"DÜBEYTİ"

 

Ədalət Nəsibov üçün

 

Sən hardan bildin, mən ağlamaq istəyirəm?! Bircə himə bəndəm ki, qaynar damcılar bəbəklərimi dağlayıb yandıra-yandıra dığırlansın üzüaşağı... Sənətkarın insafsızı ələ düşməzmiş. Heç vecinə deyil. dərdliyə baxırsan, yaralıya. gözü yolda qalan vecinədi, ümidləri puç olan. dünyası dağılana yazığın gəlir, muradı gözündə qalana. Təki çalasan... Öz içindəki yanğıları bayıra töküb soyudasan qəlbini, rahatladasan ruhunu...

   Yox, təkcə buna görə çalmırsan. Qorxursan... Özünü qorumaqçün çalırsan. Hərə bir yolnan ölümsüzlük qazanmalıdı, axı... Sən də... Dədə Qorqud kimi ölümü öldürməkçün çalırsan... Bilirsən ölüm mələyinin sazdan qorxduğunu. Yaxın düşə bilmir sinəsində sazı, əlində mizrabı olana... Böyük Ozan da bilirdi bunu. Dünyadan doyulmaz, demişlər. Doymamışdı yaşamaqdan. Qurdnan qiyamətə qalmaq, dünyanın axırına çıxmaq istəyirdi. Ancaq mümkün deyildi. Olacaqlar olmalıydı. Özü tapdı çarəsini. Çuxasını atdı dəryaya, oturdu üstündə. Gecə-gündüz çaldı qopuzunu. Çox çaldı... Gücü tükənənə, gözləri yumulana qədər çaldı. Hər şeyin bir sonu var, olmalıdı... Yuxu basdı qoca aşığı. Ölüm mələyi çoxdan marıqdaydı... Tez suilanı cildinə girib üzdü Dədənin yanına. Çaldı onu...

 

   Könülləri çalanı çaldı ilan...

   Yuxusunu əbədilik elədi...

 

   ***

 

   Sənin də gücün bizə çatır. Əlindən gələni edirsən, nə halın var görürsən. Heç birimizə yazığın gəlmir. Qaldırırsan göyün yeddinci qatına... Gəzdirirsən... Sonra da var gücünlə çırpırsan yerə. Yaxşı ki, cismimizə bu divanı tuta bilmirsən. Yoxsa, salamat adam qoymazdın...

   Qayanın dibində dayanıb çalırsan. Dərinlikdən daha ucalara qalxır sazının səsi...Bunu da qəsdən edirsən...

   Arxandakı ağacın təpəsinə çatmağa nə qədər yol var hələ. Dolama-dolama qaldırırsan başına eşidənləri. Bax o son yarpaqların arasından Günəşin telləri cilvələnir. "İşığı tutmaq asan deyil. Ürəyində işıq yoxsa, qulaq as, gör, o qayanın dibindəki nə çalır?! Nə qanlar eləyir?! Eşitməsən, duymasan, başını qaldırıb mənə baxma!"...

   Bəs, deyirdilər, sazı ağladırsan?!... Mən əksini görürəm indi. Bir sədəfli taxta parçası əsir edib səni. Sağa əyir-əyilirsən, sola əyir--əyilirsən. Gözlərini də elə yummusan ki, görən deyər, bir də açmaq fikrin yoxdu... Qorxma, aç... Bax, gör, ağaclar necə baş əyir sənə. Sən çaldıqca xəyallarındakından daha gözəl olub dördbir yanın. Sən eləmisən bunu. Suları qırçınlandırırsan, budaqlara baş əydirirsən, yarpaqları ayaqlarına tökdürürsən...

   Deyəsən, günbatan çağıdı, axı... Hələ təpəyə bir cığır da gedir. Düz tənha ağacın üstünə. Həmin tənha ağacın arxasında Günəş batır. Rəngi sapsarıdı... Sən saraltdın yükləydiyin dərdlə onun da rəngini...

   biçim sənətkarsan, ay Ustad? Bu divan, bu zülmdü tutursan səni eşidənə?! Hərdən gözünü açıb gülümsəyirsən. Günəş şüalarından qıyılan gözlərinin işığı adamın iliyinə işləyir. Təzədən sazı qundağına baş qoyub yumursan gözlərini. Körpə anasına sığınıb sinəsini iyləyən kimi qoxulayırsan sazı. O sənə layla deyir, sən bizə...

   Hələ saçların qapqaradı... Neçə başlara qar ələmisən bu çalğınla, bilirsənmi...Yayın ortasında bu yaşıllıqda neçə-neçə yarpağı xəzələ döndərdiyini demirəm, hələ...

