəsizliyinə xidmət etməklə bərabər tikinti işçilərinin rahat işləmələrinə hesablanıb. Hazırda torpaq-qazıntı işləri görülən bu tikintinin ilin sonuna qədər təhvil verilməsi nəzərdə tutulur.

   Muzey tikintisində iş icraçısı olan Qələndər İsmayılov toz-torpaq işində yük maşınlarına göstərişlərini verib, bir qurtum su içəndən sonra:

   - 42 ildir tikinti işi ilə məşğulam, həmişə demişəm ki, bax bu binanı tikib istirahətə gedəcəm. 42 ildir deyirəm, ancaq əməl etmirəm. Qazaxı gəzib dolaşıbsansa, görməmiş olmazsan. Vağzalın qarşısındakı şahmat məktəbini də mən tikmişəm. İçərisi də çölü kimi orijinal və gözəldir. Bu muzey ondan da gözəl olacaq. Ön hissədən 3, arxadan 1 mərtəbəli olan bu binanın xeyir-duasını prezidentimiz veribsə, biz də ona layiq iş görməliyik. Həmin o bir mərtəbəli tikili 106 nəfərlik konfrans zalı olacaq ki, orada tədbirlər, görüşlər keçirmək mümkün olsun. Bu ön hissədə isə müxtəlif otaqlar, kabinetlər, bir az kiçik konfrans zalı, qəlyanaltı üçün kiçik kafe də olacaq. İşimiz də çoxdur, məsuliyyətimiz də çoxdur. Elə fikirləşirəm ki, Qazaxda doğulmuş və tarixləşmiş ədiblərimizin hamısına burda yer olacaq. Qonaq-qaramızda da elə muzeydəcə ədiblərimiz barədə təəssürat yarada bilərik. Mənim bildiyimə görə Azərbaycan Yazıçılar Birliyinin Qazax rayon filialı da bura köçürüləcək. Nə qədər ki, yağışlar başlamayıb torpaq işini tez qurtarmalıyıq. Burdakı maşınların heç biri fasilə verməməlidir.

   İş icraçısı sağollaşıb ayrıldı. İşi sürətləndirmək üçün tələsdiyi hiss edilirdi.

 

   Gec də olsa tikinti-abadlığa başlanıb

 

   Hələ yaşını dəqiqləşdirə bilmədiyimiz, bəzi ehtimallara görə ötən əsrin əvvəllərində şəhər adını almış Qazaxda uzun müddət elə də bir iş görülməyib. Rayon rəhbərliyinin sonuncu İcra hakimiyyəti başçısı Ayaz Əskərova qədər bütün birinci şəxsləri nəyə görəsə sanki günlərini keçirməklə məşğul olublar.

   Gec də olsa, artıq rayonda, Qazax şəhərinin özündə tikinti-abadlıq işlərinə başlanılmışdır. 4 hektar ərazisi olan Heydər Əliyev parkının 2 hektarı yenidən qurulub. Burdakı ərazisi 1160 kvadrat metr olan "Gənclər Mərkəzi"-nin inşası sona çatdırılıb. Bir ildə 5 min ton məhsul istehsal edən Qazax Konserv Zavodu tikilib istifadəyə verilib. Uzunluğu 7 kilometr olan Qazaxbəyli-Aşağı Salahlı avtomobil yolunun inşası da artıq başa çatdırılıb.

   Qazax şəhərindəki "Şəhidlərin abidə kompleksi" köhnə, primitiv görkəminə görə sökülmüş, yerində daha məzmunlu, yeni üslubda xatirə kompleksi ucaldılıb. Rayon dəmiryolu vağzalına gedən Ə.Qədirov küçəsindəki hər iki istinad divarları təmir edilib, daha yaraşıqlı görkəmə salınıb. Vağzal binasının köhnə dam örtüyü dəyişdirilib, həyətə 1115 kvadrat metr tamet plitə döşənib.

   Qazax şəhərinin qərbdən giriş hissəsində "Dövlət Bayrağı Meydanı" inşa edilib. 1460 kvadrat metr olan bu meydanda hündürlüyü 51 metr olan qüllə ucaldılıb.

