Əli pəhləvan

 

  Hekayə

 

  Qarabulaq əyalət mərkəzinə insan axını kəsilmirdi. Özünə rəqib bilməyən Bülənd pəhləvan neçə gündü ki, meydan sulayırdı. Hətta, heç bir kəs tərəfindən məğlub edilməyəcəyini qət edən Bülənd pəhləvanın dizlərində, dirsəklərində və çiyin oynaqları üstündə güzgülər bağlanmışdı. Haqq-ədalət naminə demək lazımdı ki, artıq üçüncü həftə idi o, bu meydana çıxan hər kəsin kürəyini yerə vururdu.

   "Ay mənə qənim, ay mənə qənim!" - -hayqırıb, camaata bəzən rişxəndlə üz tuturdu. "Güzgülü pəhləvan"ın sədası ətrafı bürümüşdü.

  

   ***

 

   Əsəd bəy Köndələnçay boyu salınmış bağ-bağatı ara-sıra gəzirdi. Xüsusilə meyvə bağları salmaq, ilin bütün fəsillərində məhz onun bağında müxtəlif payız-qış meyvələri olması bəyin şakəri idi. Bu bağlarda bəzəkli quşlar, müxtəlif heyvanlar maraqla saxlanırdı. Hansı uzaq diyarlardan olsa, gözəl, ətirli meyvə ağaclarını gətirdər, əkdirər, xüsusi bağbanlara qulluq etdirərdi. Onsuz da Hacılı camaatında sayılıb seçilən, azman, xotgər bəylərdən olan Əsəd bəy çoxsaylı qonaqlarını bu bağlarda gəzdirməkdən, bu gözəlliyi göstərməkdən qürur duyardı, zövq alardı

   "Əsəddi bağları"nda sıralanmış palıd, çinar, küknar, qızıl söyüd, ərəl ağaclarına "Keçiməməsi", "Gəlinbarmağı", "Qızılı", "Quşürəyi", "Bayan", "Kişmişi", "Şanı", "Öküzürəyi", "Nuşkat" və s. ətirli, daha çox qalan, xəstəliklərə davamlı üzüm növləri dırmaşdırırdılar. Əsəd bəyin bağlarının genişliyi və görkəmi başqa aləm idi.

   Əsəd bəy bağbanlara üz tutdu:

   -Bala, yolüstü Köndələn çayı boyu bağlarına baxdım, kollayan ağaclar var. Bir adam tapın, özəyi çürümüş, qanadları qırılmış ağacları təmizləsinlər. Qabaqdan payız gəlir, şümal əkərsiz . Çıxan odunu da doğrayıb, aparıb verərsiniz əlsiz-ayaqsızlara.

   Bəyin tapşırığından sonra hər bağban öz ərazisinə bir daha nəzər yetirdi. Məlum olmuşdu ki, bağlardan çıxarılası kötükləşmiş, kollamış, xüsusilə barsız ağaclar çoxdur.

   ...Toran qovuşanda Mahmudoba kəndinin mərkəzində nimdaş geyinmiş, yol adamına oxşayan 3 kişi peyda olmuşdu. Əsəd bəyin qul-qaravaşı "bir qarın yeməyə" işləmək üçün razılaşan bu adamlara iş verəcəyini bildirdilər. İsimlərini soruşdular.

   - Əli pəhləvan və oğulları, - dedilər.

   Çoxları "pəhləvan" sözünə ağız büzdülər. Erkən onları oyatdılar. Allah verəndən nahar edib, iş başına yollandılar. İlk iş olaraq ata-oğlullara kötükləmiş - səvəlləşmiş tut bağını təmizləməyi tapşırıb, getdilər. Axşam sərinində Əsəd bəy Köndələn çayı sahilinə çıxmışdı. Hamı bir-birinə baxışdı. Deyilən ağaclardan, kötüklərdən əsər-əlamət yox idi. Təəccüb qalmış insanlara cavab vermək üçün, tək-tük qalmış kötük ağacını uşaqlar əllərində fırladıb, qoparıb atdılar topanın üstünə.

   -Əslən pəhləvansınız, bərəkəllah! Əli pəhləvana yer-yurd, ərzaq verin, - deyib Əsəd bəy onların qarşısına bir ovuc qızıl-gümüş pul atdı.

  

   ***

  

   Fayton əyalət mərkəzindən üz tutdu Mahmudobaya. Bir dəstə gənc Əli pəhləvanı gətirmək, Büləndin qarşısına çıxarmaq arzusunda idilər. Əli pəhləvan isə neçə vaxt idi ki, qara qızdırmadan əziyyət çəkirdi. Gənc bəylər tökülüşdülər Əli pəhləvanın daxmasına.