   Sazın ətini yeyə-yeyə ürəyimizi qana döndərirsən...

   İnsan qəlbini nəynən ovutsun, İlahi! Necə dərman tapsın ürək yaralarına?

   Sən bir yandan sökürsən varlığımızı...

   Elə bilirsən, fərliyəm mən? O boyda dağı-daşı bir ovuc kül kimi üfürər könül ahlarım...Ağrımı içimə vururam sənə qulaq asanda...

  

   ***

  

   Gözüm qaldı siyah teldə,

   Bülbül öldü meyli güldə.

   Bir kəsim yox qürbət eldə,

   Sən mənə qəmxar ol, yaylaq.

  

   Bülbülə bəxt yazanın qələmi sınaydı. Hər şeyi bol-bol verdi ona. Gözəlliyi, zərifliyi, ətri... Amma tikanını da bol elədi. Tikandan yapdı qorumasını. Qoymadı bülbül binəva bir ürəknən dolansın gülün başına. Meyli olanın yanında başa vursun ömrünü. Kef düşdü xara-mərdimazara, ara vurana. Bir şairlərə, söz qoşanlara... Əlinə qələm alan yazdı gülnən bülbülün qara bəxtindən, nakam taleyindən...

 

   Üstündən karvan yeriməz

   Sıxdı dumanların, dağlar.

   Yayda, qışda heç əriməz

   Quzeylərdə qarın, dağlar...

  

   Dağlardan da betər günə qoydun bizi. İçimizdə elə sıx dumanlar var ki, özümüz azırıq, yol tapa bilmirik.

   Kim əridəcək, əridəcək ürəklərimizin buzunu?!.. Günəşin işığı, istisi çata bilmir oralara...

   Bu qədər doğmaların, yaxınların isində könül niyə qürbətdədi, bəs...

 

   ***

 

   O otlardan, o çiçəklərdən elə bizim kəndin qıraqlarında da var. Çıxar ayaqqabılarını, çirmə balaqlarını. Ayaqlarını astaca qoy torpağa. Gör iliyinə işləyən sərinlikdən ağlın başından gedir, getmir...

   Bir bu çalğının yanğısı...

   Hələ o bir parça bulud... Bizim Şamaxı dağlarında da var. Elə bil dünya yaranan gündən asılıb ordan. şimşək parçalayır, yağış əridir. Bir topa kədərdi donub dağların zirvəsində. Yolunu gözləyir bu torpağı qoyub gedənlərin...Dağın, dərənin, buludun, şimşəyin yaddaşı möhkəm olur. Adamların yaddaşından qat-qat möhkəm...Unutmağı bacarmırlar... Bağışlamağı da. Amma yol gözləməkləri var...

  

   Gedənləri qaytarmaqları da...

  

   ***

 

   Qırx ildimi, əlli ildimi qulaq asıram ona. Elə bilirdim anlayıram, duyuram, tanıyıram onu. Qiymətləndirə bilirəm. Yox, yox... Sən demə, heç başa düşməmişəm hələ

   Hələ məktəb illərində haqqında yazı oxumuşdum. Məqalənin adını da, müəllifini unutmuşam. Bir cümləsini isə yaddan çıxarmaq nəinki mümkün deyil, hətta günahdı. Yazırdı ki, Ədalət çalanda qəlbində simlərə yalvarır. Yalvarır ki, qırılmasınlar, onu yarıda qoymasınlar...

   İndi mən kimə yalvarım onu dinləyə-dinləyə?! Həmişə üz tutduğumuz Uca Yaradanı da rahatsız eləmək istəmirəm bu anda. Bilirəm ki, O da Ədalətə qulaq asır...Bu çalğı təkcə insanlar üçün deyil... Ayağı torpaqda olanın bu havaları dinləməyə gücü çatmaz. Qalxmalıdı... Başı buludlara dəyməsə, ruhu göylərdə dolaşmasa, "mən nəsə eşidirəm, duyuram" deyə bilməz heç kəs...

   

   ***

 

   Daha qulaq asmayacam sənə. Zalımsan...Etdiyi zülmlərdən zövq alansan...

   Qulaqlarımı tutub qaçmaq istəyirəm sən çalanda. Param-parça ürəyimi qorumaq istəyirəm...

  

   Bilirsənmi, nədən ötrü?!...

   Ölənəcən səni dinləməkdən ötrü...

 

 

   Vəsilə USUBOVA

   vasila-usubova@mail.ru

 

   Ədalət.-2012.-18 avqust.-S.5.