   23 kilometr uzunluğu olan Yuxarı Salahlı-Kəmərli avtomobil yolunda illik gücü 1 milyon ton olan "Qazax Sement Zavodu"-nda da, 2 ədəd 24 mənzilli binada da tikinti işləri aparılır.

   İnşası ötən il başlamış şəhər 4 saylı, Canalı, Aslanbəyli, Qazaxbəyli kənd tam orta məktəb binalarının tikintisi, Qaratel adına ümumi orta məktəbdə bərpa-gücləndirmə işləri son mərhələdədir.

   Yaxın vaxtlarda Çaylı, Daş Salahlı, Ürkməcli, Xanlıqlar kənd məktəblərinin inşasına, Kəmərlidəki Xanbağı kənd orta məktəbinin təmir işlərinə başlanacaq.

   2012-ci ilin ilk yarısında Qazax rayonunda yaşıllıqların salınmasına, ağac əkininə xüsusi fikir verilmişdir. Burda əkilmiş 145800 ədəd ağacın 31000 ədədi Qazaxdan keçən beynəlxalq avtomobil yolunun ətrafına düşür.

   Qazax rayonunda abadlıq-quruculuq işlərinin davam etdirilməsi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 13 aprel 2012-ci il tarixli Sərəncamı ilə prezidentin ehtiyat fondundan ayrılmış 2 milyon manat vəsait də şübhəsiz burdakı işlərin sürətlənməsinə, genişlənməsinə səbəb olmuşdur.

 

   Mavi qaz kəndlərə uzanır

 

   Qazax rayonunda həyati vacib məsələlərdən biri də mavi qazın ən ucqar kəndlərə çatdırılmasıdır. Əhalinin mavi yanacaqla mütəmadi təmin olunması istiqamətində Qazaxda son vaxtlar xeyli iş görülüb. Sərhəd kəndlərinin demək olar ki, hamısı mavi qazla təmin edilib. 2012-ci ilin 6 ayı ərzində rayondakı abonentlərə 1310506 manat dəyərində mavi qaz satılmışdır. Əvəzində 1278002 manat pul yığılmışdır. Bu satılan qazın 97,5 faizi deməkdir. Bununla belə rayonun bir sıra kəndlərində mavi qaz problemi qalmaqdadır. Bu problemi aradan qaldırmaq üçün daha çox əhalisi olan həmin kəndlərə qaz çəkilişinə başlanılmışdır. Rayon mərkəzindən kifayət qədər uzaqda yerləşən I və II Şıxlı, Yuxarı və Daş Salahlı kəndlərinə qaz kəmərinin çəkilişinə başlanılmışdır. Rayonun böyük kəndlərindən biri olan Kosalarda bu proses ilin axırına qədər yekunlaşmalıdır. Hazırda bu işləri həyata keçirən "Qaradağ-2008" MMC digər kəndlərdə də xeyli iş görmüşdür. I Şıxlı kəndində 9550, II Şıxlı kəndində 1750, Yuxarı Salahlı kəndində 8040, Kosalar kəndində 7333 metr uzunluğunda müxtəlif diametrli yeni polietilen və metal boru qaz xətləri çəkilmişdir. Daş Salahlı kəndində isə 650 abonentin mənzillərindəki daxili qaz xətləri bərpa edildiyi üçün yaxın vaxtlarda onlar mavi qazla təmin olnacaq

   İlin sonuna kimi Qazax rayonunun bütün kəndlərinin mavi qazla təmin olunması qərara alınıb. Evinizdə həmişə isti soba olsun, qazaxlılar!

   Ölkənin ən ucqar rayonu olan Qazax bu gün dirçəliş anlarını yaşayır. Ümidvarıq ki, çox yaxın vaxtlarda burda iqtisadi-sosial inkişafın daha yüksək mərhələsini görəcəyik.

  

  

   Səxavət Məmmədli

 

   Ədalət.-2012.-17 avqust.-S.3.