   -Gedək bizimlə, İrandan bir pəhləvan gəlib Qarabulağa, üç həftədir, "mənəm-mənəm" deyir.Onun kürəyini burada yerə vurmasaq, elimizin şəninə xələl gələr!

   -Ay əziz bəylər, sizlərə qurban olum, haqqınız üstümüzdə çoxdur. Neçə vaxtdır qızdırma məni tamam əldən salıb. Taqətim qalmayıb, yataqdan çıxa bilmirəm.

  

   Hamı onun halına acıdı. Dağ cüssəli kişi nə günə qalmışdı.Gənclər məyus oldular. Əsəd bəyin oğul nəvəsi dilləndi:

   -Əli kişi, bizə ən çox Bülənd pəhləvanın təkkəbürü yer eləyir. Dizində, dirsəyində, çiynində qoşa güzgülər bağlatdırıb! Deyir, qeyrəti çatan pəhləvan varsa, sındırsın bu güzgüləri! Sənə qurban kəsək, Əli pəhləvan, onu susdurmasan ürəyimiz partlar. Hacılı eli düşmən gözünə necə baxar?!

   -Nə güzgüdüz o ! Niyə belə danışır Bülənd pəhləvan. Ona kim haqq verir ki, Hacılı kişilərinin oylağında at oynatsın, söz atsın?!

   Sanki kişinin gözlərinə işıq gəldi, dirsəklənib oturdu. Elə bil xəstə Əli pəhləvəna can verdilər.

   -Necə, biz ölmüşük!? - deyib, qalxdı, üzünü oğlanlarına tutudu: - a bala, mənim qurşağımı gətirin.

  

   Əli pəhləvanın qara-qızdırmadan pörtmüş sifəti avazımış, sərtləşmişdi...

 

   ***

  

   Əyalət mərkəzi Qarabulaqda Bülənd pəhləvan " Ay mənə qənim, ay mənə qənim!" - deyib, nərə çəkəndə bəyzadə gənclər - "Sənə mənəm qurban, Əli dayı, onun güzgülərini qır!" -deyib, meydanın ön cərgəsinə çıxdılar.

   Bir möcüzə burada baş verdi. Əli pəhləvan cəngə hazırlaşırdı. Özünü bu döyüşə hazırlayanda ilk əvvəl üzünü göylərə tutub İlahiyə dua etdi. Qara zurna çalanlara: - "Cəngi çal",-dedi. Əli pəhləvanı tanımaq olmurdu. Qəribə cəld hərəkətlər edirdi. Pəhləvanların öz bədənlərini şişirtməsini eşitmişdik, amma beləsini görməmişdik. Əli pəhləvan meydanın o başına, bu başına gərdiş edib, bir nərə çəkdi. İkinci nərədə tüklər biz-biz oldu. Kişinin köynəyi, şalvarının balağı partladı. Əli pəhləvan irəli sıçradı. Özündən razı, məğrur dayanıb arxayınlıqla baxan Bülənd pəhləvanı qartal kimi caynağına alıb, başı üzərinə qaldırdı, fırladıb - fırladıb, çırpdı yerə. Bülənd pəhləvanın güzgülərindən salamatı qalmadı, çilik-çilik oldu. İşi belə görən Bülənd pəhləvan süpürülüb aradan çıxdı, hara dürtüldüsə, gördüm deyən olmadı.

   Əli pəhləvanı da ram eləmək olmurdu. Onun nərəsi divarları da lərzəyə gətirmişdi. Ovu əldən çıxmış, onunla sonadək döyüşməyən Bülənd pəhləvanın şərəfsiz qaçışı Əli pəhləvanı qəzəbləndirmişdi. O, özünü sakitləşdirə bilmirdi. Oğlanları dədələrini qamarlayıb yalvarırdılar ki, sakitləşsin. O, qalib gəlib! Rəqibi Bülənd pəhləvan qorxub, qaçıb. Amma onu ram etmək asan deyildi. Hamı Əli pəhləvanı alqışladı. Bu qələbədən Hacılı gənclərinin sevinci yerə - göyə sığmırdı.

   Əli pəhləvanı evləndirdilər. Əsəd bəy ona el adətincə toy elədi. Əli pəhləvanın biləyindən içəridə güclülük, pəhləvanlıq rəmzi olan yumru nişanə vardı. Deyirdilər İlahidəndir. Ya da deyirdilər nəsildəndi...

 

 

   Oqtay Əliyev,

   Yazıçı-publisist

 

   Ədalət.-2012.-18 avqust.-S.10.